Энид Блайтон

Qaraçı köçünün sirri


Скачать книгу

övlədə

      – Düz bir həftədir ki, burdayıq! Bikarçılıqdan lap ürəyim partlayır, – Corc əmisi qızı Ennə şikayətlənməyə başladı.

      Əslində, bu qızın adı Corc yox, Corcina idi, lakin onu həmin adla çağıranda cavab vermirdi. Çünki qız olmaqdan xoşu gəlmirdi, özünü oğlan uşağı kimi aparırdı.

      – Darıxırsan? – Enn təəccüblə dilləndi. – Əcəb işdir, heç at çapanda belə demirdin! Boynuna al, at minmədiyimiz vaxtlarda tövlədə çənə vurmaq da ürəyincə idi.

      – Sənə deyirəm ki, bura çox darıxdırıcı yerdir! Nə hiss etdiyimi məndən yaxşı biləcəksən? O zəhləm getmiş Henrietta da bir tərəfdən! De görüm, axı o bizim nəyimizə lazımdır, hə?

      – Henrini deyirsən?! – Enn güldü. – Əslində, siz onunla bir-birinizə çox bənzəyirsiniz. O da eynilə sənin kimi oğlan olmaq istəyir.

      Qızlar ot tayasının üstündə oturmuşdular. Onlar əllərindəki buterbrodu yeyə-yeyə söhbət edirdilər. Ətrafdakı çəmənlikdə isə atlar otlayırdı. Yan tərəfdə yöndəmsiz bir tikili gözə dəyirdi. Giriş qapısının üstündəki iri lövhədə «Kapitan Consonun atçılıq məktəbi» sözləri yazılmışdı.

      Corcla Enn bura bir həftə əvvəl gəlmişdilər. Ennin qardaşları Culianla Dik isə məktəb yoldaşları ilə birlikdə boyskautlar1 düşərgəsində dincəlirdilər.

      Atçılıq məktəbinə gəlmək Enninin fikri idi. Çünki onun atlardan çox xoşu gəlirdi. Corc bu fikri çox bəyənmiş, dərhal ona qoşulmuşdu, lakin oğlanların düşərgədə olduqlarını öyrəndikdə mısmırığını sallamışdı. Dedik axı, o özünü oğlan kimi aparmağı xoşlayırdı, bu səbəbdən də oğlanlarla yoldaşlıq etməkdən xoşu gəlirdi. Oğlanlar isə düşərgəyə gediblər! İşə bir bax!

      Əslində, Corc özü də məmnuniyyətlə onlara qoşulardı, ancaq həmin düşərgə yalnız oğlanlar üçün idi, qızları ora buraxmırdılar.

      – Qulaq as, boyskautların düşərgəsinə gedə bilmədiyin üçün özündən çıxmağa dəyməz, – Enn əmisi qızına dedi. – Oğlanlar bəzən qızlardan uzaqda vaxt keçirmək istəyirlər. Bir özün fikirləş, həmişə qızların yanında ola bilməzlər axı!

      – Niyə? – Corc qəzəblə dilləndi. – Diklə Culianın elədiyi hər şeyi mən də bacarıram. Ağaclara, qayalara dırmanıram, özü də hara kimi desən! Üstəlik, velosipedi əla sürürəm, üzməyi isə onlardan yaxşı bilirəm!

      – Henri də belə deyir, – Enn bic-bic gülümsədi. – Odur ha, görürsən, yenə atın belindədir! Əlləri də cibində. Özü də elə fit çalır, deyərsən, əsl mehtərdir2!

      Corc bu sözləri eşidib üz-gözünü turşutdu. Enn bu qızların arasında bir-birini gördükləri dəqiqədən yaranan soyuqluğun səbəbini heç cür başa düşə bilmirdi. Halbuki ikisi də xasiyyətcə bir-birinə çox bənzəyirdi. İkisi də adını dəyişib oğlan adına oxşatmışdı. Corcinaya Corc deməsən, qətiyyən hay verməzdi, Henrietta da ona ancaq Henri deyəndə cavab verirdi. Qızlar eyni yaşda idilər. İkisinin də saçı oğlan sayağı vurulmuşdu. Bundan başqa, Henrietta yaxşı at çapırdı, yarışlarda çoxlu mükafat qazanmışdı. Bu isə Corcu daha da qəzəbləndirirdi, çünki indiyə kimi heç bir qız onu belə məsələlərdə qabaqlamamışdı.

      Enn ürəyində onların ikisinə də gülürdü. Xüsusən də qızlar acıqla bir-birini oğlan adı ilə deyil, «Henrietta» və «Corcina» deyə çağıranda qəhqəhə çəkməkdən özünü güclə saxlayırdı. At tövlələrinin sahibi kapitan Conson isə qızların bu didişməsindən lap təngə gəlmişdi.

      – Siz niyə özünüzü belə aparırsınız? – bir dəfə o, səhər yeməyi vaxtı onlardan soruşdu. – Məgər balacasınız? Yoxsa, böyüdüyünüzü unutmusunuz, qızlar?

