Оскар Уайльд

Hekayələr


Скачать книгу

bu bağ indi sizindir, – deyib baltanı götürdü və hasarı uçurdu. Camaat günorta bazara gedəndə Nəhəngi uşaqlarla birlikdə misli görünməmiş gözəl bağda oynayan gördü.

      Onlar bütün günü oynadılar. Axşamsa vidalaşanda Nəhəng soruşdu:

      – Bəs mənim ağaca qaldırdığım oğlan, sizin balaca dostunuz hardadır?

      Nəhəng onu hamıdan çox istəyirdi, çünki balaca onu öpmüşdü. Uşaqlar cavab verdilər:

      – Biz bilmirik. O çıxıb gedib.

      Nəhəng kövrəldi:

      – Ona deyin ki, sabah mütləq gəlsin.

      Lakin onun harada yaşadığını uşaqlar bilmirdilər. Onlar balacanı indiyədək heç görməmişdilər də. Bunu eşidən Nəhəng çox pərişan oldu.

      Hər gün dərslər qurtardıqdan sonra uşaqlar Nəhəngin yanına oynamağa gəlirdilər. Nəhəngin sevdiyi balaca oğlan isə bir daha bağa gəlmədi. Nəhəng bütün uşaqlarla mehriban idi, lakin o, balaca oğlan üçün çox darıxırdı və tez-tez onun haqqında söhbət açırdı. Həmişə deyirdi:

      – Mən onu necə də görmək istərdim.

      İllər ötür, Nəhəng qocalır və zəifləyirdi. O daha oynaya bilmirdi. Kürsüdə oturub uşaqların oyunlarına baxır və bağdan həzz alırdı:

      – Mənim qəşəng güllərim çoxdur, amma onların ən gözəli uşaqlardır.

      Bir qış səhəri Nəhəng paltarını geyərkən pəncərədən bayıra baxdı. İndi onun qışdan zəhləsi getmirdi. O bilirdi ki, bahar yatır, güllərsə dincəlir.

      Birdən o, heyrət içində gözlərini sildi və bağa baxdı. Bu, doğrudan da, heyrətamiz bir şey idi. Bağın ən uzaq küncündə tamam ağ çiçəyə bürünmüş bir ağac var idi. Ağacın qızıl budaqlarından gümüş meyvələr sallanırdı, onun altında isə Nəhəngin sevdiyi balaca oğlan dayanmışdı.

      Nəhəng böyük sevinc içində pillələrlə aşağı endi və bağa çıxdı. Otların içindən tələsik keçib uşağa yaxınlaşdı. Balacanı görən kimi qəzəbindən üzü qızardı:

      – Kim cürət edib səni yaralayıb?

      Uşağın ovuclarında və kiçik ayaqlarında iki mismar izi vardı. Nəhəng yenə qışqırdı:

      – De görüm, kim cürət edib səni yaralayıb, mən onu öz böyük qılıncımla öldürərəm!

      Uşaq dilləndi:

      – Yox. Bunlar məhəbbət yaralarıdır.

      Nəhəng soruşdu:

      – De, sən kimsən?

      Nəsə anlaşılmaz bir qorxu hissi Nəhəngin qəlbini bürüdü və o, uşağın qarşısında diz çökdü.

      Uşaq gülümsündü:

      – Sən bir dəfə mənə öz bağında oynamağa izin verdin, bu gün isə sən mənim bağıma – cənnətə gedəcəksən.

      Həmin gün günortaçağı uşaqlar bağa gələndə Nəhəngi ağacın altında uzanmış gördülər. Nəhəng tamam ağ çiçəklərin içində idi. O ölmüşdü.

      SADİQ DOST

      Bir səhər qoca susiçovulu başını yuvasından çıxarıb ətrafa boylandı. Onun muncuq kimi parıldayan gözləri və ağarmış, cod bığları vardı. Uzun quyruğu isə elə bil qara qaytandandı. Axmazda sarıbülbüllərə bənzəyən çoxlu ördək balası oyan-buyana üzüşürdü. Anaları – qırmızıayaq, ağappaq ördəksə onlara suda başıaşağı dayanmağı öyrətməyə çalışırdı.

