title>
HEKAYƏLƏR
KÖVKƏBİ-HÜRRİYYƏT1
Şahzadə nağıla başlayaraq deyir:
− Şahım, zamani-sabiqdə, Süleyman peyğəmbərin əsrində, tərəfi-şimalda bir tayfeyi-əzim sakin idi. Bu tayfanın vətəni bir cənnətmisal məkan idi ki, təbiət öz gözəlliyini orada sübuta yetirmişdi. Lakin bu torpaq bir mərəzi-bidərmanə mübtəla olub o gözəl nemətlərdən məhrum qalmışdı. Bu mərəz pirlik mərəzi idi: belə ki, 18 yaşında cavanın saçı-saqqalı ağarıb beli ikiqat olurdu. Əlləri, ayaqları əsib gözlərinin nuru gedirdi. Səksən yaşında bir qocaya dönürdü. Bu xalqdan iyirmi beş yaşına çatan olmamışdı. Bir gün bu tayfa məclisi-kübra qurub mərəzlərinə çarə tapmağa şüru2 etdilər. Lakin aciz qalıb məyus oldular. O vaxt onlardan biri kürsüyə qalxıb dedi:
− Qardaşlar, biz özümüz bu azara çarə tapa bilmədik. Mənim başıma bir fikir düşmüş, söylərəm, bəyənsəniz, onu əmələ gətirərik. Tərəfi-cənubda, Asiya torpağında bəni-İsrail tayfasının arasında alim bir şəxs var. Bu alim hər bir çətin işə əlac və hər bir dərdə dərman bilir. Ağıllı adamlar seçib onun hüzuruna göndərək və dərdimizə çarə istəyək.
Hamı bu təklifə razı oldu. Elçilər seçib hədiyyələrlə bərabər o alimin yanına göndərdilər. Elçilər o zaman gəlib çatdılar ki, alim həzrətləri əyləşib, işə məşğul idi. Elçilər divanxanaya daxil olub təzim etdilər və dedilər:
− Ey tilsimlər açan, heyvanların, quşların dilini bilən, ey əcinnəyə hökmü çatan. Biz əhli-şimalıq. Yerimiz cənnətmisal bir yerdir. Xuda hər nemətini bizə əta3 etmişdir. Lakin biz bir mərəzi-bidərmana mübtəla olmuşuq. Hənuz cavan ikən piraniyə4 dönürük. Ey sultani-hökmran, bizə bir nəzər et. Bax, qamətimiz bükülüb, saç-saqqalımız ağarmış, lakin heç birimizin yaşı iyirmidən ziyadə deyildir. Bu nə mərəzdir? Lütf elə, çarəsini söylə.
Alim dedi:
− Ey əhli-şimal, bu azarın dərmanı kövkəbi-hürriyyətin şəfaətidir. O ulduz torpağınızın şərq tərəfində bir dağ dalında pünhandır. O dağ təbii deyil, onu divlər hörüb sizi kövkəbi-hürriyyətin şəfaətindən məhrum etmişlər; zamani ki onu dağıtdınız, kövkəbi-hürriyyətin nuru canınıza sirayət edib ruh və bədənlərinizi təzələyəcəkdir. Sizləri cavanlaşdırıb öz təbii halınıza salacaqdır.
Elə ki elçilər dərdlərinin çarəsini bildilər, alimə artıq razılıq edib şad və xürrəm öz vətənlərinə qayıtdılar və vətəndaşlarını işdən hali etdilər, onlar da balta, bel, kürək, ling və qeyri alət gotürüb dağı dağıtdılar və kövkəbi-hürriyyətin üzü açıldı. Onun şöləsi üstlərinə düşüb cümləsini cavan etdi. İnsanlar ruha gəlib, al libaslara girib bayram etdilər.
Lakin şadlıqları artıq davam etmədi. Bir müddət keçəndən sonra qara buludlar kövkəbi-hürriyyətin üzünü tutub onu yenə pünhan etdi.
YUXU
Yuxumda özümü bir qaranlıq yerdə gördüm. Gözlərim heç şey seçmirdi. Lakin ayaqlarımın altında torpaq olduğunu hiss edirdim. Bir müddət keçərək gözlərim zülmətə öyrəşdi. Yavaş-yavaş ətrafımdakı əşyanı seçməyə qadir oldum. Müqabilində bir səhra açıldı, orada qoyun sürüsü göründü. Sürüyə tərəf yönəldim, yaxınlaşdıqda belə bir şəkil gördüm: qoyunlar başlarını yerə əyib, gözlərini ota dikib guya otlamaq istəyirlər, lakin hərəkətsiz durmuşlar. Çobana gəldikdə o da çomağının ucunu ovuclarına alıb çənəsinə dirsək vermişdi. Onda da heç bir hərəkət yox idi. Mən təəccübdə ikən gözlərimə meşə və çay sataşdı. Oraya getdim. Meşədə çoxlu heyvan və quş var idi. Fəqət bunlar da hərəkətsiz, sükuta getmişdilər. Hətta çayın suyu görünərək sanki yuxuya dalıb dayanmışdı. Məni heyrət götürdü. Bu anda sağ tərəfimdə qəbiristan və orada insanlar göründü.
