Mişel Yoanq

Çingiz xan


Скачать книгу

ion>

      At belində dünyanı fəth etmək çox asandır. Çətin olan atdan enib dünyanı idarə etməkdir.

Çingiz xan

      I FƏSİL

      Cənazəni basdırmağa aparanlar yolda qarşılarına kim çıxsa, öldürürdülər ki, «get o dünyada öz hökmdarına xidmət elə!»

      Onlar belə düşünürdülər… Hökmdarları öləndə onun ən yaxşı atlarını da öldürüb yanında basdırırdılar ki, o dünyada miniyi olsun. Adətləri belədir…

Marko Polo

      Matəm alayı

      Salnaməçilər təsdiq edir ki, böyük xan – Çingiz ov zamanı atdan yıxılır. Elə o yıxılan bir daha ayağa dura bilmir. 1247-ci ildə indiki Monqolustandan qayıdan italiyalı rahib, Monqol imperiyası torpaqlarına səyahət edən ilk avropalı kimi tarixə düşən Covanni Plano Karpini (1182–1252) Roma papası IV İnnokentiyə xəbər çatdırır ki, ulu xaqanı ildırım vurub. Bəziləri isə kənizlərindən birinin ona zəhər içirdiyini söyləyirdilər.

      Bir sözlə, xanın ölümünün əsl səbəbi barədə indiyədək müxtəlif versiyalar mövcuddur; biz isə məhz ilk varianta üstünlük verəcəyik.

      Ömrünün son aylarında ölümün yaxınlaşdığını duyan Çingiz xan – Temuçin ən etibarlı sərkərdələrini və ilk qadınından olan iki oğlunu yanına çağırır. Məqsədi axırıncı göstərişlərini vermək, vəsiyyətini çatdırmaq idi.

      O zaman ulu xaqanın altmış beş yaşı vardı, hərçənd bəzi qaynaqlara görə, böyük xan daha yaşlı idi: 70-i haqlamış, saçı-saqqalı çoxdan ağarmışdı…

      Böyük xan ölüm yatağında var gücünü toplayır, di gəl, yenə qalxa bilmir. Qədim bir atalar sözündə deyildiyi kimi: «Monqol ki öz atından ayrı düşdü, ölməkdən başqa nə çarəsi var?»

      Göylərin hökmü ilə dünyanı fəth etmiş Çingiz xanı ölüm yavaş-yavaş aparırdı. Bu həmin vaxtlar idi ki, onun qurduğu imperatorluq artıq bütün yer üzünü sarmışdı. Salnaməçilər də təsdiqləyirlər ki, «bu böyük ərazinin bir başından digər başına qədər birillik yol vardı».

      Çingiz xan ölüm yatağında öncə öz nəhəng imperiyasını oğulları arasında böldü, sonra isə gələcək istila planlarını dəqiqliklə açıqladı. Salnaməçilər yazır ki, xan həmin vaxt yanında olan oğullarına və nəvələrinin hərəsinə bir ox verilməsini əmr edir. «Onu sındırın» – deyəndə hamısı əllərindəki oxu çox asanlıqla sındırır. Sonra xan oxları bir yerə dəstələyib dillənir: «İndi sındırın».

      Heç kim bu bir qom oxu sındıra bilmir. Onda Çingiz xan öz törəmələrinə belə bir nəsihət verir: «Bu ox qoması kimi həmişə birgə olun ki, sizi heç vaxt təkləyib sındıra bilməsinlər».

      …Ağı mərasimi bir neçə gün çəkdi. Sonra əsilzadələr, tayfa başçıları Çingiz xanın ilk qadını ağbirçək Börtənin yanına gələrək adət-ənənəyə uyğun şəkildə ona hörmət və ehtiramlarını bildirdilər. Bütün tayfa başçıları paytaxt Qaraqoruma gələnə qədər xeyli vaxt keçdi.

      Nəhayət, şamanlar1 mərhum xanı dəfn olunacağı dağa qaldırmaq üçün uyğun zamanın yetişdiyini söylədilər. Çingiz xanın cansız bədəninə qiymətli ipəkdən tikilmiş təmtəraqlı paltar geyindirdilər və onu tabuta qoydular. İç-içə keçirilmiş beş tabutdan ibarət olan xan sənduqəsini2 bayraqlarla bəzədilmiş arabaya yerləşdirdilər, sonra isə onu göz yaşları içində son mənzilə yola saldılar.

      Ənənəyə uyğun olaraq Temuçin dağları duman bürüyən vaxt nəhəng bir ağacın dibində dəfn olundu.

      II FƏSİL

      «Mən Tanrının cəzasıyam. Əgər heç bir günahınız olmasaydı, Tanrı sizi cəzalandırmağım üçün məni göndərməzdi»

Çingiz xan

      Bozqırlar3 oğlu

      «Çingiz xanın əcdadı uca Tanrının (Səmanın) iradəsi ilə doğulmuş Börtə-Çino (Bozqurd) idi. Onun qadını Ko’ay-Maral (mənası: açıq-şabalıdı rəngdə olan Maral) idi. Onlar Onon çayının mənbəyində – Burxan-Xaldun dağında binə4 saldılar. Bu vaxt onların bir oğlu oldu – Bataki xan. Bataki xandan Tamaka, Tamaka xandan Korikar-merqan adında oğullar dünyaya gəldi…»

      Monqol imperiyasını quran çingizilər və onların soy-kökündən bəhs edən «Monqolların gizli tarixi» adlı epik salnamə bu sözlərlə başlayır.

