evdiyim bibim Səyyarə Rəsulova Kəlbəcər Rayon Partiya Komitəsinin katibi işləyirdi. Bir dəfə işdən evə dönəndə özü ilə gələn gözəl, təravətli, şux xanımı mənə təqdim edərək dedi: «Sədaqət xanım istedadlı jurnalistdir, həm də çox mərddir. Sənin də belə bir jurnalist olmağını istərdim».
Bu sözlər mənim gələcək həyatıma çıraq tutdu. Onun kimi jurnalist olacağıma ürəyimdə söz verdim. Ali təhsil aldım və ilk işlədiyim zavod qəzetinə də haqqımda onun verdiyi müsbət rəy əsasında qəbul olundum.
Sədaqət xanım təkcə istedadlı jurnalist deyil, həm də gözəl insan, qibtə ediləcək sədaqətli dostdur. Bu sözlərimin şahidi zamandır. İllər keçsə də onun bu xüsusiyyətləri daha da gözəlləşir, mükəmməlləşir.
Sədaqət xanımın mənəvi dünyasını 1993-cü ildə tanıdım. Yenicə nəşr olunmuş «Hal» kitabını bağışlamışdı mənə. Evdə iş otağıma çəkilib kitabı oxumağa necə aludə olmuşdumsa, özümdən xəbərim yox idi. Sərvinaz obrazı ətrafında cərəyan edən hadisələr, onun üzləşdiyi haqsızlıqlar, ailə faciəsi mənə elə təsir etmiş, qadının acı taleyinə ürəyim elə yanmışdı ki, ağlayaraq boğulmağımın səsinə qayınanam özünü çatdırmış, vəziyyətimin pis olduğunu görüb həkim çağırmışdı…
Ailəsinə sədaqətli, namuslu, qeyrətli, lakin haqqını müdafiə edə bilməyən bir qadın obrazını bu qədər həssaslıqla yaratması Sədaqət xanımı mənə zəngin mənəvi dünyası olan bir yazıçı kimi tanıtdı, sevdirdi. O, bir sıra əsərlərində qadınların müdafiəçisi rolunu oynayır, bu müdafiə ədalətə, haqqa söykənir. İşıqlandırdığı ailə-məişət problemlərini elə həll edir ki, oxuyanda «belə də olmalıdır», – deyə düşünürsən.
Bu kitabda toplanmış bütün hekayələrdə, həmçinin povest və pyesdə S.Kərimova obrazların dili ilə cəmiyyətimizdəki ədalətsizlikləri, insan mənəviyyatındakı aşınmaları oxuculara çatdırmaqla yanaşı, onlarda «niyə?» sualının yaranmasına imkan vermir, özünəməxsus ustalıqla hər şeyi həll edir. Anlatmağa çalışır ki, Vətən, Ata, Ana əvəzolunmazdır, Ailə cəmiyyətin tənzimləyicisidir.
Bitib-tükənməyən yaradıcılıq axtarışları və qazandığı uğurlarla Sədaqət xanım özünün «Soyuq günəş» əsərində göstərdiyi kimi bikə olduğunu sübut edir. Onun qələmə aldığı bikələr öz dövrlərində qəhrəmanlıq edib tanınmışlarsa, mənim tanıdığım bikə öz qələmi ilə bu qəhrəmanlığa yüksəlib. Onun müxtəlif ədəbi janrlarda eyni ustalıqla əsərlər yaratmaq istedadına heyranam. S.Kərimova jurnalist, şair, yazıçı, bəstəkar, ssenarist, rejissor peşələrinə ustalıqla yiyələnib.
Kitabın adı təsadüfən seçilməyib. S.Kərimovanın qəhrəmanları özgə ağrılarını özününkü kimi yaşayan zəngin mənəvi aləmi olan insanlardır. Yazıçı həyatda olduğu kimi yaradıcılığında da yüksək mənəvi dəyərlərə söykənir. Məhz bu keyfiyyətlər «Özgə ağrısı»nda toplanmış əsərlərin bədii dəyərini artırır, onları oxuculara sevdirir. Bir sözlə, Sədaqət xanım qibtə ediləcək enerji mənbəyidir, əsl vətənpərvərdir, xəmiri söz sənətindən yoğrulan dağ çiçəyidir.
Bir şagirdin gözəl müəllimi haqqında danışması necə çətindirsə, mənə də Sədaqət xanımın saymaqla bitməyən keyfiyyətləri haqqında söz demək eləcə çətindir. Amma bir şey şəksizdir – o, mənim üçün mayakdır, özündən sonra gələn nəsil üçün isə gözəl örnək.
Nuridə QILINCLI
GECİKMİŞ BƏNÖVŞƏ
Səhər tezdən üfüqdə ilk qızartı görünəndə adəti üzrə yuxudan oyandı. Otağın pəncərələrindən içəri işıq zolağı düşmüşdü. Bədəni ağrıdan sızıldayır, başında, qollarında, ayaqlarında zoqqultu gəzirdi. Köksünü anlaşılmaz, küt bir ağrı göynədirdi. Divardakı saata baxdı: beşin yarısı idi. Deməli, vur-tut bircə saat yatmışdı. Səhərəcən yerində qurcalanıb gah bu, gah o biri böyrü üstə çevrilsə də, iki həb yuxu dərmanı atsa da, uyuya bilməmişdi.
