fəaliyyəti müddətində bir çox ədəbi və mədəni izlər buraxıb gedən Ə.Haqverdiyev daim tərəqqipərvər olmuş, yalnız yeniliklə maraqlanmaqla kifayətlənməyib, bu yeniliklərin həyata keçməsi uğrunda mübarizə etmişdir”,
“Əbdürrəhim bəy Haqverdiyev Azərbaycan ədəbiyyatı tarixində dramaturq, nasir, teatr xadimi, istedadlı alim və mütərcim kimi məşhurdur. Onun ədəbi irsi ədəbiyyatımızın xəzinəsini zənginləşdirən qiymətli mirasdır. Xalqını mədəni, xoşbəxt və azad görmək arzusu Haqverdiyevin yaradıcılığında mərkəzi yerlərdən birini tutur”,
ÖN SÖZ
Azərbaycan maarifçi və realist ədəbiyyatının görkəmli nümayəndələrindən biri də Əbdürrəhim bəy Haqverdiyevdir. XIX əsrin sonlarında ədəbiyyata gələn Əbdürrəhim bəy Haqverdiyev dramaturq, nasir, pedaqoq, publisist, tərcüməçi kimi tanınmış, Azərbaycanın mədəni həyatında ictimai xadim kimi mühüm rol oynamışdır.
Əbdürrəhim bəy Haqverdiyev 1870-ci il mayın 17-də Şuşa şəhəri yaxınlığındakı Ağbulaq kəndində bəy ailəsində anadan olmuşdur. İlk ibtidai təhsilini 1880-ci ildə Şuşada Yusif bəyin yay məktəbində, sonra isə Şuşa realni məktəbində alır. Ə.Haqverdiyev 1890-cı ildə Şuşa realni məktəbinin 6-cı sinfini bitirib Tiflis realni məktəbində təhsilini davam etdirir. Hələ Şuşada oxuduğu illərdə teatrla ilk tanışlıq Əbdürrəhim bəyin hədsiz marağına səbəb olur, Tiflis həyatı isə bu marağı daha da artırır. O, burada rus və Avropa klassiklərinin yaradıcılıqları ilə tanış olur, mütəmadi olaraq teatr tamaşalarında iştirak edir. 1891-ci ildə Tiflis realni məktəbini bitirib Peterburq Yol Mühəndisləri İnstitutuna daxil olur. İnstitutda təhsil aldığı dövrdə Şərq fakültəsində dinləyici kimi dil və ədəbiyyat problemləri ilə məşğul olur. O, dramaturji fəaliyyətə də həmin dövrdən başlayır. 1892-ci ildə “Yeyərsən qaz ətini, görərsən ləzzətini” adlı ilk məzhəkəsini, 1896-cı ildə “Dağılan tifaq” faciəsini yazır. Təhsilini başa vurduqdan sonra Azərbaycana qayıdan ədib müəllim kimi fəaliyyətə başlayır, eyni zamanda teatr üçün repertuar hazırlayır, rejissorluq edir. “Molla Nəsrəddin” jurnalı nəşrə başladıqdan sonra “Ceyranəli”, “Xortdan”, “Lağlağı”, “Həkimi-nuni-səğir”, “Mozalan”, “Süpürgəsaqqal” və başqa imzalarla jurnalda hekayə, felyeton və publisist məqalələrini çap etdirir. Əbdürrəhim bəy 1921-1931-ci illərdə Azərbaycan Dövlət Universitetində ədəbiyyatdan mühazirələr oxuyur, kadr hazırlığında, gənc mütəxəssislərin yetişməsində fəal iştirak edir.
Ədib tərcüməçilik fəaliyyəti ilə də məşğul olmuş, M.Qorkinin, A.Çexovun əsərlərini, U.Şekspirin “Hamlet”, F.Şillerin “Qaçaqlar”, F.M.Volterin “Soltan Osman”, Zolyanın “Qazmaçılar”, H.Andersenin “Bülbül”, “Şahın təzə libası”, V.Korolenkonun “Qoca zəngçalan” əsərlərini tərcümə etmişdir.
Əbdürrəhim bəy Haqverdiyev 1933-cü ildə Bakıda vəfat etmiş, Fəxri xiyabanda dəfn olunmuşdur.
Ə.Haqverdiyev yaradıcılığa dram əsəri yazmaqla başlamışdır. Ədibin Şuşada realni məktəbdə oxuyarkən teatrla tanışlığı, M.F.Axundzadənin “Xırs quldurbasan” pyesinin tamaşası onun böyük marağına səbəb olmuşdur. Ədibin teatra meyli Tiflisdə və eləcə də Peterburqda təhsil aldığı dövrdə daha da artmış, onda drama həvəs yaratmaqla bərabər, bir çox pyeslərinin yazılmasına təkan vermişdir.
Ə.Haqverdiyev dram və nəsr əsərlərində XIX əsrin sonu, XX əsrin əvvəlləri Azərbaycan həyatının dolğun mənzərəsini əks etdirmişdir. Dramaturq ailə-məişət mövzusunda qələmə aldığı ilk “Yeyərsən qaz ətini, görərsən ləzzətini” məzhəkəsindən başqa dram əsərlərinin əksəriyyətində mülkədar həyatının cəmiyyətdəki və ailədəki mövqeyi, mülkədar təbiətinə xas tipik xüsusiyyətləri ümumiləşdirmiş, xalqın mənafeyinə xidmət edən, onların hüquqlarını müdafiə edən yeni surətlər yaratmışdır.
