də gəldiyi vilayətə qayıtdı. Bülbül gedəndən sonra tutuquşu bülbülün ədası ilə bir "konsert" məclisi düzəltdi. Dəvət olunmuş qonaqlar həmin gün məclisə yığıldılar. Tutuquşu bir uca yerə çıxıb kərahətli6 bir səslə qarğa kimi qarıldadı, sağsağan kimi qığıldadı, hətta qurbağa kimi də quruldadı, ancaq bir bülbül kimi oxuya bilmədi. Siçan bunu eşidib dedi:
− Ay tutu dayı! Qabaqlarda pis də olsa, öz ana dilində oxuyurdun, amma indi bülbülün də adını biabır etdin və hər tərəfdən avara qalmısan.
QAN BULAĞI
İyulun isti günlərinin birində dağların arası ilə uzanan əyri-üyrü, eniş-yoxuş yol ilə iki atlı gedirdi. Bunların biri iyirmi yaşında gənc, digəri yetmiş sinninə varmış bir qoca idi. Bu iki şəxsin yaşlarında bu qədər böyük fərq olduğu halda, zahirlərində bir o qədər fərq görünməyirdi. Hər birisinin əynində pişmət, çərkəzi çuxa, belində kəmər, xəncər və qılınc, başında dəri papaq, çiynində qara yapıncı və boynunda ağ baslıq var idi. Qocanın at üstündə əyləşməsi, əzasının hərəkəti, alıcı quş kimi baxışı gəncdən seçilməyirdi. Lakin qocalıq nişanəsi üzünün qırışından və uzun ağ saqqalından görünürdü. Yol getdikcə daralırdı. Dağlardan enib indi qayadöşü incə bir yol ilə gedirdilər. Onun yuxarı tərəfi divar kimi ucalan sıldırım qayalar, alt tərəfi göz qaraldan uçurum dərələr idi. Bu qorxulu yol ilə səfər etmək qeyrilərə namümkün olduğu halda, Dağıstan əhalisinə və onların atlarına adi bir şeydir.
Vaxt günortaya yaxınlaşmışdı. Susuzluqdan hər iki süvari yanırdı. Ələlxüsus susuzluq gəncə artıq təsir eləyirdi. Onun gözləri səbirsiz və iztirab ilə su arayırdı. Bu halda gəncin qulağına su şırıltısı gəldi.
− Baba, muştuluq olsun, irəlidən su səsi gəlir, − deyə cavan atını sürdü.
Qoca təbəssüm ilə ona nəzər salaraq başını yırğaladı. Gənc bulağa çatdıqda gördü ki, suyun rəngi qırmızıya çalır. Buna baxmayaraq susuzluğunu tezcə rəf etmək üçün qurtum su içər-içməz:
− Bu nə cür sudur? − deyə ayağa qalxdı. Bu halda qoca gəlib ona çatdı və gülümsəyərək dedi:
− Susuzluğunu rəf etdinmi, oğlum?
− Xeyr, baba, bu bulağın suyu içməli deyil, zəhər dadı verir, rəngi də qana bənzəyir, − deyə cavab verdi.
− Elədir, oğlum, bu, "Qan bulağı"dır, bunun suyu dəmir ilə qarışmış, bu su qansızlara və bəzi naxoşlara dərmandır…
Cavan sordu:
− Bu "Qan bulağı" adını nədən almış, baba?
− Bir az səbir et, oğlum, bulağın hekayəsini sənə söylərəm. İndi isə ardımca sür, bu yaxında içməli su var, − deyə qoca atını sürdü.
Bir qədər getdikdən sonra gözəl bir bulağa rast gəldilər, atdan endilər. Cavan xurcunundan yemək çıxarıb süfrə salmağa məşğul oldu. Nahardan sonra qoca yapıncısını yerə sərib üstünə uzandı. Cavan onun "Qan bulağı" barəsində verdiyi vədəyə müntəzir, qarşısında əyləşmişdi. Qoca gözlərini yumub bir müddət sükuta getdi. Gənc elə fikir etdi ki, qoca vədəsini unudub yuxuya daldı. Lakin fikri yanlış idi. Bir azdan sonra qoca gözlərini açdı, başlığını büküb dirsəyinin altına qoydu və dərindən bir ah çəkib dedi:
− Ulu Qafqaz, ulu dağlar! Hər bir daşın bir tarixdir. Kimlər gəlib sinəndən keçmədi, çaylarını qızıl qana döndərmədi!..
