Артур Конан Дойл

Baskervillərin iti


Скачать книгу

həm də sirli, dəhşətli şəkildə həyatdan köçmüşlər. Qoy Tanrı öz mərhəmətini bizim üstümüzdən əskik eləməsin. Mənim övladlarım, mən sizi Tanrıya tapşırır və sizə vəsiyyət edirəm: gecə vaxtı şər qüvvələrin hökmranlıq etdiyi bataqlığa getməkdən çəkinin!»

      Doktor Mortimer bu qəribə əhvalatı oxuduqdan sonra gözlüyünü alnına qaldırıb gözlərini mister Şerlok Holmsa dikdi. Şerlok Holms isə əsnəyərək çəkdiyi papirosun kötüyünü buxarıya atdı. Qonaq dilləndi:

      – Sizcə, bu, maraqlı deyilmi?

      – Nağıl xoşlayanlar üçün maraqlıdır.

      Doktor Mortimer cibindən dördqat bükülmüş bir qəzet çıxartdı.

      – Yaxşı, mister Holms, indi mən sizi daha bir materialla tanış edim. Bu, «Devonşir xəbərləri» qəzetinin builki on dörd iyun tarixli nömrəsidir. Burada ser Çarlz Baskervilin ölümü ilə əlaqədar olaraq qısaca məlumat dərc edilmişdir.

      Holms özünü bir az qabağa verdi və onun baxışları dərhal diqqətli oldu. Doktor Mortimer gözlüyünü düzəldərək qəzeti oxumağa başladı:

      – «Qarşıdakı seçkilərdə liberal partiyası tərəfindən namizəd göstərilməsi nəzərdə tutulan ser Çarlz Baskervilin qəfil ölümü bütün Devonşirə çox ağır təsir bağışladı. Ser Çarlz nisbətən yaxın vaxtlarda gəlib Baskervil-holda yaşasa da, bu az vaxtda öz mehribanlığı və səxavəti ilə adamların məhəbbət və hörmətini qazanmışdı. Məlum olduğu kimi, ser Çarlz Cənubi Afrikada böyük qazanc əldə etdikdən sonra İngiltərəyə qayıtmış, şəxsi malikanəsi Baskervil-holda məskən salmışdı. Onun öz malikanəsini yenidən qurmaq və inkişaf etdirmək planına ancaq ölüm mane oldu. Ser Çarlzın övladı yox idi. Hələ sağlığında o öz yerlilərinə xeyirxahlıq edirdi, buna görə də buradakı əhalinin onun vaxtsız ölümünə təəssüflənməsi səbəbsiz deyil.

      Demək olmaz ki, təhqiqat ser Çarlz Baskervilin ölümü haqqında olan bütün vəziyyəti tamamilə aydınlaşdırmışdır. Lakin o, yerli mövhumatçılar tərəfindən söylənilən şayiələrə son qoymuşdu. Bu ölümün təbii bir səbəb nəticəsində baş verdiyinə şübhələnməyə bizim heç bir əsasımız yoxdur. Ser Çarlz dul idi, böyük bir sərvət sahibi olsa da, çox sadə yaşayırdı; onun Baskervil-holda olan ev qulluqçuları – ər-arvad Berrimorlar öz ifadələrində göstərirlər ki, ser Çarlzın səhhəti son vaxtlar pisləşmişdi; mərhumun yaxın dostu və ev həkimi olan doktor Ceyms Mortimer də öz ifadələrində bunu təsdiq etmişdir.

      İş zahiri cəhətdən çox adi bir işdir. İyunun dördündə ser Çarlz hamıya bildirir ki, səhər Londona gedəcək və Berrimora tapşırır ki, yol hazırlığı görsün, axşam isə, adəti üzrə, xiyabana gəzməyə gedir. Berrimor gecəyarısı görür ki, evin qapısı hələ də açıqdır. Təşvişə düşür, fənəri yandırıb öz ağasını axtarmağa gedir. Xiyabanın orta tərəfində bir qapı var; buradan yol torf bataqlığına aparır. Bəzi dəlillər göstərir ki, ser Çarlz bir neçə dəqiqə bu qapının qabağında durmuş, sonra irəli getmişdir… Xiyabanın lap qurtaracağında onun cəsədi tapılmışdır.

      Burada bir şey aydınlaşdırılmamış qalır. Berrimor deyir ki, ser Çarlz xiyaban qapısından uzaqlaşan kimi onun ləpiri dəyişir, görünür, o, pəncəsi üstündə getmişdir. Ser Çarlzın bədənində heç bir zorakılıq izi tapılmayıb. Doğrudur, tibbi ekspertiza mərhumun üzünün son dərəcə dəyişmiş olduğunu qeyd edir. Həkimlərin dediyinə görə, təngnəfəslikdən və ürək fəaliyyətinin azlığından ölən adamlarda tez-tez belə hallar olur. Meyit yarılanda bunun doğru olduğu təsdiq edildi. Ser Çarlzın çoxdan bəri ürək xəstəliyinə tutulduğu tamamilə aydın göründü.

