ölür, dirilir
roman
3
TÜRK OĞLU – AT BELİNDƏ
Hüseyn Nihal Adsızın “Bozqurdlar” romanını ilk dəfə iyrimi dörd, iyrimi beş il əvvəl oxumuşdum, hardasa əlli yaşlarımda və onda hələ Türkiyəyə gediş-gəlişlər imkansızdı, ya da seyrəkdi, Sovet rejminin çöküşünə də bir xeyli vaxt qalırdı. Oxuduğum vaxtlarda isə içimdən bu bənzərsiz əsəri Azərbaycan türkçəsinə uyğunlaşdırmaq keçmişdi. Ürəyimdən keçənləri bir Tanrı diqtəsi sayanlardan olduğumdan, ürəyimə daman kimi də hərəkət etmiş və əsəri dilimizə uyğunlaşdırıb çap etdirmişdim.
Otuz min tirajla çap olunan roman qısa müddətdə oxucular tərəfindən çox böyük maraqla qarşılanmış, tirajı az zaman içərisində alınıb qurtarmışdı. Görünür, kitablar da insanlar kimidir, onların da hardasa öz taleyi var, gətirməyəndə onların da taleyi gətirmir. Əsərin ikinci nəşrinə hazırlıq görülərkən qanlı hadisələr tale qapımızı döymüş və əsərin nəşri “görünməz aylara, illərə qalmışdı”…
Fransız tarixçisi Fernand Brodel tarixi üç qatlı bir binaya bənzədir. Ən üst qatda, dənizin dalğaları kimi hər an dəyişən və yenidən şəkillənən hadisələrin tarixi var.. Bu, fərdin müdaxilə edə biləcəyi bir tarixdir. Hərəkətli tarixin altında ritmi yavaşıdılmış bir başqa tarix daha axar. Onun səssiz, amma daha güclü dib dalğaları asanlıqla fərq edilməz. Bunlar orta səviyyəli ekonomik və kültürəl dəyişimlərdir.
Neçə yüz ildə bir qabaran dəniz bir axımı kəsib, digərini başladır. Tarix fərdlərin tək başına təsir göstərə biləcəkləri bir meydan olmaqdan çıxmışdır bu qatda. Artıq kollektiv hərəkətlər səviyyəsindədir. Ən dibdə isə (burası üçüncü qatdır) tamamilə hərəkətsiz bir tarix yatır. Hardasa zamandışı və cansız nəsnələrlə təmas halında olan bu tarix, çox yavaş axmaqda və dəyişməkdədir.
Dəyişdiyinin fərqinə varılması asanlıqla mümkün deyil. Sıx-sıx israrlı geri dönüşlər yaşanır. Onun qucağında daima yenilənən divlər gəzər. Böyük tarixi öldürən böyük tarix qorxusudur. Braudelin
“Büyük Tarix”i, bu günü anlamaq peşindədir və bu günü anlamaq üçün “bütün tarixi səfərbər etmək”
məcburiyyətində olduğumuzu da söylər. H.N.Adsızın “Bozqurdlar” romanı əslində min üç yüz illik bir tarixin irəli-geri dönüşlərini, dünyadakı türk nüfuzunun gəlişmə çağlarını, onun ölümünü, dirilişini, bu ölümün və dirilişin səbəblərini bədii bir dillə gün işığına çıxardan önəmli bir əsərdir.
Tanrı dağlarından, Monqolustan çöllərindən Anadoluya qollu-budaqlı Türklüyün mənəviyyat ağacı uzanır. Bu mənəviyyat ağacının kökləri Orhun çayı sahillərində, Altay dağlarında, gövdəsi Orta Asiya bozqırlarında, Qafqazlarda, çi-çək açan yeri isə Türkiyədədir. Amma gövdələr köksüz, budaqlar gövdəsiz, çiçəklər budaqsız mövcud ola bilməz… “Bozqurdlar” saz üstə, söz üstə köklənmiş
həqiqətləri içində barındıran dastanvari bir romandır, qürbətə düşənlərin fədakarlığının romanı!
Gələcək həyatı qorumaq və yaşatmaq üçün yalnız türklərə məxsus özünü qurban verə bilmək fədakarlığı! Niyə yalnız türklərə məxsus deyirəm? Əgər siz bir-birindən çox uzaq coğrafiyalarda, bir-birindən xəbərsiz yazılan H.Adsızın “Bozqurdlar” və Ç.Aytmatovun “Dəniz kənarı ilə qaçan alabaş”
əsərlərini müqayisə edərək oxusanız bu əsərlərdəki türk fədakarlığının necə böyük bir sevgi ilə təsvir olunduğunu görərsiniz.