− Gedim, onlardan harada olduğumu soruşum, − deyə yola düşdüm. Gəlib çatdıqda gördüm ki, qəbirlər arasında əmmaməli, fəsli, papaqlı, sarıqlı insanlar dərin yuxuya getmişlər.
− Xudaya, bu nə məxluq və nə məkandır ki, mənə rast gəlmiş?..
Bu fikirdə ikən gözümə bir günbəd dəydi. Yanına getdim. Günbədin heç bir qapısı yox idi. Lakin mərmər divarın üzərində barmaq işarəsi, qapı bura olduğunu göstərirdi. Diqqətlə baxdıqda bu yazını seçdim. "Bura zülmət aləmidir. İşıqlığa çıxmaq istəyənlərin yolu buradır".
Yazının altında belə bir üçbucaq çəkilmişdi:
. Onun hər guşəsindən qızıl qarmaqlar asılmışdı. Bu tilsimi açmaq qəsdi ilə sağ qarmağı çəkib sol və üst qarmaqla bitişdirdim, qapı açılmadı. Sonra sol qarmağı üst və sağ qarmaqla bitişdirdim, yenə də açılmadı. Axırda üst qarmağı sol və onu da sağ qarmağa tərəf çəkib bitişdirdim, o saat qapı açıldı. Mən girdim, qapı yenə üzümə örtüldü. Bir qədər getdikdən sonra bir meydana çıxdım. Buradan 72 yol ayrılırdı.Bunların hansı məni işıqlığa çıxarar – fikrində ikən yol başında, dirək üzərində barmaq şəkli "İ" hərfini işarət etdiyini gördüm, o yolu tutub getdim. Başqa bir meydana çıxdım. Orada da yol başında qondarılmış dirək üzərində "R" hərfi yazılmışdı. Bu minval ilə hər meydanda, dirək üstündə "Ş", sonra "A" və axırda "D" hərfləri göstərişi ilə qapıya çıxdım. Bu qapının üzərində dirəklər üstündə yazılmış hərflər mürəkkəb olub "İrşad" ləfzi5 yazılmışdı. Qapını açdıqda günəş pəncərədən gözlərimə düşüb məni oyatdı.
Küçədən:
− "İrşad", "İrşad", təzə qəzet, − sədası gəlirdi.
QONAQLIQ
Bol yedilər, bol içdilər. Qəhvə gəldi. İçərkən ortalığa belə bəhs düşdü.
Hökumətin sütunu kimdir?
− Əlbəttə, bəylər! − ev sahibi dedi. − Biz nücəbasız hökumət yaşaya bilməz. Hökumətin sütunu bizik.
Tacir dedi:
− Ticarət olmazsa, pul olmaz. Pulsuz da heç bir hökumət yaşaya bilməz. Hökumətin sütunu biz tacirlərik.
Alim dedi:
− Hökumətləri yaşadan bilikdir, onsuz heç bir quruluş davam edə bilməz, pozulub məhv olar. Hökumətin sütunu alimlərdir.
Ruhani dedi:
− Rəiyyəti hökmranlar itaətində saxlayan, onlara tabe etdirən biz ruhanilərik. Bizsiz əxlaqlar pozular, üsyanlar qalxar, qanlar tökülər, hökumətlər də yıxılar. Bizik hökumətin sütunu.
Zabit dedi:
− Söylədiklərinizi təsdiq edirəm. Lakin düşmən vətənin üstünə hücum etdikdə döşlərini verib onu müdafiə edən kimdir? Əlbəttə, biz. Hökumətin sütunu biz əsgərlərik.
Qonaqlar eyvana çıxıb qəlyan, siqar çəkməyə məşğul oldular. Bəhs yenə təzələndi. O vaxt bir qoca kəndli arabadan taxıl kisələrini fəhlələrin dalına verirdi, onlar da anbarlara yığırdılar. Ev sahibi bəy dedi:
− O qoca kəndlini həkəm seçək, nə desə, ona razı olaq.
Hamısı bu təklifə razı oldu. Kişini işdən avara edib çağırdılar, bəhslərini söylədilər. Kəndli dedi:
− Ey ağalar, düzünü axtarsanız, hökumətin sütunu biz kəndlilərlə o qan-tər içində yük daşıyan fəhlələrdir. Biz əkməsək, biçməsək, onlar da işləməsə, heç bir hökumət yasaya bilməz. − Bunu deyib cəld işinə getdi.
TUTUQUŞU
(nağıl)
Biri vardı, biri yoxdu, bir çal-çəpəri dağılmış, gülləri soluxmuş, ağacları yarıqurumuş bir köhnə bağ vardı. Bağın quşları bu xarabada çox məşəqqət ilə gün keçirirdilər. Günlərin bir günündə bu bağa haradansa bir bülbül uçub gəldi və bir neçə