nın arxa tərəfində cağdan yapışaraq oturmuşdum. Gözümü təkərlərin əyri-üyrü izlərindən çəkmirdim. Neçə gün idi ki, çiskinli payız havası başlanmışdı. Kövşənliklər, otu çalınmış biçənəklər, saralmış yamaclar, torpaq yol islanmışdı. Adamın burnuna nəm çöllərin yovşan qoxulu, rütubətli havası dolurdu. Ayaqlarımı sallamışdım. Təkərlərin izi getdikcə enlənir və dərinləşirdi. Yolun kənarındakı kövşənliklər xışıldayırdı. Dərz tayalarının yeri cücərmişdi. Qalın sirkənlərin içində orağın ağzından salamat qalmış sünbüllər nəmlənib əyilmişdi. Onların üstü ilə qıvrım qabığından yarıya qədər çıxan qara, qoşabuynuzlu ilbizlər sürünürdü.
Arabanın içinə tara qədər ot döşəmişdilər. Kəndimizin ağsaqqalları oturub ayaqlarını uzatmışdılar. Şəhərə gedirdilər. Hərənin bir işi, özünə əcrə dərdi-azarı vardı. Mən də dərsə tələsirdim. Texnikumda oxuyurdum.
Söhbət dünənki seçkidən gedirdi. Keçən axşam kəndimizdə böyük iclas olmuşdu. Rayondan da adamlar gəlmişdilər. Onların fikri köhnə sədri saxlamaq idi. İclasdan əvvəl ağsaqqalları dilə tutub deyirdilər ki, "katib özü də dəyişikliyin tərəfi deyil. Təzə adam seçib nə qazanacaqsınız?"
İclas gecəyarıyacan davam etdi. Çox danışdılar. Ancaq camaat sözündən dönmədi. İşgüzar briqadirlərdən birini, Aydınoğlunu sədr seçdilər.
Arabadakıların içində Mədəd kişi də vardı. O, ayaqlarını rahatca uzadıb qəlyanını tüstülədirdi. Danışılan lara qulaq asdıqdan sonra yeni sədri tərifləməyə başladı:
– Adam gərək özününkünün qədrini bilsin. Elindən, obasından irəli çıxana arxa dursun, ona kömək eləsin. Amma biz bir-birimizin ayağından çəkirik, istəyirik ki, qabağa gedənimiz tez yıxılsın. Adamlar yaman korlanıblar. Üzdə bir söz danışırlar, dalda başqa. Bilmirsən dostun kimdir, düşmənin kim? Yadlara yaltaqlanırıq, özümüzünkülərə isə meydan oxuyuruq. Ona görə də başımızdan basırlar. İndi gərək biz elliklə Aydınoğluna arxa duraq, işinə kömək eləyək. Belə olsa, kolxozumuz qabağa gedər, kəndimizin adı dillərə düşər. Aydınoğlu qoçaqdır. Diribaşdır. Mən onu lap uşaqlıqdan tanıyıram. Rəhmətlik atası da diribaş idi. Biz qardaş kimi idik. Onu öz balam kimi istəyirəm. Elə sizə də deyirəm, gərək əl-ələ verək, qoymayaq onun başından bir tük əskik olsun.
Mən diqqətlə ona qulaq asırdım. Ürəyimdə deyirdim ki, "Aydınoğlunun bəxti gətirib. Onu bu qədər sevən adam var. Mədəd kişi kimilər, deyəsən, ona dayaq olacaqlar. Görəsən, kəndimizdə Aydınoğlunu Mədəd kişi qədər istəyən varmı?"
Araba torpaq yoldan çıxdı. Şəhərin yaxınlığında daş yola düşdü. Təkərlər qıcırdadı. Biz titrətməli kimi silkələndik. Şəhərin girəcəyindəki körpüyə yaxınlaşdıq. Birdən Mədəd kişi arabanın içində dikəldi. Yolun kənarı ilə piyada gedən təzə sədri səslədi:
– A bala, niyə piyada gedirsən, qara atı niyə minmirsən?
Aydınoğlu dinmədi. Çiyinlərini çəkib uzaqlaşdı. Mədəd kişi qəlyanını sümürüb yerini rahatladı:
– Çox həyalı cavandır, gördünüzmü, pul kimi qızardı. Amma atı nahaq minmir.
Mən o atı görmüşdüm. Qara at hündür, ayaqları səkil bir atdı. Tövlədə ayrıca saxlayırdılar. Teli ipək kimi yumşaq idi, əl dəyməmiş tökülərdi. Onu tövlədən çıxaranda camaat tamaşasına durardı. Yüyənini iki adam güclə saxlayardı. Oktyabr, ya da May bayramında kəndin dəliqanlıları cıdıra çıxanda qara atı ötən olmazdı. Əvvəllər bu atı əsl sahibi Əmirxan kişi minərdi. O da atı kimi hündür, zəhmli bir kişi idi. Sonra atı kolxoza verdilər…
Axşam dərsdən evə qayıdarkən mənim bəxtim yenə gətirdi. Səkkiz kilometr yolu piyada gedəsi olmadım. Torpaq yola çıxan kimi arabaya rast gəldim. Səhərki təki, arxada, cağdan yapışıb oturdum. Ayaqlarımı salladım. Hava qaralmışdı. Göyün üzündəki tutqunluq daha da güclənmiş, çiskin çoxalmışdı. Qarşıdakı kənd evlərində təkəmseyrək işıq yanırdı. Arabadakılar, deyəsən, yorulmuşdular. Dinmirdilər. Təkcə Mədəd kişinin qəlyanı közərirdi.