“Hamıdan yuxarı bir yerdən yapışan yüzbaşı ara-sıra çaxan şimşəklərin işığında Yamtarın bütün etdiklərini görmüş, sonra da səssizcə bir-birindən tutub sallanan bu insan zəncirini gözləri ilə
izləmişdi… Birdən parlayan şimşəyin ani işığında bir alay əsgərinin köhnə qayışını sivri qayanın hər an artan bir çevikliklə gəmirib yediyini gördü. Nə edəcəyini yenə bir ildırım sürətilə qərarlaşdırdı və o saat da hayqırdı:
Qurd Qaya, əlini burax!…
Qurd Qaya Yamtarın arxasndan sıralanan əsgərlərin sonuncusu idi. Yüzbaşının əmrini eşidincə
bir an belə tərəddüd etmədi və qara, azğın sular on əsgəri bir anda uddu…”
Çingiz Aytmatovun əsərində də aşağı-yuxarı eyni hadisə baş verir. Dənizdə balıq ovuna çıxan və
qəfil dumana yaxalanıb yolunu çaşan balıqçıların başına gələn hadisələr də əslində türk fədakarlığının bir başqa örnəyidir. Göz-gözü görməyən sis-dumanda azan balıqçılar götürdükləri azuqə və suyun bitəcəyini görüb Kirsiki, yəni ilk dəfə ova çıxan yeniyetməni yaşatmaq ümidi ilə əvvəlcə yeməkdən, sudan imtina edirlər və sonra da bir-bir özlərini qaranlıq sulara atırlar, yetər ki, gələcək həyat və
gələcəyin təmsilçisi Kirsik yaşasın.
Bir-birindən xəbərsiz yazılan bu əsərlərdə demək olar ki, eyni ideal, eyni düşüncə ön plana çıxarılmışdır: Türk fədakarlığı! Bu əsəri oxuduqca istər-istəməz Göy Türklər dövründən yeddinci yüz ildən günümüzə keçid etməli oluruq. O türk məmləkətlərini ki, qanıqarışıqlar idarə edəcək orada azadlıqdan söz açmaq boşuna cəhtdən başqa bir şey deyil. Əsərlər yazıldıqları məmləkətlərə
4
bənzəyirlər. İndi yaşadığımız həyat keçmiş düşüncələrimizin əks-sədasıdır, bəlkə… İnsan ancaq sevdiyi şeylər uğruna döyüşər. Yalnız sevgi duyulan şey sevilir. Harda azadlıq var, orada həyat, harada məhkumiyyət var, orada əzab, işgəncə var. Şərəfsiz bir toplumun soyu heç zaman azadlığa layiq görülmür. Ruh azadlıqdır, yaradıcılıq, şəxsiyyət sevgi ilə tanışlıqdır. Azadlıq − ruhun hər şey üzərində hakimiyyətidir! Bozqurdlar azadlıq uğruna ölürlər ki, azadlığı gələcək nəsillər üçün dirildə
bilsinlər.
Son onilliklərdə “Bozqurdlar” sözünü tez-tez işlədirik. Yəqin ki, çoxları bu sözün hardan maya tutduğunu doğru-dürüst bilmir. Bilənlər də bunu millətçi, ya da təxribatla məşğul olan bir dəstənin adı, ayaması kimi başa düşür. Bu da səbəbsiz deyil. Mətbuatımız bizdən ötrü hansı şablonu yaradıbsa, biz də istər-istəməz onu qəbul etməli olmuşuq. Amma “bozqurd” nə bu günün, nə də dünənin sözüdür.
Dünənə açılan yollarımızın bağlı olduğu illərdə biz “bozqurd” kəlamını təbii ki, ilkin mənasında anlaya bilməzdik, bundan ötrü ilk növbədə bizi tarixi dünənimizdən, türklüyümüzdən ayıran sədləri keçmək lazım idi. Çay bulaq, yol cığır başlanğıcını unutduğu kimi biz də keçmişimizi unutmuşduq.
Düşmənin sistemli şəkildə ruhumuza yeritdiyi təbliğat zəhərindən az-maz özümüzə gələndə isə
könlümüzdən, dilimizdən dodağımıza qəribə tale kəlmələri gəlmişdi: “Qurdla qiyamətə qalasan”,
“Qurdu ulayır”, “Qurd ürəyi yemisən”, “Qurdu qımıldayır”…
Hələ Tovuzda məşhur bir kəndin ünvanına deyilən “Bozalqanlı kəndi bozqurddur” ifadəsi… Çox sonralar bildik ki, niyə bu söz birləşməsi Bozalqanlı kəndinə ünvalanırmış. Çünki Bozalqanlıda saz çalıb, söz qoşmayan yoxdu. Çünki harda saz var, orda türk var. Aşıq Hüseyn Bozalqanlı, Xəyyat Mirzəni, Aşıq Mirzə Bayramovu, Nəcəfi, Aşıq Əkbər Cəfərovu və onlarca digər bozalqanlıları xatırlayın. Onda bir daha inanar-sınız ki, sazı türkdən, türkü sazdan ayırmaq mümkünsüzdür.
Düşmənlərimiz bunu bildiyindən sazı da bozqurd kimi zaman-zaman gözümüzdan salıb, bizi təkbaşına ölümlə üz-üzə qoymuşlar. Türk dünyasının ən böyük şairi Nəcib Fazil Qısakürəyin cəmi iki misralıq şeirini oxuyun:
Qədər bəyaz kağızda südlə yazılmış yazı,
Əlindəsə, bəyazdan gəl də ayır bəyazı.
Sən demə, bəyazı bəyazdan ayırmaq mümkün olmadığı kimi xalqı da tale tərcümeyi-halından, özgürlüyündən ayırmaq olmazmış. … “Qəhrəmanlar