itle>
Nənə və nəvə
Yer üzərində qoca nənəsi ilə birlikdə Aysu adlı bir qız yaşayırdı. Onun səkkiz yaşı vardı. Atası hərbçi idi, həmişə səfərdə olardı. Anasını erkən itirmiş Aysunu atası uşaq evinə vermək məcburiyyətində qalmış, ancaq nənəsi razı olmamış, “nə qədər ki mən sağam, mənimlə yaşayacaq”,– demişdi. Düzdür, sonralar nənə dəfələrlə buna peşman olmuşdu, çünki Aysu çox dəcəl idi və heç də həmişə onun sözünə baxmırdı. Amma nənə onu çox istəyirdi. Elə Aysu da nənəsini az istəmirdi. Öz-özünə danışa-danışa gəzişən nənəsinə baxıb bəzən bərkdən gülür, bəzən də qüssələnirdi. Nənə kiminsə adını yadına salmaq istədikdə, Aysu var qüvvəsi ilə ona “kömək” edir, bütün bildiyi adları bir-bir sadalayırdı. Çəliyini əlindən yerə qoymayan nənənin başına hərdən qəribə işlər gəlirdi: çəlik itib yox olurdu və Aysu bic-bic gülə-gülə onu “tapıb” gətirəndə, nənə əvvəl nəvəsinə dua edir, sonra isə çəliklə yumşaq yerinə bir-iki dəfə vururdu. Beləliklə, onlar çox mehriban yaşayır, darıxmırdılar.
Aysugilin daşdan tikilmiş köhnə evləri dənizin lap kənarında yerləşirdi. Evin içində iki otaq vardı: yataq otağı və yemək otağı. Otaqlardakı əşyaların, demək olar ki, hamısı: güzgülü kamod, ağır stol və stullar, dəmir çarpayılar və iri sandıq qədimdən qalma idi. Otaqların qarşısındakı artırmanın bir tərəfində mətbəx, digər tərəfində vanna otağı yerləşirdi. Evin bu, nisbətən təzə hissəsini Aysunun atası tikdirmişdi. Çardağı da sahmana salıb üstünü düzəltdirmişdi ki, qarlı-yağışlı günlərdə içəri su dammasın.
Aysu hərdən sahildə dayanıb uzun-uzadı dənizə baxır, sanki onunla səssizcə söhbət edirdi. Külək onun boynunun ardından qısa vurulmuş qara saçlarını yelləyir, qaraşın dərisini sığallayırdı. Küləyin bu nəvazişi onun çox xoşuna gəlirdi. Qızcığazın çox yaraşıqlı üzü, xırdaca burnu, çiyələk kimi qıpqırmızı dodaqları və qapqara iri gözləri vardı. Onun ağlına təzə fikir gələndə və ya sevinəndə gözlərinin parıltısı artırdı. Pərt olanda isə parıltı azalır və ya tamam sönürdü.
İyunun əvvəlləri idi. Yay tətilinin başlanması ilə əlaqədar ətrafdakı bağ evlərində bir canlanma hiss olunurdu. Şəhərin tozundan qaçmaq, səs-küyündən dincəlmək istəyən adamlar bağlara köçürdülər. Bütün qışı boş qalmış, sükut içində darıxan evlər öz sakinlərini sevinclə qəbul edirdi. Bu evlərin sanki görkəmi də dəyişir, başları dikəlir, gözlərinə işıq gəlirdi.
Aysu da sevinirdi. Ətrafda insanların, xüsusilə uşaqların çox olması, səs-küyü, gülüşü ona ləzzət verirdi. Evin damına qalxıb saatlarla çimərliyə baxmağı, orada istirahət edən adamları müşahidə etməyi Aysu maraqlı məşğuliyyət sayırdı.
Bir gün günortadan sonra o, yenə dama qalxaraq ətrafa baxırdı. Şəhərdən uzanıb gələn geniş asfalt yolla iri bir yük maşınının irəlilədiyini görən Aysu onu izləyərək, hansı evə dönəcəyini tapmağa çalışırdı. Qəribədir, maşın heç yerə dönmür, Aysunun barmağını tuşladığı evlərdən bir-bir yan keçir və onların köhnə evlərinə yaxınlaşırdı. Aysunun gözləri böyüdü, ürəyi bərk-bərk döyündü, oturduğu yerdən dikəlib ayağa durdu. Bir dəqiqədən sonra artıq hər şey aydın oldu: maşın Aysugilin bağına bitişik, təzəcə təmirdən çıxmış qəşəng bağ evinin həyətinə döndü. Aysu yalnız bu zaman həyətdə dayanmış par-par parıldayan tünd göy avtomobili və arxa oturacaqdan sıçrayıb düşən iki uşağı gördü. Onlardan nisbətən böyüyü oğlan, digəri isə qız idi. Hər ikisi çox qəşəng, səliqəli geyinmişdi. Qızın sanki gün görməmiş dərisi ağappaq idi, əynində qırmızı don, saçlarında qırmızı kəpənəkli saçtutan vardı. Oğlan əllərini cins şortunun ciblərinə salıb nəsə danışırdı. Aysu onun səsini eşidir, ancaq nə dediyini ayırd edə bilmirdi. O, damın küncünə keçib bütün diqqətini qonşu bağa yönəltdi. Bu an qırmızı donlu qız başını qaldırıb yuxarı baxdı və Aysunu gördü. Aysu əllərini damın lap qırağına söykəyərək, qabağa elə əyilmişdi ki, dirsəkləri başından yuxarıda qalmışdı. Qara saçları qulaqlarının ardından çıxıb aşağı sallanaraq üzünü örtmüşdü. Topa-topa saçların arasından parlaq iri gözlər tez-tez qırpılaraq baxırdı. Qızcığaz bu “əcaib məxluq”dan qorxub qışqırdı və oğlanın arxasında gizləndi. Aysu da diksindi. Müvazinətini saxlaya bilməyib, damın üstündən üzüüstə yerə gəldi. Oğlanın arxasından boylanan qız bir də damın üstünə baxanda heç nə görmədi və kiməsə bir şey izah edə bilməyəcəyini başa düşüb, əllərini yellədi.
