səhər yeməyinə artıq gecikib və özündən asılı olmayaraq bu əzabdan qurtardığına sevindi. Birdən nəsə xatırlayıb Basilə tərəf döndü:
– Mənim indi yadıma düşdü ki, Dorian Qrey haqqında bir dəfə eşitmişəm. Xalam demişdi ki, Dorian Qrey adlı maraqlı bir gənc ona bəzi işlərində kömək edir. Heyif, o vaxt bilməmişəm ki, söhbət sənin dostundan gedir.
– Yaxşı ki, bilməmisən.
– Niyə?
– Dedim axı istəmirəm siz tanış olasınız.
– Mister Dorian Qrey sizin emalatxananızdadır, ser, – gözlənilmədən bağçada peyda olan qulluqçunun sözləri Basili diksindirdi.
Lord Henri ürəkdən güldü:
– Aha, indi istər-istəməz özün bizi tanış edəcəksən.
Basil lord Henrinin gözlərinin içinə baxıb yumşaq səslə dedi:
– Dorian Qrey mənim ən əziz dostumdur. Təmiz, işıqlı qəlbi var. Bax ha, Harri, onu korlama! Ona təsir göstərməyə cəhd etmə. Sənin təsirin Dorian üçün öldürücü ola bilər. Mənim yaradıcılığıma ilham verən yeganə adamı əlimdən alma. Bir rəssam kimi, mənim bütün gələcəyim ondan asılıdır. Sənin vicdanına ümid edirəm, Harri, bunu unutma!
– Cəfəng sözlər danışırsan. – Lord Henri gülümsədi.
2
Basillə Henri içəri girəndə Dorian Qrey royalın arxasında oturub bəstəkar Şumanın “Meşə səhnələri” albomunu vərəqləyirdi.
– Bunu bir müddətə mənə verə bilərsinizmi, Basil? – deyə Dorian soruşdu. Başını albomdan qaldıranda lord Henrini gördü. Qızardı və dərhal ayağa qalxdı. – Oh, bağışlayın, Basil, qonağınız olduğunu bilmirdim.
– Tanış olun, Dorian, lord Henri Uotton mənim köhnə tələbə dostumdur.
– Sizin haqqınızda xalamdan – ledi Aqatadan, çox eşitmişəm, – lord Henri Doriana yaxınlaşıb əl uzatdı. – O sizi çox sevir.
– Yəqin, daha sevmir, – Dorian utancaqlıqla cavab verdi. – Keçən çərşənbə söz vermişdim ki, onunla bir yerdə klubda royalda çalacağıq. Amma unutdum. İndi gözünə görsənməyə qorxuram.
– Eybi yox, sizi barışdıraram. Onsuz da mənim xalam royalın arxasında təkbaşına iki adamın əvəzinə səs çıxarır.
Lord Henri heyranlıqla Doriana baxdı. Bu gənc, doğrudan da, çox yaraşıqlı idi. Mavi gözləri, qızılı saçları vardı. Sifətindəki səmimiliyi görən adamda ona qarşı bir doğmalıq, etimad yaranırdı. İndi lord Henri Basilin hislərini başa düşürdü.
Lord Henri divanda yayxanıb portsiqarını çıxardı:
– Belə yaraşıqlı bir gənc xeyriyyəçiliklə məşğul olmamalıdır. Yox, siz bu işə yaramırsınız, mister Qrey.
Basil fırçanı götürüb rəngləri qarışdırırdı. Lord Henrinin son sözlərini eşidəndə narahatlıqla onun üzünə baxdı, bir qədər tərəddüddən sonra dedi:
– Harri, mən bu gün Dorianın portretini bitirmək istəyirəm. Səndən getməyini xahiş etsəm, inciməzsən ki?
Lord Henri təbəssümlə üzünü Dorian Qreyə çevirdi:
– Nə deyirsiniz, mister Qrey, gedim?
– Xahiş edirəm, getməyin, lord Henri. Axı siz heç izah da etmədiniz ki, nəyə görə mən xeyriyyəçiliklə məşğul olmamalıyam.
– Etiraz etmirsən, Basil? – Lord Henri bu dəfə dostuna üz tutdu.
Rəssam dodağını dişlədi:
– Əlbəttə, Dorian istəyirsə, qal… Sizsə Dorian, bu körpücüyün üstünə çıxın və otərəf-butərəfə az fırlanın.
