Эдгар Аллан По

Hekayələr


Скачать книгу

qorxu, bəlkə də, boş görünən bir şeydən daha da alovlanmağa başladı: belə ki, arvadım bir neçə dəfə pişiyin ağ tüklərinə işarə etmişdi. Ağ tüklər asdığım Pluton ilə bu pişik arasındakı yeganə fərqi göstərirdi. İlk günlər diqqətimi çəkməmişdi, amma zaman keçdikcə yavaş-yavaş bu tüklər gözümdə müəyyən bir forma almağa başladı. Ağlım, məntiqim əvvəlcə bunu xəstə təxəyyülün bəhrəsi hesab edir və yaxına buraxmırdı. Gözümün önündə getdikcə aydınlaşan bu formanın nə olduğunu dilimə gətirməyə qorxuram… Qorxu və dəhşətin özünü təmsil edən bu qarabasma dar ağacının forması idi!..

      Artıq insanlıq hissiyyatını tamamilə itirmiş, aciz bir məxluq vəziyyətinə gəlmişdim. Düşünmədən, nifrətlə öldürdüyüm şüursuz heyvan Allahın idrakla yaratdığı ali varlığa – şüurlu insana qalib gəlmişdi! Heyhat! Məndə gecə-gündüz, bir dəqiqə belə rahatlıq qalmamışdı. Mənim yerimi sanki yırtıcı bir məxluq almışdı. Gündüzlər pişik məni rahat buraxmır, gecələr isə sonu gəlməyən qorxunc qarabasmaların ağırlığı altında əzilirdim. Oyananda isə bu iyrənc pişiyin üstümdə ağırlığını, üzümdə qaynar nəfəsini hiss edirdim; onu özümdən kənarlaşdırmağa da cürət etmirdim, o isə düz ürəyimin üstündə uzanırdı.

      Bu daimi qarabasmaların təsiri ilə yaxşılıq anlayışının son qırıntıları da qəlbimdən silinib getdi. Beynimdə, sadəcə, pislik düşüncələri yerləşdi. Qəddar və qorxunc düşüncələr mənə yoldaş oldu. Hər kəsdən, hər şeydən getdikcə daha çox iyrənib diksinməyə başladım. Nəticədə, davamlı bir böhran içində olurdum və arvadım bütün bunlara sinə gərmək məcburiyyətində qalırdı.

      Bir gün arvadımla birlikdə dağılmış evin zirzəmisinə endik (ehtiyac üzündən elə dağılmış evin bir hissəsini düzəldib yaşamalı olmuşduq). Pişik ayaqlarımın arasında dolaşaraq məni az qala nərdivandan aşağı yıxacaqdı. Hirsimdən dəliyə dönub orada olan bir baltanı götürdüm və qorxumu unudaraq heyvanı vurmaq üçün qaldırdım. Əgər qaldırdığım kimi də endirə bilsəydim, pişiyi o anda öldürəcəkdim. Lakin arvadım qolumu tutaraq vurmağıma mane oldu. Bu məndə daha şeytani bir qəzəb oyatdı: onun araya girməsinə çox pis əsəbiləşərək qolumu çəkdim və baltanı var gücümlə arvadımın başına endirdim. O, cınqırını belə çıxarmadan yerindəcə keçindi.

      Bu cinayəti işlədikdən sonra heç bir vicdan əzabı duymadan ölünü gizlətmək işinə girişdim. Nə gündüz, nə də gecə, qonşular görmədən cəsədi evdən çıxarmağın mümkün olmayacağını bilirdim. Müxtəlif yollar düşündüm. Əvvəlcə cəsədi kiçik parçalara bölərək yandırmağı planlaşdırdım. Daha sonra isə zirzəminin altını qazaraq ora basdırmağı düşündüm. Bundan başqa, ölünü bağçadakı quyuya atmaq, bir sandığa yerləşdirib sanki lazımsız avadanlıq kimi hambal çağıraraq daşıtmaq da ağlıma gəldi. Nəhayət, bütün bunlardan daha yaxşı olduğunu düşündüyüm bir yol tapdım. Cəsədi orta əsrlərdə keşişlərin etdiyi kimi – divara hörməyə qərar verdim.

      Doğrudan da, bu iş üçün zirzəmi çox uyğun idi. Divarları tökülmüş və çoxlu suvaq ilə yenidən əhənglənmişdi: rütubətli havanın ucbatından hələ qurumağa macal tapmamışdı. Bundan başqa, divarlardan birində əvvəllər buxarı kimi istifadə olunmuş bir çıxıntı var idi. Bu çıxıntı sonradan doldurulmuşdu və boşluğun o biri hissələrindən ayırd edilmirdi. Bu çıxıntını örtən kərpicləri yerlərindən çıxararaq cəsədi o boşluğa yerləşdirmək, sonra kərpiclərlə divarı yenidən hörmək asan idi. Beləcə, heç kim işin fərqinə varmazdı. Hesablamalarımda aldanmadım; lingin köməyi ilə kərpicləri yerlərindən söküb meyiti divarın içinə yerləşdirdim və çox əziyyət çəkmədən divarı yenə əvvəlki kimi hördüm. Divara yenidən elə suvaq çəkdim ki, əvvəlki vəziyyəti ilə yenisi arasında fərq yox idi. Yerə düşmüş parçaları böyük bir diqqətlə yığışdırdım, sağa-sola göz gəzdirdim: hər şey öz yerində idi. Heç kim divarın yenidən hörüldüyünü anlaya bilməzdi, iş bitəndə bacarığımdan xeyli razı qalmışdım.

