Rövşən Yerfi

Lənətə gələnlər


Скачать книгу

axtdı Çəməngül ananın gözləri yol çəkirdi. Qış qurtaran kimi otların, güllərin torpağın bağrını yarıb çıxması, bağçada tut ağacının neçə illərdən bəri yenidən çiçəkləməsi onun da ürəyində çoxdankı arzula-rını oyatmışdı. Yaz başlayandan məktubla, gəlib-gedənlə Paşa xəbər göndərmişdi ki, darıxmasın, gəlir. Özü də bu dəfə daha elə belə yox, birdəfəlik vətənə qayıdır. Çəməngül ana əvvəlcə nə eşidən qulağına, nə də məktubu oxuyan gözlərinə inanmağı gəlməmişdi. Gün hayandan çıxmışdı ki, Paşa belə qəti fikrə gəlmişdi? Olmaya neçə illərdən sonra anası üçün, vətəni üçün qəribsəmişdi? Yoxsa yaşlaşdıqca torpaq onu çəkirdi? Nə səbəbdən olur-olsun, fərqi yoxdur, xəbəri eşidən kimi qəlbinə dolan sevincdən ananın gözləri yaşar-mışdı…

      On beş ildən çox idi ki, kənddən çıxmışdı. Paşa Çəməngülün gözünün ağı-qarası, yeganə oğlu idi. Onu peşə məktəbini qurtaran ili əsgərliyə apardılar. Əsgərliyini başa vurmağa xeyli qalmış, div kimi dövlət – Sovet İttifaqı dağıldı. Kimin ağlına gələrdi? Getsin o günlər, gəlməsin… Ağır illər idi. Həyat yoldaşının erkən vəfat etməsi, cavan yaşlarından dul qalması Çəməngülü həyatın hər üzünü görməyə vadar etmişdi. Ataları rəhmətə gedəndə Paşanın doqquz, Aynanın altı yaşı vardı. Min bir sədəqə və qurbanla övlad arzusuna qovuşmuş Çəməngül ailə həyatının şirin günlərini do-yunca dadmamış, qırx yaşında taleyinə tək ömür sürüb əzab çəkmək yazıldı. Uşaqları pis-yaxşı böyüdüb ərsəyə çatdırmışdı. Gəl ki, övladları nə qədər böyüsələr də qayğıları bitmək bilmirdi. Dolanışıq, təhsil, iş tap-maq kimi çətinliklər rahat nəfəs almağa, göz açmağa aman vermirdi.