      Bozqırlarda yaşayan sadə camaatın inancına görə, Çingiz xana qədər monqol əsilzadələrinin ulu babaları qurd və maraldan törəmişdilər.

      Gələcəyin Çingiz xanı üstü keçə örtülü kasıb bir binədə – alaçıqda anadan olmuşdu. Monqol salnaməsində deyilir ki, körpə dünyaya gələndə barmaqlarını yumub sıxdığı sağ ovcunda qan laxtası vardı. Türk-monqol inanclarına görə, bu, gələcəkdə uşağın döyüş meydanlarında şöhrət qazanacağına bir işarə idi. Atası Yesugey oğluna onun anadan olmasına az qalmış məğlub elədiyi bir tatar döyüşçüsünün adını verir: Temuçin.

      Əlbəttə, onun bu qərarı çoxunuza qəribə görünə bilər. Amma bozqır döyüşçülərinin inancına görə, yenilmiş düşmən öz enerjisini qalibə ötürməklə onun gücünə güc qatırdı.

      «Temuçin» sözünün mənşəyi kimi türk-monqol kökənli «dəmir» (temur–dəmir) sözünü götürmək və onu «dəmirçi» kimi tərcümə etmək olar…

      Körpənin atası kiyat adlı qəbilənin bir qolu olan Börçigin tirəsinin5 tayfa başçısı idi. O, dəfələrlə qonşu tayfalara qarşı döyüşlərdə iştirak etmişdi. Belə döyüşlərin birində «Bahadır» (yəni igid, cəsur) ləqəbini qazanmışdı. Sıradan bir boy başçısı olan Yesugey bahadır özünü kerait tayfasının hakimi elan etmiş Toğrul adlı birisi ilə ittifaqa girdi. Hərbi ittifaqlarını daha da gücləndirmək üçün Toğrul Yesugey bahadırla anda (qan qardaşı) oldu. O vaxt köçərilərdə belə bir adət vardı: daha yaxından dost olmaq istəyən iki kişi damarlarını çərtib qatıq dolu bir cama bir neçə damcı qan damızdırar, sonra da qarışdırıb yarı-yarıya içərdilər. Bununla da onlar qan qardaşı olardılar. Bu qan qardaşlığı sonralar Temuçinin taleyində əhəmiyyətli rol oynadı.

      «Monqolların gizli tarixi»ndə (bundan sonra «Gizli tarix» adlandıracağıq) yer alan bir versiyaya görə, Yesugey öz gələcək həyat yoldaşıyla olduqca qeyri-adi bir şəraitdə rastlaşır: ov ovladığı əsnada merkit tayfasından bir atlının öz yurduna arabada gənc bir qadın apardığını görür. Yesugey qadını görən kimi qəlbi yerindən oynayır. Bu sanki ona Tanrının göndərdiyi bəxşiş idi. Dərhal ovu unudub atını öz binələrinə doğru çapır. Qardaşları Nukana-Tayşi və Daritayı yanına alıb bozqırda gördüyü gənclərin dalınca düşür. Gənclər bu qovalamacanın məqsədini çox tez başa düşürlər. Gənc qadın artıq hər şeyin gec olduğunu anladığından adaxlısını dilə tutur ki, aradan çıxsın. Oğlan da başqa çarəsinin qalmadığını görüb boz təpələrin arxasında qeyb olur. Yesugeylə yanındakılar heç bir çətinlik çəkmədən arabanı saxlayıb gözəl Oelunu əsir götürürlər… Bir müddət sonra isə həmin qəşəng qız Yesugey bahadırın qadını olur. Oelun axıradək Yesugeyin ən sədaqətli və sevimli xanımı olaraq qalır. Temuçindən başqa ona üç oğul bəxş edir: Cuçi-Kazar (Aslan), Kaçu-na və Temuge. Bir də, bir qız – Temulun. Yesugeyin o biri arvadından da iki oğlu olur – Bekter və Belgutey.

      Bəs Yesugeyin bu qədər oğul-uşağı necə dolanırdı? Açığı, ailənin azuqə ehtiyatı o qədər də çox deyildi. Dolanışığın başlıca qaynağı olan maldarlıq bütün ailə üzvlərinin durmadan çalışmasını tələb edirdi. Uşaqlar körpə vaxtından mal-qoyun otarır, ormanlardan giləmeyvə toplayırdılar.

      Temuçin güc və cəldlik tələb edən məşqlərdə olduqca qüvvətli və diribaş idi. Xüsusən də köçərilərin xüsusi əhəmiyyət verdiyi at çapmaqda! On yaşına