DİNİN İKİNCİ NƏŞRİNƏ MÜQƏDDİMƏ
Oxucum, sən kim olsan da, hansı bir mövqedə dursan da, hansı bir rütbə sahibi olsan da, ali məmur hörmətini qazansan da, ya adi bir təbəqədən olsan da, əgər allah sənə savadlı olmağı qismət eləmişsə və mənim kitabım sənin əlinə düşmüşsə, – səndən xahiş edirəm ki, mənə kömək edəsən.
Sənin qarşında olan və yəqin ki, birinci nəşrini oxumuş olduğun kitabda bizim öz dövlətimizdən götürülmüş bir adam təsvir edilmişdir. O, bizim rus torpağında müxtəlif yerlərə gedir, nəcibindən tutmuş ta rəiyyətə kimi, hər cür təbəqədən olan adamlara rast gəlir. O, çoxusu rusların məziyyətini və yaxşı cəhətlərini deyil, nöqsanlarını və eyblərini göstərmək üçün verilmişdir; onun ətrafında olan adamlar da yenə bizim zəif və çatışmayan cəhətlərimizi göstərmək üçün təsvir edilmişdir; yaxşı adamlar və xarakterlər o biri hissələrdə veriləcəkdir. Bu kitabda bir çox şey, həqiqətən rus torpaqlarında olduğu kimi, düzgün təsvir edilməmişdir, ona görə ki, mən hər şeyi öyrənə bilmədim: insan ömrü bizim torpaqda baş verən hadisələrin heç yüzdə birini də öyrənməyə çatmaz. Bir də ki, mənim öz bacarıqsızlığımdan və tələsməyimdən bir çox səhvlər və xətalar meydana gəlmişdir, belə ki, hər səhifədə təshih ediləsi bir şey var: oxucu, səndən xahiş edirəm, mənim səhvlərimi düzəlt. Buna etinasızlıq göstərmə. Sənin nə qədər yüksək təhsilin və ali həyatın olsa da, mənim kitabım sənin nəzərində nə qədər qiymətsiz, kitabdakı səhvləri düzəltmək, onun haqqında öz qeydlərini yazmaq sənə nə qədər xırda bir şey görünsə də, – bunu etməyi səndən xahiş edirəm. Sən də, yüksək təhsili olmayan, adi təbəqəyə mənsub oxucu, özünü, mənə heç bir şey öyrədə bilməyəcək dərəcədə nadan hesab etmə. Dünyada yaşayıb ömür sürən, dünyanı görən, insanlara rast gələn hər bir adam başqasının görmədiyi bir şey görmüş, başqası bilməyən bir şey bilmişdir. Buna görə də sən öz qeydlərindən məni məhrum etmə. Əgər bu kitabı diqqətlə oxusan, ola bilməz ki, sən orada söz demək üçün bir şey tapmayasan.
Məsələn, necə yaxşı olardı ki, zəngin həyat təcrübəsi və biliyi olan, mənim təsvir etdiyim adamlar mühitinə bələd olan şəxslərdən heç olmasa bircəciyi bütün kitab haqqında, bircə səhifəsini də buraxmadan, öz qeydlərin yaza, özü də onu oxuyanda mütləq əlinə qələm ala, qabağa bir vərəq poçt kağızı qoya, kitabdan bir neçə səhifə oxuduqdan sonra bütün öz həyatını, rast gəldiyi yoldaşlarının həyatını, gözləri önündə baş verən hadisələri, özünün gördüyü ya başqalarından eşitdiyi, mənim kitabımda təsvir edilən və ya onun əksinə bənzər şeyləri, hafizəsində necə canlanmışsa elə də yaza, hər vərəq dolduqca mənə göndərə, bütün kitabı oxuyub qurtarana qədər bunu davam etdirə. Onda bu adam mənə nə böyük bir yaxşılıq eləmiş olardı! İfadələrin üslubuna ya gözəlliyinə fikir verməmək də olar; məsələ üslubda deyil, görülən işdə və həqiqətdədir. Əgər o adam məni məzəmmət etmək, ya danlamaq, ya da bir şeyi lazımınca düşünmədən və düzgün təsvir etmədən xeyir yerinə zərər gətirdiyimi mənə göstərmək istəsə, bundan heç çəkinməməlidir.
Yenə yaxşı olar ki, yuxarı təbəqədən olan, hamıdan və həyatın özündən uzaqda yaşayan, mənim kitabımda təsvir edilən adamlar dərəcəsində təhsili olan, lakin içərisində yaşadığı həmin təbəqənin həyatına bələd olan bir adam tapıla və o adam, yuxarıda qeyd edildiyi kimi, mənim kitabımı təzədən oxuya, öz həyatında rast gəldiyi yuxarı təbəqə adamlarını fikrində canlandıra, bu təbəqələr arasında bir yaxınlıq olub-olmadığına, aşağı təbəqələrdə baş verən hadisələrin yuxarı təbəqələrdə də bəzən təkrar olub-olmadığına diqqət yetirə, bu barədə, yəni yuxarı təbəqədə baş verən və bunu təsdiq ya inkar edən hadisələrin hamısını, özü gördüyü kimi, yaza, heç bir şey buraxmaya – nə insanları, nə onların xasiyyətlərini, nə arzularını, nə vərdişlərini, nə də onları əhatə edən cansız şeyləri – paltardan tutmuş mebelə, yaşadıqları evin divarlarına kimi hər şeyi təsvir edə. Mən, xalqın on yaxşı hissəsi olan bu təbəqəni tanımalıyam. Mən rus həyatını hər cəhətdən, ya da heç olmasa mənim əsərimə lazım olan qədər öyrənməsəm, əsərimin axırıncı cildlərini verə bilmərəm.
