Народное творчество

Dədə Qorqud dastanları


Скачать книгу

qızıl taxtında geri döndü. Yenə evlərini tikdirdi. Qaraca çobanı əmiraxur etdi. Yeddi gün, yeddi gecə yemək-içmək oldu. Qırx nəfər qulu, qırx kənizi oğlu Uruza görə azad elədi. Cəsur qoç igidlərə çoxlu torpaqlar və şalvar, çuxa, arxalıq verdi.

      Dədəm Qorqud gəlib boy boyladı, soy soyladı.

      Hanı dediyim bəy ərənlər?

      Dünya mənimdir deyənlər?

      Əcəl aldı, yer gizlədi,

      Fani dünya kimə qaldı?

      Gəlimli-gedimli dünya,

      Son ucu ölümlü dünya!

      III Boy

      3. BAYBÖRƏNİN OĞLU BAMSI BEYRƏK BOYU

      Min yerdə ipək xalça döşənmişdi. İç Oğuzun, Daş Oğuzun bəyləri Bayındır xanın söhbətinə toplaşmışdı. Bayındır xanın qarşısında Qarabudaq, sağ yanında Uruz durmuşdu. Sol yanında isə Yeynək bəy durmuşdu. Baybörə bəy bunları gördükdə ah çəkdi.

      Bunu görən Qalın Oğuzun arxası, Bayındır xanın kürəkəni Salur Qazan Baybörə bəyin üzünə qıyqacı baxaraq dedi:

      – Baybörə bəy, niyə belə qəmginsən?

      – Qazan xan, necə qəmgin olmayım, zarımayım? Nə oğlum var dayağım olsun, nə də qardaşım. Allah-taala məni qarğayıbdır… Bəylər, taxtım-tacım üçün fikir edirəm. Bir gün ölsəm, yerimdə-yurdumda kimsə qalmayacaq.

      Qazan dedi:

      –Arzun elə budurmu, Baybörə bəy?

      – Bəli, budur. Mən də istəyirəm, oğlum olsun, Bayındır xanın xidmətində durub, qulluq eləsin, mən də baxıb fərəhlənim…”

      Belə dedikdə Qalın Oğuz bəyləri göyə üz tutdular. Əl qaldırıb dua elədilər. “Allah-taala sənə bir oğul versin!” – dedilər.

      O zamanlar bəylərin alqışı alqış, qarğışı qarğış idi. Duaları yerini tuturdu. Baybican bəy də yerindən durub dedi: “Bəylər, mənimçün də bir dua eləyin. Allah-taala mənə də bir qız versin”.

      Qalın Oğuz bəyləri əl qaldırdılar, dua elədilər: “Allah-taala sənə də bir qız versin”.

      Baybican bəy dedi ki, bəylər, siz şahid, Allah-taala mənə bir qız verərsə, Baybörə bəyin oğluna göbəkkəsmə adaxlı olsun!”

      Bunun üstündən bir müddət keçdi. Allah Baybörə bəyə bir oğul, Baybican bəyə bir qız verdi. Qalın oğuz bəyləri bunu eşitdilər, çox sevindilər.

      ***

      Baybörə bəy tacirləri çağırıb dedi: “Ay tacirlər, Allah mənə bir oğul verdi. Rum elinə gedin, oğlum böyüyüncə ona yaxşı hədiyyələr gətirin!”

      Tacirlər gecə-gündüz yol getdilər. İstanbula gəldilər. Danışıq aparıb yaxşı hədiyyələr aldılar. Qayıtmaq üçün yol hazırlığı gördülər.

      Artıq Baybörənin oğlu böyümüşdü. Atası onu “Bamsı” deyə əzizləyirdi. O zamanlar bir oğlan baş kəsməsə, qan tökməsəydi, ona ad qoyulmazdı. Baybörə bəyin də oğlu atlandı, ova çıxdı.

      Bu yandan da tacirlər gəlib Böyük Dərbənd sərhəddində dayanmışdılar. Evnik qalasının kafirləri, tacirlər yatarkən qəflətən hücum edib onların mallarını çaldılar-çapdılar. Tacirbaşı tutuldu, tacirlərdən biri qaçaraq Oğuz diyarına gəldi. Gördü ki, Oğuz yurdunda hündür alaçıq qurulmuş; bir yaraşıqlı igid də sağında və solunda qırx igidlə oturmuşdur. Tacir fikirləşdi: “Oğuzun yaxşı igidlərindəndir, gedim kömək istəyim”. Tacir dedi: “İgid, igid, bəy igid! On altı ildir ki, Oğuzların içindən getmişdik. Danışıq-razılıqla kafirin malını alıb oğuz bəylərinə gətirirdik. Böyük Dərbəndin Pasnik qalası yanında yatmışdıq. Evnik qalasının beş yüz kafiri bizə hücum etdi. Qardaşım dustaq oldu. Malımızı, azuqəmizi çalıb-çapıb getdilər. Başına dönüm, igid, mənə kömək et!”

