Информация о книге:
Аннотация:
Maarifçi yazıçılardan biri olan İbrahim bəy Musabəyov Şəki qəzasının Qutqaşen kəndində anadan olmuş, Qori müəllimlər seminariyasını bitirdikdən sonra Şəki, Qutqaşen və Göyçayda on il müəllimlik etmişdir. Sonra Bakıya gələrək, burada pedaqoji, ədəbi və ictimai fəaliyyətini davam etdirmişdir. İ.Musabəyov 1921-1936-cı illərdə Krımda yaşamış və müxtəlif işlərdə çalışmışdır. 1942-ci ildə Karakanda şəhərində vəfat etmişdir. İbrahim bəy də bir çox həmkarları kimi dərs verməklə, məktəb divarları arasındakı fəaliyyəti ilə kifayətlənməmişdir. O öz biliyi və istedadı sayəsində qələm sahəsində çalışmağa başlamışdır. Onun ilk hekayələri 1913-1914-cü illərdə «Məktəb» jurnalında çap olunmuşdur («Rzanın qutusu», «Rəhimdil arvad», «Kor və onun yoldaşı» və s.). Müəllif bu hekayələrində mülayim bir üslub və sadə dil ilə uşaqlar üçün maraqlı, ibrətli əhvalatlar danışır, onları elmə, biliyə, zəhmətə çağırır. İbrahim bəy bir nasir olaraq sonrakı kitabları ilə şöhrət qazanmışdır. Onun «Cəhalət fədailəri», «Xoşbəxtlər», «Gözəllərin vəfası» kimi povestləri və nəhayət, «Neft və milyonlar səltənətində» adlı romanı bitkin və kamil əsərlər kimi zamanının maraqlı və səciyyəvi məsələlərini təsvir edir.