Zorla geyinib asta addımlarla həyətə çıxdı. Tər-təmiz sübh havası üzünə toxunanda sanki yuxudan ayıldı, kürəyini divara söykəyib bir an tərpənməz halda qaldı. Özünə gəlib acgözlüklə, ciyərdolusu nəfəs aldı, sanki bu kiçik səadətin onun əlindən alınacağından qorxurdu. Bir xeyli beləcə dayandı, sonra ayaqlarını sürüyə-sürüyə əlüzyuyana yaxınlaşıb suyu açdı. Buz kimi soyuq su canına üşütmə saldı. Yenidən evə keçib dəsmalla qurulandı. Yorulmuşdu. Taqətsiz halda stula çöküb nəfəsini dərdi. Başı gicəllənir, gözləri tor görürdü. «Qurban olduğum Allah gör məni nə günə salıb», – deyə ürəyində şikayətləndi.
Saatın əqrəbləri 5-in üstündə dayananda tələsik addımlarla evdən çıxıb kəndin yuxarı başına tərəf səmt aldı. Bacardıqca tez yeriyirdi ki, kimsəyə rast gəlməsin. Sorğu-sual, hal-əhval başlanacaqdı, buna isə davam gətirməyə taqəti yox idi.
Məhəllənin başındakı sonuncu ev də arxada qalanda arxayınlıqla nəfəs alıb, addımlarını bir qədər yavaşıtdı. Son üç ay ərzində ilk dəfə idi ki, bu qədər yolu birdən qət edirdi. Yorulub əldən düşmüşdü, amma dincəlmək fikri yox idi. Qorxurdu ki, birdən otursa, daha yerindən qalxa bilməz. Ona görə də özünü məcbur edirdi ki, mənzil başına çatanacan davam gətirə bilsin. Nəhayət, istədiyi yerə – Yargundan rayon mərkəzinə tərəf gedən maşın yolundan xeyli aralıdakı böyük təpəyə çatanda sevinclə «İlahi, şükür sənə!» – deyib iri bir daşın üstündə oturdu. Buradan kənd ovuc içi kimi görünürdü. Aşağıda Samur çayının ilan kimi qıvrılmasına, hikkəsindən daşlara çırpılaraq köpüklənib gurultu sala-sala axmasına tamaşa etmək onu əyləndirdi. Həyətlərdə vurnuxan adamlar bapbalaca görünürdülər. Mal-qara böyürtüsü, xoruz banı, it hürüşü kəndi başına götürmüşdü. Üç yol ayrıcında kimsə dayanıb naxırın yığılmağını gözləyirdi. Diqqət kəsildi, Şahmuradı tanıdı. «Bu gün onun növbəsidir», – deyə həsədlə fikirləşdi. Vaxtilə növbəsi çatanda o da beləcə camaatın mal-qarasını örüşə aparardı. Hanı o günlər, hanı o sağlamlığı?..
Bir azdan Şahmurad da, naxır da görünməz oldu. Bayaqkı səs-küy, uğultu, böyürtü kəsildi, ətrafa sakitlik çökdü.
Kürəyində günəşin yandırıcı şüaları gəzdikcə bundan xoşhal olurdu. İndi bütün dünyada ondan ötrü bu günəş şüalarından qiymətli heç nə yox idi. Onun xəstə, yorğun canına az da olsa hərarət yayılırdı. Son vaxtlar günəş şüaları da onun bədənini əvvəllər olduğu kimi isidə bilmirdi. «Ey dili qafil, gör nə günə qalmışam ki, dünyanı yandırıb kül edən günəş də məni qızdıra bilmir. Nəinki canım, ruhum da donub».
İyulun ortaları olmasına baxmayaraq əyninə qalın yun köynək, onun üstündən isə sırıqlı geyinmiş, başına yun papaq qoymuşdu. Amma yenə də bədəni qızınmırdı ki, qızınmırdı. Çoxdan bəri idi ki, canında üşütmə gəzirdi. Bəzən havanın qazan qaynadan vaxtında belə onu titrətmə tuturdu. Yatağa girib yorğan-döşəyə bürünməyincə, bu halı keçib getmirdi.
Hava çox isti idi. Nəfəs çəkməli deyildi. Günəşin hərarəti, deyəsən, onun üşütməsini bir az azaltmış, yavaş-yavaş canına isti keçməyə başlamışdı. Elə bil kimsə onun kürəyinə qızdırıcı qoymuşdu. Bundan xoşhallanaraq gözlərini yumub oturduğu yerdəcə mürgülədi.
– Camal dayı, ay Camal dayı, istidən bişdin ki!..
Qonşunun oğlu idi. O, üzündən sağlamlıq və gənclik yağan bu pəhləvan cüssəli, qarayanız oğlanın yalın ayaqlarına baxanda canından üşütmə keçdi. «Bala, bəs sənə soyuq deyil?» – deyə soruşmaq istədi, amma sözlərinin qəribliyə salınacağını düşünüb, heç nə demədən kədərlə gülümsədi. Yarəlinin günəşdən yanıb qaralmış, tunc rəngə çalan enli sinəsinə, əzələli qollarına həsədlə tamaşa etdi…
Yazda bu yerlər başdan-başa bənövşələrə qərq olurdu. Adətən, hər il oturduğu bu yerdən baharın ilk müjdəçiləri olan bənövşələri seyr edər, sonra isə dərməyə qıymadığından, dizləri üstə çöküb onları qoxlayar, ətirlərini ciyərlərinə çəkərdi. Elə bir bahar olmurdu ki, onların görüşünə gəlməsin. Bircə bu yaz köhnə adətinə xilaf çıxmışdı. Xəstəlik onu göz açmağa qoymamışdı. Elə zəifləmiş, elə halsızlamışdı ki, evdən çölə çıxa bilməmişdi. Ürəyi üzülə-üzülə, qəlbi kədərdən sıxıla-sıxıla təbiətin bu