Джек Лондон

Martin İden


Скачать книгу

bir zərfə qoyub “San-Fransisko icmalçısı”nın redaktoruna göndərdi. Elə bilirdi ki, redaksiyaya göndərilən yazılar dərhal nəşr edilir. Buna görə də oçerki cümə günü göndərdiyindən, bazar günü çıxacağını gözləyirdi. Başına artıq yeni fikir gəlmişdi: oğlan uşaqları üçün macəra səpkisində povest yazıb “Gəncliyin yol yoldaşı” həftəliyinə göndərsin.

      Bir dəfə Martin balina ovlayan gəmidə Arktikaya səfər etmişdi; səfər müddəti üç il nəzərdə tutulsa da, gəmi fəlakətə uğradığından altı aya başa çatmışdı. Təxəyyülü güclü idi, yalnız gördüyü şeylərdən yazmağa üstünlük verirdi. Cümə ertəsi min sözdən ibarət birinci hissəni artıq yazıb qurtarmışdı.

      Bazar günü səhər tezdən qəzet alıb bir neçə dəfə diqqətlə nəzərdən keçirdi, sonra büküb yerinə qoydu. Yaxşı ki, yazıçılığı barədə heç kimə deməmişdi. Fikirləşdi ki, yəqin, göndərilən yazıları elə də tez çap etmirlər.

      Səhər yeməyindən sonra yenə povestlə məşğul oldu. Şər qarışana qədər yazır, sonra kitabxanaya gedir, kitabxana bağlanana qədər həftəlik və aylıq jurnalların arasında eşələnirdi ki, görsün necə şeirlər, hekayələr, povestlər naşirlərin xoşuna gəlir. Hər gün üç mindən çox söz yazırdı.

      Cümə günü axşam povestini yazıb bitirdi. Povestdə iyirmi bir min söz vardı. Demək, dörd yüz iyirmi dollar alacağı vardı. Ömründə əlinə bu qədər pul birdən gəlməmişdi. Hətta bu qədər pulu nəyə və necə xərcləməyi də bilmirdi; geyim-kecimə, qəzet və jurnallara abunə yazılmağa xərcləyəcəyinə qərar verdi. Artıq qalan pula da Hertrudaya xidmətçi tutar, Meriyenə velosiped alar.

      Martin qalın əlyazmanı “Gəncliyin yol yoldaşı” redaksiyasına yollayıb, ertəsi gün Rufgilə getdi.

      Əvvəldən zəng etdiyi üçün onu Ruf özü qarşıladı. Onun yeni kostyumu Rufun gözündən qaçmadı. Bu dəfə şalvarı əyninə yaxşı oturmuşdu. Bu, Martinin sifarişlə tikdirdiyi ilk kostyum idi. O bu geyimdə daha zərif və boy-buxunlu görünürdü. Bundan başqa, oğlanın əlində kepka əvəzinə yumşaq bir şlyapa vardı.

      Rufu daha çox Martinin danışığındakı dəyişiklik sevindirdi. O həm çox sərbəst, həm də dürüst danışırdı. Daha özünü Rufun yanında yad adam kimi hiss etmir, ancaq yenə də çox ehtiyatla tərpənirdi.

      Martin qazanmaq və oxumağı davam etdirmək üçün yazmaq planından danışdı. Lakin Ruf buna şübhə ilə yanaşıb onu məyus etdi.

      – Bilirsinizimi, ədəbiyyat da sənətdir, – Ruf dedi, – gərək əvvəlcə üç il, bəlkə də, beş il oxuyub-öyrənəsən.

      – Yaxşı, nə məsləhət görürsünüz? Amma bir şeyi də nəzərə alın ki, yaza biləcəyimi, həqiqətən, duyuram, – Martin inamla dedi.

      – Yazıçı olub-olmayacağınızın dəxli yoxdur, lakin mütləq oxumalısınız. Ona görə əvvəlcə məktəbə getməlisiniz. Onda yazıçılığı da davam etdirə bilərsiniz.

      – İstər-istəməz davam etdirməli olacağam.

      – Axı nə üçün? – qız narazı halda dedi. Martinin inad etməsi onun xoşuna gəlmədi.

      – Çünki bunsuz mümkün olmayacaq. Axı mən yeməliyəm, kitab almalıyam, geyinməliyəm.

      – Həmişə bunu unuduram, – qız gülə-gülə dedi, – ancaq sizdə yaxşı cəhətlər çoxdur, mən istərdim ki, bunlar daha da yaxşı olsun.

      Ruf orta məktəbə qəbul imtahanlarının bazar ertəsi başlanacağını deyəndə Martin dərhal bildirdi ki, mütləq imtahan verməyə gedəcək.