      Əvvəlki bolluqdan, firavanlıqdan əsər-əlamət belə qalmamışdı. Müstəqilliyə qovuşması ilə ölkəni qıtlıq bürümüşdü. Qiymətlərin «kəllə-çarxa» qalxması mizan-tərəzinin itməsinə, bal ilə şorun dəyərinin bərabərləş-məsinə, dərəbəyliyin baş alıb getməsinə səbəb olmuşdu. Hakimiyyətdə oturanlar ölkəni yetərincə idarə edə bilmirdilər. Bir yandan da nankor qonşu “forpost” dövlətin havadarlarının köməyi ilə torpaqlarımıza hü-cum çəkib rayonları işğal etməsi qara camaatın gününü lap qara etmişdi. Müdafiəsiz qalan əhali əsir düşməmək üçün doğma yurd-yuvasından qaçqın düşmüşdü. Tele-vizorda verilən xəbərlərdən bilmək olmurdu, bu müha-ribədir, yoxsa oyun? Bir gün bizimkilər hücum çəkib işğal edilmiş bir neçə kəndi xeyli itkilər bahasına azad edirdilər, on gün sonra əmr olunurdu ki, geri çəkilin. Geri çəkilən kimi düşmən yenidən irəliləyib həmin kəndləri tuturdu. Daha soruşan yox idi ki, geri çəkilə-cəkdiksə, o «xalxın tifillərini» niyə qırğına qurban edirsiz? Başdıbaşınalıq idi. Cəbhədə olansayaq, höku-mətdə də bir-birini eşidən yox idi, hərənin ağzından bir avaz gəlirdi. Müharbə adlanan bu oyundan hərə öz xeyrinə çalışırdı. Xalqa, torpağa görə narahat olmaq əvəzinə, iqtidarla müxalifət vəzifə, qazanc uğrunda bir-birilərinə kələk gəlməklə məşğul idilər. Cavanları harda gəldi – küçədə, yolda tutub təlimsiz, hazırlıqsız birbaşa cəbhəyə göndərirdilər. Onların arasında təcrübəsizlik-dən bir təsadüfi güllənin güdazına gedənlər də az deyildi. Bu günahsız qurbanları «şəhid» adlandırıb el arasında xatirəsini əziz tutsalar da, əslində biçarələrin qismətinə adi, ucuz ölüm nəsib olurdu. Qəhrəmanlıqla vuruşub, heç olmasa bir qarış torpağı düşmən tapdağından azad edərək ölmək üçün də gərək bəxtin olaydı. O bəxtin olub-olmayacağına heç kim zəmanət vermirdi. Odur ki, oğlunu könüllü müharibəyə göndər-mək istəyən az idi. Az-çox imkanı olanlar hərə bir yolla övladını səfərbərlikdən yayındırırdı. Gücü çatan oxu-durdu, xaricə göndərirdi. Həmkəndlisi dəllək İqbal üç oğlunun üçünə də həkimdən ruhi xəstə kağızı almışdı. Ölənlərin, vuruşanların içərisində bir varlı, yaxud dövlət vəzifələrində işləyən məmur balasını tapa bilməzdin. Çanaq həmişə olduğu kimi, kasıbın başında çatlayırdı. Cəbhəyə könüllü gedib canından keçənlərin ailələrinə olan biganəlik də bir yandan adamı yandı-rırdı. Ön xəttdə döyüşlər getsə də cəbhədən kənarda al-qırmızıya bürünmüş şəhid məzarlarından başqa heç yerdə müharibə hiss olunmurdu. Kim necə bacarırdı, elə də yaşayırdı. «Xalqımız səbirli, qəhrəman xalqdır», – deyib toy-bayram edənlər də öz işlərində idi, müha-ribə şəraitindən yararlanıb pul qazanan, varlananlar da…

      İnanırdı ki, kasıb balalarının qanı hesabına mənsəb, vəzifə, varidat qazanan nanəciblərdən, xalqına xəyanət edənlərdən gec-tez bir gün torpaq öz qisasını alacaqdı. Axı Çəməngül arvad hələ altı yaşında – İkinci Dünya müharibəsi zamanı insanların çəkdiyi acılı günləri, müharibənin necəliyini özünə görə anlamışdı. O zaman kimin ixtiyarı olub yaxasını müharibədən kənara çəksin, ya da müharibədən xeyir güdsün? İndi belə özbaşınalıqda, vətəndən çox hərə öz başının qey-dinə qalan vaxtda heç vaxt razı olmazdı ki, ciyərparası, min cür əzabla böyüdüb ərsəyə gətirdiyi tək oğlu cəbhəyə, gedər-gəlməzə getsin. Vətən, torpaq incisə belə… Vətən elə onun oğlu üçünmü idi? Yenə çox oğlu olsaydı, ya da əsl ordu yaradılıb müharibə aparılsaydı, dərd yarı idi. İstəmirdi, Allah eləməsin, gözlənilməyən qəfil güllənin gətirdiyi ucuz ölümdən oğluna da qismət olsun. Bəs sonra o, necə yaşayardı? Yazıq, bədbəxt olmazdımı? Ona görə də dəfələrlə məktub yazıb, Paşaya əsgərlikdən sonra qayıtmamasını, ara sakitləşə-nədək bir müddət yad ölkədə qalmasını yalvarmışdı. Kənd cavanlarından xaricə çörək dalınca gedənlər az deyildi. Aralarında ölüm qazancı ilə tabutda qayıdanlar da vardı. Bu ağır illərdə cəbhədən dörd şəhid cənazəsi gəlmişdi. Rusiyadan gələn tabutların sayı isə altını ötmüşdü. Hamısı rəhmətlik sayılsa da fərq cəbhədə şəhid olanların ölümünün şərəfli hesab edilməsində idi. Güzəran üçün gedib ölənlər tez unudulurdu. Lakin torpaq uğrunda ölənləri unutmamaqdan ötrü onları bir yerdə dəfn etmiş, məktəbin qarşısında büstləri qoyul-muşdu. Şəhidlərin yaxınları o büstlərin qarşısından keçəndə kədərlənməkdən çox fəxr edirdilər.

