Əli Şamil

Yol dəftərimdən: Quzey Qafqaz, Ukrayna, Maldova və Güney Koreya


Скачать книгу

meydanında eşitdiklərimi ali məktəbdə oxuduqlarımla, xüsusilə, 1920-1930-cu illərdə oxuduğum qəzet və jurnallarla zənginləşdirdim. 1937-ci ildə baş verən repressiyanın millətimin savadlı, vətənsevər oğullarının məhvinə yönəldildiyini bildim. Onların (repressiya olunanların) haqlı olduğunu başa düşdüm.

      Beləcə, məndə türksoylu xalqları yaxından tanımağa maraq artdı. Gördüm ki, onların taleyi də Azərbaycanlılardan heç nəyi ilə fərqlənməyib. Azərbaycanlıları cəzalandırmaq üçün Qazaxıstana, Qırğızıstana, Sibirə sürgün ediblər. Oxuyanda ki, Qazaxıstanda, Qırğızıstanda, Sibirdə də kütləvi sürgünlər olub, heyrət məni bürüdü. Necə yəni sürgün yerindən də sürgün olurmuş?

      Ali məktəbin son kursundan başlayaraq türk xalqlarını daha yaxından tanımaq üçün onların yaşadıqları bölgələrə getdim, aydınları ilə görüşdüm. Bu görüşlər, söhbətlər haqqında yazdıqlarımın çoxu redaksiyalar tərəfindən bəyənilmədi, lakin ruhdan düşmədim.

      Sovetlərin çöküşü isə vəziyyəti tamam dəyişdi. Yazdığım məqalələrin nəşri imkanları artsa da, maddi sıxıntı üzündən getmək imkanlarım azaldı. Yaxşı ki, elmi toplantılarda bəzi təşkilatçılar yol, qalmaq və yemək xərclərini ödədilər. Ondan yararlandım. Getdiyim və şahidi olduğum hadisələr haqqında yazdım. Lakin qəzet və jurnalların həcmi, radio və televiziya verilişlərinin vaxt məhdudiyyətləri yazdıqlarımın hamısını oxucuya, dinləyiciyə çatdırmaq imkanı vermədi. Buna görə də onları kitab halında oxucuya təqdim etməyi qərara aldım.

      İlk dəfə bu mövzuda “Quzey Kıbrıs” kitabım işıq üzü gördü. Sonra da yol qeydlərimi “Qaşqaylar və onların folkloru”, “Albaniya və Azərbaycandakı albanlar” kitablarımda verdim. Türküstana gedərkən yazdığım məqalələrin üzərində yenidən işləyərək “Parçalanmış Türküstanı gəzərkən” kitabına daxil etdim.

      “Yol qeydlərim (Quzey Qafqaz, Kırım, Qaqauz Yeri və Güney Koreya)” kitabın nəşrə hazırlayarkən tanış olduğum insanların bəzilərinin mənə verdiyi vizit kartları tapa bilmədim. Diqqətsizlikdən bəzilərinin də adını, soyadını öyrənməmişdim. Belələrinin şəkilini kitabda verərkən adlarının yerinə nöqtələr qoydum.

      Kitabı nəşrə hazırlayarkən ayrı-ayrı məqalələrin ilk oxucusu, redaktoru və məsləhətçisi olmuş iş yoldaşlarım Aynurə Sadıq qızı və Məhsəti Vaqif qızı oldu. Bakıda ali təhsil almış Tudora Arnaut qaqauzlar, Nigar İsmət qızı Kırım tatarları haqqında yazdıqlarımı oxudular ki, yanlışlıqlar olmasın. Kitabın hazırlanmasında mənə təmənnasız kömək etmiş bu insanlara, eləcə də “Köhlən” nəşriyyatının əməkdaşlarına təşəkkürümü bildirirəm.

      Quzey Qafqaz sovetlərin çöküşündən sonra

      Sovetlər Birliyində geniş sanatoriya və kurort şəbəkəsi yaradılmışdı. Oraya istirahət və müalicəyə getmək istəyənlərə göndərişlər[1] verilirdi. Bu göndərişlərin də pulunun 85 faizinin (bəzən də 100 faizinin) yerli həmkarlar təşkilatları ödəyirdi. Təbliğat da öz işini görürdü. Adamlar kurort və sanatoriyalara, istirahət mərkəzlərinə getməyə həvəsləndirdilər. Sanatoriyalar əsasən xəstələrin fizoterapiya müalicəsi üçün yaradılmışdır. Oraya getmək istəyənlər mütləq xəstəliyi haqqında sənəd aparmalı idi. Xəstə olmayanlar da həkimdən saxta bir sənəd alırdı. Bu sənədin saxtamı, doğrumu olduğuna nə sanatoriyalarda çalışanlar ciddi yanaşırdılar, nə də onu verən poliklinikaların həkimləri. Buna görə də hər hansı bir təşkilatda çalışan adam ildə bir dəfə, iki ildən bir göndəriş alıb sanatoriya və kurortlara gedə bilirdi.

