Əl-Fərabi Universitetinin professoru İslam Ceminey sentyabr ayında mənə zəng vurmuşdu. Bildirdi ki, universitet onun Türkmənistanda araşdırmalar aparmasına qrant ayırıb. Amma Türkmənistan konsulluğundan viza ala bilmir. Konsulluq tələb edir ki, Türkmənistandakı elmi müəssisələrdən biri ona mütləq dəvət məktubu göndərsin. Türkmənistandakı alim tanışlara zəng vurub xahiş etdim ki, çalışdıqları ali məktəblərin və ya elmi tədqiqat institutlarının rəhbərlərindən məktub alıb İslam Cemineyə göndərsinlər. Sağ olsunlar, sözümü yerə salmadılar, məktub alıb göndərdilər. Heyif ki, bu məktub işə yaramadı. Nə qədər adamın zəhməti hədər getdi. Məktubun hazırlanması, icazə alınması üçün yazışmalar, göndərilməsi o qədər uzun çəkdi ki, qrantın müddəti bitdi və İslam Ceminey Türkmənistana gəlib oradakı əlyazmalar üzərində işləyə bilmədi.
Sovet dövründə isə bu bürokratik əngəllərin heç birinə ehtiyac yox idi. Buna baxmayaraq, Qırğızıstanda, Qazaxıstanda olmağı çox arzulayırdım. Axısqadan, Ermənistandan, Azərbaycanın müxtəlif bölgələrindən oraya sürgün edilənlərlə görüşməyə, material toplamağa can atırdım. Heç bir rəsmi əngəl də yox idi. Buna baxmayaraq, gedə bilməmişdim. Çünki ailə büdcəm bu səfər üçün yetərli deyildi.
Ailədə bir mən idim, bir də xanımım. İkimiz də mətbuatda işləyirdik, maaşımızdan çox qonorar alırdıq. Necə deyərlər, gəlirimiz nazirlərin maaşından yüksək idi. Di gəl ki, heç velosipedimiz də yox idi. Evə mebel, xalça da ala bilməmişdik. Yüksək rütbəli məmurları demirəm, bizdən 4–5 dəfə az maaş alan satıcının, ambardarın, bağça müdirinin, mənzil istismar idarəsi müdirinin və başqa peşə sahibinin isə hər şeyi vardı. Dolanışığı da bizdən qat-qat yaxşı keçirdi.
Türkmənistanın isə hələlik vizanı qaldırmaq fikri yoxdur. Halbuki viza və ya başqa əngəllər bu ölkənin yalnız iqtisadiyyatına deyil, mədəniyyətinə də mənfi təsir göstərir, vətəndaşlarda da bir qorxu, psixoloji gərginlik yaradır.
Deyəsən, Sovetlər Birliyinin dağılması mənə düşüb
Sovetlər Birliyi dağılandan sonra Türkiyənin Qazaxıstanda keçirdiyi bir neçə elmi simpoziuma qatıldım. Bundan istifadə edib sürgün olunanlarla da görüşdüm, topladığım materiallar əsasında iki kitab, bir neçə məqalə yazdım. O məqalələrdən bir hissəsini "525-ci qəzet" 2013-cü ilin iyul ayında silsilə şəkilində "Sürgün olunanların sorağı ilə" başlığı altında dərc etdi. Deyəsən, oxucusu da az olmadı.
Bölmə toplantısı başa çatanda
Məni isə maraqlandıran nə uca dağlar, nə buz bulaqlar, nə də Isık gölün ilıq sularında çimmək, yaşıl sahillərində dincəlmək idi. Mən sürgün olunanlarla görüşməyə, yaddaşlarında qoruyub saxladıqları folklorumuzu toplamağa can atırdım.
Qırğızıstana səfərim isə maddi sıxıntı ucbatından baş tutmurdu. Uşaqlıq və yeniyetməlik illərində kəndlimiz İsbi İsmayılovun Qırğızıstan haqqında nağılabənzər söhbətlərini çox eşitmişdim. 1930-cu illərdə həbs olunan İsbi İsmayılov sonra Qırğızıstana sürgün edilmişdi. Sürgün müddətində çobanlıq edən İsbi İsmayılov oranın coşğun dağ çaylarının keçilməzliyindən, yüklü kor dəvənin sağlam gözünü də parça ilə bağlayıb gurultulu dağ çayının üzərində körpü kimi atılmış bir dirəyin üstündən necə keçirdiyindən, uca və həmişə başı qarlı olan dağlardan, yayın ortasında belə qar yağmasından, dəfələrlə ölümlə üzləşsə də, möcüzəli şəkildə sağ qalmasından həvəslə danışardı. Onun danışdıqlarına bənzər bədii təsvirlərə sonralar Çingiz Aytmatovun "Əlvida, Gülsarı" povestində rast gəldim. Povesti oxuduqca mənə elə gəlirdi ki, yazıçı, İsbi İsmayılovun danışdıqlarını qələmə alıb.