      Hər dəfə cavanlardan kiminsə şəhid olduğunu və ya Rusiyadan meyid gətirildiyini eşidəndə dünya ana-nın gözündə qaralırdı. Çəməngül oğluna heç birini – nə şərəfli, nə də şərəfsiz ölüm istəmirdi…

      Niyə axı onun oğlu da başqaları kimi rahat yaşamasın? Bu torpaq kef içində yaşayan vəzifəlilərin, varlıların balalarının vətəni deyildimi? Döyüşmək, şəhid olmaq ancaq kasıblarınmı “alnına yazılıb”? Vətə-nin onun oğlundan qeyri kimsəsi yoxdumu məgər?.. Gecə-gündüz Allahdan oğlunun öz evinə qayıdanadək sağ qalmasını diləyirdi.

      Heç demə, anasının «gəlmə» deməsi oğlunun da ürəyindən imiş. Hərbi qulluq etdiyi şəhərdə qalan Paşa çox çəkmədi ki, bir yerdə işlədiyi qızlardan biri ilə evləndi. İllər keçdi, Çəməngül ana nəvələrinin dünyaya gəlməsi xəbərini aldı. Paşa ona hər ay olmasa da, üç-dörd aydan bir kömək məqsədiylə müəyyən miqdarda poçtla, ya da gəlib-gedənlə pul göndərirdi. Paşanın gön-dərdiyi pulun dolanışığa az da olsa xeyri dəyirdi. Çörək qazanmağın, işin qəhətə çıxdığı bir dövrdə təqaüd yaşı çatmış qadına kim idi qazanclı iş verən? Ömürboyu sağıcı işlədiyi kolxozu dağıdıb özəlləşdirmişdilər. Kolxozun bərəkətli, gözəgəlimli torpaqlarını atalarından qalan miras hesab edib mənimsəyənlər, tövləsinin dam-daşınacan bölüşənlər, ağaclarını kökündən baltala-yanlar, torpağın altından su borularınacan çıxardan goreşənlər ona əmlak payı kimi bir arıq inək vermişdilər. Vaxtlı-vaxtında otunu, yemini əldə eləmək çətin olduğundan onu da dəyər-dəyməzinə satıb pulunu dolanışığa, Aynanın və özünün əyin-başına sərf etdi. Təkcə təqaüd ilə dolanmaq mümkün idimi? Yenə Allah bərəkət versin bağa-bağçaya, toyuq-cücəyə. Onların hesabına ac qalmırdılar.

      Ayna orta məktəbi qurtaran ili qızının bir sənət alması üçün harda, necə oxutmaq fikri dərdə çevril-mişdi. Allah tərəfi, ananın çox sıxıntı keçirməsinə ehtiyac qalmadı. Həmin ilin payızında qonşu məhəl-lədən Aynaya elçi gəldi. Zəmanə elə pisləşmişdi ki, indi elçi qaytarmaq vaxtı deyildi. Kənddə cavan qalmadı-ğından yaşı ötmüş qızların sayı il-ildən artırdı. «Yox» deyib qızını saxlasaydı, kim bilir, bir də qızına nə vaxt elçi gələcəkdi. Qızı ki, erkən vermədin, qaldıqca qalır, yalan sözdü qızıla dönməyi. İş tapmayan cavanlar baş götürüb yad ellərə, şəhərlərə səpələnmişdilər. Bir qə-dərini harada rast düşdü tutub cəbhəyə göndərmişdilər. Könüllü gedənlərdən başqa Bakıya gedən avtobus-lardan tutulub göndərilənlərdən