Теодор Драйзер

Kerri bacı


Скачать книгу

N PƏNCƏSİNDƏ

      Karolina Miber gündüz Çikaqoya gedən qatara mindiyi zaman onun bütün var-yoxu balaca sandıqçadan, süni timsah dərisi ilə örtülmüş ucuz çamadandan, nahar qoyulmuş qutudan və içərisində dəmir yol bileti, Van-Büren-stritdə yaşayan bacısının ünvanı yazılmış kağız parçası və içində dörd dollar olan sarı pul kisəsindən ibarət idi.

      Bu əhvalat 1889-cu ildə olmuşdu. Karolinanın on səkkiz yaşı yenicə tamamlanmışdı. O, dərrakəli qız idi, lakin onda gənclik və bilməməzlik xəyalpərvərliyi ilə dolu olan xüsusi bir utancaqlıq var idi. O, ata-anasından ayrılarkən bəzi şeylərə heyfsilənirdisə də, bu heyfsilənmə hər halda onun əl çəkdiyi rahatlıq üçün deyildi.

      Anası onu son dəfə öpdüyü zaman qızın gözlərindən yaş sıçradı, qatar atasının günəmuzd işlədiyi dəyirmanın yanından gurultu ilə keçərkən onun boğazı göynədi, şəhərin tanış yaşıl kənarları gözdən itdikdə və onu doğma evlərinə o qədər də möhkəm bağlamayan tellər əbədi olaraq qırıldıqda sinəsindən dərin bir ah qopdu.

      Əlbəttə o, yaxın stansiyaların birində düşüb evə qayıda bilərdi. İrəlidə hər gün gələn qatarlar vasitəsilə bütün ölkə ilə bağlı olan şəhər yerləşirdi. Kolumbiya-siti şəhərciyi də o qədər uzaq deyildi ki, öz doğma yerlərinə hətta Çikaqodan belə qayıtmaq mümkün olmasın. Bir neçə yüz mil, yaxud bir neçə saat nədir ki?

      Karolina, bacısının ünvanı olan kağıza baxdı və ixtiyarsız olaraq düşünməyə başladı. O, uzun müddət qarşısından sürətlə ötüb keçən yaşıl mənzərələri seyr etdi, sonra ilk yol təəssüratı arxa plana keçdi, onların yerini qatarı ötüb keçən fikirlər, Çikaqonun nə cür şəhər olduğu haqqında dumanlı anlayışlar tutdu.

      On səkkiz yaşlı qız öz doğma evlərini tərk etdiyi zaman ya yaxşı ələ düşür və daha da yaxşılaşır, ya da paytaxt şəhərlərinin əxlaq məsələlərinə dair görüşlərini tez qavrayır və xarab olur. Burada orta bir yol yoxdur.

      Böyük şəhər məkrlə doludur. Orada incə mədəniyyətlə adamları cəlb edən və ardınca aparan qarşısıalınmaz böyük bir qüvvə hökm sürür. Minlərlə işığın zəif titrəyişi heç də sevgi dolu gözlərin gözəl ifadəli parlayışından az təsir etmir. Hiyləsiz və sadəlövh adamın əxlaqı başlıca olaraq ondan asılı olmayan təsirlər nəticəsində pozulur. Dalğalanan səslər, həyatın qulaqbatırıcı gurultusu, nəhəng arı pətəyinə oxşayan insan toplantısı – bunların hamısı insanı heyrətləndirir, onun hisslərində bir qarmaqarışıqlıq və həyəcan törədir. Adamın yanında vaxtında izahat və ağıllı məsləhət verən adam olmadıqda bütün bunlar müdafiəsiz qulaqlara nə qədər yalan şeylər pıçıldayır! Bu təsirlər (onları düzgün qiymətləndirmək o qədər də asan deyildir) öz xarici gözəllikləri ilə musiqi kimi çox vaxt adamda ehtiyat hissini kütləşdirir, onu zəiflədir, sonra isə ən sadə təsəvvürlərini alt-üst edir.

      Karolina, yaxud Kerri bacı – onu ailələrində nəvazişlə belə adlandırırdılar – inkişaf etməmiş bir əqlə malik idi. O hələ müşahidə və təhlil etməyi bacarmırdı. O xudpəsənd idi, bu xudpəsəndlik o qədər qabarıq deyildisə də, bunu hər halda onun xasiyyətinin əsas əlaməti hesab etmək olardı. Gənclik arzuları şiddətlə alovlanırdı, onda keçid dövrünə məxsus sadə bir qəşənglik vardı, boy-buxunu gələcəkdə çox zərif olacağını vəd edirdi, gözləri isə təbii fərasətlə parıldayırdı, – bir sözlə o, orta təbəqədən olan Amerika qadınlarının gözəl bir nümunəsi idi.

      Mütaliə Kerrini heç də maraqlandırmırdı – bilik aləmi onun üzünə bağlı idi. O, qeyri-süni naz satmaq sənətində də tam təcrübəsiz idi. O, hələ başını oynaq surətdə geri atmağı öyrənməmişdi, əllərinin hərəkəti kobud, balaca ayaqlarının yerişi ağır idi. Lakin, o, öz xarici görünüşü qayğısına qalır, həyati sevincləri kəskinliklə qavrayır və inadla maddi rifaha doğru can atırdı.

