Kensinqtonda yerləşən Sent-Atelsten kollecində oxuduğumuz illərdə də, demək olar ki, birlikdə olmuşuq. Kollecə daxil olanda biliyimiz eyni səviyyədə idi, amma bitirəndə məndən qat-qat öndə gedirdi. Öz parlaq mühakimə üsulu və istedadlı çıxışları ilə hər kəsi özünə heyran qoyardı, halbuki heç mən də pis oxumurdum. “Divardakı qapı” haqqında ilk dəfə elə məktəb vaxtı eşitmişdim. İkinci dəfə həmin bu qapı haqqında Uollesin ölümünə bir ay qalmış elə özündən dinlədim. İndi mən tamamilə əminəm ki, hər halda, onun üçün “divardakı qapı” həqiqi idi və əbədi, gerçək dəyərlərə doğru aparırdı. Bu onun həyatına çox erkən – təxminən beş-altı yaşında uşaq olarkən daxil olmuşdu. Yadımdadır, sirrini mənə açarkən hadisənin nə vaxt baş verdiyini dəqiqləşdirmək üçün tələsmədən, ciddi tərzdə, ucadan düşünürdü.
– Qarşımda, – deyirdi, – ağ divarın fonunda günorta günəşinin parlaq şüalarının işıqlandırdığı, tünd-qırmızı rəngdə yabanı üzüm salxımı gördüm. Mən onu birdən sezdim, necə baş verdiyini xatırlamıram… Divardakı yaşıl qapının qarşısındakı küçənin təmiz səkisinə atşabalıdı ağacının yarpaqları tökülmüşdü. Başa düşürsən, qəhvəyi, çirkli yox, yaşıl damarlı sarı yarpaqlar idi; görünür, elə təzəcə ağacdan tökülmüşdülər. Güman ki, oktyabr ayı idi. Mən hər il atşabalıdı ağacının yarpaqlarının tökülməsini həvəslə seyr edirəm və bunun necə baş verdiyindən də yaxşı xəbərdaram. Yanılmıramsa, o vaxt beş yaş dörd aylıq olardım.
Uollesin dediyinə görə, o, yaşına görə çox irəli getmiş bir uşaq olub: danışmağa olduqca tez başlayıb, dərrakəsi ilə yaşıdlarından fərqlənib, ətrafdakıların fikrincə, “lap böyük adam kimi” olub, ona görə də başqa uşaqların yeddi-səkkiz yaşlarında əldə edə bildiyi azadlıqdan daha erkən yaşlarında faydalana bilib. İki yaşında ikən anası dünyasını dəyişib və o, çox da ciddi və sərt olmayan dayənin nəzarəti altında böyüyüb. Başı yalnız öz işlərinə qarışmış, sərt və ağır xasiyyətli bir vəkil olan atası oğluna ayırmağa vaxt tapmasa da, onun gələcəyinə çox ümid bəsləyirdi. Mənə elə gəlir ki, zəka və istedadına baxmayaraq, həyat bu oğlan üçün yeknəsəq və darıxdırıcı keçib. Beləliklə, bir gün o gəzməyə yollanıb.
Evdən hansı bəhanə ilə çıxdığını və Şərqi Kensinqtonun hansı küçəsi ilə gəzdiyini dəqiq xatırlamır. Bütün bunlar onun hafizəsindən birdəfəlik silinmişdi. Lakin ağ divar və yaşıl qapının qarşısında peyda olduğunu tamamilə aydın şəkildə xatırlayırdı. Yaxşı yadında idi ki, bu qapını ilk dəfə görən kimi anlaşılmaz həyəcan keçirmişdi. Hansısa qüvvə onu oraya çəkirdi, qeyri-ixtiyari qapını açıb içəri girmək istəyirdi. Bununla bərabər, dumanlı şəkildə hiss edirdi ki, bu duyğuya qapılmaq onun tərəfindən ağılsızlıq, hətta daha da betər olardı. Uolles inandırırdı ki, təəccüblü də olsa, o lap əvvəldən bilirdi ki, qapı kilidli deyil və istədiyi vaxt açıb içəri girə bilər.
Gözümün önündə qapının qabağında dayanmış, gah onu açıb içəri girmək istəyən, gah da kənara çəkilən balaca oğlan canlanır.
Uolles həm də tamamilə ağlasığmaz bir surətdə dərk edirmiş ki, qapıdan içəri girməsinə atası çox qəzəblənəcək. Dostum bütün təfərrüatlarına qədər keçirdiyi tərəddüd hissini mənə danışmışdı. Qapının yanından otərəf-butərəfə keçmiş, balaca oğlanlara xas şəkildə əlini cibinə salıb fit çalmış, sərbəst şəkildə divarboyu dolaşaraq döngəni burulmuşdu. Orada bir neçə köhnə, çirkli dükan gözə dəyirmiş, xüsusilə də su kəməri çəkən və üzlük, divar kağızı vuran ustaların emalatxanalarını yaxşı yadda saxlamışdı; hər tərəfdə tozlu, gil borular, qurğuşun lövhələr, dəyirmi su kranları, divar kağızı nümunələri, boya qabları atılıb qalmışdı. O dayanıb özünü elə göstərirmiş ki, guya bu əşyalara tamaşa edir, əslində isə yaşıl qapıya can atırmış .
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.