Ильяс Эфендиев

Üçatılan


Скачать книгу

title>

      Mənim qohumum Çoban Ərşad

      Mənim qohumum çoban Ərşad Kürdobadan idi. Biz isə Qarabulaq1 şəhərində yaşayırdıq. Anamın atası kürdobalı olduğundan orada çoxlu qohumumuz vardı. Kürdobalılar tərəkəmə idilər, payızda və qışda qoyun-quzularını «Haramı» deyilən düzənlikdə saxlayırdılar. Ailələri isə qışlaqda olurdu. Mayın on beşindən sonra bütün elat yaylağa köçürdü…

      Hərdən kürdobalı qohumlarımıza qonaq getsək də, biz uşaqlar Ərşadı görməmişdik, çünki çobanlıq etdiyindən həmişə dağda-daşda idi.

      Mən Ərşadla yaman maraqlanırdım. Anam deyirdi ki, Ərşad hər dəfə qoyun kəsib soyanda isti-isti çiy quyruq yeyir, mən isə lap ləzzətli xörəkdə də bir tikə quyruq yeyə bilməzdim. Sonra anam danışırdı ki, «bəlkə davası»nda2 heç kəs Ərşadın qabağında dura bilməz. Sonra onu da eşitmişdim ki, Ərşad yaman gecə oğrusudur.

      Xoş havalı bir payız günü eyvanda oturub çay içdiyimiz zaman darvazamız bərkdən döyüldü. Məndən kiçik bacım yüyürüb qapını açdı. Gördük, sifəti mis kimi qızarmış ortaboylu, enlikürək bir oğlan gəldi. Başında qoyun dərisindən yekə, tüklü papaq, əynində əldə toxunma yun şaldan pencək-şalvar, ayaqlarında üstü toz basmış boğazlı çəkmə, belində qara enli xəncər, əlində sapı ceyran ayağından qamçı vardı. Anam onu görüb sevinclə səsləndi:

      – Xoş gördük, ay mamaoğlu! Sən hara, bura hara?! Gəl otur görək.

      Oğlan yöndəmsiz halda yanını stolun qırağına qoyub dedi:

      – Ay dayıqızı, neyniyək çobanlıqdı dayna… Baş qarışır, əziz qohumları da görə bilmirsən…Elə indi gəlməyim də qəfil oldu.

      Anam dedi:

      – Yaxşı eləyib gəlmisən… Gör nə vaxtdandı səni görmürəm.

      Ərşad qəşəng, cavan atını tövlədə rahatlayandan sonra bizə sovqat gətirdiyi toğlunu kəsib soyarkən balaca qardaşım ondan soruşdu:

      – Bəs niyə quyruğundan çiy–çiy yemirsən?

      Ərşad gülümsəyib: «Sənin sözün sınınca düşmənin boynu sınsın» – deyərək toğlunun quyruğundan bir dilim kəsib qar kimi dümağ dişlərinə çəkdi. O anda mənə elə gəldi ki, bu dümağ dişlər canavar dişləri kimi itidi və Ərşad bu dişləri ilə bu saat bu toğlunun hamısını parçalayıb yeyə bilər…

      Ərşad bizimlə süfrədə oturub nahar eləyəndən sonra anama dedi:

      – Dayıqızı, sənin yanına gəlməkdə bir mətləbim var.

      – Nə mətləbdi? – deyə anam soruşdu.

      – Eyvaz əmim məni el arasında xar eləyir.

      Anam dedi:

      – Elə şey olmaz!

      – Başın üçün…

      – Eyvaz əmin səni çox istəyirdi. Tavad mamam (yəni Ərşadın anası) rəhmətə gedəndə sən lap balaca idin. Eyvaz dayın şəhərə gələndə sənin üçün mütləq konfet, paltar alıb aparardı.

      – Amma indi belə eləyir…

      – Axı neyləyir?

      – Sərvinazı mənə vermir.

      Anam bərkdən güldü:

      – Ə, Sərvinaz ki hələ uşaqdı.

      – Uşaq niyə olur?!

      Anam yenə güldü:

      – On beş yaşı hələ tamam olmayıb.

      – Sən də söz danışdın… Dayımın fikri ayrıdı.

      – Nədi fikri?

      – Deyirlər Hacı Tanrıverdinin oğlunun elçilərinə söz verib.

