Низами Гянджеви

İskəndərnamə


Скачать книгу

/p>

      ŞƏRƏFNAMƏ

      İSKƏNDƏRİN TAXTA ÇIXMASI

      Rum şahı Feyləqus vəfat edəndən sonra onun yerinə oğlu (Makedoniyalı) İskəndər taxta çıxdı. İskəndər taxta çıxan kimi Rum ölkəsində yeni dönəm başladı. O, atasından qalan köhnə və yararsız adətləri atıb, yaxşıları isə həyata keçirməkdə daha məsuliyyətli olurdu.

      Qısa zamanda ölkədə yeni qanunlar qoyan və buna əməl edən İskəndər bütün ölkənin sevimlisinə çevrildi. O, hamını sevər, hamıya qayğı göstərər, ədalətin bərpa olmasına çalışardı. Hətta öz ölkəsindəki insanları bütün vergilərdən azad etmişdi. Rumda tikanların yerinə güllər əkdirən hökmdar dünyanın əsas hissəsinə sahib oldu. Qərbdə Aristotel adı ilə tanınan böyük filosof Ərəstun İskəndərin vəziri idi. Bir yerdə böyüyən, birgə təhsil alan Ərəstun İskəndərin böyüməsində ən böyük xidməti olan adamlardan idi. O, İskəndərə hər işində tədbir tökər, məsləhətlər verərdi.

      Günlərin bir günü İskəndər öz sarayında məclis qurub şadlanırdı. Bu zaman bir çox məzlum insan sarayın həyətində, “Aman” – deyə səs salır. İskəndər öyrənir ki, bunlar misirlilərdir. Zəncilər onların ölkəsinə hücum edib, hər yanı dağıtmış, misli görünməmiş qanlar axıtmışdı. Əgər o köməyə getməsə, qısa zamanda Misir adlı zəngin bir ölkə yer üzündən silinə bilər.

      İskəndər ağıllı, bilikli, savadlı, uzaqgörən vəziri Ərəstundan məsləhət istədi. Ərəstun dedi ki, bu sənin gücünü göstərmək üçün bir şansdır. Əgər bir ordu zəfərlər qazanarsa, onun təməli daha güclü olar.

      Bunu eşidən İskəndər əmr etdi ki, qoşun hazırlansın, döyüşə başlayacağıq.

      Üz-üzə gələn ordular gecəyə qədər qanlı vuruşmanı davam etdirdilər. Səhər açılanda İskəndər Tutiyanuş adlı məharətli elçisini rəqib hökmdar Zəngibar şahı Pələngərin yanına göndərdi. Elçi şaha dedi:

      – İskəndər istəyir ki, siz qan tökmədən təslim olasınız və o da sizi bağışlayar!

      Elçinin sözü bitməmiş Zəngibar şahı onun başını kəsib hamının gözü qarşısında qanını şüşəyə tökdürüb içdi. Tutiyanuşla birgə gedən elçililər gördükləri bu dəhşətli səhnəni İskəndərə danışırlar. İskəndər döyüşü davam etdirməli olur.

      Pələngərin bu vəhşi hərəkətindən qorxan döyüşçülər məğlub olurlar.

      İskəndər öz vəziri Ərəstuna bu vəziyyətdən çıxmaq üçün bir tədbir görməsi üçün müraciət edir. Ərəstun ona qoşunun gözünün qorxduğunu söyləyir və məsləhət görür ki, şah düşmən önündə möhkəm dayanmaq üçün bir yol tapıb onun Zəngibar şahından daha yırtıcı olduğunu düşmənlərə göstərsin.

      İskəndər bilicinin məsləhəti ilə hamının gözü qabağında zənci əsirlərindən birinin başını kəsib bişirilmək üçün mətbəxə göndərir. Sonra isə aşbazın gətirdiyi qara qoyun başını zənci başı adıyla ləzzətlə yeyərək özünün adamyeyən olduğunu qarşı tərəfə anladır.

      Zənci əsirlərindən fürsət tapıb qaçanları Rum şahının qorxunc bir adamyeyən olduğunu öz ordularına çatdırırlar. Dəhşətə gələn zəncilər inam hissini itirir və əvvəlkitək döyüşə bilmirlər. Vuruş zamanı meydanda bir neçə pəhləvanı məğlub edən İskəndər zəncilərin başçısı Pələngəri məhv edərək qalib gəlir.

      Hökmdar bundan sonra Ruma qayıdır. Bu zaman onun İran şahı Dara arasında narazılıq baş verir. Daranın elçisi İskəndərin yanına gələrək onun xərac tələbini çatdırır. İskəndər xərac verməyəcəyini qəti şəkildə bildirir. Onun belə sərt cavabından qəzəblənən Dara İskəndərin top və çovkanla oynayan bir uşaq, özünün isə saysız-hesabsız qoşuna malik qüdrətli bir şah olduğunu göstərmək məqsədilə qasidə bir top, bir çovkan, bir çuval da küncüd verərək Ruma yollayır. Hədiyyənin mənasını çox gözəl anlayan İskəndər onu bilərəkdən belə yozur ki, “Dara topla yuvarlaq yer kürəsini nəzərdə tutur, çovkanı isə cahanı özümə tərəf çəkmək üçün mənə göndərib. “Sonra küncütü yerə dağıdıb saray quşlarına dənlədir və bununla Daranın saysız-hesabsız qoşunlarını məhv edəcək igid döyüşçüləri olduğunu rəqibinə çatdırır. Əvəzində isə elçiyə iki çuval üzərlik verərək yola salır. Bununla da, demək istəyir ki, üzərlik dənələri acı olduğu üçün heç bir quş onu yeməz. Yəni Rum qoşunlarına Daranın ordusu qalib gələ bilməz.