      Kerri bacı böyük, əsrarəngiz bir şəhərdə xoşbəxtlik axtarmağa cəsarətlə çıxan, bu şəhəri fatehin qəniməti kimi onun ayaqları altına atacaq uzaq qələbələr haqqında tutqun arzularla qanadlanan pis silahlanmış balaca bir cəngavər idi.

      – Bura Viskonsin ştatının ən gözəl balaca kurortlarından biridir, – deyə onun qulağı dibində kiminsə səsi eşidildi.

      – Eləmi? – deyə Kerri həyəcanla cavab verdi.

      Elə bu zaman qatar Vokişa stansiyasından yola düşdü. Kerri hələ əvvəlcədən arxasında bir kişinin durduğunu görmüş və onun topa saçlarına baxdığını hiss etmişdi. Kerri bu adamın onunla maraqlandığını sövq-təbii olaraq anlamışdı. Qızlıq təvazökarlığı, anadangəlmə bir duyğu ona pıçıldayırdı ki, bu adamı yaxına buraxmaq olmaz, onu uzaqda saxlamaq lazımdır. Lakin qonşusunun zəngin təcrübələr və keçmiş müvəffəqiyyətlər nəticəsində qazanılmış cəsarəti və cazibə qüvvəsi üstün gəldi, Kerri də ona cavab verdi.

      O azca qabağa əyilib dirsəklərini Kerrinin oturduğu stulun söykənəcəyinə qoydu və özünü yaxşı bir yol yoldaşı kimi göstərmək istəyərək danışmağa başladı:

      – Bəli, bura gözəl yerdir! Çikaqo əhalisi burada dincəlir. Görünür, siz bu yerlərlə tanış deyilsiniz?

      – Yox, tanışam, – deyə Kerri cavab verdi. – Daha doğrusu mən Kolumbiya-sitidə yaşayıram. Buralarda isə hələ olmamışam.

      – Deməli, bu sizin Çikaqoya birinci səfərinizdir?

      Söhbət zamanı Kerri hiss edilmədən müsahibini nəzərdən keçirirdi. Onun parlaq, qırmızı yanaqları, sarı bığları var idi, başına yumşaq fetr şlyapa qoymuşdu. Kerri çevrilib düz onun üzünə baxdı, qızda özünü qorumaq hissilə qadın şuxluğu arasında mübarizə gedirdi. O dedi:

      – Mən heç sizə demədim ki, bu mənim ilk səfərimdir!

      – Ah, eləmi?

      O, özünü səhv etmiş kimi göstərərək yaltaqcasına: – Yəqin, mən səhv, eşitmişəm, – dedi.

      Bu adam böyük bir ticarət müəssisəsinin tipik kommivoyajeri1 idi. O, o zamanın məhəlli ləhcəsində “təbilçilər” adlandırılan insanlar təbəqəsinə mənsub idi. Ona eyni zamanda daha sonralar meydana çıxmış və XIX əsrin axırlarında vətəndaşlıq hüququ qazanmış bir söz də – “sarsıdıcı” sözü də yaraşardı, bu söz öz geyimləri və hərəkətləri ilə tez mütəəssir olan gənc qadınların diqqətini cəlb etmək və onları heyrətləndirmək istəyən adamların simasını müəyyən edirdi.

      O zaman qəhvəyi rəngli dama-dama yun kostyum yenicə çıxmışdı, sonralar işgüzar adamlar adətən belə kostyum geyərdilər. Yaxası çox açıq olan jiletinin kəsiyindən ağ və çəhrayı milləri olan köynəyinin kraxmallanmış döşü görünürdü. Pencəyinin qollarından qızıl suyuna çəkilmiş sarı əqiqdən iri düymələrlə bağlanan, yenə həmin rəngdə kətan qolçaqları çıxmışdı. Bu daşı çox vaxt “pişik gözü” adlandırırlar. Barmaqlarında bir neçə üzük parlayırdı (bunların içərisində, əlbəttə, möhürlü üzük də vardı), jiletinin balaca cibindən sallanmış qızıl saat zəncirinin üstündə gizli sığınlar cəmiyyətinin ordeni asılmışdı. Kostyumu əynində lap kip otururdu. Qalın altlıqlı par-par parıldayan qəhvəyi çəkmələr və yumşaq boz şlyapa onun geyimini tamamlayırdı.

      Kerrinin inkişaf səviyyəsində olanlara bu naməlum adam qəşəng görünə bilərdi, kommivoyajeri xoş göstərən bütün bu şeylərin hamısını görmək üçün Kerrinin ötəri bir nəzər salması kifayət idi.

      İşdir, birdən dünyada belə adamların kökü üzülə bilər, ona görə də mən burada onların müvəffəqiyyətlə işlətdikləri üsul və hiylələri təsvir etmək istəyirəm. Yaxşı geyim, şübhəsiz ki, kommivoyajerin əsas üstünlüyü idi. Bunsuz o heç nə olardı. İkincisi o, bədəncə möhkəm adam idi, qadınlara qarşı meyli onun başlıca hərəkətverici qüvvəsi idi. Dünyanı idarə edən problemlərə və qüvvələrə dair hər hansı bir fikir onun düşüncəsinə yad idi, onun hərəkətlərini isə acgözlük deyil, müxtəlif əyləncələrə qarşı doymaq bilməyən bir məhəbbət idarə edirdi.

      Onun üsulları adətən sadə olurdu. Hər şeydən əvvəl o cəsarətli idi. Əlbəttə, bu cəsarət qüvvətli hissi istəyə və qadına valeh olmağa əsaslanırdı.

      O,