Теодор Драйзер

Kerri bacı


Скачать книгу

tamamilə imkan verirdi, buna görə də birinci mərtəbədə yerləşmiş kontorları küçədə görünən toplu mal satan firmalar çox samballı görünürdülər. İndi adi olan çox iri aynabənd pəncərələr o zaman yenicə moda düşürdü və aşağı mərtəbədə yerləşən kontorlara qəşəng və zəngin görkəm verirdi. Küçədən keçənlər bu pəncərələrdən cilalanmış ağacdan və tutqun şüşələrdən düzəlmiş arakəsmələri, öz işi ilə məşğul olan çoxlu qulluqçuları, zərif kostyumlar, bəmbəyaz köynəklər geyinmiş, salonlarda gəzişən, yaxud qrupla oturan iş adamlarını görə bilərdilər. Dördguşəli yonma daşlarla bəzənmiş divarda tunc, yaxud nikeldən qayrılan cilalanmış parlaq lövhə üzərində qısa və aydın surətdə müəssisənin adı və fəaliyyət xarakteri qeyd edilirdi. Mərkəzə baxdıqda adama elə gəlirdi ki, paytaxtdadır – onun görkəmi o qədər təsirli idi. Bu görkəm sadə adamı çaşdırmaq, dərin dəhşətə salmaq, yoxsul ilə varlı arasında uçurumun bütün genişliyini və dərinliyini göstərmək üçün idi.

      Cəsarətsiz Kerri də bu mühüm ticarət rayonuna yollandı. O, çay kənarında qurtaran saysız-hesabsız mal və kömür anbarları ilə əvəz olunub getdikcə öz əzəmətini itirən kvartallardan keçərək, Van-Büren-strit küçəsi ilə şərqə tərəf gedirdi.

      Kerri tezliklə iş tapmaq arzusu ilə cəsarətlə irəliləyirdi. Lakin o hər addımda dayanıb qarşısında açılan mənzərəyə baxır, ona bu qədər sirli görünən əzəmət və qüvvət əlamətləri içərisində öz acizliyini hiss edirdi. Bu böyük binalar nədir? Bu qəribə müəssisələrdə nə ilə məşğul olurlar, nə hazırlayırlar? O, Kolumbiya-sitidə bu, ya başqa şəxsin sifarişilə kiçik mərmər parçalarını yonub hazırlayan kiçik daşyonan emalatxananın nə üçün mövcud olduğunu anlaya bilərdi, lakin o, inşaat üçün bəzək daşları hazırlayan böyük firmanın ucu-bucağı olmayan həyətlərini, burada üzərində yük platformaları hərəkət edən çoxlu relsləri, çay tərəfdə gəmi təmiri emalatxanalarının başı üzərində guruldayan yükqaldıran kranları gördükdə bunlar ona qəribə gəldi, çünki onun balaca dünyasına çox yabançı idi.

      Nəhayətsiz dəmir yol depoları da, çayda toplanmış gəmilər də, o biri sahildə yerləşən fabriklər də onun üçün anlaşılmaz idi. Açıq pəncərələrdən önlüklü kişilərin və qadınların o tərəf-bu tərəfə qaçışdığını görürdü. Uzun küçələr onun üçün ikiqat divarla hasarlanmış sirlər dünyası, kontorlar isə nüfuzlu centlimenlər haqqındakı təsəvvürlə əlaqədar olan əcayib bir şey kimi görünürdü. Ona elə gəlirdi ki, bu kontorlarda əlaqədar olan adamlar ancaq pul sayır, yaxşı geyinir və ekipajlarla gəzirlər. Onların nə satdıqları, nə iş gördükləri və bütün bunların nə məqsəd üçün edildiyi haqqında onun çox dumanlı bir təsəvvürü var idi. Hər şey ona o qədər gözəl, geniş, əlçatmaz görünürdü ki! Kerri ruhdan düşdü və bu gözəl müəssisələrdən birinə girib bir iş, bacaracağı bir iş – nə cür iş olur-olsun fərqi yox idi – istəməli olduğunu fikirləşdikdə ürəyi sıxılırdı.

