Теодор Драйзер

Kerri bacı


Скачать книгу

çağırırdılar. Bir saata qədər gözləyəndən sonra Kerriyə də növbə çatdı.

      – Hə, – deyə pəncərənin qabağında qoyulmuş isveç stolunun arxasında oturan cəld hərəkətli gənc yəhudi sözə başladı. – Siz heç mağazada işləməmisiniz?

      – Yox, ser, – deyə Kerri etiraf etdi.

      Yəhudi ona diqqətlə baxaraq ucadan dedi.

      – Deməli, işləməmisiniz?

      – Yox, ser, – deyə Kerri təkrar etdi.

      – Hm! Bizə bir qədər təcrübəsi olan satıcı qadınlar lazımdır. Mən zənn edirəm ki, siz bizim işimizə yaramazsınız.

      Kerri söhbəti qurtarıb-qurtarmadığını bilmədiyi üçün bir dəqiqə dayandı. O:

      – Siz nahaq yerə gözləyirsiniz! – sözlərini eşitdi. – Unutmayın ki, bizim işimiz çoxdur.

      Kerri cəld qapıya doğru yönəldi.

      – Dayanın, – deyə gənc adam onu saxladı. – Siz adınızı və ünvanınızı bizə verin. Bəzən bizə sizin kimi qızlar lazım olur.

      Nəhayət, Kerri küçəyə çıxarkən gözləri yaşla doldu – bu yaşlar sonuncu soyuq qəbuldan deyil, ümumiyyətlə bütün gün ərzində onun mənliyi üçün ağır olan təəssüratdan doğurdu. O çox yorulmuş və əsəbiləşmişdi. O indi, bu saat başqa bir mağazaya müraciət etmək fikrindən əl çəkib gəzməyə başladı. Kerri nədənsə özünü adamların arasında daha sakit və təhlükəsiz hiss edirdi.

      Kerri şəhərdə boş-boşuna gəzərək çayın yaxınlığında olan Cekson-stritə döndü və qaynayan küçənin cənub tərəfilə ağır-ağır gəzməyə başladı. Birdən onun gözünə “İşçi qadınlar tələb olunur” sözləri yazılmış qapıya vurulmuş bir kağız parçası sataşdı.

      Kerri bir qədər tərəddüdlə dayandıqdan sonra içəri girdi.

      Uşaq şlyapaları hazırlayan “Şpaygelxaym və K” firması binanın birinci mərtəbəsini tutmuşdu. Eni əlli fut, uzunu səksən fut olan bu yarıqaranlıq bina maşınlar və iş stolları ilə doldurulmuşdu, binanın yalnız ən qaranlıq künclərində elektrik lampaları yanırdı. Burada çoxlu qadın və bir neçə kişi işləyirdi. Qızların üst-başları tam tozlu, üzləri yağlı idi, əyinlərinə torba kimi duran nazik paltarlar geymişdilər, hamısının ayaqqabıları köhnə idi. Bir çoxlarının çırmanmış arıq qolları görünürdü. Bəziləri də havanın ağırlığından yaxalarını açmışdılar. Onların pis geyimlərindən həmişə ağır havada qaldıqları üçün solğunlaşmış bənizlərindən çox az əmək haqqı aldıqlarını bilmək çətin deyildi. Lakin onlar qətiyyən utancaq deyildilər, maraq hissi onlarda bulaq kimi qaynayırdı.

      Kerri ətrafına baxdı. O, tamam həyəcan içərisində idi, ona aydın idi ki, o burada işləmək istəmir. Əgər burada olanların onu həyəcanlandıran gözaltı baxışları hesaba alınmazsa, heç kəs ona xüsusi diqqət yetirmirdi. Nəhayət qız, emalatxanadakı adamların hamısı onun burada olduğunu görüncəyə qədər gözlədi. Yalnız bu zaman kimsə ustaya xəbər verdi: o önlükdə, pencəksiz, köynəyinin qolları çiyinlərinə qədər çırmalanmış halda gəldi:

      – Siz məni görmək istəyirsiniz? – deyə o soruşdu.

      Birbaşa işə girişməyin daha yaxşı olduğunu artıq anlamış Kerri:

      – Sizə işçi lazım deyil ki? – deyə səsləndi.

      – Siz uşaq papağı tikməyi bacarırsınızmı?

      – Yox, ser!

      – Ümumiyyətlə bu cür işlərdə sizin az-maz təcrübəniz varmı?

      Kerri mənfi cavab verdi.