      Bamsı dedi:

      – Hey! Məni sevən igidlər atlansınlar!”

      Tacir də qabaqlarına düşdü, bələdçi oldu.

      Kafirlər də bir yerə çəkilib, pul bölüşdürməkdəydi. Bu vaxt igidlər meydanının aslanı, pəhləvanların qaplanı Bozatlı oğlan özünü yetirdi. Nə bir dedi, nə iki, kafirləri qılıncladı. Baş qaldıranları öldürdü, cəzasına çatdırdı. Tacirlərin malını xilas etdi.

      Tacirlər dedilər: “Bəy igid, sən mərdlik göstərib bizi xilas etdin. İndi gəl, bəyəndiyin malı götür!” İgidin gözü bir dəniz qulunu boz ayğırı tutdu, bir də altı pərli gürzlə dəstəyi ağ tozlu yayı. Bu üç şeyi bəyəndi igid. Onları istəyəndə tacirlər pərt oldular.

      İgid dedi: “Ay tacirlər, çoxmu istədim?!” Tacirlər dedilər: “Yox, çox deyil, amma bizim bəyimizin bir oğlu var, bu üç şeyi ona aparmalıyıq”.

      Oğlan dedi: “Ədə, bəyinizin oğlu kimdir?”

      – Baybörənin oğlu var, adına Bamsı deyirlər”.

      İgid barmağını daşləyib fikirləşdi: –Burada minnətlə almaqdansa, atamın yanında minnətsiz almaq yaxşıdır! Heç nə demədən atını qamçılayıb, yola düşdü.

      Tacirlər bu işə çox təəccübləndilər.

      Atası tacirlərin gəlməsindən xəbər tutdu, sevindi. Çətirli çadır, uca alaçıq qurdurdu. Yerə ipək xalçalar saldı. Oğlunu sağ yanında əyləşdirdi. Oğlan tacirlər barədə bircə söz də söyləmədi.

      Gözlənilmədən tacirlər gəldilər. Baş endirib, salam verdilər. Gördülər ki, onlara kömək edən igid Baybörə bəyin sağında oturub. Tacirlər yanaşıb igidin əlindən öpdülər.

      Bunlar belə etdikdə Baybörə bəyin acığı tutdu. Dedi: –Ədə, əbləh oğlu əbləhlər! Ata dura-dura oğulunmu əlini öpərlər? Tacirlər sualla cavab verdilər: Xan, bu igid sənin oğlundurmu?

      – Bəli mənim oğlumdur!

      – Əvvəlcə onun əlindən öpdüyümüzdən incimə, xan. Əgər sənin oğlun olmasaydı, bizim malımız Gürcüstanda əldən getmişdi. Hamımız dustaq olmuşduq.

      – Ədə, mənim oğlum igidlikmi göstərdi?

      – Bəli, qoçaqlıq etdi, atdan adam saldı!

      Baybörə qürrələndi, sevindi və sonra dedi: Bu oğlan ad qoyma həddinə çatıbmı?

      Tacirlər dedilər:– Bəli, sultanım, ondan da artıqdır!

      Baybörə bəy Qalın Oğuz bəylərini çağırdı, qonaqlıq verdi. Dədəm Qorqud gəldi, oğlana ad qoydu. Dedi:

      – Baybörə bəy! Allah-taala sənə bir oğul vermişdir, əlində qalsın! Ağır bayraq götürəndə müsəlmanlara arxa olsun! Qarşı yatan uca qarlı dağlardan aşarsa, Tanrı sənin oğluna keçid versin! Sən oğlunu “Bamsım” deyə oxşayırsan: onun adı Boz ayğırlı Bamsı Beyrək olsun! Adını mən dedim, yaşını Allah versin!”

      Qalın Oğuz bəyləri əl götürüb dua etdilər. “Bu ad bu gün igid üçün uğurlu olsun!” – dedilər.

      ***

      Bəylər Beyrəyin şərəfinə ova hazırlaşdılar. Beyrək boz