Майн Рид

Başsız atlı


Скачать книгу

Çox çəkmədi, xal-xal mustanqın niyyətini hamı başa düşdü.

      Kapitan Kolhaun, Henkok, Krossmen, onların ardınca gənc plantasiya sahibləri və digərləri atlarını qızın ardınca çapdılar. Lakin heç kəs təlaşa düşməmişdi. Hamı Luizanın yaxşı at minicisi olduğunu bilirdi.

      Kəməndi dəstələyən mustanger atını hamıdan gec mindi. Morisin kəhər atı bir müddət sonra hamını ötüb-keçdi. Kolhaun öz acizliyini görüb ürəyində ona hiddətlə lənət oxudu. Hamıdan arxada draqunlar at səyirdirdilər. Az sonra mənzərə tamam başqa şəkil aldı. İlxı xal-xal mustanqdan, xal-xal mustanq isə kəhər atlıdan çox-çox qabağa getmişdi. Qalanları isə artıq görünmürdülər.

      Luiza heç bir təlaş keçirmədən atın belində sakit oturmuşdu. Kəhər atın belindəki mustanger isə böyük həyəcan keçirirdi. Moris getdikcə uzaqlaşan qızdan gözünü ayırmadan çapırdı.

      İlxı meşəlikdə gözdən itdi. İlxının gözdən itməsi ilə xal-xal mustanq birdən addımlarını yavaşıdıb dayandı. Moris kəhər atın belində meşəliyə girəndə Luiza talada atın belində sakitcə dayanmışdı. O, təhlükədə olduğunun fərqində deyildi.

      – Ser, bu sizin tərəfinizdən böyük lütfkarlıqdır. Yəqin ki, hinduların mənə hücum edəcəyindən qorxurdunuz?

      – Yox, məni düşündürən hindular deyildi.

      – Başqa nə təhlükə var ki? Lütfən, deyin, bundan sonra ehtiyatlı olaram.

      Moris birdən cavab vermədi. Eşitdiyi səslər onu dönüb baxmağa məcbur etdi.

      – Vəhşi ayğırlardır. Mən onların bu yerlərdə olduğunu bilirdim.

      – Bu sizin dediyiniz təhlükədirmi?

      – Bəli, məni düşündürən bu təhlükə idi. Onlar ilin bu fəslində pələng kimi yırtıcı və təhlükəli olurlar.

      – İndi biz nə edək? – deyə Luiza soruşdu.

      – Əgər biz vəhşi ayğır ilxısı ilə üz-üzə gəlsək, onların ayaqları altında qalarıq. Gizlənib ilxını qabağa buraxmalıyıq.

      Lakin artıq gec idi: vəhşi at ilxısı kolluğun arasından uzanan cığırda göründü.

      – Dəhşət! Onlar artıq bizi görmüşlər, – Moris qışqırdı. – Tez olun, tez olun! Unutmayın ki, siz öz həyatınızı xilas edirsiniz!

      Bu andan etibarən belində adam olan atlarla belində adam olmayan atlar arasında qızğın bir yarış başlandı. Moris hərdənbir dönüb dala baxırdı. Vəhşi atlarla onların arasında məsafə azalmamışdı, onun üzündə əvvəlki kimi təlaş görünürdü. O, tək olsaydı, qətiyyən narahat olmazdı.

      Çox keçmədən onlar geniş düzənliyin ortasında qaralan dərin bir yarğana çatdılar. Yarğanın eni on beş futdan az olmazdı. Moris kəhər atın onu darda qoymayacağını bilirdi. Bəs xal-xal madyan?

      Mustanger soruşdu:

      – Sizin at bu yarğanın üstündən atıla bilərmi?

      – Şübhə etmirəm, – deyə Luiza cavab verdi. Onlar yarğan üzərindən atılıb keçdilər. Lakin təhlükə sovuşmamışdı. Vəhşi atlar da bu yarğandan sıçrayıb o tərəfə keçə bilərdi. İlxı onlara lap yaxınlaşmışdı.

      Yarğandan bir qədər uzaqlaşdıqdan sonra Moris birdən atını saxladı.

