Самед Бехранги

Hekayələr


Скачать книгу

ağacı, mən bu səslərə dözə bilmirəm. İstəyirəm şəhərə − dayımın yanına gedim. Daha kənddə qala bilmirəm. Şaftalı ağacı, mən getdim… Qoy şaftalın da özünə qalsın!

      Elə ki gördüm Polad durub getməyə hazırlaşır, şaftalımı onun qarşısına saldım. O, şaftalımı götürüb qoxuladı; toz-torpağını sildi, başdan-ayağa süzüb ovuclarında əzizlədikdən sonra yerə qoyub getdi…

      Bildim ki, dostu Sahibəlidən ayrı yeməyə ürəyi gəlmir.

      O biri il yaxşı boy atmışdım. Gövdəmin hər tərəfində çoxlu budaq və yarpaqlar bitmişdi. İyirmi-otuzacan gül açmışdım. Artıq bağın hər tərəfini görə bilirdim. Bir gün bağban mənim baş qaldırdığımı gördü. Sevincindən bilmirdi nə etsin. Rəngimdən, yarpaqlarımdan və güllərimdən hansı toxumdan olduğumu bildi; heç bir zəhmət çəkmədən bağında yaxşı bir şaftalı ağacı bitmişdi.

      Belə nanəcib bir bağbanın əlinə düşdüyüm üçün çox narahat idim; çünki o, pulgir, nankor bir zalıma nökərçilik edirdi, pul xatirinə kəndin camaatını özünə düşmən etmişdi.

      Şaftalılarımın kimə qismət olacağını bildikdə özümdən acığım gəldi. Məni Polad ilə Sahibəli əkib böyütmüşdü, şaftalını da onlar yeməli idilər. Ağlıma, ürəyimə, bütün varlığıma hakim olan bu fikirlərdən sonra başladım meyvələrimi tökməyə. Bağban o zaman xəbər tutdu ki, artıq bir dənə də şaftalım qalmamışdı. O elə bildi ki, yerim pisdir. Buna görə də bu sözləri mənə eşitdirdi:

      − Gələn il yerini dəyişəcəyəm. Yaxşı su içərsən, iri və gözəl şaftalılar gətirərsən.

      Üzümüzə gələn ilin yazında rişələrimi ayıltdıqda gördüm ki, onlardan bəziləri tamam quruyub, bəziləri isə kəsilib. Əlbəttə, sağlam rişələrim də çox idi, onları rütubətli torpağın köksünə uzatmağa başladım. Sonra yeni rişələr əmələ gətirib ətrafa yaydım. Bu zaman ayılmaq, yarpaq və gül açmaq fikrinə düşdüm və ana oldum.

      O vaxtdan indiyəcən ömrümdən neçə il keçdiyini bilmirəm. Ancaq bağban mənim şaftalılarımdan bircə dənə də olsun nübar edə bilməyib, bundan sonra da eləyə bilməyəcək. İstəyir qorxutsun, ya da doğrayıb yandırsın. Ona boyun əyməyəcəyəm.

Yay, 1968-ci il.

      24 SAAT YUXUDA VƏ AYIQLIQDA

      "Əziz oxucu!

      "24 saat yuxuda və ayıqlıqda" hekayəsini məşğuliyyət üçün yazmamışam. Ona görə yazmışam ki, sən dünyanın hər yerində yaşayan öz balaca dostlarını yaxşı tanıyasan və onların dərdlərinin çarəsi haqda fikirləşəsən…"

      Tehranda başıma gələnlərin hamısını yazsam, bir neçə kitab olar və oxucunu yora bilər. Ona görə də ancaq 24 saat ərzində gördüklərimdən bəhs edirəm. Sözümə başlamazdan əvvəl deməliyəm ki, axı necə oldu atamla Tehrana gəldik?

      Bir neçə il idi atam işsiz idi. Anamı, bacı və qardaşlarımı şəhərimizdə qoyub Tehrana gəldik. Şəhərlilərimizdən, tanışlarımızdan bir neçəsi bizdən öncə gəlib özlərinə iş tapmışdılar; məsələn, biri buz satırdı, bir başqası köhnə pal-paltar, birisi portağal alveri ilə məşğul idi… Atam da bir əl arabası tapıb ayaqüstü alver eləməyə başladı: göyərti, kartof, xiyar və bu kimi şeylər alıb-satmaqla başımızı dolandırırdıq. Atamın qazancının cüzi hissəsini özümüz yeyir, qalanını anama göndərirdik. Mən hərdənbir atamla bəzi pula gedər şeylər tapmaq üçün oyan-buyana ayaq döyür, hərdənbir də xiyabanlarda avaralanıb axşam atamın yanına qayıdırdım. Bəzən də saqqız və ya Hafizin kitabını satırdım.

