>
I BÖLÜM
Səhər ümid vardı. Ümid anamın toxunmağa heç zaman cəsarət etmədiyim qara, hamar saçında keçici parıltı kimi idi; ümid şəkər qatıb sıyıq yeyən dilimdə idi, həmin ərəfədə anamın hərəkətsiz dayanan, İspan qripindən və Versal müqaviləsindən bəhs edən qəzet səhifəsi üzərinə qoyulan arıq əllərinə baxırdım. Atam işə çıxıb getmişdi, qardaşım isə dərsdə idi. Baxmayaraq ki, mən orada idim, anam yenə də tək idi. Əgər mən tamamilə sakit olub bir kəlmə də danışmasaydım, onun anlaşılmaz ürəyindəki uzaq sakitlik səhərdən xeyli keçənə, adi evdar qadınlar kimi durub bazarlıq etmək üçün İsteqada küçəsinə gedənə kimi davam edəcəkdi.
Günəş sanki içindən keçirmiş kimi qaraçı faytonu üzərində doğmaqda idi. Skabi Hans sinəsi açıq, əlində əlüzyuyan çölə çıxdı. Su töküb yuyunduğunda əlini uzadıb Gözəl Lilinin ona verdiyi dəsmalı götürdü. Onlar bir-birinə bir söz belə demədilər. Kənardan səhifələri tez-tez çevrilən şəkilli kitaba bənzəyirdilər. Anam kimi onlar da bir neçə saatın içində dəyişə bilirdi. Skabi Hans Xilaskar Ordunun əsgəri, Gözəl Lili isə onun sevgilisi idi.
Yay vaxtı onlar bir dəstə uşağı yaşıl faytona doldurur və birlikdə kəndə gedərdilər. Valideynləri buna görə onlara günə bir kron ödəyərdi. Mənim üç yaşım, qardaşımın isə yeddi yaşı olanda ora getmişdik. İndi mənim beş yaşım vardı və həmin səfərdən yadımda qalan yeganə şey Gözəl Lilinin bir gün məni faytondan itələyib çölə – isti qumun üzərinə atması olmuşdu. Sonra həmin yaşıl fayton məndən uzaqlaşdı və getdikcə balacalaşdı, faytonun içində isə bir də heç zaman görməyəcəyim qardaşım və anam oturmuşdu. Uşaqlar geri qayıtdıqlarında qotur tutmuşdular. Qotur Hans ləqəbini də məhz belə almışdı. Gözəl Lili isə əslində heç gözəl deyildi. Fəqət rahat buraxdığım qəribə və xoşbəxt günlərində anam gözəl görünürdü. O gözəl, toxunulmaz, tənha idi və heç zaman öyrənməyəcəyim sirli düşüncələrlə dolu idi.
Onun arxasında güllü divar kağızına atam qəhvəyi yapışqan lentlə cır-cındır yapışdırmışdı. Bundan əlavə, divardan pəncərədən bayıra tamaşa edən bir qadın şəkli də asılmışdı. Qadının arxasındakı döşəmədə içində balaca uşaq olan beşik vardı. Şəklin altında belə yazılmışdı: ərinin dənizdən evə gəlməsini gözləyən qadın. Bəzən olurdu ki, çox təsirli və qəmgin hesab etdiyim şəklə nəzər yetirərkən baxışlarım anamın diqqətindən yayınmırdı. Bu zaman anam qəhqəhə çəkib gülərdi və onda bu gülüş səsi mənə elə təsir bağışlayardı ki, minlərlə kağız çantanı hava ilə doldurub hamısını birdən partladıblar. Ürəyim nigaran halda qəm-qüssə ilə döyünürdü, çünki dünyanın sakitliyi həmin anda pozulmuş olurdu. Amma mən də ona qoşulub gülürdüm, çünki bunu məndən anam gözləyirdi. Stulu bir kənara itələdi, ayağa qalxdı, gəlib qırışmış xalatı ilə əllərini ombasına qoyub şəklin qarşısında dayandı. Sonra həmin səhər baqqaldakı şeylərin qiymətləri ilə bağlı mübahisə etdiyi səsindən tamam fərqli üsyankar bir səslə oxumağa başladı:
Oxuya bilmərəm
Arzuladığım hər şeyi öz Tullem üçün?
Visselulle, viselulle, viselulle.
Pəncərəmdən uzağa get, əziz dost
Başqa vaxt geri dönərsən.
Şaxta və soyuq özü ilə
Köhnə dilənçini yenidən evə gətirib.
Nəğmə xoşuma gəlmədi, amma bərkdən gülməli idim, çünki anam bunu məni əyləndirmək üçün etmişdi. Hərçənd, bu mənim öz günahım idi, çünki əgər mən şəklə baxmasaydım, o da məni görməyəcəkdi. Belədə o, başını sakitcə əlləri arasına alıb, kəskin, gözəl gözlərini aramızdakı neytral bölgəyə dikib oturacaqdı. Və mən də hələ uzun müddət ürəyimdə “Ana!” deyə qışqırmağa davam edəcəkdim. Bilirdim ki, o, mənim bu qışqırığımı mistik şəkildə eşidir. Onun mənim adımı heç bir söz demədən çəkməsi və aramızda bağlılıq olduğunu bilməsi üçün mən onu uzun müddət tək başına qoya bilərdim. Sonra sevgiyəbənzər nə isə bütün dünyanı dolduracaqdı və Skabi Hansla Gözəl Lili bunu hiss edərək kitabda rəngli şəkillər olmağa davam edəcəkdi. Gözlənildiyi kimi nəğmə bitən kimi onlar bir-biri ilə dalaşmağa, bir-birinin üstünə çığırmağa, saçlarını yolmağa başladılar. Elə o andaca əsəbi qışqırıqlar qonaq otağına daxil oldu, mən də həmin an özümə söz verdim ki, sabah özümü elə aparacam, sanki bu lənətə gəlmiş şəkil heç orada yoxdur.