      Daha sonra isə bu cinayətin səbəbi olan pişiyi axtarmağa başladım. Çünki bu mənfur heyvanın işini bitirməkdə tamamilə qərarlı idim. Əgər o bu dəqiqə əlimə keçsəydi, sonu çatmışdı, amma görünür, bu hiyləgər pişik mənim həddindən artıq qəzəbli olduğumu görüb aradan çıxmışdı. Ancaq pişiyin ortalıqda olmaması məni hətta rahatlaşdırdı. Pişik bütün gecəni gözümə görünmədi, beləcə, vicdanımda cinayətin ağır yükünü daşımadan rahat yuxuladım: bu, son zamanlarda keçirdiyim ən rahat gecəydi, yuxumu tam ala bilmişdim.

      İkinci və üçüncü gecə pişik yenə görünmədi. Mən də rahat bir nəfəs aldım. Bu iyrənc heyvan, hər halda, qorxmuş və mənim evimi birdəfəlik tərk etmişdi. Bir daha onu görməyəcəkdim! Özümü xoşbəxt hiss edirdim, törətdiyim cinayət heç vecimə də deyildi. Başdansovdu bir araşdırma, sorğu-sual aparsalar da, sual- larına çətinlik çəkmədən cavab verdim, şübhə yaradacaq heç bir şey çıxmadı. Üstəlik, evdə axtarış da oldu, amma bir şey tapmadılar. Artıq özümü təhlükədən uzaq hiss edirdim.

      Cinayətdən sonrakı dördüncü gün polislər yenə gəldilər və evi başdan-ayağa araşdıracaqlarını bildirdilər. Cəsədi tapa bilməyəcəklərinə əmin olduğum üçün heç təlaş keçirmədim. Polislər axtarış zamanı məni də özləri ilə apardılar. Baxılmayan künc-bucaq qoymadılar. Ən sonda – üçüncü, ya da dördüncü dəfə – yenidən zirzəmiyə düşdük. Tüküm belə tərpənmədi. Vicdanı rahat bir adam kimi təlaşlanmadım. Qollarımı sinəmdə çarpazlayaraq, o baş-bu başa var-gəl edərək onları seyr etdim. Polislər bir şey tapmamışdılar, getməyə hazırlaşırdılar. Sevincimdən yerimdə dayana bilmirdim. Təqsirsiz olduğumla bağlı onların inamlarını bir az da artırmaq istəyi ilə zirzəminin nərdivanlarını çıxmağa başlamış polislərə üzümü tutdum:

      – Cənablar! – dedim. – Hamınıza cansağlığı, yaxşı günlər arzu edirəm. Sizdən bir az daha nəzakətli olmağınızı da diləyirəm. Yeri gəlmişkən deyim ki, bu ev çox yaxşı tikilib. (Tez-tələsik nəsə demək istədiyimdən nə danışdığımı da bilmirdim.) Bəli, bu ev çox möhkəm düzəldilib. Bu divarlar… Nə oldu, siz gedirsinizmi? Bu divarlar çox möhkəmdir.

      Sonra əlimdəki əsa ilə izaholunmaz bir axmaqlıqla meyitin yerləşdiyi divara sürətlə döyəclədim. Tanrı məni şeytanın qəzəbindən qorusun! Elə bil mənim əlağacım susan kimi qəbirdən mənə hay verdilər. Divardan əvvəlcə körpə ağlamasına bənzər qopuq-qopuq iniltilər, sonra adi insan səsinə bənzəməyən davamlı fəryad səsi yüksəlməyə başladı. Bu səs sanki cəhənnəmin dibindən gələn və zəbanələrin toppuzları altında inləyən mənfur ruhların ulaşmalarına bənzəyirdi. O an düşündüklərimi izah etməyə qadir deyiləm. Huşumu itirirmiş kimi qarşı divara tərəf səndələdim.

      Nərdivanları çıxmaqda olan polislər bir an qorxu və çaşqınlıqdan donub-qaldılar. Sonra vaxt itirmədən altı cüt qol dərhal işə başladı. Az bir müddətdə divarı söküb kərpicləri yerlərindən çıxardılar. Çürüməyə başlamış və irinli qana bulanmış arvadımın ölüsü dimdik bir vəziyyətdə, polislərin təəccüb və qorxu dolu baxışları altında ortaya çıxdı. Başının üstündə isə məni cinayətə sürükləyən, indi də dar ağacına göndərəcək olan o mənfur pişik kəskin dişlərini göstərir və parıldayan tək gözü