Aysu bardaş qurub, qumun üstündə oturmuşdu. Əzilən dizini əlləri ilə ovxalayır, pərt halda mızıldanaraq özünü söyürdü: “Görməmiş! Nə olsun, köçüblər də! Elə bil adam-zad görməmisən!” Nəhayət, o, ayağa qalxıb, üst-başının qumunu çırpdı və axsaya-axsaya evə girdi.
İlk tanışlıq
Günorta idi. Aysu yuxudan durandan fikri qonşu bağda qalmışdı. O, dünənki səhvini düzəltmək, özü haqqında qonşu qızda yaxşı təəssürat yaratmaq üçün planlar cızır, ora-bura gəzinərək öz-özünə danışır, yumruğu ilə başını döyəcləyirdi. Əlindəki təsbehi cüt-cüt çevirərək ona göz qoyan nənəsi, nəhayət, dözməyib dilləndi:
– Yenə nə öz-özünə danışırsan, ay qız?
– Sənə oxşamışam da, nənə!
– Mənim doxsan yaşım var, amma sən hələ uşaqsan, ay siyilcim.
Aysu özündən çıxdı:
– Nənə, bir də mənə siyilcim desən.., bir də desən, evdən qaçacağam! Elə təkcə qal!
Nənə nəvəsini yaxşı tanıdığından, ciddi şəkildə qorxdu.
– Yox-yox, elə eləmə, qurban olum. Bir də demərəm.
Aysunun o saat ürəyi yumşaldı, boş yerə nənəsini qorxutduğuna peşman oldu. Onun boynuna sarılıb üz-gözündən öpdü.
– Can nənə, təzə qonşularımızı tanıyırsan?
– Yox, bala. O evin köhnə sakinlərini tanıyırdım, onlar da Bilqeyis arvad öləndən sonra satdılar evi.
Nənənin çökəyə düşmüş sönük gözləri yol çəkdi:
– Mənim də vaxtım çoxdan çatıb, sənə görə qalmışam. Deyəsən, səndən nigaran gedəcəyəm o dünyaya…
Aysu yenə özündən çıxdı:
– Xeyr, elə şey yoxdur. Mən səni o dünyaya-zada qoymaram.
– Əzrayıl gələndən sonra nə edəcəksən ki?
Aysu cumub, nənəsinin çəliyini götürdü, qılınc kimi sola-sağa oynatdı:
– Əzrayıla bir toy tutaram ki, adı da yadından çıxar.
Nənə güldü. Quru və titrək barmaqları ilə nəvəsinin saçlarını sığalladı:
– Sənə qurban, ay Aysu, çörəyimiz qurtarıb, get al.
Aysu qapıya tərəf yollandı. O, nənəsinin hər bir tapşırığını cəld və sözsüz yerinə yetirməyə alışmışdı, çünki bilirdi ki, bu işləri ondan başqa görən olmayacaq. Qapıdan çıxanda, divardakı mismardan asılmış gün papağını saymazyana götürüb başına keçirtdi.
Bağların arasından keçən qumsal yolla yavaş-yavaş gedən Aysu birdən maşın mühərrikinin səsini eşidib başını qaldırdı. Dünəndən bəri onu maraqlandıran bağın darvazası açıq idi, uşaqlar darvazanın yanında durmuşdular. Qızın qucağında balaca ağ pişik vardı. Bir əli ilə darvazanın qapısını tutan oğlan o biri əli ilə kiməsə işarə verirdi. İçəridən tünd göy rəngli maşın çıxıb şəhərə tərəf yollandı. Uşaqlar onun arxasınca əl elədilər. Oğlan darvazanı cırıldada-cırıldada bağladıqdan sonra hər ikisi çevrilib Aysuya tərəf baxdı. Aysu isə… Aysu başını xoruz kimi dik tutaraq, gülməli bir təkəbbürlə, heç kimə baxmadan onların arasından keçib getdi. O yeridikcə, ayaqlarını yerə bərk-bərk vurur, rezin çəkələklərinin dabanından qopan qum arxaya və yuxarı sıçrayaraq hər tərəfə səpələnirdi. Başını boynuna qısan qız qucağındakı pişik balasını özünə sıxaraq, onu bu qum selindən qorumağa çalışdı. Uşaqlar təəccüblə bir-birinə