      Bizdə olan son məlumata görə, Baskervillərin yeganə varisi, ser Çarlzın qardaşı oğlu Henri Baskervil Amerikadadır. İndi onu tapmaq və ona böyük bir irsin çatmasını xəbər vermək üçün tədbir görülür».

      Doktor Mortimer qəzeti qatlayıb cibinə qoydu.

      – Mister Holms, ser Çarlzın ölümü haqqında verilən məlumat budur.

      Şerlok Holms dedi:

      – Siz məni, şübhəsiz ki, maraqlı bir hadisə ilə tanış etdiniz, bunun üçün sizə çox minnətdaram. İndi isə xahiş edərdim ki, mətbuata düşməyən faktlar haqqında danışasınız.

      Doktor Mortimer həyəcanla dedi:

      – Mən hələ heç kəslə bu barədə danışmamışam. İstintaq zamanı bir çox şeyləri söyləmədim, çünki elm ilə məşğul olan bir adam mövhumatçıların şayiələrini müdafiə edə bilməz. Lakin sizinlə açıq danışa bilərəm. Mən ser Çarlz Baskervillə bir yerdə çox vaxt keçirirdim. Mister Frenklend və təbiətşünas mister Stepltonu nəzərə almasaq, bizim yerlərdə bir neçə mil məsafədə bir nəfər oxumuş adama rast gəlməzsən. Ser Çarlz təkliyi xoşlasa da, onun xəstəliyi bizi bir-birimizə yaxınlaşdırdı. Son vaxtlar ser Çarlzın əsəbləri həddindən artıq gərilmişdi. O, indi sizə oxuduğum əfsanəyə inanırdı; öz mülkündə gəzərkən gecələr bataqlığa getməyə cürət etmirdi. Ser Çarlz əməlli-başlı inanırdı ki, onun mənsub olduğu nəsil dəhşətli bir bəlaya düçar olmuşdur, bu bataqlıqda qorxunc bir varlığın olması fikri ona dinclik vermirdi. O, tez-tez məndən soruşurdu: siz xəstələrin yanına gedəndə belə bir qəribə şey görmüsünüzmü, bataqlıqda it səsi eşitmisinizmi? Bunu soruşarkən həyəcandan səsi titrəyərdi. O öz qorxusunun səbəbini mənə izah etdi və məndən xahiş elədi ki, bu əlyazmanı götürüb saxlayım. O zaman bütün bunlar mənə əhəmiyyətsiz bir şey kimi görünürdü. Onun ürəyi xəstə idi; qorxu isə səhhətini daha da xarablaşdırırdı. Nəhayət, bu dəhşətli fəlakət üz verdi. Lakey Berrimor gecə ser Çarlzın meyitini tapdıqdan sonra dərhal mehtər Perkinsi mənim dalımca göndərmişdi. Mən meyiti diqqətlə yoxladım. Ser Çarlz qollarını açaraq üzüüstə yerə sərilib qalmışdı, barmaqları yerə sancılmışdı; ölüm onun üzünü elə dəyişmişdi ki, mən əvvəl bunun kim olduğunu tanıya bilmədim. Onun bədənində heç bir zədə yox idi. Lakin Berrimor istintaq zamanı yanlış məlumat vermişdi. Onun dediyinə görə, meyitin ətrafında heç bir iz yox imiş. Bu izləri o görməmişdi, amma mən gördüm. Ser Çarlzdan bir qədər kənarda lap təzə və aydın…

      – İzlər vardı?

      – Bəli.

      – Bu izlər qadın izləri idi, ya kişi?

      Doktor Mortimer qəribə bir nəzərlə bizə baxıb lap yavaşca dedi:

      – Mister Holms, bu izlər çox yekə bir itin izləri idi.

      Üçüncü fəsil

      Ehtimallar

      Doktorun səsi titrəyirdi, görünür, onun söylədiyi bu sözlər özünü də bərk həyəcanlandırmışdı.

      – Bu izlər meyitdən otuz addım kənarda idi, görünür, heç kəs ona fikir verməmişdi. O əfsanə yadıma düşməsəydi, mən də fikir verməzdim.

      Holms soruşdu:

      – Bataqlıqda, yəqin, çobaniti çoxdur?

      – Əlbəttə, çoxdur. Ancaq bu, çobaniti deyildi.

      – Bu izlər otun üstündə idi, ya yolun üstündə?

      – Otun üstündə iz, adətən,