      DARANIN İSKƏNDƏRLƏ MÜHARİBƏSİ

      Deyilənə görə, Dara İskəndərin sahib olduğu torpaqlara qoşun göndərir. Camaatı qırıb, ölkəni viran qoyur. Daranın bu hərəkətindən İskəndər xəbər tutanda casuslardan biri İskəndərə deyir ki, düşmən qoşunu sərxoşdur, əgər qəfil hücum etsə, düşməni darmadağın edə bilər. Bunu eşidən İskəndər gülərək dedi:

      – Günəş gizlənməyi sevməz, mən bunu özümə rəva bilmərəm. Böyük İskəndər adi bir quldur kimi zəfər qazana bilməz.

      Digər bir casus isə dedi:

      – Düşməniniz sayı-hesabı bəlli olmayan bir qoşunla üstünüzə gəlir.

      İskəndər buna da belə cavab verdi:

      – Bir qılınc yüz öküzün bağrını dələr.

      Sərkərdənin bu sözü bütün qoşunu ruhlandırdı. O, nəzarətində olan bütün ölkələrə xəbər göndərdi ki, hər kəs durmadan dərgaha gəlsin. İskəndər Rumdan, Əfrəncədən, Misirdən, Rusdan gələnləri içkisiz bir məclisə yığdı.

      İskəndər məclisə yığılanlara Daranın açdığı müharibədən, döyüşlərdən söz açıb və onların bu haqda fikirlərini soruşur. Sərkərdələrin sözlərini eşidəndən sonra İskəndər anladı ki, sərkərdələr ona kömək edəcək.

      Beləliklə, o müharibəyə qərar verdi və qoşun yığmaq üçün əmr etdi. İskəndər fala baxdıraraq öz taleyinin üstün gəldiyi bir gün müharibə üçün uğurlu hesab etdi və qılıncla, qoşunla, varla, dövlətlə Daranın ölkəsinə hücuma keçdi. Daranın ölkəsində əhali İskəndərin gəlişini böyük sevinclə qarşıladı, çünki hər kəs Daranın zülmündən təngə gəlmiş və bu zalımın əlindən qurtulmaq istəyirdi. Buna görə də İskəndərə xilaskar kimi baxırdılar. Bunu eşidən Dara ağıllı kəslərdən çarə istədi və İskəndərə qalib gəlməyin yollarını axtardı. Fəribərz adlı bir pəhləvan vardı. O, Daraya, “Vaxtilə ulu babası mənə demişdir ki, vaxt gələcək Rum elindən bir sərkərdə dünyanı fəth edib, İranı da məğlub edəcək. Ola bilər ki, bu İskəndər olsun ona görə də sülh bağlayaraq onu ölkəyə buraxmamaq ən doğru yoldur” – deyə Daraya məsləhət verdi. Dara bu sözlərdən hiddətlənərək qocaya sərt cavab verdi və öz qüdrətindən söz açaraq İskəndərin ondan aciz, zəif olduğunu bildirdi. Bununla da, hirsi soyumadı və İskəndərə təhqiramiz bir məktub yazdı. İskəndər də öz növbəsində ona özünəməxsus bir cavab məktubu göndərdi. Beləliklə, iki böyük hökmdar arasında müharibə başladı.

      Döyüş zamanı Daranın zülmündən cana gəlmiş iki sərkərdə ona xəyanət edərək İskəndərə sığınırlar. Onlar İskəndərə Daranı öldürəcəklərinə dair söz verirlər və əvəzində ondan çoxlu pul tələb edirlər. İskəndər onlara inanmasa da, razılaşır. Xain sərkərdələr isə Daranı öldürərək yenidən İskəndərin yanına gəlirlər. İskəndər ölüm ayağında olan Daranın yanına gəlir və onu qanlar içində torpağa sərilmiş görür. O, Daranın halına acıyır və onun üçün ağlayır. Nəhayət, Dara ölməzdən əvvəl son nəfəsdə İskgəndərdən üç şey istəyir: birincisi onunla ədalətli rəftar etməyi, ikincisi İran taxtına zərər yetirməməyi və üçüncü hərəmxanaya toxunmamağı və qızını qorumağı.

      Beləliklə, İskəndər İran taxtının sahibi oldu və xəzinənin üzünü xalqa açdı. Daraya verdiyi sözlərə də əməl etdi və nəhayət, əmr etdi ki, Daranı öldürən iki xaini edam etsinlər ki, şaha xəyanət etməyin aqibətini hər kəs yaxşı anlasın. Bundan sonra İskəndər Daranın qızı Rövşənəklə evlənir və İstəxrə gələrək başına tac qoyur. Beləliklə də, o, rəsmən İran taxtının sahibi olur, ölkədəki hər cür fitnə-fəsadı aradan qaldırır, ədalətilə xalqın rəğbətini qazanır və bütün dünyaya səs salır. Bir gün o, dünyanı səyahət etmək qərarına gəlir.