yaşlı ataya ömrünün son dəmində bir yarpaq tökümü, məhv olduqlarını, göstərəcəklərini?
Əlirza bəy elə də gözü bağlı bir adam deyildi. Bu qorxu onu əvvəllər də bir neçə dəfə sınamışdı. Ancaq heç vaxt bu cür yaxın bir təhlükə kimi görünməmişdi. Etiqadsız bir adam olmamağına və göydən umulacaq heç bir şey olmamağına baxmayaraq, dua edir: "Ya rəbbim, sən uşaqlarımı qoru!" deyib əllərini göyə tuturdu.
II fəsil
Əlirza bəy, Babıəli (Osmanlı hökuməti) yetirmələrindən olan mülki bir məmur idi. Otuz yaşına qədər Daxili İşlər Nazirliyinin katibliyində işləyib. Bəlkə ömrünün axırına kimi orada da işləyəcəkdi. Ancaq bacısı ilə anasının dalbadal iki ay ara ilə ölməyi onu İstanbuldan soyutmuşdu. Bu hadisə onu Suriyada bir rayonun bələdiyyə sədri vəzifəsinə keçib, qürbətə getməyinə səbəb olmuşdu.
Bəzi təcrübəsiz xəstələr kimi o da elə bilirdi ki, insanların əziyyətləri yatdığı yataqdan, yanındakı əşyalardandır və yer dəyişdirmək, onlardan xilas olmaq üçün ən yaxşı çarədir. Əlirza bəy o vaxtdan bəri İstanbula qayıtmayıb, iyirmi beş il müxtəlif məmurluqlarla Anadoluda gəzib. Çox bilikli, çalışqan bir adamdı. Ancaq, nə bildikləri, nə də çalışqanlığı bir işə yaramırdı. Ərəb və fars dillindən başqa ingilis və fransız dillərini də bilirdi. Gəncliyində ədəbiyyatla məşğul olmuş, jurnallarda təxəllüslə bir çox sanballı qəzəllər nəşr etdirmişdir. Sonra fəlsəfə və tarixlə də yaxından maraqlanıb. Yalnız boş vaxtlarında deyil, bir az da iş vaxtlarını da kitab oxumaqla keçirib. Uzun məmurluq fəaliyyətində dövlət xəzinəsindən o yalnız bunu mənimsəmişdi. Həddən artıq vasvası, gülünc dərəcədə də mərifətli və utancaq bir adam idi. Kiminsə malına yiyələnmək, qanunsuz hərəkət etmək, birinin xətrinə dəyərəm qorxusuyla bir iş görməzdi. Gördüyü işi yalnız qanuna uyğun deyil, həm də adət-ənənəyə, insanlıq və nəzakət qaydalarına da uyğun, yəni qüsursuz, tam olsun… Ondan danışanlar, "yaxşı adamdı… Peyğəmbər kimi adamdı… Əlini öp… dua etdir… Elmdən danışdır… Şeir oxut… nə eləyirsən elə, ancaq, iş istəmə" deyərlərdi. Qırx yaşına yaxın evlənmişdi. Bir ailə qurmaq onun nəzərində yeni bir dövlət qurmaq qədər böyük bir iş idi. Ona görə də, bəlkə də heç evlənməyəcəkdi. Ancaq yaxın bir dostu bir gecə, qohumlarından bir qızı göstərib, Əlirza bəy də "yox" deməyə utandığı üçün "yaxşı" deyib.
Arvadı, bəxtindən ağıryana və namuslu qadındı. İyirmi yaşındadır deməyinə baxmayaraq, arxayın iyirmi beş yaşı vardı. Əlirza bəy, ailə məsələsi işində, dövlətin hələ heç bir şöbəsində göstərə bilmədiyi fəaliyyəti göstərib. Yeddi ildə dalbadal dörd uşağı dünyaya gəlib. Nəhayət, dörd illik bir istirahətdən sonra, əlli yaşı tamam olan günü doğulan sonuncu qızı ilə uşaqlarının sayı beş olub.
Bəzən boş vaxtlarında şeirlər, qəzəllər yazan Əlirza bəyin xoşuna gələn bir bənzətməsi vardı. Hadisələri coşqun bir səslə, özünü uzaqdan bu selə tamaşa edən bir insana oxşadırdı. Yüksəlmə ehtimalı olan bir məmur olmağına baxmayaraq, heç bir zaman bu selə qarışmayacaq, həyatda həmişə bir seyrçi kimi qalacaqdı… Ancaq onun fikrincə bu seli əzəli yatağından döndərməyə çalışmaq mənasız bir zəhmətdir. Bu belə gəlib, belə də gedəcək.