Yenə pis olmazdı ki, insanların müxtəlif vəziyyətlərini təsəvvür etmək, ya da canlı surətdə göz önünə gətirmək, onları fikrən müxtəlif sahələrdə izləmək, bir sözlə, oxuduğu hər bir əsərdə ifadə olunan fikrin dərinliyinə varmaq və bu fikri inkişaf etdirmək qabiliyyətinə malik olan bir adam mənim kitabımda göstərilən şəxsləri diqqətlə izləyə və mənə deyə ki, filan və filan vəziyyətlərdə onlar necə hərəkət etməlidir, başlanğıca görə sonra onların başına nələr gəlməlidir, onlara necə bir yeni şərait yaratmaq olar və mənim yazdıqlarıma nəyi əlavə etmək yaxşıdır; bunların hamısını mən bu kitabın bundan daha yaxşı çapını nəşr edərkən nəzərə almaq istəyirdim.
Kim ki, öz qeydlərini mənə bəxş etmək fikrindədir – ondan mən bir şeyi çox-çox xahiş edirəm: qoy o bu qeydləri yazarkən bunu necə yazacağını, yazdığı adamın təhsilcə, zövqcə və fikircə onunla bir bərabərdə olduğunu, izahatsız da bir çox şeyləri başa düşəcəyini fikirləşməsin; lakin düşünsün ki, onun qarşısında duran adam təhsilcə ondan heç müqayisə edilməyəcək dərəcədə aşağıda durur, özünün də heç bir məlumatı yoxdur, hətta yaxşı olar ki, o mənim yerimə bir kənd cahilini təsəvvür etsin; elə bir cahil ki, onun bütün ömrü ucqar bir yerdə keçmişdir, hər şeyi ona ətraflı surətdə izah etmək lazımdır; dili də elə sadə olmalıdır ki, sanki körpə uşaqla danışır və həmişə də onun anlayacağından yüksək bir ifadə işlədəcəyindən qorxsun. Əgər mənim kitabım haqqında öz qeydlərini yazan bir adam bunları həmişə nəzərdə tutacaqsa, onda onun qeydləri özünün düşündüyündən daha əhəmiyyətli və maraqlı olacaq, mənə də həqiqətən xeyir verəcək.
Əgər ittifaqən, mənim bu səmimi xahişim oxucular tərəfindən hörmətlə qarşılansa və onların içərisində doğrudan da bunun hamısını mən istəyən kimi yerinə yetirən xoş təbiətli adamlar tapılsa, onda onlar öz qeydlərini mənə belə göndərə bilərlər: əvvəl mənim adıma paket düzəldərlər, sonra onu başqa bir paketə bükərlər, ya S.-Peterburq universitetinin rektoru Pyotr Aleksandroviç Pletnyov həzrətlərinə, bir baş S.-Peterburq universiteti ünvanına, ya da Moskva universiteti professoru cənab Stepan Petroviç Şevıryova, Moskva universiteti ünvanına, kimə hansı şəhər yaxınsa, ora göndərərlər.
Mənim kitabım haqqında əvvəllər öz fikirlərini söyləyən, lakin bir qədər mötədillik göstərməyən və hissə qapılan (bu da insan təbiətinə xas bir şeydir), bununla belə mənim həm beynimə, həm də qəlbimə böyük fayda verən jurnalistlərdən və ümumiyyətlə ədəbiyyatçılardan xahiş edirəm ki, bu dəfə də məni öz qeydlərindən məhrum etməsinlər. Mən onları lap ürəkdən əmin edirəm ki, onların məni başa salmaq, ya öyrətmək üçün söylədikləri bütün sözləri və məsləhətləri minnətdarlıq hissilə qəbul edəcəyəm.
BİRİNCİ CİLD
Birinci fəsil
Quberniya şəhəri mehmanxanasının darvazasından içəri çox qəşəng, yaylı, kiçik bir briçka1 daxil oldu; belə briçkaya subay adamlar: istefaya çıxmış podpolkovniklər, ştabs-kapitanlar, yüz nəfərə qədər kəndlisi olan mülkədarlar, bir sözlə, ortabab ağa adlanan şəxslər minir. Briçkada bir ağa oturmuşdu: o nə gözəldi, nə çirkin, nə çox kök idi, nə çox arıq; ona qoca demək olmazdı, ancaq çox cavan da deyildi. Onun gəlməsi şəhərdə heç bir səs-küy qaldırmadı, haqqında elə bir söz-söhbət olmadı; ancaq mehmanxana ilə üz-üzə olan meyxananın qapısı qabağında duran iki rus mujiki onun barəsində bir-iki söz dedi, bu deyilən sözlər də ekipajda oturan adamdan çox ekipajın özünə aid idi. Mujiklərdən biri o birisinə dedi: «Bir onun çarxına bax! Sən necə bilirsən: əgər, işdi, gərək olsa, bu çarx gedib Moskvaya çıxar ya yox?» O biri mujik ona belə cavab verdi: «Gedib çıxar! Amma mənə elə gəlir ki, Qazana gedib çıxmaz!» Yenə o biri mujik dedi: «Hə, Qazana gedib çıxmaz». Söhbət də bununla qurtardı. Bir də ki, briçka mehmanxanaya çatanda cavan bir oğlan göründü. Onun ayağında çox dar və qısa, ağ kanifas şalvar, əynində dəbdən düşmüş bir frak vardı; frakın altından Tula sancağı keçirilmiş döşlük görünürdü; sancaq tapança şəklində qayrılmışdı,