Мамед Эмин Расулзаде

Azərbaycan şairi Nizami


Скачать книгу

p>Bu gecikmə bir yandan müəllifin təəssüfünü doğurmuşsa da, o biri yandan hər keçən il əsərin bir az daha dolğunlaşmasına və gözəlləşməsinə səbəb olmuş, yeni materiallar, əlavələr, təsvirlər və haşiyələr gətirmişdir. Qaynaqlardakı bəzi – 1941-ci ildən sonrakı tarixlər kitabda bu yolla yer almışdır. “Əlavələr” bölümündə, xüsusən, “Nizamidən çevirmələr” qismi varlığını bu gecikməyə borcludur.

      Fəsil başlarındakı Nizamidən alınan beytlərin türkcə çevirmələri bu gecikmədən qazanılan zamanda edilmişdir. Müəllif istər bu kiçik epiqrafların, istərsə də kitabın haşiyələri ilə sonuna əlavə edilmiş mənzum parçaların ustadın əsərinə layiq bir şəkildə türkcəmizə çevrilmiş olduğu iddiasında deyildir. Bunların Nizami nəzminin ruhunu az da olsa, əks etdirib-etdirmədiyini müəyyənləşdirmək, təbii ki, oxucuların öhdəsinə buraxılmışdır; zatən əsərin bu xüsusda müəyyən bir iddiası da yoxdur, yetər ki, bəzək olsun deyə edilən bu əlavələr əsərin nəzərdə tutduğu əsl məqsədə mane olmasın.

      Kitabın haşiyələrində və “Əlavələr” qismində mətndə bəhs edilən mövzuları aydınlaşdırmaq üçün Nizamidən bəzi parçalar vermək faydalı görülmüşdür. Farsca beytlərin oxunuşunda oxuculara yardım olsun deyə bunların türkcə məzmunu qismən verilmişdir.

      İllərin məhsulu olsa da, müəllif vasitələrin heç də tam olmadığı şəraitdə yaranmış bu əsərin istər-istəməz, nöqsanlardan uzaq olmadığına əmindir. Oxucularından dilədiyi ən səmimi şey bu nöqsanları ona bildirmələridir. Bu yolla onlar Nizami haqqında bizdə, onsuz da, az olan bilgilərin tamamlanmasına xidmət etmiş olurlar. Eynilə əsər haqqında ümumi düşüncələrini də bəyan etmək lütfündə bulunanlar müəllifi son dərəcə məmnun və minnətdar etmiş olarlar.

      Ankara, 8 aprel 1948.

      Şairlikdəki əsrar pərdəsi,

      Peyğəmbərliyindir bir kölgəsi.

      Tanrı hüzurunda sıra tutmuşlar;

      İkinci şairlər, ilkin peyğəmbərlər.

                  Nizami

      BAŞLANĞIC

      Nizaminin bu nəzmini oxursan,

      Sözündə sən onu hazır bulursan.

      Cilvəsini səndən necə o saxlar,

      Ki, hər beytində anladır bir əsrar.

      Yüz ildən sonra da desən harda o?

      Beytlərdən nida gələr ki: ha, hu!1

      Nizami

      Yüz deyil, səkkiz yüz ildən sonra da “ha, hu!”sunu duyduğumuz Nizami, Müsəlman Şərqinin irfan xəzinəsinə daxil İran və dünya ədəbiyyatında Nizami Gəncəvi kimi tanınan şairdir.

      Müsəlman Şərqi dedikdə Nizaminin yurdu Gəncəni də içinə alan Azərbaycan da daxil olmaqla Yaxın Şərq və Orta Asiyanı əhatə edən coğrafi ərazi nəzərdə tutulur.

      Bu ərazinin müxtəlif çağlarda yaşamış olduğu siyasi və tarixi təkamülü ilə mütənasib mədəni kamillik dövrləri vardır. Bura bir yandan İran və Turan, bir yandan da Ərəb ilə Əcəm çəkişmə və çarpışmalarına səhnə olmuşdur.

      Tarixi olayların təsiri ilə baş vermiş qaynayıb-qarışmalar nəticəsində əski mədəniyyətlər yatağı olan bu yerlərdə yeni bir mədəniyyət yaranmışdır: Şərq İslam mədəniyyəti.

      I

      ŞƏRQ İSLAM MƏDƏNİYYƏTİNİN ÜÇ ORTAĞI

      Məşhur ərəb tarixçisi İbn Xaldunun hələ XIV əsrdə qeyd etdiyi kimi2 İslam mədəniyyəti sadəcə ərəblərin yaratdığı bir əsər deyil, islam dinini qəbul etmiş xalqların birgə tikdikləri binadır.

      İslam mədəniyyətinin bu xüsusiyyəti Şərqdə, islam dünyasından bəhs etdiyimiz bu qismində daha çox nəzərə çarpır.