Ancaq bir-birinin ardınca doğulan uşaqlar, Əlirza bəyi bu vəziyyəti dəyişdirməyə məcbur etdi. Boya-başa çatdırılası beş uşağı olan bir adam, həyatı laqeyd bir tamaşaçı kimi seyr edə bilməzdi. O vaxtdan etibarən əvvəlki laqeyd, həvəssiz məmur gedib, yerinə uşaqları üçün hər fədakarlığa hazır və çalışqan bir ailə başçısı gəlmişdi. Uşaqları üçün gecəli-gündüzlü əlləşib-vuruşmaq onu yormur, əksinə, sevindirirdi. Ancaq həmişə bir şeyi fikirləşirdi, görəsən, çox gecikməmişdi ki? Bəzən yorğun və kefsiz vaxtlarında bu fikir onu bir az narahat edirdi. Ancaq bu fikirlə çox dərinə getməz:
– Sağlam bədənim var… Bir qəza ilə ölməsəm, hələ arxayın iyirmi il yaşayar və işləyərəm, – deyə özünə təsəlli verirdi.
Bu iyirmi il həddən artıq planları üçün uzun bir müddət olaraq nəzərə alınmışdı. Ancaq çətin vəziyyətə düşsə, bu müddətin yarısı da ona bəs edərdi. Əslinə baxsan, sonuncu uşağı Ayşə dünyaya çox vaxtsız gəlmişdi. Ancaq bu o qədər də narahat olacaq bir şey deyildi. Lazım olsa, ona qarşı olan vəzifələrini arxayın böyüklərinə də buraxa bilərdi. Bircə onlar istədiyi kimi boya-başa çatsınlar…
Ancaq heç ağla gəlməyən bir hadisə Əlirza bəyin bu hesablarını alt-üst etdi, onu əlli beş yaşında dövlət məmuriyyətindən uzaqlaşmağa vadar etdi. O zaman Trabzonda inzibati idarələrin birində müdir işləyirdi. Bir gün bir qadın qaçırma hadisəsi olmuş, qadının əri ilə onu qaçırmaq istəyən adam bıçaqla bir-birini yaralamışdı. Əri yiyəsiz bir əkinçi, o biri isə bütün qəsəbə camaatının tərəfini tutduğu bir varlının oğlu idi. Ona görə də əsl günahkarın ortalıqda sərbəstcə dolanışığına göz yumulası və namusuna toxunulan adam da bağrı yana-yana həbs ediləsi oldu. Əvvəldən bəri, heç nəyə heç cür qarışmayan Əlirza bəy bu hadisədə özünü saxlaya bilməyib, özünü işdən qovdurana kimi əlləşmişdi. Nə etsin? Bu bir haqq, bir vicdan, bir namus işi idi. Boynuna düşəni eləməsə, Allah onu uşaqlarıyla cəzalandırardı. Əlirza bəy İstanbulda bir vaxt işsiz qaldı. Ehtiyat pulu da yoxdu. Beş uşaq atası bir müdir, necə pul yığa bilərdi? Yaxşı ki, Bağlarbaşında atasından köhnə bir ev qalmışdı. Arvadının bir neçə qır-qızılını sataraq onu təmir etdirib uşaqlarını dolandırdı.
Əlirza bəy, yenidən məmurluq üçün Babıəli koridorlarında gəzişməyə başlamışdı. Bir gün Daxili İşlər nazirinin otağından çıxan hündürboylu bir cavan ona yaxınlaşıb, öpmək üçün əlindən tutub:
– Müəllim, məni tanımadınız? Keçmiş tələbəniz Müzəffərəm, – dedi.
Əlirza bəy, diqqətlə baxdıqdan sonra yadına düşdü: Nə vaxtsa, vilayətlərin birindəki idarədə beş-altı ay xəstə bir tarix müəllimini əvəz etmişdi. Bu Müzəffər də o vaxt məktəbdə şagird idi. Çox ağıllı və çalışqan bir uşaq olduğu üçün Əlirza bəyin yaddaşında yaxşı təəssürat buraxmışdı. Rahatca Daxili İşlər nazirinin yanından çıxmağından, koridorlarda cəsarətlə gülüb danışmağından bu cavan adamın yüksəldiyi görünürdü. Bir az sonra Əlirza bəy ehtimallarının doğru olduğunu gördü. Müzəffər iki böyük şirkətdə məclisi idarə əzası (idarə heyətinin üzvü) və "Altın Yarpaq Anonim Şirkəti"nin ümumi müdiri idi. Keçmiş müəlliminin vəziyyətini görəndən sonra ona bir təklif etdi. Bu yaşdan sonra yenidən qürbətə getmək doğru deyildi. Xüsusilə də Misir və İngiltərə ilə iş görən şirkətin ərəbcə və ingiliscə bilən bir məmura ehtiyacı vardı. Müəlliminin necə dəyərli bir insan olduğunu bilirdi. Əgər o istəsəydi dövlətdən aldığı pulu, hətta daha çox şirkətdən ala bilərdi. Əlirza bəy bu təklifi böyük bir sevinclə qəbul etdi. Şirkət ona dövlətdən alacağından çox yox, az da versə öpüb başına qoyacaqdı.
Artıq İstanbuldan uzaqlaşmaq istəmirdi. Uşaqları böyümüşdü. Onları əvvəlki kimi oraya-buraya aparmaq istəmirdi. Köhnə müdir beş il idi ki, "Altın Yarpaq Anonim Şirkəti"nin ən yaxşı məmurlarından olmuşdu. Səhərdən-axşama qədər fasiləsiz