Лев Толстой

Uşaqlıq. Yeniyetməlik...


Скачать книгу

      UŞAQLIQ

      Karl İvanıç

      18… ilin 12 avqustu idi. On yaşımın tamam olduğu və gözəl hədiyyələr aldığım doğum günümdən üç gün keçmişdi. Həmin gün səhər saat 7-də Karl İvanıç əlindəki milçəkqıranı lap başımın üstündəki milçəyə çırparaq məni yuxudan oyatdı. Başımı yorğanın altından çıxarıb acıqlı-acıqlı onu süzdüm. Tiftikli parçadan ala-bəzək xalat geyinib üstündən eyni parçadan kəmər bağlamışdı. Başına qotazlı fəs qoymuş, ayaqlarına da keçi dərisindən yumşaq uzunboğaz çəkmə geymişdi.

      Karl İvanıç mənim acıqlı baxışlarıma əhəmiyyət verməyib milçək öldürməyə davam edirdi.

      «Tutalım ki, mən balacayam, – fikirləşdim, – ancaq axı niyə məni narahat edir? Niyə milçəkləri Volodyanın yatağının yanında öldürmür? Bir bax gör nə qədərdir! Volodya məndən böyükdür; mən hamıdan balacayam. Buna görə də o mənə əziyyət verir… Xalatından da, fəsindən də, qotazından da zəhləm gedir!»

      – Qalxın, uşaqlar, qalxın!.. Vaxtdır. Ananız artıq zaldadır, – deyərək Karl İvanıç mənə yaxınlaşdı, çarpayıma əyləşib gülə-gülə ayaqlarımın altını qıdıqlamağa başladı.

      «O nə qədər mehribandır, bizi nə qədər çox istəyir, mənsə onun haqqında gör necə pis fikirdəydim!»

      Özümə də, Karl İvanıça da hiddətləndiyimdən həm gülmək, həm də ağlamaq istədim: əsəblərim pozulmuşdu.

      Gözlərimdən yaş axa-axa başımı yastığın altından çıxardım. Karl İvanıç təəccübləndi. Təşvişlə soruşdu ki, bəlkə, xəstələnmişəm, ya da pis yuxu görmüşəm. Onun almanlara xas mehriban sifəti, halıma yanması məni daha da bərkdən ağlamağa məcbur etdi. Xəcalət çəkirdim: necə olub ki, bir dəqiqə əvvəl ondan zəhləm gedib? Pis yuxu gördüyümü, elə onun üçün də ağladığımı söylədim: guya anam ölmüşdü və onu dəfn etməyə aparırdılar. Sözlərimdən mütəəssir olmuş Karl İvanıç mənə təsəlli verib sakitləşdirməyə çalışanda elə bildim, bu dəhşətli yuxunu, doğrudan da, görmüşəm və təzədən hıçqırdım.

      Karl İvanıç gedəndən sonra qalxıb yatağımda əyləşdim. Uydurduğum yuxu haqqında qəmgin fikirlər məni tərk etmirdi. Lələmiz1 Nikolay içəri girdi. O, təmizkar, səliqəli bir adam idi, Karl İvanıçla da dostluq edirdi. Onun yanında ağlamaq ayıb olardı. Volodya əlüzyuyanın yanında dayanıb Marya İvanovnanı (bacımın mürəbbiyəsi2 olan bu qadına öz aramızda «Mimi» deyirdik) yamsılayaraq elə şən-şən və elə bərkdən güldü ki, ciddi görkəmli Nikolayı belə gülmək tutdu. Mənim də kefim duruldu.

      – Tezmi hazır olacaqsınız? – sinifdən Karl İvanıçın səsi eşidildi.

      O, dərsdə tamam başqa adam olurdu. Cəld müəllimimin yanına getdim.

      Karl İvanıç gözündə eynək, əlində kitab öz həmişəki yerində – qapı ilə pəncərə arasında oturmuşdu. O, vaxtının çox hissəsini mütaliə edərək keçirirdi.

      Bəzən zalda doyunca qaçışdıqdan sonra barmaqlarımızın ucunda gizlincə sinfə gələndə Karl İvanıçın kresloda əyləşib kitab oxuduğunu görürdük. Onu kitab oxumadığı vaxtlarda da görürdüm: iri eynəyi qartal burnunun ucuna düşmüş olurdu, yarıyumulu mavi gözləri xüsusi bir ifadə ilə baxır, dodaqları isə qəmli-qəmli gülümsəyirdi.

      Bəzən qapının ağzında dayanıb ona baxa-baxa fikirləşirdim: «Yazıq qoca! Biz çoxuq, oynayırıq, günümüz şən keçir, onun isə heç kəsi yoxdur, özü demiş, doğrudan da, yetimdir. Onun həyat tarixçəsi nə qədər kədərlidir! Başına gələnləri Nikolaya danışmağı yadımdadır – onun vəziyyətində olmaq dəhşətlidir!» Ona elə yazığım gəlirdi ki, bəzən yanına gedib əlindən tutaraq deyirdim: «Sevimli Karl İvanıç!» Belə deməyimi xoşlayır, mütəəssir olub başımı sığallayırdı.