      “La literature Arabe” (“Ərəb ədəbiyyatı”) adlı əsərində Abbasilər dövrünü təsvir edən fransız müəllifi Hart miladi VIII əsrdəki ərəb mədəniyyətinin durumundan bəhs edərkən ərəb olmayan ünsürlərin təsirini xüsusi olaraq göstərir. Bu dövrdə “ilahiyyat və hüquq elmləri ərəb olmayanların təsiri altında idi; bunun kimi idarə məqamları, dövlət mənsəbləri və ədliyyə işləri də onların əlində idi; ədəbiyyat da onlar tərəfindən yazılırdı”.

      Şərq İslam mədəniyyəti onu yaradan ünsürlərdən üç milli amillə sıx bağlıdır.

      Ərəblərlə bərabər onlar qədər, bəzi xüsuslarda hətta onlardan da artıq islam elm və irfanı üçün çalışmış farslarla türklər vardır. Bu iki xalqdan yetişmiş böyük islam şəxsiyyətlərinin dünyaca məşhur adları cildlərlə kitaba mövzu olmuşdur.

      Onu da qeyd etmək lazımdır ki, İslam mədəniyyətinin Şərqdə yayılmasında ərəbcə ilə bərabər fars və türk dillərinin də müəyyən rolu vardır. Bir duyğu, düşüncə və bilik vasitəsi olmaq etibarı ilə tarixin müəyyən dövrlərində bu iki dilin, xüsusən, ədəbiyyat sahəsində və beləliklə, Şərq İslam mədəniyyətinin inkişafı və yayılmasında çox önəmli təsirləri olmuşdur3.

      II

      ŞƏRQ İSLAM MƏDƏNİYYƏTİNƏ MƏNSUB BÖYÜK ŞƏXSİYYƏTLƏR ÜÇÜN KEÇİRİLƏN YUBİLEYLƏR

      Son illərdə Şərq İslam mədəniyyətinə mənsub böyük şəxsiyyətlərin xatirələrini anmaq için ildönümləri keçirmək xoş bir ənənə şəklini aldı.

      Bunlardan birincisi, 1000 illiyini qeyd etmək üçün İran dövləti tərəfindən Firdovsiyə həsr olunmuş yubileydir. İkincisi, 1050-ci ildönümü münasibətilə İslam aləminin və ümumiyyətlə, mədəni dünyanın müxtəlif mərkəzlərində avropalıların Avitsenna dedikləri İbn Sina üçün keçirilmiş yubileydir. Üçüncüsü də, 500 illiyi münasibətilə türk dünyasının bəzi mərkəzlərində Nəvai üçün keçirilən yubileydir.

      “Şahnamə”nin böyük yaradıcısı Əbülqasim Firdovsi dünya durduqca yaşayacaq bu böyük əsərini milli bir təəssüblə, milli qəlibdə “əcəmi” diriltmək için “farsca” yazmışdır4. Bu əsəri ilə o, ərəb istilası ilə aradan getmiş iranlılığı ədəbi şəkildə də olsa, yenidən canlandırmışdır. Fars ənənəsini fars dilində canlandıran Firdovsi milli bir şəxsiyyətdir. O, İran millətçiliyinin ideoloqu və fars oğlu farsdır.

      Buna müqabil “Mühakimətül-lüğəteyn” adlı tanınmış əsəri ilə türkcənin farscaya üstünlüyünü isbat edən və bu müddəanı əyaniləşdirmək üçün fars ədəbiyyatının başlıca kitablarına bərabər cığatay türkcəsi ilə qüdrətli əsərlər yazan Mir Əlişir Nəvai də ədəbi türk millətçiliyinin atası və türk oğlu türkdür.

      Bu iki şəxsiyyətin əsərləri ilə yanaşı milliyyətləri də hər cür şübhə xaricində olduğu halda üçüncüsünün, yəni İbni Sinanın milliyyəti barədə anlaşılmazlıq mövcuddur:

      Ərəblərə görə, İbni Sina ərəbdir; çünki əsərlərini ərəbcə yazmışdır. Farslara görə, başqa bir çox iranlı alimlər kimi, əsərlərini ərəbcə yazsa da, İbni Sina bir farsdır; hətta farsca şeirləri belə vardır. Türklərə görə də, Türküstanın Əfşanə (Buxara) kəndində doğulmuş Sina oğlu5 bir türkdür; farsca şeir yazması onun türk olması barədə iddianı rədd etmir, çünki ərəbcə yazmış farslar və türklər olduğu kimi farsca yazmış türklər də az deyildir.

      İbni Sina haqqındakı bu anlaşılmazlıq yubileyi keçirildiyi günlərdə İran, türk və ərəb mərkəzləri arasında ixtilafa da səbəb olmuşdur.

      Nizamiyə aid bu qələm təcrübəsinə şairin 800-cü ildönümü münasibətilə girişilmişdir. Çox ehtimal ki, bu ildönümü sahibinin milliyyəti də bir sıra münaqişələrə səbəb olacaqdır və kitaba verdiyimiz “Azərbaycan şairi” adı onu “İran şairi” kimi tanıyanlardan bir qismində etiraz olmasa da, adət etdiklərinin pozulmasından irəli gələn bir narahatlıq hissi doğuracaqdır.

      Fəqət