      Ana ördək balalarına:

      – Kübar cəmiyyətin üzvü olmaq üçün başıaşağı dayanmağı öyrənməlisiniz, – deyə nəsihət verir və vaxtaşırı bunu necə etmək lazım olduğunu göstərirdi. Amma balaca ördəklər ona məhəl qoymurdular. Onlar hələ körpə idilər və kübar cəmiyyətin üzvü olmağın üstünlükləri barədə heç nə bilmirdilər. Qoca susiçovulu dedi:

      – Bunları görürsən! Heç sözə baxmırlar. Belə uşaqları suda boğmaq lazımdır.

      Ördək onun cavabında:

      – Heç elə şey olar?! – dedi. – Axı hər uşağın bir xasiyyəti var. Valideyn balasının nazını çəkməyi bacarmalıdır.

      Susiçovulu:

      – Ailəm olmadığından valideynlərin keçirdiyi hislər mənə yaddır. Mən heç vaxt evli olmamışam. İndiyədək heç evlənmək fikrinə də düşməmişəm. Məhəbbət öz-özlüyündə nə qədər yaxşı şey olsa da, dostluğa çata bilməz. Dostluq ondan qat-qat üstündür. Sözün düzü, mən dünyada sadiq dostluqdan gözəl və ülvi bir şey tanımıram.

      – Elə isə, de görək, səncə, sadiq dost necə olmalıdır? – deyə yaxınlıqdakı söyüd ağacında oturan yaşıl kətanquşu söhbətə qarışdı. O, təsadüfən susiçovulunun dediklərini eşitmişdi.

      Ördək:

      – Elə mən də bunu bilmək istərdim, – deyib axmazın o biri başına tərəf üzdü və uşaqlarına ibrət dərsi vermək üçün suya baş vurdu. Susiçovulu:

      – Axmaq sualdır, – dedi. – Mənim dostum, heç şübhəsiz, mənə sadiq olmalıdır.

      – Bəs bunun müqabilində sən nə etməlisən? – deyən quşcuğaz toz kimi havaya qalxan gümüşü su damlalarının üzərində qanad çalaraq dayandı.

      Susiçovulu:

      – Mən səni anlamıram, – dedi.

      Kətanquşu:

      – Gəl onda sənə bu barədə bir əhvalat danışım.

      – Bu əhvalat mənim haqqımdadır? – deyə susiçovulu soruşdu. – Belə isə, mən ona qulaq asaram. Maraqlı əhvalatlardan yaman xoşum gəlir.

      Kətanquşu:

      – Söyləyəcəyim əhvalat sənin kimilərinin haqqındadır, – deyib aşağı endi və sahilə qonub bir sadiq dostun başına gələnlər barədə danışdı.

      O, söhbətinə belə başladı:

      – Biri varmış, biri yoxmuş, yer üzündə Hans adlı namuslu bir insan varmış.

      Susiçovulu xəbər aldı:

      – O, məşhur adam idi?

      – Yox, lap adicə bir insan idi. Mərhəmətli qəlbi vardı. Onun şən, yumru və gülər sifəti çoxlarına tanışdı. O, balaca daxmasında tək-tənha yaşayır və hər gün səhərdən axşamacan bağçasında əlləşirdi. Bütün ətrafda onunku kimi gözəl bağça tapılmazdı. Orada türk qərənfilləri, şəbbü çiçəkləri, çobanyastığı, qaymaqçiçəyi ilə bərabər, tünd-qırmızı və sarı qızılgüllər, yasəməni və qızılı krokuslar, ağ və çəhrayı bənövşələr, sırğagülü, çöltərəsi, mərzə, yabanı reyhan, süsən, sarımtıl nərgizlər və qırmızı qərənfillər vardı. Günlər, aylar ötdükcə gül-çiçəklər də bir-birini əvəz edir, biri açanda o birisi solurdu. Xülasə, bağçaya gələnlər bu gözəlliyə tamaşa etməkdən doymur, güllərin təravətindən, ətrindən az qala bihuş olurdular.

      Balaca Hansın dostları çox idi. Ancaq onların içində