      Karl İvanıç xalatını çıxardıb dik yaxalıqlı, çiyinləri büzməli göy frak geyindi, güzgünün qabağında dayanıb qalstukunu düzəldəndən sonra bizi aşağıya apardı ki, anamızla görüşək.

      Anam

      Anam qonaq otağında əyləşib çay süzürdü. Sevimli adamın üzündəki cizgiləri xəyalında canlandırmağa çalışanda o qədər xatirələr oyanır ki, bu cizgiləri göz yaşları arxasından olduğu kimi dumanlı görürsən. Anamı xatırlayanda həmişə mehribanlıq və məhəbbət ifadə edən qonur gözləri, ağ yaxalığı, tez-tez öpdüyüm zərif əlləri təsəvvürümdə canlanır; lakin üzünün ifadəsini xəyalıma gətirə bilmirəm.

      Divarın sol tərəfinə köhnə ingilis royalı qoyulmuşdu; qaraşın bacım Lyuboçka royalın qabağında oturmuşdu. Royalı çalarkən onun necə gərgin olduğu aydın sezilirdi. Lyuboçkanın on bir yaşı var idi. Acıqlı qırmızı sifəti olan Marya İvanovna bacımın yanında əyləşmişdi. Karl İvanıç içəri girər-girməz anama tərəf getdi. Anam əlini uzatdı. Karl İvanıç onun əlindən öpdü. Sonra isə anam müəllimin qırışmış gicgahından öpüb soruşdu:

      – Uşaqlar gecəni rahat yatıblar?

      Karl İvanıçın bir qulağı kar idi, indi isə royalın səsindən qətiyyən heç nə eşitmədi. Ona görə bir az da divana doğru əyildi.

      – Soruşuram ki, uşaqlar gecəni rahat yatıblar? – anam bərkdən dedi.

      – Bağışlayın, Natalya Nikolayevna, nə dediniz?

      Anam gülümsəyərək Marya İvanovnaya tərəf döndü:

      – Mimi, bir dəqiqə dayanın, heç nə eşidilmir.

      Anamın üzü nə qədər qəşəng olsa da, gülümsəyəndə daha da gözəlləşir, sanki ətrafda hər şey üzə gülürdü. Həyatımın ağır dəqiqələrində bu təbəssümü, heç olmasa, gözucu görə bilsəydim, dərd-qəmin nə olduğunu bilməzdim.

      Anam mənimlə salamlaşandan sonra başımı əllərinin arasına alıb diqqətlə üzümə baxdı:

      – Sən bu gün ağlamısan? – soruşdu.

      Mən cavab vermədim. O, gözlərimdən öpüb almanca soruşdu:

      – Nə üçün ağlamısan?

      Uydurduğum yuxumu bütün təfsilatı ilə xatırladım və bu fikirdən ixtiyarsız olaraq titrəyib:

      – Ana, mən yuxuda ağlamışam, – dedim.

      Karl İvanıç sözlərimi təsdiqləsə də, yuxu haqqında bir söz demədi. Anam ayağa qalxıb pəncərəyə yaxınlaşdı.

      – Uşaqlar, indi atanızın yanına gedin və deyin ki, xırmana getməzdən əvvəl hökmən mənə dəysin.

      Atam

      Atam Pyotr Aleksandrıç yazı stolunun yanında dayanıb zərfləri, kağızları, pul bağlamalarını buyruqçu Yakov Mixaylova göstərir, hirsli-hirsli nə isə izah edirdi. Bizi görəndə salamlaşıb dedi ki, kənddə boş-bikar gəzdiyimiz yetər, artıq uşaq deyilik, ciddi şəkildə dərslərimizlə məşğul olmalıyıq.

      – Bilirsiniz ki, bu gecə Moskvaya getmək fikrindəyəm, – o dedi. – Sizi də özümlə aparacağam. Orada nənənizin yanında qalacaqsınız, qızlar isə ananızla burada qalacaq. Dərslərə nənənizin yanında davam edəcəksiniz. Əlbəttə, sizdən ayrılmaq ananızı xeyli üzəcək. Ancaq bilməlisiniz ki, onun üçün yeganə təsəlli yaxşı oxuduğunuzu eşitmək olacaq.

      Neçə gündən bəri evdə davam edən hazırlıqdan nəsə qeyri-adi bir şey gözləsək də, bu xəbər bizi heyrətə saldı. Volodya qızardı və anamın tapşırığını titrək bir səslə atama söylədi. Mən fikirləşdim: «Yuxum çin çıxdı. Allah eləsin ki, bundan betəri olmasın».

      Anama çox yazığım gəldi, şübhəsiz, o bizim üçün çox darıxacaqdı. Bununla belə, atamın artıq böyük oğlanlar olduğumuz barədə sözləri məni sevindirdi. «Madam ki bu gün gedirik, deməli, daha dərs oxumayacağıq. Bu, qiyamətdir!» – fikirləşdim. Bir yandan da Karl İvanıçın halına acımağa başladım. Yəqin, onu işdən azad edəcəkdilər… İllərlə oxumağa razı idim, bircə buradan çıxıb getməyəydim,