      Hər il sanatoriyaya gedənlər sırasında xanımım və mən də vardım. Müalicə bir bəhanə idi. İmkandan istifadə edib qədim türk yurdlarını gəzir, oradakı aydınlarla görüşürdük.

      Göndərişsiz səfərə çıxanda həm çoxlu problemlərlə üzləşirdik, həm də baha başa gəlirdi. Moskva, Leninqrad[2] kimi böyük şəhərlərdən tutmuş ən kiçik rayon mərkəzində, böyük qəsəbələrdə belə hotel[3] vardı. Lakin orada yer tapıb qalmaq mənim kimiləri üçün çətin idi. Hotel boş olsa belə qeydiyyatçı “yer yoxdur” deyirdi. Elə ki pasportun arasına 10, 25 manat qoyub verirdin, onda “yer tapılırdı”. Qanundankənar pul verməyi özümə sığışdırmırdım. Buna görə də hotellərdə yer tapmağım çətin olurdu.

      Hotelin dolu olmasının, boş qalmasının işçilərin maaşa təsiri yox idi. Onlar da dolanışıqlarını yaxşılaşdırmaq üçün nə yolla olur-olsun qonaqlardan pul qoparmağa çalışırdılar.

      Sanatoriya, kurorta göndəriş alanda isə bilirdin ki, pis-yaxşı qalacağın yer də, yemək-içməyin də öncədən hazırlanıb.

      Kırımdakı, Quzey Qafqazdakı sanatoriyalarda olarkən yerli radio-televiziyaya, qəzet və jurnal redaksiyalarına, nəşriyyatlara gedirdik. Oradan malkar (balkar), qaraçay, noqay, qumuq dillərində kitablar, qəzet-jurnallar gətirir, peşə yoldaşlarımıza, dostlarımıza verir, oxuyub müzakirə edirdik.

      Rəsmi statistikada yunan (qrek) yazılanlar, özlərinə urumlu deyirdilər. Sadə urumlular ilə söhbətimiz şirin keçirdi. Həvəslə bayatılar, dastanlardan parçalar, nağıllar, ata sözləri və s. söyləyirdilər. Səslərini yazmağa maqnitafonum, diktafonum olmadığından danışıqları qələmlə kağıza yazmağa çalışırdım.

      Türkcə dil açan, məktəbə gedənə kimi əsasən türk dilində danışan, kilsədə keşişin söylədiyini anlamayan bu topluma mənim doğulduğum bölgədə – Göyçədə yaşayan türklər də, ermənilər də urumlular deyirdilər. Gürcülər isə onları berzen adlandırırdı. Səhv etmirəmsə, bu da yeni gələn deməkdir. Xeyirdə-şərdə, ailədə, küçədə-bacada bir-birilə türkcə danışan, yəni ünsiyyət dilləri türkcə olan bu xalqda belə bir fikir formalaşdırılıb ki, onlar tarixin hansı dönəmindəsə yunan dilində danışırlarmış. Osmanlılar Bizansı yendikdən sonra şərt qoyublar ki, ya dininizi dəyişin, ya da dilinizi. Urumlular da inanclarına sadiq olduqlarından dillərini dəyişiblər.

      Urumluların oxumuşları ilə ünsiyyət qurmağımız heç də asan olmurdu. Onların antitürk söhbətlərinə faktlarla cavab verməyə çalışanda qəbul etmək istəmirdilər. “Osmanlı dövlətində yaşayan yunanların hamısı dilini dəyişmədiyi halda siz necə oldu dilinizi dəyişdiniz?” sualını verəndə ciddi və məntiqli cavab vermək əvəzinə əsəbiləşir, 19-20-ci yüzillərdə Rusiyada nəşr edilmiş kitablara istinad edir, məni inandırmağa çalışırdılar. Sultanlarının urumluların dilini dəyişdirməsi haqqında rəsmi bir sənəd, qaynaq da göstərə bilmirdilər.

      Osmanlı dövlətində islamı qəbul edənlər ciziyə vergisindən azad etdiyini, dilini dəyişib dinini qoruyanlara isə heç bir güzəşt edilmədiyini dönə-dönə söyləyirdim. “Onda vergidən azad olmaq xatirinə gərək urumlular dinlərini dəyişəydilər, nədən dillərini dəyişiblər?” sualına cavab vermək əvəzinə əsəbiləşirdilər.

      Açıq-aşkar görürdüm ki, urumlular da qaqauzlar, çuvaşlar, kreşni tatarlar və başqa toplumlar kimi xristian inanclı türklərdir. Lakin Rusiyanın və Avropa dövlətlərinin apardıqları uzunmüddətli təbliğat onlarda türklərə qarşı nifrət formalaşdırıb.

      Məzuniyyətdən