babam adımı qoyanda hansı qisməti nəzərdə tutubmuş? Çox güman ki, Allah tamarzı valideynlərimə uzun illərdən sonra övlad, özü də oğul verdiyinə görə. Özgə ad qəhətmiş?! Bu da bir yazıdı – alın yazısı. Hər şey başqa cürə ola bilərdi axı…” Hələ ki, barmaqları sözünə baxırdı; əvvəlcə bütün bədən üzvlərinə toxundu, yaxşı-yaxşı yoxladı, boynunda, çiynində və sol dizindəki ağrını saymasa, şükür, çox yerinin salamat olduğuna sevindi. Burnundan axan qan da qurumuşdu. Azca toxtadı. Axı Allah eləməmiş, diz qapağı, ya qıçı sınsaydı, ha bağır, ha çığır, bu yiyəsizlikdə səsinə kim hay verəcəkdi? Ölüb qalacaqdı çöllükdə… Özünü okeanın tən ortasında gəmidən qovulmuş, üzməyi bacarmayan əlacsız, ümidsiz biri kimi hiss etdi və bu xof onu elə qorxutdu ki, udqunsa da, burula-burula xirtdəyinəcən qalxıb nəfəsini kəsən qəhərin acısını geri ötürə bilmədi. Səksəkəylə o yan-bu yana boylandı. Dünyadan əlaqəsi kəsildiyini, tək-tənha qaldığını indicə dərk etdi… və qorxdu. Özü də pis… İçində dərin bir boşluq vardı. Dibi görükməyən boşluq və qaranlıq! Göynəyirdi içi… Yeri-göyü silkələyəcək dəli bir çığırtıyla keyləşmiş vicudunu oyatmaq istədi. Ətrafında əli çatası, səsi yetəsi kimsənin olmadığını dərk etdikcə vahimədən bərəlmiş gözlərini qırpmadan qurğuşun kimi boğazına dolmuş qəhəri “qusmaq” üçün ağzını ayırıb var gücüylə bağırdı: “Aaaaaaa-aaaaa!!!.. Aaaağğıııı… ııııı…!!!” Yaxınlıqda bu əcaib naləni eşidən olsaydı, elə bilərdi küt qəməltiylə vəhşi öküz başı kəsirlər. Ancaq buza dönmüş göy üzündə çilik-çilik olan qorxunc bağırtını nə yaxında, nə də uzaqda eşidəcək kimsə yox idi. Küknar ağacının sıx budaqlarına qısılıb mürgülü-mürgülü ətrafa göz vuran bayquşları, veyil-veyil gəzişən qartımış qarğaları saymasaq, sanki dünya bomboş idi…
…Bu bəxt ki onda var, əgər atasının sözündən çıxıb döyüşə getsəydi, yəqin ki, indi torpağın altındaydı, çürüyüb qurdlara yem olmuşdu. Ölməsəydi də, ən yaxşı halda ayağının, ya qolunun birini, bəlkə ikisini də itirmişdi. Buna heç şübhəsi yox idi. Ancaq düşdüyü indiki vəziyyətini fikirləşdikləriylə müqayisə edəndə, nədənsə bir ayağını, lap iki qolunu da itirmiş döyüşçüyə həsəd apardı. “Heç olmasa yanında doğmaları olardı.” Havadan zəhrimar tökülürdü… Bir az soyuq, bir az həlim nə idisə gah yuxarıdan aşağıya, gah da aşağıdan yuxarıya kürəyində gəzişməyə başladı. Təpədən dırnağacan ürpəndi. Elə bil minlərlə qarışqa, ya da qırxayaq paltarının altından bədəninə daraşmışdı, dərisini örtmüş tüklərinin dibində qaçdıtutdu oynayırdı. Bədəni gah isinir, gah da buza dönürdü. Hətta, bədənini ürpəndirən məxluqları təsəvvürünə gətirib iyrənən kimi oldu. Üşütməsəydi üstündə nə vardısa, soyunub kənara atar, dayanmadan sinirlərini tarıma çəkən yaramaz təəssüratdan canını qurtarardı. Son vaxtlar özünü bu qədər narahat hiss etdiyi yadına düşmürdü. “Ay axmaq, dizəcən çıxan qarda qarışqa nə gəzir?” Qəfil gələn bu fikir ağlına batan kimi başa düşdü ki, vücuduna hakim kəsilən vicvicə qarışqa sürüsü deyil, vahimə və qorxudan oyanmış sinirləridi… “Bax, Qismət, insan belə havalanır! Deməli belə havalanır… Heç nədən. İşə bax e, sən demə, adi qarışqa, dünyanın ən zavallı həşəratı barədə fikirləşmək də adamı dəli edə bilərmiş?! Hələ ağlın başındadır, Allahına şükür elə. Özünü ələ al, düşdüyün vəziyyəti, şəraiti anla, aqibətinin sonunu düşün, yol tap… Yol… yol… Bəlkə yolum bitdi?!” Ayaq barmaqları sızıldamağa başladı. İki cüt corabı üst-üstə geyinmişdi, deyəsən ayaqqabısı balaca sıxdığından barmaqlarının ucu döyənək olmuşdu. “Bir bu çatmırdı!” İliyinəcən göynəyən bədəni düşmən qarşısında tərksilah olmuş döyüşçü qədər çarəsiz və aciz idi. “Siqaret çəkən olsaydım, üstümdə alışqanım, ya da kibritim olardı; yaxşı tonqal qalayardım, donmazdım. Odun axtarmağa da ehtiyac yox, budu, yığıb toplayıblar, yandırana minnət! Düzdü, odunlar yaş olar, amma küknar qozaları tez tutuşar, rayonda qaz kəsiləndə məktəbimizin həyətindəki eldar şamının iri qozalarını yığıb peçdə o qədər yandırardıq ki! Dızıldaya-dızıldaya qurunun oduna yaşın tutuşması, sonra da çırta-çırtla yanması başqa aləmdi… Gərək başlayam… siqaretə… zəhləm getsə də… Ən azından əsəblərimi sakitləşdirərdi… Əşi yox e, yoox… axmaq vərdişdi… Amma cibimdə alışqan-zad gəzdirsəm, pis olmaz. Ya da kibrit… Bircə səhər tez açılaydı…” Gecə indicə düşmüşdü ki?!…
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.