M.F.Axundzadə ənənələrini davam etdirən, Avropa klassiklərinin yaradıcılığı ilə yaxından tanış olan Ə.Haqverdiyev “Dağılan tifaq”, “Bəxtsiz cavan”, “Pəri cadu”, “Ağa Məhəmməd şah Qacar”, “Kimdir müqəssir”, “Ac həriflər” kimi dramın faciə, tarixi dram və s. növlərində əsərlər yaratmışdır. Cəhalət, təhsilsizliyin doğurduğu problemlər Ə.Haqverdiyevin realist üslubunda daha dolğun və aydın şəkildə təsvirə gətirilmişdir. “Dağılan tifaq”da Nəcəf bəy kimi mülkədarın özünün və ailəsinin faciəsi ümumiləşdirilirsə, dövrün ictimai ziddiyyətləri, köhnəliklə yenilik arasında konflikt “Bəxtsiz cavan”da ilk dəfə olaraq parlaq şəkildə verilir. “Pəri cadu” əsərində ədib ənənəvilikdən kənara çıxaraq ümumbəşəri məzmunlu dramatik bir ziddiyyət yaratmışdır. “Ağa Məhəmməd şah Qacar” tarixi dramında isə Azərbaycanı birləşdirmək uğrunda mübarizə aparan şahın mübarizəsi və ona qarşı edilən sui-qəsd təsvir edilir. Ədibin dramaturji yaradıcılığında realizm, xəlqilik, yaşadığı dövrün ictimai-sosial məsələlərinə münasibət əsas yer tutur.
“Ac həriflər” kitabına ədibin məktəblilər üçün seçilmiş dram əsərləri daxil edilmişdir. Tariximizin müəyyən bir dövrünün əksi olan bu əsərlər realist ədəbiyyatımızın inkişafında xüsusi bir mərhələni təşkil edir.
DRAM ƏSƏRLƏRI
AĞA MƏHƏMMƏD ŞAH QACAR
Əvvəlinci məclis
Ağa Məhəmməd xan Qacar
Rzaqulu xan
Altı nəfər şirazlı, iki nəfər qasid, sərkərdələr, əsirlər, sərbazlar
Mazandaran, Ağa Məhəmməd xanın mənzilinin səhni1. Altı nəfər şirazlı.
Əvvəlinci şirazlı. Xan, görəsən, nəyə məşğuldur? Həmişə bu vədə çıxıb, sərkərdələrlə söhbət edərdi. Binagüzarlıqlar2 edərdi.
İkinci şirazlı. Xanın kitab oxumağa çox artıq həvəsi var. Yəqin, yenə kitaba məşğuldur. Mən Şirazda həmişə zənn yetirirdim. Vaxtı ki Kərim xanın söhbətindən fariq3 olurdu, çəkilirdi öz mənzilinə, kitabları bir-bir tökürdü qabağına, başlayırdı oxumağa. Bəzən vaxt görürdün, kitabı oxuyandan sonra yumub, şəhadət barmağını kitabın arasına qoyub, gedib dərin fikrə. Bu növ hərəkətləri onda görəndə və ələlxüsus Kərim xanla rubəru4 əyləşib dövlət işlərini müzakirə edən ağa Məhəmməd xanın tökdüyü tədbirləri eşidəndə mən həmişə öz ürəyimdə deyirdim ki, bu şəxs, əlbəttə, böyük mərtəbəyə çatacaq. Kərim xan ömrünün axırlarında, dövlətə dair hər bir məsələdə Ağa Məhəmməd xanın rəyini soruşardı. Təəccüb burası idi ki, Ağa Məhəmməd xan öz atasının qatili ilə rubəru əyləşib, ona gözəl-gözəl təbdirlər tökürdü.
Əvvəlinci şirazlı. Ağa Məhəmməd xan Kərim xana gözəl tədbirlər töküb düz yol göstərəndə yəqin etginən ki, heç vədə Kərim xanın mənfəətini mülahizə etmirdi. Bəlkə, millət və məmləkət mənfəətini mülahizə edib, o tədbirləri tökürdü.
Üçüncü şirazlı. Mən Kərim xanın qulluğunda olandan qabaq həmin bu Mazandaranda Nadir şahın qardaşı oğlu Ədil şahın qulluğunda idim. Elə ki Nadir şah Qacar şurişini5 yatırtdı və Məhəmmədhüseyn xanı məğlub elədi, o vədə onun iki oğlunu ki, böyüyü olsun həmin Ağa Məhəmməd xan, əsir edib götürdülər Ədil şahın yanına, Ədil şahın hökmünə görə, Ağa Məhəmməd xanın rüculiyyətini aldılar. O vaxt mən öz ürəyimdə dedim ki, Ədil şah özünə bir elə düşmən qazandı ki, onun cəmi düşmənlərindən qəvi