      III FƏSİL

      BİZ TALEYİMİZİ SINAYIRIQ. HƏFTƏDƏ DÖRD YARIM DOLLAR

      Kerri çayın o tərəfindəki toplu satış firmaları rayonuna düşdükdə hansı qapıdan girməyi qət etmək məqsədilə ətrafa göz gəzdirməyə başladı. O, böyük pəncərələri və iri lövhələri nəzərdən keçirərkən adamların ona diqqət yetirdiklərini hiss etdi. Kerri bunun səbəbini anladı: hamı onun iş axtardığını başa düşmüşdü! O bu işlə heç vaxt məşğul olmamışdı, ona görə də indi hamının onun iş axtarmaq üçün veyilləndiyini görməsi fikrindən doğan mənasız utancaqlığını boğmaq üçün cəsarəti çatmırdı. Kerri daha sürətlə addımladı, sifətinə laqeyd bir ifadə verməyə çalışdı, çünki ona elə gəlirdi ki, müəyyən bir iş dalınca gedən adamların sifətində belə ifadə olur. Bu qayda ilə o heç birinə baş çəkmədən bir çox fabrik və ticarət firmalarının yanından keçdi. Nəhayət bir neçə kvartal getdikdən sonra o anladı ki, bu cür etsə heç bir iş tapa bilməyəcək və addımlarını yavaşıtmadan yenidən münasib bir lövhə axtarmağa başladı. Çox keçmədən Kerri böyük bir qapı gördü, bu qapı nədənsə diqqətini cəlb etdi. Onun üzərində mis lövhə var idi, adama elə gəlirdi ki, bu altı və ya yeddimərtəbəli nəhəng bir arı pətəyinin giriş yoludur. “Ola bilsin ki, burada işçi qadınlar lazımdır” – deyə Kerri düşündü. O, küçəni keçib qapıya tərəf yönəldi. Qapıya yaxınlaşdıqda pəncərədən dama-dama boz parçadan kostyum geymiş cavan bir oğlan gördü. Əlbəttə, Kerri bu adamın həmin müəssisəyə nə kimi münasibəti olduğunu bilmirdi, lakin oğlan təsadüfi olaraq Kerriyə tərəf baxdığı üçün qız davam gətirməyib utana-utana, tələsik qapının yanından keçib getdi.

      Küçənin o biri tərəfində “Storm və Kinq” lövhəsi olan altımərtəbəli bir bina yüksəlirdi. Bu binanı gördükdə Kerridə bir ümid doğdu. Bura, onun kimi qadınlar işləyən toplu parça satışı firması idi. Yuxarı mərtəbələrin pəncərələrində ara-sıra qadın fiqurları görünürdü. Kerri necə olursa-olsun içəri girmək qərarına gəldi. O, küçəni keçərək bir başa qapıya doğru yollandı. Lakin elə bu zaman oradan iki işçi çıxıb qapıda dayandı. Teleqraf kontorunun göy formalı teleqraf paylayanı Kerrinin yanından ötüb pilləkənlərlə yuxarı qaçdı və binanın içində gözdən itdi. Səkini doldurmuş çaxnaşan izdihamdakı adamlardan bir neçəsi qızın yanından ötüb keçdilər. O, yerində durub yazıq-yazıq ətrafına baxdı, birdən adamların ona göz yetirdiyini görüb utanaraq geri çəkildi. Məsələ çox çətin idi. O, özünə ürək verib, qapıda duranların yanından keçib gedə bilmədi.

      Bu ağır məğlubiyyət Kerrinin əhvalını pozdu. Ayaqları onu ixtiyarsız qabağa aparır, lakin atdığı hər addımla o sanki könüllü olaraq geri çəkilirdi. Kvartal kvartalın ardınca geridə qalırdı. O, yol ayrıclarındakı fənərlərin üstündə küçələrin adlarını oxuyurdu: Medison, Monro, La-Sal, Klark, Dirborn, Steyt. Kerri hey irəliləyirdi, onun ayaqları səkinin iri tava daşları üstündə gəzməkdən yorulmağa başlamışdı. Bununla belə küçələrin belə işıqlı və təmiz olması onun xoşuna gəlirdi. Səhər günəşi parlaq işıq saçır və bir az da yandırırdı, lakin küçələrin kölgə tərəfində xoş bir sərinlik vardı. Qız başı üzərindəki mavi səmaya baxdı və onun gözəlliyini nədənsə yeni bir tərzdə, xüsusi olaraq dərindən dərk etdi.

      Kerri öz cəsarətsizliyindən ümidsizləşməyə başladı. O geri dönərək yenidən “Storm və Kinq” firmasını tapmaq və oraya girmək qərarına gəldi. Yolda böyük toplu ayaqqabı satışı firmasına rast gəldi. Kerri böyük aynalı pəncərədən müdirin kabinetini gördü: kənar adamların görməməsi üçün kabinetin şüşələri ağ rənglə boyanmışdı. Arakəsmənin o tərəfində, küçə qapısının lap yaxınlığında çalbaş bir centlmen oturmuşdu, onun qabağında açıq, qalın bir kitab var idi. Kerri qətiyyətsizliklə bir neçə dəfə qapının yanından keçdi, nəhayət heç kəsin ona baxmadığını yəqin etdikdən sonra qapıdan içəri sivişdi və utana-utana stolun qabağında durdu.

      – Nə buyurursunuz, xanım qız? – deyə qoca centlmen soruşdu və mehribanlıqla qıza baxdı:

      – Mən… yəni siz… demək istəyirəm ki, sizdə iş olmazmı? – deyə Kerri dili tutula-tutula soruşdu.

      – Bu saat yox, – deyə