Zeruya Shalev

Tera


Скачать книгу

kədərli, eyni anda da sevincli doğum sancıları olduğu hissinə qapılıram. Yeni həyat, hələ ki, onu tanımıram, amma yenə də onu qucaqlayaraq bağrıma basmağım üçün yeni doğmuş körpə kimi ağlayaraq məni çağırır.

      Ana, qapı dirəyini hədəf al, – deyərək yalvarır,– qol vuracağına söz verdin, iki divarın arasındakı görünməyən bir futbol dirəyinin önündə yüngülcə əyilərək dayanıb, mən isə inildəyirəm:

      – Gili, bəlkə sabah, gördün axı ayaqda güclə dayanıram, necə oynaya bilərəm axı?

      Amma o, israr edir:

      – Yox, sabah istəmirəm, bu gün, mənim canım sıxılır, getdikcə üzü qızarır, birazdan ağlamaq ifadəsini alacaq, onu sakitləşdirməyə çalışıram:

      – Gəl başqa nəsə oynayaq, domino ya da Monopol, – mən günün menyusunu sayan bir ofisiant kimi oyunları sayarkən onun göz yaşlarına hiyləgər bir gülüş qarışır və etiraf edir:

      – Sən oynaya bilmədiyin üçün, bura gəlib mənimlə futbol oynaması üçün atamı çağırmışam artıq, indi gələcək.

      Onun iradəsi ilə mənim iradəm arasındakı bu ani və kəskin ayrılıq məni yumruq zədəsi almışcasına sarsıdır, o, mənim balaca oğlum, gözümün nuru, canımın bir parçası, altı il ərzində iradəsi iradəm, sevinci sevincim, kədəri kədərim olan tək oğlum və birdən-birə bu ziddiyət gizlicə aramıza girdi, bir gecədə, onun iradəsi artıq mənimki deyil, sevinci mənim deyil, kədəri mənim deyil və mən həyatımdakı gerçək uçurumun bu olduğunu hiss edirəm. Gili ilə məni belə üzləşdirən Amnonla olan yad münasibətim deyil, Gilinin arzuları ilə mənim arzularımın yadlaşmasıdır. Altı il aramızda olan bənzərsiz və mükəmməl uyğunlaşma, otağın bir küncündə, daha onun sevmədiyi oyuncaqları ilə birlikdə məhv olur.

      Amnon içəri girəndə özünü yatmış kimi göstərirəm, bəlkə də həqiqətən, yatmışam, çünki onun və oğlumun səsi xəyallardakı obrazların səsləri kimi uzaq və boğuqdur, ağrayan ayaq biləyim məni onlardan ayırır, bütün öhdəliklərdən xilas edir və mən hərəkət azadlığımı məhdudlaşdıran, lakin ruhumu azad edən ağrıya təslim oluram, aralarında fırlanan elastik top qədər yumşaq və elastik söhbətləri otaqda gəzir, zehnimdəki bulanıqlıq və məni huşumu itirəcək həddə çatdıran ağrıya görə görüntüləri silinir və mən ən sonda, evimizdə barmaq uclarında gəzərək ətrafımda olanların anamla atamın olduğu hissinə qapılıram, mən xəstəyəm və sevgi fantaziyaları qurmaqda azadam. Yataqda balalamış pişik kimiyəm, fantaziyamdakı obrazları yalayır, onlara sıxılıram, yetkin insan olaraq gələcəkdəki həyatımı cürbəcür rənglərlə bəzəyirəm. Divanda uzanmış və bir örtüklə örtünərkən, uzaqlaşan və meydanı başqa obrazlar üçün boş qoyan cütlüyə əl etməyə tənbəllik edirəm. Bir dialoqun uğultusu gəlir qulağıma və altı ildir mənə yoldaşlıq edən bu səmimi və isti söhbətin daha burada eşidilməyəcəyini yalnız o zaman başa düşürəm. Bir ata və oğlu, bir oğul və ata arasındakı bu huzur dolu uğultu mövcud olmağa davam edəcək, amma mən onu eşitməyəcəm və bizim uğultumuz da dinləyicisiz qalacaq, açıq pəncərədən küçə yayılaraq gecəyə hazırlaşan ailələrin səsinə qarışacaq və heç kim onu eşitməyəcək.