Simpozium iştirakçıları “Ata-Beyt”də
Türk xalqlarının türkcə ilk yazılı əsərləri simpoziumu
2018-ci ilin iyulunda mənə xəbər göndərdilər ki, Türkiyədəki Hacı Bektaş Vəli Kültür Dərnəyi, Dünya Söz Akademiyası və Qırğızıstandakı Kasım Tınıstanov adına Isık göl Universitetinin Karakol şəhərində birgə keçirəcəyi "Türk xalqlarının türkcə ilk yazılı əsərləri – "Qutadqu bilik", "Divanü lüğat-it-türk", "Ətabətül-həqayiq", "Dədə Qorqud" Uluslararası Simpoziumuna qatılım. Simpoziumun dəstəkçisi TİKA idi. TİKA varsa, demək, xərclər haqqında narahatlıq keçirməyə dəyməzdi. Hər şeyi onlar yüksək səviyyədə həll edəcəkdilər. Ona görə də böyük həvəslə "Qutadqu-bilik" in Azərbaycanda tanıdılmasında və Avropa metodları ilə araşdırılmasında Əmin Abidin rolu" mövzusunda bildiri özətimi göndərdim.
Az sonra bildiri özətimin qəbul olunduğunu yazdılar. Bildirdilər ki, pasportumun surətini göndərim, bilet alsınlar. TİKA-nın Türk Hava Yolları ilə müqaviləsi olduğunu bilirdim. Onlar, adətən, biletləri THY-nın təyyarələrinə alırlar. Bakıdan da THY ilə Bişkekə təyyarə reysi yoxdu. Ümumiyyətlə, Bakıdan Qırğızıstana birbaşa təyyarə reysi yoxdur. Demək, bileti Bakı-İstanbul-Bişkek reysinə gediş-dönüş alacaqlar. Bu da 7–8 saat havada qalmaq, 5–6 saat İstanbulda gözləmək deməkdir.
Bir neçə dəfə yazıb xahiş etdim ki, ya siz biletlərimizi Bakı-Almatı-Bişkek reysinə alın, ya da biz alaq, orada bilet pullarımızı ödəyin. Onda biz təxminən iki saat yarıma Almatıya, yarım saata da Bişkekə uçardıq, biletlərin qiyməti də ucuz olardı. Heyif ki, bizimlə razılaşmadılar. Bileti özləri alıb göndərdilər. Baxdım ki, bizim təklif etdiyimizdən 4 dəfə çox pul xərclənib. Deməyə sözüm qalmadı. Bu da bizim günlərin anlaşılmazlığı!
2018-ci il sentyabrın 29-da səhər tezdən evdən çıxsaq da, Bişkekə axşam çatdıq. Bütün günü təyyarədə və gözləmə salonunda keçirdik. İstanbul hava limanında Türkiyədən simpoziuma gedənlərlə görüşdük. Əksəriyyətini tanıyırdım. Müxtəlif toplantılarda görüşmüş, dostlaşmışdıq. Hamımız eyni reyslə gedirdik. Onlar daxili reyslərlə gələndən az sonra uçuş başladığından hal-əhval tutmamız, dərdləşməmiz 5 saatlıq uçuşa qaldı.
Qazaxıstan sərhəddində Qırğız paytaxtı
Kiçik respublika Qırğızıstan Sovet dönəmində Qələbə piki (7439), Lenin piki (7134) və Xan Tenqri piki (6995) ilə coğrafiya həvəskarı olan məktəblilərin yaddaşına hopmuşdu. Tanrı dağları ilə əhatə olunan bölgənin vadiləri subtropik və mülayim qurşağa daxil edilir. Sahəsi 199,9 min kvadrat kilometr, əhalisi 6 milyon nəfərə yaxındır. Təbii artım yüksəkdir. Hər min nəfərə 16 nəfər düşür.
Ölkənin başkəndi Bişkek düzənlikdə, Çuy (Türk dillərində ç-ş-s səsdəyişməsi var. Çay da adını su sözündən alıb. Biz bu çayın adını da rus qaynaqlarında yazıldığı kimi deyil, qırğızlarda olduğu şəkildə yazacağıq) vadisində yerləşir. Çayın sağ sahili Qazaxıstan, sol sahili Qırğızıstandır. Bişkek şəhərinin bəzi obyektləri Çuy çayının sahilindədir. 1924-cü il oktyabrın 14-dək qazax, qırğız ayrı-seçkiliyi yox idi. Qazaxlar da özlərini qırğız sayırdılar. Keçirdikləri toplantıları da qırğız konfransları, qurultayları adlandırırdılar.
Bütün imperialist dövlətlər kimi, Sovet Rusiyası da "Parçala, hökm sür!"