      – Hansı oğluna?

      – Nuruya…

      – Nuru ki hələ Bakıda oxuyur.

      – Elə ona görə dayımın ağlı çaşıb da!… Deyirmiş Ərşad bisavadın, çobanın biridi. Deməli, Nuru gedib Bakida boynuna bir xalta keçirib deyə bacıoğlu gözdən düşüb.

      Anam gülümsəyib dedi:

      – Nuru qəşəng oğlandı… Özü də institutda oxuyur…

      – Nə olsun, ay tanrısız? Özün bilirsən ki, dayın oğlu bu qara Ərşad yüz eləsinin boğazını bir göz qırpımında üzər.

      – İndi əyyam başqadı, mamaoğlu.

      Ərşad bir neçə saniyə yana-yana baxıb dedi:

      – Ay tanrısız, mən sənin üstünə gəlmişəm ki, şəhər adamısan, o dayımın başına ağıl qoyasan. Sən də belə deyirsən…

      Anam zarafatyana soruşdu:

      – Bəs Sərvinazın könlü hansınızadır?

      – Dayım «hə» deyəndən sonra qızın nə həddi var sözünü çevirsin.

      Anam eyni zarafatla dedi:

      – Qız səni istəməsə, necə məcbur eləmək olar?

      Ərşad büsbütün dilxor oldu:

      – Onu-bunu bilmirəm, dayıqızı, bax, budur sənə deyirəm: əgər Sərvinazı mənə verməsələr, dayımı da öldürəcəyəm, o Nurunu da.

      Anam gülümsəyib dedi:

      – Nə olsun, özünü də tutub basarlar qazamata3.

      – Tapsalar, tutarlar…

      Ərşad bu sözdən sonra ayağa qalxdı. Anam soruşdu:

      – Hara durursan?

      Ərşad qaşqabaqlı halda dedi:

      – Gedirəm.

      – Gecə düşüb, qal yat, səhər gedərsən.

      – Mən belə evdə yata bilmərəm, dayıqızı, gedəcəyəm.

      – Bəs sən harada yatırsan? – deyə bacım təəccüblə soruşdu.

      Sanki Ərşadın acığı soyudu, mülayim ifadə ilə dedi:

      – Qoyun-quzunun içində. Qarın-yağışın altında… – Sonra anama çevrilib əlavə etdi: – Salamat olun dayıqızı. Xahiş edirəm, Eyvaz dayım bura gələndə mənim sözümü ona çatdırarsan. De ki, məni nahaq qana salmasın! Onu da de ki, bacın oğlu anasının goruna and içib, öldü var, döndü yoxdu bu işdən!

      Ərşad sözünü bitirib qamçısını götürdü, pilləkənləri sürətlə düşdü. Atını tövlədən çıxardı, ayağını üzəngiyə qoymadan sıçradı yəhərin üstünə. Sonra bizə:

      – Salamat olun! – deyib ayaqlarını tərpətdi.

      At axşamın alatoranlığı içində həyətdən çıxdı.

      Sonra mən anamdan soruşdum:

      – Kürdoba ilə buranın arası neçə kilometrdir?

      – Otuz-otuz beş kilometr.

      Bacım dedi:

      – Bu qaranlıqda o qədər yolu tək gedəcək?

      – Ərşadın qorxu-hürküsü yoxdur!

      Anama sual etdim:

      – Ərşadın atası da çoban idi?

      – Yox, – deyə anam nə üçünsə gülümsədi. – Ərşadın atası seyid idi.

      Fikirləşdim, bəs anam zarafat eləyir, çünki Kürdobada seyid olduğunu eşitməmişdim. Anamdan təkrar soruşdum ki, doğru deyirsən? (Mənim belə təkidlə soruşmağmın səbəbi bir də o idi ki, seyidlər mənim xəyalımda qapı-qapı gəzib nəzir yığan fağır adamlar idi.)

      Anam eyni təbəssümlə dedi:

      – Yox, əslində, seyid deyildi. Onu Eyvaz əmim seyid eləmişdi.

      – Nə cür axı?

      Anamın nağıl eləməyindən məlum oldu ki, günlərin bir günündə o taydan belində xəncər bir oğlan gəlib çıxır Kürodobaya (Kürdoba