      Bu axşam mənsiz həyatlarını onlarla paylaşmaq, onları gizlicə seyr etmək üçün son şansımdır, müəyyən edilmiş görüş günlərində günortadan sonra birliktə oynayacaqlar, bazar ertəsi və çərşənbə günləri ya da bazar və çərşənbə günləri, hələ ki, hansı günlər olacaq, qərar verməmişik. Başqa bir evdə, masa arxasında üz-üzə oturub axşam yeməklərini yeyəcəklər və Amnon mənim etdiyim kimi özünə əziyyət verib xiyarların qabığını Gili üçün soymayacaq və mənim kimi çörəyin kənarlarını qəhvə rəngli halqa formasında kəsməyəcək, duş qəbul etməməyə və dişlərini fırçalamamağa qərar verəcəklər, Amnon kirli geyimləri sabah yenidən geyinməsi üçün onun yatağına qoyacaq, yuxudan öncə danışdığı hekayə çox uzun olacaq; qazıntı iclaslarında olduğu kimi. Mən onların yanında olarkən onun anidən əsəbləşməsindən və Gilini incitməsin-dən qormağıma ehtiyac yoxdur, mən olmayanda o daha çox əmək sərf edir və Gili onun xoşuna gəlmək üçün çox çalışır, nə də olsa hal-hazırda Amnon onun tək dəstəkçisidir. Qaranlıq otaqda, oturduğum divandan onların heyvan müqəvvalarının ailələrini necə yatızdırdıqlarına qulaq asıram, erkək şir, dişi şir və balaları, erkək pələng, dişi kaplan və balaları, görəsən, Gili heyvanların üzərinə hopmuş kəskin iyi hiss edir? Amnonun söylədiklərini eşidirəm, bax Şotlandiyalı Teddi də buradadır, çox dar yataqda, bu səhər onun bədəninə vida etdiyim yerdə Gili ona sığınaraq mızıldandığını eşidirəm. Yerimdə tərpənmədən uzanmışam, ayağımı tərpətməyə çalışmıram, həyatımın bir hissəsi olacaq bu qarışıqlığa alışmağa çalışıram, həm nifrətimə həm də Gilinin nifrət etdiyim insana sevgi duymasına dözmək məcburiyyətindəyəm. Amnonun oğlumun sevgili atası olmağını qəbul etməyə və buna baxmayaraq həm də onu özümdən uzaq tutmağa məcbur olacam, buna görə iki ayrı mən yaratmalı olacağımı hiss edirəm, bu tapşırıq elə çətindir ki, məni qorxu dolu yuxu basır, çünki hələ də hər şey mənim əlimdədir və mən heç nəyi dəyişdirmirəm, çünki bu tanış olan ailə uğultusu, yeni həyatın sevinc nidaları qarşısında, yeni həyatdan gələn sevincli və güclü səslər qarşısında getdikcə daha çətin eşidiləcək vəziyyətə gəlir.

      Gecə yarısı soyuqdan titrəyərək oyanıram, gözlərimin önündə bir çay axır, boz və buna baxmayaraq təsiredici, bu çayın mənzərəsi, coşğuyla axan suyun mənzərəsi məni hər zaman dərindən təsirləndirəcək. Sonuncu qurultaya görə getdiyim Avropadakı o liman şəhərinə, daha heç bir mənası olmayacaq qədər qəzəb dolu qışqırtıların yanğısını da özümlə götürdüm, bəsdir məni təhdit etdin, sən, sadəcə, özünü təhdit edirsən, kimsən axı sən, bezdim daha sənin şikayətlərindən, bezdim səndən, belə vəziyyətdə davam etməyə niyyətimin olmadığını başa düş artıq, gedirəm, bu dəfə ciddiyəm. Otelin geniş açılmış pəncərəsindən çay görünürdü, çayın üzərində uzanan nəhəng bir dəmir körpü və yanında ondan balaca bir körpü də var, çayın digər tərəfində isə evlərin ön fəsadları rəngarəng, incə və narın idi. Çayda gəmilər üzürdü, sanki suyun üzərində uçaraq süzürdülər. Yola çıxmadan öncə, sonuncu mübahisəmizin od püskürən, kəskin səsləri məni izlədi və mən elə bir hissə qapıldım ki, sanki o hələ də qarşımda dayanıb, əsəbi, günahlandırıcı, qəzəbdən çirkinləşmiş, yox, mənim arzuladığım insan bu deyildi, həsrətində olduğum həyat bu deyildi və hətta mən özüm, olmaq istədiyim qadından dəhşətli dərəcədə fərqli idim, bizim içimizdə nələrsə bərpa olunmayacaq şəkildə qırılmışdı. Yoxsa mən hər şeyə dözmək məcburiyyətində idim, başqa bir həyat yaşaya bilməzdim, yəni bu qədər gec idi hər şeyə?

      O bir otaqdan digərinə hərəkət edir, işıqları söndürür, indi ev qaranlıq və səssizdir, hal-hazırda çöldən kimsə keçir, yəqin burada bir ailənin mehriban halda, payız olduğu üçün isti adeyal altında yatdığımızı düşünür. Yataq otağının qapısı bağlanır və mən burada, divanda, onlardan çox uzaqdayam, sanki başqa qitədə, boz rənglərdə parıldayan çayın sahilindəki oteldəyəm hələ də. Həyatım kənarda belə görünəcək, deyə o vaxtlar sual vermişdim özümə, gənclik xəyallarım beləcə məhv olacaq,