Ümid bu şəkildə məhv olduğunda anam sərt, əsəbi hərəkətlərlə, sanki üzərindəki hər paltar ona təhqirmiş kimi əynini geyindi. Mən də geyinməli idim və dünya mənim üçün soyuq, təhlükəli və məşum bir zamana çevrilirdi. Çünki anamın belə əsəbi olması sonda mənim üzümə şillə vurması, ya da qaz sobası istiqamətində itələməsilə nəticələnərdi. O yad idi, qəribə idi və mən düşünürdüm ki, çox güman, doğuş vaxtı məni dəyişiblər, mən heç onun övladı deyiləm. Geyinəndən sonra yataq otağında güzgünün qarşısında dayanır, çəhrayı salfetə tüpürür və bərk-bərk onunla yanaqlarını silirdi. Fincanları mətbəxə daşıdım və daxilimdə uzun, sehrli sözlər qoruyucu membran kimi sürünməyə başladı. Bu bir nəğmə idi – sakitləşdirici, ritmik, hədsiz düşündürücü. Amma heç bir halda məyusedici və qanqaraldıcı deyildi, çünki onsuz da günümün qalan hissəsinin dilxorluqla və əhval-ruhiyyəsiz keçəcəyindən əmin idim. Bu söz yağışı üzərimə yağdığında anladım ki, anam heç nə edə bilməz, çünki artıq mənim üçün vacib sima deyildi. Anam da bunu bilirdi və onun gözləri soyuq düşmənlik dolu duyğularla alışıb-yanırdı. Gəlib bu halda məni görüb təsirlənəndə heç zaman vurmazdı. Amma heç dindirib danışdırmazdı da.
Həmin dəqiqədən növbəti səhərə kimi bir-birinə yaxın olan yalnız bədənlərimiz oldu. Dar yer olmasına baxmayaraq, bədənlərimiz hətta kiçik bir kontaktdan belə qaçırdı. Divardakı dənizçinin arvadı hələ də həsrət dolu baxışlarla ərini gözləyirdi. Amma anam və mənim bu yer üzərində nə bir kişiyə, nə də bir oğlana ehtiyacımız vardı. Kövrək və son dərəcə qəribə xoşbəxtliyimiz yalnız biz birlikdə olanda çiçəklənirdi. İndi ki, anam ölüb, birlikdəliyimizlə bağlı gerçək əhvalatlar danışan biri də qalmayıb, uşaqlığımdan sonra ümumiyyətlə həmin anların xatirəsi yalnız nadir hallarda beynimdə canlanırdı.
II BÖLÜM
Uşaqlığımızın lap dərinliyində atam gülərək dayanıb. O böyükdür, soba kimi qaradır, amma onunla bağlı qorxduğum heç nə yoxdur. Onun haqqında maraqlandığım hər şeyi öyrənməyə icazə vardı və başqa bir şey öyrənmək istəyirdimsə, onda da soruşmalıydım. Özbaşına mənimlə danışmır, çünki balaca qızlarla nə danışılacağını bilmir. Ara-sıra başıma sığal çəkib “ Heh, heh” deyir vəssalam. Onda anam cəld dodaqlarını bir-birinə sıxır və atam əlini başımdan çəkir. Atam bizi təmin edən adam olduğundan onun bəzi imtiyazları var. Anam bunu qəbul etməlidir, edir də, ancaq etirazla. Atam divanda uzananda anam deyir: – Sən də burada bizim kimi otura bilərsən! Atam kitab oxuyanda isə anam deyir: – Kitablar insanları qəribələşdirir. Həm də kitablarda yazılanlar hamısı səhvdir. Bazar günləri atam pivə içərkən yenə də anam deyir: İki pivənin qiyməti 26 öre edir. Əgər belə davam etsən, bizim axırımız Sundholmdur. Düzdür, bilirəm ki, Sundholm insanların saman üzərində yatdıqları, gündə üç dəfə siyənək yedikləri yerdir, amma yenə də bu ad mənim tək qalmış və qorxmuş olduğum məqamlarda uy-durduğum sətirlərə yaxşı uyğun gəlir. Çünki bu sözün özü atamın şəkilli kitablarındakı şəkillər qədər gözəldir. Kitabın adı “Fəhlə ailəsi piknikdə”dir. Üz qabığında ata, ana və onların iki övladı təsvir edilib. Hamısı yaşıl otun üzərində uzanıb və aralarına qoyduqları piknik səbətindən yeyə-yeyə nəyəsə gülürlər. Dördü də atanın başı tərəfdən yerə sancılan bayrağa tərəf baxır. Bayraq qıpqırmızıdır. Mən kitaba yalnız baş-ayaq vəziyyətdə baxa bilirəm, çünki onu yalnız atam oxuyanda görürəm. Sonra anam işıqları yandırır və hələ qaranlıq düşməsə də, sarı pərdələri çəkir və deyir: – “Mənim atam əclafın biri idi, sərxoşluq edirdi, amma ən azından heç zaman sosialist olmayıb.”Atam sakitcə mütaliəyə davam edir, çünki bir qədər kardır, bu da bir sirr deyil. Qardaşım Edvin oturub masaya mıx çalır, sonra isə kəlbətinlə onları dartıb çıxarır. O, bacarıqlı