Карло Коллоди

Pinokiyo


Скачать книгу

p>Biri vardı, biri yoxdu, bir…

      Mənim balaca oxucularım dərhal çığıracaqlar: «kral vardı…»

      Yox, uşaqlar, tapmadınız. Bir ağac parçası vardı. Günlərin bir günü həmin ağac parçası qoca dülgərin emalatxanasında peyda oldu. Qocanın adı usta Antonio idi, lakin hamı onu «usta Albalı» adlandırırdı. Səbəbi də o idi ki, Antonionun burnunun ucu yetişmiş albalıya oxşayırdı – həmişə par-par parıldayır və qırmızımtıl olurdu.

      Usta Albalı ağac parçasının emalatxanaya necə gəlib düşdüyündən xəbərsizdi. Lakin bu haqda çox düşünmədi, eləcə onu görüb sevinclə əlini əlinə vurub dedi:

      – Bu ağac parçası lap yerinə düşdü. Ondan masaya ayaq düzəldərəm.

      O, iti bir balta ilə ağac parçasının qabığını soymaq istəyirdi ki, əli havadaca asılıb qaldı. Ağac parçasından eşitdiyi yalvarış dolu səs usta Albalını əməllicə heyrətləndirdi.

      – Məni vurmayın!

      Təəccübdən gözləri böyümüş usta Albalı səsin ağac parçasından gəldiyinə inanmaq istəmədi. Odur ki maraqla ətrafa boylandı. İçəridə özündən başqa heç kəs yox idi. Qoca dülgər iş stolunun altına, artıq-urtuq taxta parçalarını saxladığı səbətə baxdı, həmişə bağlı saxladığı şkafı açdı, axırda pəncərələri aralayıb küçəyə boylandı, lakin yenə də heç kəsi görə bilmədi…

      Axırda gülüb dedi:

      – Bildim. Heç bir səs-filan eşitməmişəm. Mənə elə gəlib. Yaxşısı budur, işimə davam eləyim!

      O, yenidən baltanı götürdü və ağac parçasına möhkəm bir zərbə ilişdirdi.

      Tanış səs bu dəfə qışqırdı:

      – Oy, sən məni çox incidirsən.

      Usta Albalının bu dəfə heyrətdən ağzı açıla qaldı. Birtəhər özünü ələ alıb öz-özünə dedi:

      – Yaxşı, bəs bu çığıran kim idi? Axı içəridə heç kəs yoxdur. Harada görünüb ki, ağac parçası uşaq kimi inildəyib ağlasın. Yox, yox, qulağıma səs gəlib, vəssalam! Bu da başqa odunlar kimi adi ağac parçasıdır, onu ocağa atıb üstündə şorba da bişirmək olar. Bəlkə… kimsə odunun içinə girib, hə?.. Belədirsə, özündən küssün. İndi ona göstərərəm!

      Dülgər odunu iki əliylə tutub emalatxananın divarına çırpmağa başladı.

      Sonra qulaqlarını şəklədi görsün, yenə bir səs eşidəcəkmi. İki dəqiqə gözlədi, səs gəlmədi, beş dəqiqə gözlədi, səs gəlmədi, on dəqiqə gözlədi, yenə səs gəlmədi. Usta Albalı fikirləşdi ki, oyan-buyanı yoxdur, qulağı səsə düşüb, qurtardı getdi! Ona görə də bu dəfə rəndəni əlinə alıb ağac parçasını yonmaq istəyirdi ki, bayaqkı səs indi də gülə-gülə söylədi:

      – Yalvarıram, eləmə! Qıdığım gəlir!

      Bu dəfə usta Albalını sanki ildırım vurdu: o, huşunu itirib yerə yıxıldı. Özünə gələndə gördü ki, döşəmənin üzərindəcə sərili qalıb.

      Qorxudan dülgərin hətta burnunun ucu göyərmişdi.

      Elə bu zaman qapı döyüldü.

      Dülgər ayağa qalxa bilmədiyi üçün yerindəcə güclə cavab verdi:

      – Gəlin.

      İçəri Ceppeto adlı yaşlı bir adam girdi. Onun yaşı çox olsa da, xeyli gümrah görünürdü. Ceppeto da vaxtilə dülgərliklə məşğul olmuşdu. Lakin çox qocalmışdı deyə bu işdən əl çəkmişdi. Qonşu uşaqları Ceppetonu cırnatmaq üçün onu «Qarğıdalı kökəsi» çağırırdılar. Çünki yaşlı kişinin başındakı sarı parik eynilə qarğıdalı kökəsini xatırladırdı. Ceppeto hər dəfə bu ləqəbi eşidəndə özündən yaman çıxırdı.

      – Salam, usta Antonio, – deyə o, qoca dülgərə səsləndi. – Sizə işim düşüb. Deyirəm, bəlkə, mənə taxtadan qəşəng bir oğlancığaz düzəldəsiniz. Elə oğlancığaz ki, oynaya, qılınclaşa, havada mayallaq aşa bilsin. Onunla bütün dünyanı dolaşıb bir tikə çörək qazanmaq mümkün olsun.