      İndi əsl mətləbə keçək.

      Bir axşam mən, Qasım, biletsatan Zivərin oğlu və Əhmədhüseyn − dörd nəfər bankın pilləkənində oturub qumar oynamaq üçün yer tapmaq haqda fikirləşirdik. Bu zaman bir az əvvəl elə həmin pilləkəndəcə rastlaşdığımız iki nəfər gəlib yanımızda oturdu. Onların ikisi də bizdən böyük idi. Biri taygöz idi, o birinin şalvarının yırtığından çirkli dizi görünürdü. Üst-başı bizimkindən də pis idi. Amma ayağına təptəzə qara ayaqqabı geymişdi. Əvvəl dördümüz də onun ayaqqabılarına, sonra da bir-birimizə baxdıq. Bu baxışla bir-birimizə çatdırmaq istəyirdik ki, uşaqlar, ayıq olun, deyəsən, ayaqqabı oğrusuna rast gəlmişik. O, fikrimizdən keçənləri dərhal oxudu:

      − Nə olub, − dedi, − ayaqqabı görməmisiniz?

      Yoldaşı onu məzəmmət elədi:

      − Baş qoşma, Mahmud. Görmürsən nə gündədirlər? Yazıqlar ömürlərində belə ayaqqabı görüblər ki?

      Mahmud:

      − Mənə bax də! − dedi, − yazıqların yalın ayaqlarını görə-görə hələ bir soruşuram da ki, ayaqqabı görməmisiniz?

      Taygöz yoldaşına eyhamla dedi:

      − Hamının atası sənin kimi "varlı" deyil ki, uşağına təzə ayaqqabı alsın…

      Hər ikisi bir-birinə baxıb hırıldadı.

      Dördümüz də duruxmuşduq. Əhmədhüseyn biletsatan Zivərin oğluna, Qasım onlara, sonra da hər üçü dönüb mənə baxdı. Bu o deməkdi ki: "Neyləyək? Dava salaq, yoxsa elə qoyaq hır-hır gülüb bizi ələ salsınlar?"

      Mən ucadan Mahmuda dedim:

      − Sən oğrusan! Sən bu ayaqqabıları oğurlamısan!

      Bunu eşidən kimi hər ikisi pıqqıldadı. Taygöz əlini Mahmudun kürəyinə vurdu:

      − Sənə demədim, Mahmud?.. Ha-ha-ha! Sənə demədim? Hi-hi-hi!..

      Xiyabanın yanına düzülmüş rəngbərəng şəxsi minik maşınları elə bil qarşımıza divar çəkmişdi. Qənşərimdəki qırmızı maşın getdikdən sonra xiyabanı görməyimə yer açıldı. Taksilər, şəxsi maşınlar və avtobuslar xiyabanı tutmuşdu. Mənə elə gəlirdi ki, Tehran dünyanın ən qaynar şəhəri, bu xiyaban isə onun ən qaynar nöqtəsidir. Gülməkdən qəşş edən taygöz və onun yoldaşı Mahmud məni lap hövsələdən çıxarmışdılar. Allahımdan idi ki, davamız düşsün, yeri düşdü-düşmədi, yenicə öyrəndiyim söyüşü işlədim. Öz-özümə deyirdim ki, kaş Mahmud mənim qulağımın dibindən vuraydı, mən də əsəbiləşib ona deyəydim: "Mənə əl qaldırırsan? Bu saat durub bıçağı yortaram qarnına!"

      Yanımda oturmuş Mahmudun yaxasından tutub bu məqsədlə soruşdum:

      − Əgər sən oğru deyilsənsə, de görüm, ayaqqabıları sənə kim alıb?

      Yalnız bundan sonra gülüş səsləri kəsildi. Mahmud əlimi itələyib dedi:

      − Yerində otur, bala! Nə danışdığını bilirsən?!

      Taygöz tez araya girib dalaşmağa mane oldu.

      − Mahmud, − dedi, − baş qoşma. Gecənin bu vaxtında dalaşmağın mənası yoxdur. Kefimizi pozmayaq.

      Dördümüz də dalaşmaq fikrində idik. Amma Mahmudla taygöz, doğrudan da, zarafat edib gülmək istəyirdilər.

      Mahmud barışdırıcı bir əhvali-ruhiyyə ilə söhbətə yekun vurdu:

      − Daaş, bizim bu gün dalaşmağa hövsələmiz yoxdur. Əgər dalaşmaq istəyirsinizsə, qoy qalsın sabah axşama.

      Taygöz