      Axırıncı söz Corcu da, Henrini də tutdu, lakin heç biri dillənmədi. Çünki hər ikisi kapitan Consondan çəkinirdi. O hər şeyi üzə deyən, tündxasiyyət adam idi. Bununla belə, atlarla çox mehriban rəftar edirdi. Arvadı ilə birlikdə tətil zamanı məktəbli qızları, oğlanları yanlarında saxlayır, onlara yatmağa yer, yemək verir, əvəzində isə o ki var işləməyə məcbur edirdilər. Buna baxmayaraq uşaqlar yenə də onların evində qalmaqdan ləzzət alırdılar.

      – Məsələ aydındır, – Enn ot tayasının üstündə yerini rahatlayıb dedi, – əgər Henri burada olmasaydı, sən hər şeydən razı qalardın. Mülayim hava, qəşəng atlar… Kapitan Consonla arvadı da çox yaxşı adamlardır.

      – Nə olsun, oğlanlar ki yanımızda deyillər! – Corc dedi. – Onlar sənin bu yaramaz Henrinin cavabını yaxşıca verərdilər. Evdə qalsaydım, bundan yaxşı olardı!

      – Özün gəlmək istədin, – Enn artıq özündən çıxmağa başlamışdı. – Kirrin-kottecdə, valideynlərinin yanında da qala bilərdin. Ancaq mənə qoşulub bura gəldin. Bir də ki, bilirsən nə var, bəsdir şikayətləndin! Bu giley-güzarın artıq məni bezdirməyə başlayıb.

      – Bağışla, Enn, – Corc səhvini anlayıb üzrxahlıq elədi, – deyəsən, mən, doğrudan da, özümü yaxşı aparmıram. Yəqin, oğlanlar üçün darıxmışam. Axı onlarla təkcə tətildən-tətilə görüşə bilirik. Onlarsız tətilin ləzzəti olmur. Sənə bir söz deyim?! Hər bir halda, burada ürəyimcə olan bir şey var!

      – Bilirəm nəyi deyirsən, – Enn güldü. – Timminin Henridən xoşu gəlmir, bu da sənə ləzzət eləyir.

      – Henri yox, Henrietta! – Corc düzəliş etdi. – Hə, bizim sevimli Timminin də ondan zəhləsi gedir! Yazıq it bu gün çox yoruldu. Biz at çapanda arxamızca neçə mil yol qaçıb! Odur bax, indi də dovşan yuvalarını imsiləyir. Timmi, bura gəl, bir az dincini al.

      Timmi həvəssiz halda yuvadan aralanıb qızların yanına gəldi. Tayanın üstündə özünə yer eləyib Corcun əllərini yalamağa başladı.

      – Bilirsən, Timmi, biz elə indicə səndən danışırdıq, – Corc üzünü itinə tutub dilləndi. – Deyirdik ki, sən çox ağıllı itsən, o iyrənc Henrietta ilə dostluq elə…

      Bu vaxt Enn əmisi qızının ayağına möhkəm bir təpik ilişdirdiyindən Corcun sözü ağzında qaldı. Çox keçmədi ki, kiminsə kölgəsi onların üstünə düşdü.

      Gələn Henrietta idi. Üzündəki ifadədən Corcun son sözlərini eşitdiyi bəlli idi. Qızın əlində bir zərf vardı.

      – Sənə məktub gəlib, Corcina, – o, soyuq səslə dilləndi. – Dərhal gətirdim ki, birdən orada nəsə təcili xəbər yazılmış olar.

      – Sağ ol, Henrietta, – Corc zərfi alıb açdı, oxuyub qurtaran kimi qışqırdı: – Bir bax, Enn! Məktub anamdandır!

      O bunu deyib əlindəki kağızı əmisi qızına uzatdı. Enn dərhal alıb oxudu:

      «Atan xəstələnib. Xahiş eləyirəm, bir həftə də orada qal. Öpürəm. Anan».

      – Görürsən, işlərimiz necə tərs gedir! – Corc qaşqabağını töküb dedi. – Mən də ümid eləyirdim ki, bir neçə günə evə qayıdarıq, oğlanlar da Kirrin-kottecə gələrlər. İndi otur burada, bir həftə gözlə! Görəsən, atama nə olub ki? Yoxsa, başı ağrıyır? Boş şeydir! Sadəcə, bizim evdə ora-bura qaçıb səs-küy salmağımızı istəmir.

      – Əgər istəyirsənsə, bizə gedə bilərik, – Enn təklif elədi. – Əlbəttə, əgər səs-küy, qarışıqlıq səni narahat etməyəcəksə… Evdə təmir gedir, divar kağızlarını yeniləyirlər.

      – Yaxşı, yaxşı! Bilirəm axı burada, atların yanında qalmaq istəyirsən. Üstəlik, valideynlərin də xaricdədir. Biz orada ustalara mane ola bilərik. Nə etməli, bir həftə də dözməyə məcburam.

      Kapitan Conson, əlbəttə ki, qızların qalmasına razılıq verdi. Dedi ki, hətta çadırda da gecələyə bilərlər, əgər istəsələr, uşaqlardan bir-ikisi də onlarla qalar. Yəqin ki, qızlar buna etiraz etməzlər.

      – Yox, nə danışırsınız?! – Corc dilləndi. – Düzdür, biz ikilikdə qalmaq istərdik. Daha doğrusu, üçlükdə, Timmi də var axı! Bu çox əla olardı. Sizin yanınıza da ancaq nahar eləmək və işləmək üçün gələrdik.

      Enn ürəyində Corca gülürdü. Bilirdi ki, o, Henriettanı