      10

      Martin axşam Morzlarda şam yeməyinə qaldı. O çox ehtiyatla, yavaş-yavaş danışır, kobud sözlər işlətməməyə çalışırdı. Martindəki dəyişiklik missis Morzun xoşuna gəldi.

      Martin isə həmin vaxt Artur və Normanla bazar günü velosipedlə şəhər kənarına gəzməyə getmək haqqında düşünürdü. Bu gəzintiyə Rufun da gedəcəyi onu həvəsləndirmişdi. Ömründə velosiped sürməmişdi. Söz yox ki, mütləq öyrənməli idi. Buna görə də evə qayıdanda qırx dollara velosiped aldı.

      Bazar gününü qəbul imtahanlarına hazırlaşmağa sərf etməyi düşünsə də, mirvari ovu haqqında hekayə onu elə tutdu ki, gününü yaradıcılığa həsr etdi.

      Bu bazar da “İcmalçı” onun dəfinəaxtaranlar haqqında hekayəsini nəşr etmədi. Martin buna görə pərt olmadı. Öz xəyalının qanadlarında o qədər yüksəklərə qalxmışdı ki, hətta Higginbotamın bazar günləri münasibətilə hazırlatdığı ləzzətli nahar yeməyinə çağırıldığını da eşitməmişdi.

      Bazar ertəsi Martin Oklənd məktəbinə getdi. Ona bildirdilər ki, qrammatikadan başqa, bütün fənlərdən kəsilib. Professor Xiton ona dedi:

      – Qrammatikanı çox gözəl bilirsiniz, lakin başqa fənlərdən heç nə bilmirsiniz. Birləşmiş Ştatların tarixinə dair suallara cavablarınız isə biabırçılıqdır. Sizə məsləhət görərdim ki, hələ iki il də ibtidai məktəbdə oxuyasınız. Xoş gəldiniz!

      Bu məğlubiyyət Martinə o qədər də toxunmadı. Lakin Ruf bunu biləndə kədərləndi.

      – Gördünüzmü, mən haqlı çıxdım, – Ruf dedi, – müəyyən bir sistem üzrə oxumalısınız. Bunun üçün isə yaxşı müəllimləriniz olmalıdır.

      – Müəllim yanında oxumaqdansa, hər şeyi təkbaşına daha tez öyrənə bilərəm. Məktəbə getmək əbəs yerə vaxt sərf etmək deməkdir. Mənim isə boş yerə sərf etməyə vaxtım yoxdur!

      – Fizika və kimya üçün sizə laboratoriya lazımdır. Təkbaşına heç bir vaxt cəbr-həndəsənin öhdəsindən gələ bilməzsiniz.

      – Elə bilməyin ki, öyünürəm. Mənə həmişə elə gəlir ki, hər şeyi asanlıqla öyrənə bilərəm. Özünüz gördünüz ki, qrammatikanın öhdəsindən necə gəldim.

      Ruf özü də sezmədən Martinə mehribanlıq göstərirdi. O, ömrünün iyirmi dörd ilini dinc yaşamış, kiməsə bənd olmamış, heç kimə maraq göstərməmişdi. Buna görə də indi hiss etdiklərinin eşq olduğunu anlamırdı.

      11

      Martin dənizçilik peşəsi, tısbağa ovu, şimal-şərq küləkləri haqqında bir oçerk yazdı. Sonra öz gücünü sınamaq istədi: kiçik hekayə yazmaq arzusuna necə qapıldısa, düz altı dənə hekayə yazıb müxtəlif jurnallara göndərdi.

      Martinin baş vurmaq istədiyi bilik sahələri getdikcə artırdı. Hər dəfə Rufgildən çıxanda oxuduğu kitablara tezcə qayıtmaq üçün qaranlıq küçələrdən yüyürüb keçirdi. O, hər gün yalnız beş saat yatır, on doqquz saat işləyirdi.

      Pulu artıq qurtarmaq üzrə idi. Qonorardan isə xəbər yoxdu. “Gəncliyin yol yoldaşı”na göndərdiyi əlyazmaları bir ay sonra geri qaytardılar. “San-Fransisko icmalçısı”ndan iki həftə cavab gözlədikdən sonra özü onlara məktub yazdı. Növbəti məktubuna da cavab gəlmədi. Beşinci həftənin sonunda izahatsız-filansız əlyazması poçtla geri qaytarıldı. San-Fransiskonun ən iri qəzetlərinə göndərdiyi başqa əlyazmalar da çox keçmədən geri döndü. Belə olanda Martin əlyazmalarını Şərq ştatlarında çıxan jurnallara göndərdi, ancaq onların