      – Miss Poyndekster, siz atınızı çapın, tez burdan uzaqlaşın! Gölü görürsünüzmü? İki çəpərin arası ilə birbaş oraya çapın. Çəpərlər birləşən yerdə bir ağıl görəcəksiniz. Ağıla girib atdan düşər, uzun tirlə girişi bağlayarsınız.

      – Bəs siz?

      – Məndən qorxmayın. Bu mənim üçün elə bir təhlükə deyil.

      Moris qızdan ayrılıb atını yarğana sarı çapdı. Bir azdan oradan atəş səsi gəldi. Ayğırların tappıltısı kəsildi.

      Moris gölə yaxınlaşanda Luiza artıq deyilən yerdə idi.

      Mustanqlar üçün tələ

      Təhlükə sovuşmuşdu. Qız maraqla ətrafı gözdən keçirirdi.

      Moris dedi:

      – Bura mustanqlar üçün tələdir. Vəhşi atlar buraya su içməyə gəlirlər və ya onları buraya mustangerlər qovub gətirirlər. Ağıla girdikdən sonra geriyə yolu bağlayırlar və burada onları kəməndlə tutmaq çətin olmur.

      Moris qızı dalğın görərək dedi:

      – Yəqin ki, öz dostlarınızın yanına qayıtmaq istəyirsiniz. Görünür, gec qaldığınız üçün atanız narahat olmuşdur.

      Qız təəssüf duyulan səslə:

      – Bəli, siz haqlısınız, – deyə tələsik və bir qədər incik səslə cavab verdi. – Ser, sağ olun ki, vəzifəmi mənə xatırlatdınız. Geri qayıtmaq lazımdır.

      Yenə də çöllə gedirdilər. Onlar atlarını kəsə yolla məclis olan yerə sürürdülər. Güllü-çiçəkli bir düzənlikdə qız ixtiyarsız halda atını saxlayaraq:

      – Nə qədər gözəldir! – deyə sevinclə səsləndi.

      – Miss Poyndekster, bura sizin xoşunuza gəlirmi?

      – Xoşuna gəlir də sözdür, ser!

      – Ancaq belə bir yerdə yaşamaq, yəqin ki, sizi çox tez usandırar: cəmiyyətdən, mədəniyyətdən uzaq…

      – Bəs bu həyat sizi niyə usandırmır? Mister Stamp deyirdi ki, artıq neçə ildir belə bir həyat sürürsünüz. Bu doğrudurmu?

      – Tamamilə doğrudur.

      – Necə yaşadığınızı mənə söyləmədiniz. Eviniz varmı?

      – Mənim daxmama ev demək mübaliğə olardı.

      – Buradan çoxmu uzaqdadır?

      – Bir mildən çox olmaz… Orada süd qardaşım Felimlə birlikdə yaşayırıq. Bir mil oraya, bir mil geriyə – cəmi iki mil…

      – Bu, uzaq deyil, iyirmi dəqiqə bizə kifayət edər.

      Luiza mustangerin Alamodakı komasına gəldi. Komada kitab, kağız, yazı ləvazimatı və koma sahibinin mədəni adam olduğunu göstərən digər xırda-xuruş şeylər gördükdə xoş təəccüb hissi onu bürüdü. Felimin gülməli danışığı onun kefini daha da açdı. Təklif olunan yeməklərdən imtina etmədi. Nəhayət, şən və kefi kök halda qalxdı. Mustanger bu müddət ərzində ciddi nəzakət dairəsindən kənara çıxmamışdı.

      Qısqanclıq onları izləyir

      Atlılar çöldə vəhşi ilxını, xal-xal mustanqı və mustangeri gözdən itirdikdən sonra bir-birini də itirməyə başladılar. Çox keçmədi, onlar tək-tək, ikibir-üçbir düzənliyə səpələndilər. Yalnız bir atlı izi düz tutub gedirdi. Bu, kapitan Kassi Kolhaun idi.

      İzlər onu talaya gətirib çıxardı. Bu yerdə ona başqa bir atlı yaxınlaşdı. Bu, Zeb Stamp idi. Qoca ovçu yaxınlaşıb soruşdu:

      – Mister Kolhaun, gənc ledi haqqında bir şey bilirsinizmi?