      Yenə haradansa bayaqkı səs eşidildi:

      – Əla olar, Qarğıdalı kökəsi!

      Bu sözləri eşidən Ceppeto əmi qəzəbdən qızardı. O, dülgərə qışqırmağa başladı:

      – Usta Antonio, nə cürətlə məni təhqir edirsiniz?

      – Kim sizi təhqir elədi?

      – Siz mənə «Qarğıdalı kökəsi» dediniz!

      – Bunu mən demədim.

      Onlar əvvəlcə sözləşdilər, sonra əlbəyaxa oldular, bir-birini dişləyib cırmaqlamağa başladılar. Axırda yorulub əldən düşdülər, beləcə, ara da sakitləşmiş oldu. İndi Ceppetonun sarı pariki usta Antonionun, dülgərin ağ pariki isə Ceppetonun dişlərinin arasında idi. Onlar parikləri bir-birinə qaytarıb barışdılar, bir-birinin əlini sıxdılar və ömürboyu dost qalacaqlarına söz verdilər. Antonio Ceppetonu inandıra bilmişdi ki, onu təhqir etməyib. Ceppeto da belə qərara gəlmişdi ki, dülgərin günahı yoxdur, görünür, qulağı səsə düşüb.

      Barışığın şərəfinə usta Antonio ağac parçasını dostuna bağışlamaq qərarına gəldi. Çünki Ceppeto istədiyi oğlancığazı özü də düzəldə bilərdi. Di gəl, fəlakət baş verdi: Antonio ağac parçasını Ceppetoya uzadarkən qəfil əlindən saldı. Ağac parçası yazıq Ceppetonun düz ayaqlarının üstünə düşdü.

      – Ah, siz necə də lütfkarsınız, usta Antonio, – yaşlı adam bərkdən ufuldadı. – Siz məni şikəst elədiniz.

      – And içirəm ki, bunu mən eləmədim!

      – Yalançı!

      – Ceppeto, məni təhqir eləməyin, yoxsa sizi Qarğıdalı kökəsi adlandıracağam!

      Ceppeto bu sözləri eşidincə yenidən, özü də bu dəfə lap çox əsəbiləşdi, dülgərin üstünə cumdu. Onlar növbəti dəfə əlbəyaxa oldular. Elə ki yorulub dava-dalaşdan çəkildilər, dülgərin burnunda iki cırmaq izi göründü, dostunun gödəkçəsində isə iki düymə yeri boş qalmışdı. Bu əlbəyaxadan sonra da onlar yenə bir-birinin əlini sıxdılar və ömürboyu dost qalacaqlarına and içdilər. Sonra Ceppeto dəcəl ağac parçasını götürüb axsaya-axsaya evinə getdi.

      Evə çatan kimi dərhal alətlərini götürüb ağacdan oğlancığaz düzəltməyə başladı.

      Ceppeto düşündü: «Ona Pinokkio adını verəcəyəm. Bu ad oğlancığaza səadət gətirər. Bir vaxtlar bu adı daşıyan bir ailə tanıyırdım. Ananın da, atanın da, uşaqların da adları Pinokkio idi, onlar hamısı özlərini xoşbəxt hiss edirdi. Bu ailə sədəqə toplamaqla varlanmışdı. Heç şübhəm yoxdur ki, Pinokkio adı mənim oğlancığazı da xoşbəxt eləyəcək!»

      2

      Ceppeto əvvəlcə Oğlancığazın saçlarını, sonra alnını və nəhayət, gözlərini düzəltdi. Gözlər hazır olanda Ceppeto onların yumulub-açıldığını gördü. Sonra isə taxta gözlərin iti baxışlarını öz üzərində hiss edən Ceppeto bundan narahat oldu və donquldanmağa başladı:

      – Səfeh gözlər, nə üzümə zillənmisiniz?

      Ona cavab verən olmadı.

      Bundan sonra Ceppeto Oğlancığazın burnunu düzəltməyə başladı. Lakin burun hazır olan kimi durmadan böyüməyə başladı, bir neçə dəqiqə ərzində o qədər uzandı ki, ucu-bucağı görünmədi.

      Yazıq Ceppeto onu qısaltmağa çalışır, ancaq burun kəsildikcə daha da uzanırdı. Bundan bezən Ceppeto Oğlancığazın ağzını düzəltməyə girişdi.

      Ağız hələ hazır olmamış gülməyə başladı.

      Ceppeto əsəbiləşdi:

      – Bəsdir güldün!

      Ağız gülməyini saxladı, lakin bu dəfə də uzun dilini çölə çıxardı.

      Ceppeto kefini pozmaq istəmirdi, odur ki bu qəribəliklərə fikir vermədən işinə davam edirdi. Ağızın ardınca o, Oğlancığazın çənəsini, boynunu, çiyinlərini, belini və qollarını düzəltdi.