Орландо де Руддер

Alfred Nobel


Скачать книгу

olmasa, nəşəli arzuların

      Sərhədlərinə toxunmaq!

      Kədərli keçmişim, kədərli indim

      Bəlkə, xoşbəxt gələcəyə ilk addımımdır?!

      Stokholmdakı ibtidai məktəblərin birində cəmi bir il oxusa da, bu müddətdə Alfred özünü yaxşı şagird kimi göstərə bilmişdi. Düşdüyü yeni aləmdə onun özünü necə hiss etdiyi barədə heç bir məlumat yoxdur. Ancaq uşaqların xarakterinə bələd olduğumuzdan, onların zəiflərlə qəddarcasına davrandıqlarını bildiyimizdən Alfredin çətin vəziyyətə düşdüyünü anlamaq olar. Yəqin, bu səbəbdən məktəbə yalnız bir il gedə bildi. Buna baxmayaraq yetkin yaşlarında o artıq bir neçə dil öyrənmişdi və hərtərəfli biliyi ilə hamını heyrətləndirirdi.

      Atasının yanında olmaması uşağı get-gedə daha çox sıxırdı. Emmanuel onun üçün yalnız göndərdiyi məktublarda mövcud idi. O haradasa uzaqlarda ailənin firavan yaşayışını qurmağa çalışırdı. Fədakar atanın məskunlaşdığı ilk yer Finlandiyadakı Turku şəhəri idi.

      Minanın ixtirası

      1809-cu ildən Finlandiya Rusiyanın tərkibində idi. İlk vaxtlar hamıya elə gəlirdi ki, bunda pis heç nə yoxdur, çünki mədəni və siyasi həyatda nəzərəçarpacaq irəliləyiş baş vermişdi. Ancaq rus hökuməti yerli əhaliyə qarşı amansız ruslaşdırma siyasəti aparmağa başlayanda bütün illüziyalar darmadağın oldu.

      Emmanuelin məskunlaşdığı Turku şəhəri körfəz kənarında yerləşdiyi üçün vətəni Evleni xatırladırdı. Yeri gəlmişkən, 1827-ci ildə baş verən yanğında ölkənin bu ən qədim şəhərinin dörddə üçü məhv oldu. Bərpa işləri uzun illər sürdü. Bu işdə Emmanuel Nobel də iştirak etdi və onun ucaltdığı binalar indi də qalır.

      1840-cı ilin baharında Emmanuel Nobel Sankt-Peterburqa köçdü. Həmin vaxt Rusiyanı I Nikolay idarə edirdi. Fransada 1830-cu ildə baş verən inqilabdan dərhal sonra monarxiyanın və rus milliyyətçiliyinin qatı tərəfdarı olan I Nikolay ölkəsinin limanlarını bu ölkəyə aid gəmilərin üzünə qapatdı. Üstəlik, Burbonları hakimiyyətə qaytarmaq üçün Avstriya və Prussiya2 ilə ittifaqa cəhd etdi. Bundan başqa, I Nikolay Fransada güclənməkdə olan respublika ideyalarına3 qarşı çıxdığından Belçikadakı oxşar inqilabı yatırmaq istədi. Ancaq başqa hadisələr onun planına mane oldu: Varşavada qiyam başladı. I Nikolay oraya qoşun göndərməli oldu. Polşa konstitusiyası ləğv edildi, ölkənin özü isə Avropa xəritəsindən silindi. Yalnız 1918-ci ildə, I Dünya müharibəsindən sonra Polşa uzun mübarizə və çətinliklərdən sonra müstəqil ölkə kimi yenidən dünya səhnəsinə qayıtdı. Polşanın ardınca I Nikolay Macarıstandakı milli azadlıq hərəkatını darmadağın etdi, bu da birbaşa Nobellərin taleyinə təsirsiz ötüşmədi.

      Ümumiyyətlə, I Nikolay özündən sonra heç də yaxşı izlər buraxmayıb. Onun hakimiyyətdə olduğu müddətdə polis hər yerə, hamının işinə burnunu soxurdu. Ölkədə sərt senzura hökm sürürdü. Ancaq nə qədər qəddar olsa da, I Nikolayın incəsənətdən başı çıxır və onu yüksək qiymətləndirirdi. Müxalif yazıçıların rəğbətini qazanmağa çalışır, onlara yardım edirdi. Millətçi olmasına baxmayaraq Rusiya imperiyasının ərazisində məskunlaşmaq istəyən əcnəbilərə xeyirxahlıqla yanaşırdı. Vergiləri müntəzəm verəndə isə onlara hətta müəyyən güzəştlər də edirdi. Və bütün bu güzəştlər əcnəbilərin böyük var-dövlət sahibi olmasına imkan yaradırdı.

