Mişel Yoanq

Çingiz xan


Скачать книгу

on altıncı günü qırmızı halə çağında» tayciutlar Onon çayının sahilində bayram eləyirdilər. Əsirə nəzarəti sütül bir oğlana tapşırmışdılar. Temuçin o saat anladı ki, bir az əlli-ayaqlı tərpənsə, bu incə-mincə nəzarətçini aradan çıxara bilər. Çayın sahilində hamı nəşələnib ucadan, boğaz dolusu oxuyurdu, əsir heç kimin vecinə deyildi. Temuçin fürsətdən istifadə edib gənc qarovulçuya yaxınlaşdı, qəfildən üstünə sıçrayıb onu öldürərək aradan çıxdı. Çay lap yaxından axırdı. Tərəddüd etmədən suların qoynuna atıldı və özünü axının ixtiyarına buraxdı.

      Başı, ayağı əvvəlki təki buxovlu olan Temuçinin bu cəldliyi, çevikliyi və iradəsi, həqiqətən, heyrətamizdir!

      Hay-haraya ayağa duran tayciutlar vaxt itirmədən onu axtarışına başladılar; qamışlıqların, kolluqların arasını ələk-vələk elədilər. Ay bədirlənmişdi. Qaranlıqdan göz gözü görmürdü. Bu isə həm Temuçinin, həm də tayciutların işini çətinləşdirirdi.

      Bu arada bəxt Temuçinin üzünə güldü: nə təhər oldusa, axtaranlardan biri onu gördü. Əlbəttə, düşünə bilərsiniz ki, bunun nəyi yaxşıdır? Sualın cavabını birazdan öyrənəcəksiniz.

      Yesugeyin cəsur oğlu hələ də başı, ayağı ağac kündəyə bağlı, buxovun ağırlığından iki qatlanmış halda idi. Onu görən adam isə Sorkan-Sira idi: tayciutların vassalı! Lakin nədənsə o, Temuçini gördüyünü kimsəyə demədi, susdu. Yazığımı gəldi, Yesugey qarşısında hansısa borcundanmı çıxdı, yoxsa tayciutlarla arasında ədavətmi vardı? Bu suala da cavab vermək mümkün deyil. Lakin fakt budur ki, Sorkan-Sira Temuçini görüncə axtarışın yönünü dəyişdirdi, bununla da oğlan təhlükədən sovuşdu. Bütün gecəni boş-boşuna gəzməkdən yorulan tayciutlar axtarışı sabaha saxlayıb çadırlarına dağılışdılar. Onlar əmin idilər ki, boynunda kündə olan, üstəlik, atsız və silahsız bir adam çox da uzağa gedə bilməz…

      Sorkan-Siranın bu yaxşılığını qiymətləndirib gizlicə öz doğma yurduna qayıtmaq əvəzinə Temuçin başqa yol seçir. O, xəlvətcə tayciutların obasına qayıdır və özünü xilaskarının alaçığına salır. Bu müdrik bir addım idi. Belə ki, əgər ev yiyəsi onu gizlətməkdən boyun qaçırardısa, onda Temuçin başqa üsula əl atacaqdı: Sorkan-Siranı hədələyəcəkdi ki, onu gördüyü halda yoldaşlarına xəbər verməyib!

      Sorkan-Sira əvvəlcə Yesugeyin oğluna qonaqpərvərlik göstərmək istəmir, çünki qətlə yetiriləcəyindən qorxur. Ancaq oğulları yalvarıb-yaxarır ki, Temuçinin istəyinə yox deməsin. Bundan sonra ev sahibi onu buxovdan azad edir, gizlədir, özünə gəlməsi, gücünü bərpa etməsi üçün əlindən gələni əsirgəmir.

      Ertəsi gün tayciutlar ikiqat əzmkarlıqla hər tərəfi ələk-vələk eləyib Temuçini tapmadıqdan sonra alaçıqları axtarmaq qərarına gəlirlər. Sorkan-Sira qonağını alaçıqdan xəlvətcə çıxıb çadırın yanındakı içi yun dolu arabada gizlənməyə razı salır. Tayfa başçısının adamlarından biri gəlir, uzun ətəyini çərməyib arabadakı yunun içinə baxmaq istəyəndə Sorka-Sira bu dəfə də cəld tərpənib Temuçini xilas edir. «Belə cəhənnəm istisində yunun içinə girmək özünü oda atmaq kimi bir şeydir. Buna yalnız ağlını itirmiş adam cəhd edə bilər», – deyə söz atır. Sorkan-Siranın sözlərini həqarət kimi qəbul edən həmin şəxs başçının dəstəsiylə oradan uzaqlaşır.

      Temuçin həmin dəqiqə arabadan çıxır. Birtəhər özünə gəlir. Ona qızardılmış quzu və iki tuluq süd olmaqla yol azuqəsi qoyurlar. Sorkan-Sira öz səxavətini bir daha göstərir: oğlana yay-ox, bir də, at bağışlayır.