Dorian üzünə əzabkeş ifadə verib Basilin göstərdiyi körpücüyə qalxdı və lord Henri ilə baxışdı. Rəssam həvəslə işləyir, Henri eyni həvəslə danışırdı, gənc isə ona qulaq asırdı. Basilin dostu Dorianın xoşuna gəlirdi, onun səsi də qulaq oxşayırdı.
– Həyatın mənası – özünü ifadə etməkdədir. Bunun üçün yaşayırıq. Ancaq adamlar özləri özlərindən qorxurlar. Unudublar ki, ən ali borc insanın öz qarşısında borcudur. Əlbəttə, onlar başqalarına qarşı mərhəmətlidirlər, xeyriyyəçilik edirlər, acları yedizdirirlər, paltarsızı geyindirirlər. Amma öz qəlbləri lütdür, acından ölürlər. Biz cəsarətimizi itirmişik. İctimai rəydən qorxuruq, dindən qorxuruq. Günah işlətmək qorxusundan yaxa qurtarmağın yeganə yolu elə günah işlətməkdir. Bununla siz birdəfəlik qorxunuzdan azad olacaqsınız. Əks təqdirdə qadağan olunmuş meyvədən dadmaq istəyi ömrünüz boyu sizdən əl çəkməyəcək…
– Dayanın, dayanın, – Dorian Qrey lord Henrinin sözünü kəsdi. – Sizinlə mübahisə etmək də olar, amma mən söz tapa bilmirəm… Daha heç nə deməyin, qoyun bir az fikirləşim.
Dorian on dəqiqə yerində donmuş vəziyyətdə qaldı. Gözlərində qəribə parıltı yaranmışdı. Bu vaxtadək onu yalnız musiqi həyəcanlandırırdı. İndisə o lord Henrinin sözlərindən həyəcana gəlmişdi. Sadəcə sözlərdən. Amma bu sözlər necə də qəddar, eyni zamanda cəlbedicidirlər! Onlardan qaçmaq imkansızdır! Dorian əvvəllər başa düşə bilmədiyi çox şeyi lord Henrinin sözlərindən sonra başa düşdü. Görəsən, niyə indiyədək bunlar onun öz ağlına gəlməyib?!
Lord Henri güclə sezilən bir təbəssümlə Dorianı izləyirdi. Nə vaxt danışmaq, nə vaxt susmaq lazım gəldiyini o, yaxşı bilirdi. Bu yaraşıqlı gənc get-gedə lord Henrini daha çox maraqlandırırdı.
– Basil, mən yoruldum, – deyə Dorian, nəhayət, sükutu pozdu. – Havaya çıxmaq istəyirəm, bura çox bürküdür.
– Ah, bağışlayın, dostum. Mən işləyəndə hər şeyi unuduram. Bilmirəm, Harri sizə nə deyirdi, amma sifətinizdə ecazkar bir ifadə var idi. Yəqin, sizi tərifləyirdi.
– Nə desə də, mən ona inanmırdım.
– Özünüz də bilirsiniz ki, hər sözümə inanırdınız. – Lord Henri fikirli-fikirli Doriana baxdı. – Basil, mən də bağçaya çıxıram, bura dözülməz dərəcədə istidir.
– Amma Dorianın başını orada çox qatma. Mən hələ işləmək istəyirəm. Bu əsər əsl şedevr olacaq.
Dorian bağçada yasəmənləri iyləyirdi. Lord Henri yaxınlaşıb arxadan yüngülcə onun çiyninə toxundu.
– Siz qəribəsiniz, mister Qrey. Özünüz düşündüyünüzdən çox şey bilirsiniz, amma daha çox bilmək istəyirsiniz.
Dorian hiss edirdi ki, yanındakı adamdan qorxur və bundan utanırdı. Bax, Basillə o, xeyli vaxtdır tanışdır. Lakin bu tanışlıq onda heç bir daxili dəyişikliyə səbəb olmayıb. Amma Basilin dostu ortaya çıxdığı andan Dorianın həyata baxışlarına yenilik gətirdi. Nə olsun? Məgər buna görə lord Henridən qorxmaq lazımdır?
Lord Henri Doriana oturmağı təklif etdi:
– Gəlin, kölgəlikdə əyləşək. Günün altında dəriniz korlana bilər.
– Bunun əhəmiyyəti yoxdur. – Dorian güldü.
– Sizin üçün böyük