      Emmanuel məhz bu səbəbdən bəxtini Rusiyada sınamaq istəyirdi. Ona görə də çar ordusu generalı Oqaryovun qəbuluna gedib icad etdiyi «dəmir korpusun içindəki barıtdan» söhbət açdı. General belə silahın faydalı olacağını düşünüb Nobelə öz axtarışlarını davam etdirməyi məsləhət gördü.

      Emmanuel bir müddətdən sonra minanın gücünü hərbçilərə nümayiş etdirəndə, axır ki, çoxdan gözlədiyi uğura qovuşdu. Rusiya İsveçdən fərqli olaraq Nobelə lazım olan vəsaiti ayırdı.

      Nobel bu uğurla kifayətlənməyib dövr edən qaynar su vasitəsilə Rusiyada ilk dəfə olaraq qızdırıcı sistem yaratdı. Bu yalnız başlanğıc idi. Daha da irəliyə getmək lazım idi.

      Kimyanı dərindən bilmədiyindən onun eksperimentləri bəzən təhlükəli xarakter alırdı. Partlayıcıları quraşdırmağı başqalarına qadağan edir, həyatı bahasına olsa da, bu təhlükəli işi öz üzərinə götürürdü. Hansı qüvvələrin onu ölümdən qoruduğunu isə demək çətindir…

      Andrietta və oğullarının Sankt-Peterburqa gəlişi

      Öz məqsədinə çatıb kifayət qədər varlanandan sonra Nobel anladı ki, artıq ailəsini İsveçdən gətirə bilər. 1842-ci ildə Andrietta üç oğlunun müşayiəti ilə Sankt-Peterburqa gəldi. Onda Alfred Nobelin doqquz yaşı vardı. Onun qarşısında yeni dünya açılmışdı, kasıblıq isə tədricən xoşagəlməz xatirəyə çevrilirdi…

      Sankt-Peterburqa gəlişindən bir il sonra Andriettanın oğlu Emil, sonra isə daha iki uşaq – oğlan və qız dünyaya gəldi. Ancaq İsveç kimi Sankt-Peterburqda da həmin illərdə uşaq ölümlərinin sayı çox yüksək idi. Bu səbəbdən də Emmanuel Nobelin Rusiyada doğulan uşaqlarından yalnız Emil sağ qaldı…

      Stokholmla Sankt-Peterburqu eyniləşdirən xüsusiyyət onların hər ikisinin bataqlıqda salınması idi. İki şəhər arasında oxşarlıq bununla da bitirdi. Stokholm o dövrdə başdan-başa «çirkab sularının axıdıldığı arx» idi, evlər necə gəldi, səliqəsiz halda səpələnmişdi. Sankt-Peterburq – bu «Şimal Venesiyası» isə memar Leblonun layihəsi əsasında tikilmişdi. Barokko4 və klassik üslubda ucaldılmış binalar ona başqa şəhərlərə xas olmayan əzəmət verirdi. Burada dünya Nobellərin gözündə gözəlləşmişdi. Andrietta və uşaqları İsveçdə görmədikləri həyatı, cah-calalı yalnız burada daddılar. Emmanuel Nobelin uğuru fantastik idi. O qədər fantastik idi ki, bir-iki il ərzində Stokholmdakı bütün borcları ilə üzülüşə bildi. Uşaqlar məktəbə getmirdilər, ataları onların təhsilini evə gələn bir neçə müəllimə tapşırmışdı. Onların arasında kimya müəllimi Nikolay Zinin5, xarici dil və tarix müəllimi isveçli B.Lare Santesson da var idi.

      Bu iki şəxs Alfred və qardaşlarına son dərəcə böyük təsir göstərmişdi. Alfred Nobel yetkinlik yaşında İsveç, rus, alman, fransız və ingilis dilində sərbəst danışır, dünya tarixini gözəl bilirdi; Nikolay Zinindən aldığı biliklərin ona olan faydasına isə şübhə etməyə dəyməzdi. Alfredin şəxsiyyət kimi formalaşmasında Persi Biş Şellinin6 poeziyasının, rus ədəbiyyatının da rolu az olmayıb. Fiziki cəhətdən zəif olan bu uşaq hər şeyə maraq göstərir, biliyə can atır, oxuduqlarını tezcə qavrayırdı. O bir dəfə də olsun, imtahan verməmişdi. Buna baxmayaraq zavodda atasına kömək eləyirdi, sonralar isə orada mühəndis oldu.

      Həyatda elə də ünsiyyətcil olmayan Emmanuel qaynı Lüdviqə yazırdı: «Ailəmizdə hamı Alfredin biliyinə, əməksevərliyinə mat qalıb». Öz inadkarlığı sayəsində varlanan bu adamın oğlu haqqında tərifi, əlbəttə, heç də boş sözlər deyildi.

      Alfredin gənc yaşlarındakı fotoşəkillərində onun atasından çox anasına oxşadığını