      Temuçin doğma obasına doğru yola düzəlir. Sağ-salamat öz ailəsinin yanına qayıdan gənci qəhrəman kimi qarşılayırlar. Bununla o da öz yaxınları arasında layiq olduğu yeri tutur.

      Obadakılar məşvərətə toplaşır, axırda qaldıqları düşərgəni tərk edib tayciutlardan mümkün qədər uzaqda binə salmağa qərar verirlər. Tezliklə Kentey dağlarının ucqarındakı Mavi göl yaxınlığında məskunlaşırlar…

      Ov

      Belə yerdə at sürəklərindən başqa elə bir əyləncə yoxdur. Köçərilərin indiyə qədər yaşatdığı bu at yarışlarında yəhər üstündən əyilərək yerdəki papağı, şalı, ya nəyisə dişləriylə götürmək, atı var gücüylə çaparaq yerə basdırılmış ağac parçasını nizə ilə vurmaq kimi bacarıqlar sərgilənirdi. Bundan başqa, ov ovlamaq da sevimli əyləncələrdən biri olmaqla yanaşı, həm də gündəlik azuqə ehtiyatını təmin etmək üçün vacib məşğuliyyət idi…

      Sonralar on minlərlə döyüşçüyə başçılıq etdiyi vaxtlarda belə Temuçinin ov ehtirası sönməyəcəkdi.

      Temuçin uşaqlıq çağlarından etibarən ova təlim keçmiş qartallarla çıxırdı. Qartalla ov etmək monqollarda şərəfli bir iş sayılırdı. Ən azı ona görə ki bu yırtıcı quşa ovun sirlərini öyrətmək, onu ələ alışdırmaq böyük ustalıq tələb edirdi…

      Yesugeyin cəsur oğlu erkən yaşlarından xüsusilə sürək ovlarında kifayət qədər iştirak eləmişdi. Bu həmin vaxtlar idi ki, onda ailənin vur-tut on ədəd qatıra bənzər atı vardı; çətin dövr idi. Günlərin bir günü tayciutlar bunların səkkizini oğurladılar. O zaman belə oğurluqlar geniş yayılmışdı və bu cür hadisələr nəsildən-nəslə keçərək qanlı qisasçılıq zəncirinə çevrilirdi. Səkkiz atın oğurlanması Temuçinin ailəsini çətin vəziyyətdə qoydu. Əlində qalmış vur-tut iki atla neyləmək olardı? O vaxtlar mal-qara sürüsünü piyada otarmaq mümkün deyildi. Temuçin olub-qalan iki atdan birini yəhərləyib yüyənlədi, vaxt itirmədən oğruların izinə düşdü. İki gün onların iziylə getdi. Bəxtindən bir çobana rast gəldi. Çoban bir bölük atlının səkkiz atı qabaqlarına qatıb apardığını ona xəbər verdi. Hətta atları bir-bir rəngləriylə təsvir də elədi. Bu, Temuçinə bəs elədi ki, həmin atların özününkü olduğuna şübhə yeri qalmasın. O, gənc çobanı da yanına alıb yenidən oğruların dalınca götürüldü. Axırda cavanlar oğrulara yetişib oğurladıqları atları dava-dalaşsız onların əllərindən aldılar.

      Öz ilxısına yenidən sahib olan Temuçin atların yarısını Boorçuya – ona yoldaşlıq eləmiş çobana vermək istədi. Ancaq cavan oğlan bundan imtina elədi, üstəlik, bunu da dedi ki, indən belə daim Temuçinə yardım əli uzatmağa hazırdır. Onun alicənablığı Temuçinin qəlbindəki incə telləri tərpətdi və qısa zaman içində bu gənclər arasında ömürboyu sürəcək dostluq yarandı. Boorçu dostunu öz atasının yanına apardı. Qovrulmuş əmlik quzu qonaqlığından sonra Temuçin doğma obasına qayıtdı.

      Verdiyi sözü tutmaq…

      İllər ötdükcə Temuçin və onun yaxınlarının dolanışığı əhəmiyyətli dərəcədə yaxşılaşmağa başladı. Onlar cah-calallı həyat sürməsələr də, hər halda, gün-güzəranları pis də keçmirdi.

      Temuçinin ilxısı bir-birindən gözəgəlimli daylarla, dayçalarla bir az da böyüyür, yamyaşıl vadilərdə ot qırpa-qırpa oynaqlaşır. Mal-qaranın sayının artması ailəni gözləyən daha yaxşı gələcəkdən xəbər verirdi…

      Belə bir vaxtda artıq yetkinlik yaşına çatan Temuçin Dey Setçenlə münasibətlərini bərpa etməyi qərara alır. Yesugeyin ölümündən sonra, yeddi ilə yaxın idi ki, onlar görüşməmişdi. Temuçin Müdrik