      – Hm! – eləyərək usta fikirli halda qulağının ardını qaşıdı. – Bilirsinizmi, bizə işçi lazımdır. Lakin biz təcrübəli işçi götürmək istəyirik. Təcrübəsiz işçiləri öyrətməyə bizim vaxtımız yoxdu.

      O susdu və pəncərəyə tərəf döndü. Bir qədər fikirdən sonra əlavə etdi:

      – Hər halda biz sizi bəzək vurmaq işinə qoya bilərik.

      – Siz həftədə nə qədər verirsiniz? – deyə Kerri soruşmağa cəsarət etdi, çünki bu adamın yumşaqlığı və onun söhbətinin sadəliyi qıza bir qədər ürək vermişdi.

      – Üç yarım dollar, – deyə usta cavab verdi.

      Kerri az qaldı ki, bir “ah” çəksin, lakin özünü vaxtında saxladı.

      Usta etinasızlıqla:

      – Bizim bu saat işçi qüvvəsinə çox da ehtiyacımız yoxdur. O, Kerrini elə süzürdü ki, sanki onun qarşısında dayanan canlı adam deyil, bir əşya idi və: – Bazar ertəsi səhər gələ bilərsiniz. Mən sizi işə qoyaram, – deyə əlavə etdi.

      Kerri güclə eşidiləcək bir səslə:

      – Təşəkkür edirəm, – deyə bildi.

      Usta:

      – Gəlsəniz özünüzlə önlük də gətirin, – dedi.

      O, Kerrini liftin yanında qoyub, hətta onun adı ilə belə maraqlanmadan çıxıb getdi.

      Emalatxananın xarici görünüşü və cüzi zəhmət haqqı Kerrinin parlaq ümidlərinə zərbə endirdisə də bir çox müvəffəqiyyətsizlikdən sonra iş tapması onu bir qədər canlandırdı. Qızın iddiaları nə qədər kiçik olsa da o burada işləyəcəyini təsəvvür edə bilmirdi. Hər halda bundan yaxşı yaşamağa adət etmişdi. Onun azad havada keçmiş uşaqlığı bu tutqun və çirkli divarlara qarşı üsyan edirdi. O heç bir zaman çirk içərisində yaşamamışdı. Bacısının evi təmiz idi. Amma bura nə qədər çirkli idi! Binanın tavanı alçaq idi, qızlar səliqəsiz geyinmişdilər, həm də görünür, acıqlı idilər. Yəqin, bədxah, kinli adamlardır, – deyə Kerri qət etdi. Ancaq buna baxmayaraq hər halda ona iş təklif edirlər! Doğrusu, əgər burada birinci gün iş tapmaq mümkünsə, Çikaqo o qədər də sərt deyildir. Sonra o özü üçün başqa, daha yaxşı bir iş axtarıb tapa bilər.

      Lakin sonrakı axtarışlar heç bir nəticə vermədi. Kerriyə az-çox xoş görünən yerlərdə o dərhal soyuqcasına rədd olunurdu. Başqa yerlərdə ancaq təcrübəli işçi tələb olunurdu. Kerri dəfələrlə çox kobudcasına qarşılanmışdı, lakin o, hazır paltar fabriklərinin birində iş olub-olmadığını bilmək üçün dördüncü mərtəbəyə çıxdığı zaman xüsusilə ağır cavab aldı.

      Pis işıqlandırılmış emalatxanada ağalıq edən enlikürək usta ona bağırdı:

      – Yox, yox! Bizə heç kəs lazım deyil. Nahaq yerə buralara soxulmayın!

      Gün yavaş-yavaş sönüb gedir, onunla bərabər yavaş-yavaş Kerrinin də ümidləri, qətiyyəti və enerjisi əriyib gedirdi. Qız qəribə bir inad göstərmişdi. Belə böyük səy yaxşı mükafata layiq idi. Şəhərin böyük ticarət rayonu yorulub əldən düşmüş Kerriyə ucsuz-bucaqsız insanlara qarşı tamamilə laqeyd, yabanı görünürdü. Kerriyə elə gəlirdi ki, bütün qapılar onun üzünə bağlıdır, qabaqda onu amansız bir mübarizə gözləyir və onun burada bir şey əldə edəcəyinə heç bir ümid yoxdur. Qadınlar və kişilər arası kəsilməyən cərgələrlə onun yanından ötüb gedirdilər. Kerri ətrafında rəngarəng həyatın nəbzinin şiddətlə