Oğlum, bu dərə bu torpağı iki yerə təqsim7 edir. Belə rəvayət edirlər ki, qədim zamanda bu dərənin o tərəfində böyük bir qəbilə, başında Misir xan adında bir rəis və bu tərəfində digər bir silsilə Surxay xanın rəisliyi ilə sakin olurmuşlar. İttifaqən bu iki xanın arasında qan davası düşür, bunlar bir-birini tələf etməyə başlayırlar. Bir müddət keçmiş Misir xan və Surxay xan bir də baxıb görürlər ki, cəmi oğlanları və yaxın əqrəbaları bu qan davasında baqi qalır. Lakin hər iki rəis yeni övladlarının dünyaya gəlməsinə müntəzir olur ki, onların köməkliyi ilə düşməndən intiqamını alsın. İttifaqən bunların bir gecədə iki övladı təvəllüd edir. Surxay xanın oğlu, Misir xanın qızı olur. Bu ittifaqdan nə qədər Surxay xan şad olursa, bir o qədər də Misir xan qəmgin və məyus olur. Misir xanın anası oğlunu belə məyus və qəmgin gördükdə deyir:
− Oğlum, qəm etmə, bilirəm səni pərişan edən nədir. Məgər qız tayfası düşməndən intiqam ala bilməz? Onlara da oğlan kimi tərbiyə versən, igidlikdə hər kəsdən geri qalmazlar.
Bunu eşitcək Misir xan yerindən sıçrayıb qalxır və anasını qucaqlayaraq deyir:
− Ana, fikrin çox gözəldir, ancaq de görüm, qızım olmağını kim bilir?
− Məndən və arvadından başqa kimsə bilməyir, − deyə anası cavab verir.
− Çox gözəl, indi mənim qızım olmağını gərək bir adam bilməsin. Sabahdan oğlum olduğunu elan edəcəyəm, sən deyən tərbiyəni də qızıma özüm verəcəyəm, lakin bu sirrin gizli qalması səninlə anasından asılıdır.
− Arxayın ol, oğlum, əmrin yerinə yetər, − deyə anası cavab verdi. On gündən sonra Misir xan qızına Teymur xan namını verir və bu sirr pünhan qalmaq üçün həmin bu müqabilimizdəki qayanın döşündə bir köşk bina edib orada sakin olur.
Teymur xan atasının nəzarəti altında tərbiyə alaraq nağıl olunan köşkdə böyüməyə başlayır. Onun oyun şeyləri tüfəng, xəncər, qılınc və yoldaşları bu qayalar sakini laçın, qaraquş, tərlan kimi yırtıcı quşlar olur. Belə tərbiyə nəticəsi olaraq on yaşında Teymur xan at minmədə, tüfəng atmada, qılınc vurmada igid cavanlardan geri qalmayır. Bunlardan artıq, insanları heyrətə gətirən Teymur xanın vəsfə gəlməyən gözəlliyi olur.
Bu tərəfdən Surxay xanın oğlu Paşa xan Teymur xan kimi igidlikdə və gözəllikdə məşhur olur.
Bu iki uşaq böyüyüb on səkkiz yaşına çatır, bunların igidliyi və gözəlliyi ətraf və əknafa yayılır. Bu vaxta qədər görüşmək bunlara mümkün olmamışdı. İttifaqən bu iki cavan yek-digərinə rast gələrsə, biri və bəlkə də, ikisi də tələf olmaqlarını hiss edirmişlər. Bununla bərabər, görüşmək arzusu hər ikisində gündən-günə qüvvətlənir. Oğlum! Əcdadımızdan bizə irs qalmış qana-qan etmək adətinə qurban olan bu cavanlar axırda bir-biri ilə görüşürlər.
Belə ki, baharın gözəl səhərlərinin birində Teymur xan ov arxasınca, sərhədləri olan bu dərəni aşıb o tərəfə keçir. O zaman Paşa xan da ova çıxmış olur. Bu iki aslan gördüyün "Qan bulağı"nın başında bir-birinə rast gəlir. Bir müddət bir-birinin gözəl camalına heyran olub qalırlar. Paşa xan Teymur xanın fövqəladə gözəlliyinə heyran olur. Teymur xan isə on səkkiz ilin ərzində qadınlığa müğayir yırtıcı, qaniçici quş kimi aldığı tərbiyənin onda qadınlıq hissini hələ puç etmədiyini indi anlayır, eşq odu onun ürəyini yaxıb yandırır, hər zaman igidləri xofa salan gözləri indi Paşa xana xumar-xumar baxıb ondan aman gözləyir. Paşa xan heyrətdən ayılıb Teymur xanın kim olduğunu duyursa da, sorur:
− Sən kimsən?
− Sən özün kimsən?
−