Arxadan səs eşidildi. Azacıq sonra çiskin içərisindən çıxan qara at yanımızdan güllə kimi ötdü. Dırnaqların-dan qopan palçıq ətrafa səpələndi, bir-ikisi arabaya düşdü, deyəsən, Mədəd kişinin üzünə yapışdı. O sancılanmış kimi qıvrılıb dikəldi. Yəhərdə çəpəki oturmuş Aydınoğlunun kürəyinə, qara atın düyünlənmiş quyruğuna baxdı. Qəlyanını ağzından çıxarıb əlini hirslə dizinə çırpdı:
– Sən dünyanın işinə bax, gör nə tezcə havalandı!
ÇİSKİN
O, dirsəkliyi sürtülmüş kreslonu pəncərənin qaba – ğına çəkdi. Qalın yun şalı kəmər yerinə qədər dartıb dizlərini möhkəm bürüdü. Otağa qaranlıq çöksə də, işığı yandırmadı. Gözünü pəncərəyə zillədi. Pəncərənin nəfəsliyi açıq idi. Çisələyirdi. Arxa tərəfdəki qırmızı işıqlar yaş yollarda közərirdi. Səkilərin yaxası boyu cərgələnən ağacların yarpaqlarını narın damlalar döyəcləyirdi. Onların yeknəsəq tappıltısı qarşıdakı bağçanın xəzəl xışıltılarına qarışıb otağa dolurdu. İçərini nəm yarpaqların rütubəti bürüyürdü.
Qoca gözünü pəncərə şüşələrinə qonmuş çisəkdən çəkmirdi. O, narın su zərrələrinin birləşərək gilələndiyini və bu damlaların süzülüb şüşədə zolaq-zolaq izlər buraxdığını müşahidə etməkdən son vaxtlar doymurdu. Elə bil ki, bağçadakı ağacların yarpaqlarını yuyub-təmizləyən çiskinli yağışın asta şırıltısı onu sakitləşdirirdi. Qoca belə hallarda saatlarla oturub az qala pəncərədən içəri dolan yarpaqların ucunda gilələnmiş damlalara, onun yuyub-təmizlədiyi zolaqlara, qırov kimi hər yerə qonmuş ağımsov su zərrələrinə baxdıqca bədənində bir sərinlik, əsəblərində insanı mürgülədən bir sakitlik duyurdu.
O yorulmuşdu. Əlli ildən çox ali məktəblərdə mühazirə oxuyan, elmi konfranslar, müzakirələr keçirən, cild-cild əsərlərin müəllifi bu qoca alim axır illər guşənişin olmuşdu. Bədəninin giziltiləri artmış, ayaqları hərəkətdən qalmışdı. O hiss etmişdi ki, daha əvvəlki maraqla dərs deyə bilmir. Tez-tez dayanıb nəfəsini dərir, adəti xilafına, mühazirə zamanı stul çəkib oturmalı olur. Onun dərsi getdikcə maraqsızlaşırdı. "Hər şeyin məqamını bilmək, ölçü hissini itirməmək ən böyük qabiliyyətdir. Vaxtında səhnədən getməyi bacarmaq, xatirələrdə çağlayan şəlalə kimi yaşamaq hünər istəyir". Bu sözləri professor dəfələrlə təkrar etmiş, sürünənlərlə barışmadığını hamıya bildirmişdi. Bəs indi? Bəs özü?
O, ərizə verdi. Təqaüdə çıxdı. İlk aylar onun yanına məsləhətə gələnlər, göstəriş alanlar çox oldu. Ancaq tədricən astanadakı ayaq səsləri, telefon zəngləri azaldı, gedib-gələnlər seyrəldi, bir ildən sonra isə tamam kəsildi. Balacalıqdan övladı kimi yanında saxladığı bacınəvəsi də onu tərk etdi. Qoca tək qaldı. İlk anlar o buna sevindi. Tam sakitlik içində oturub kitabları qabağına tökdü, gecə-gündüz yazıb-pozdu, elə bildi ki, bu məşğələ onu usandırmayacaq, kitablar onu yormayacaq. Bir-iki ay da keçdi. Qoca dəhşətlə hiss etdi ki, bunlar hamısı təsəllidir. Yalqızlıq onu sıxır, evə, qəlbinə getdikcə ağır bir kədər qonur. Fikrini dağıtmaq üçün tez-tez həyətdəki bağçaya endi, əsasına söykənə-söykənə dəniz kənarına yollandı, bir küncdə oturub saatlarla ləpələrə tamaşa etdi. Bu da çox sürmədi. Ayaq larının sızıltısı artdı, yeriməyi çətinləşdi, nəhayət, evdən bayıra çıxmağa ehtiyat etdi…
Evdəki əşyalar – tavana qədər ucalan kitab rəfləri, küncdəki iri yazı stolu, döşəməni başdan-başa bürüyən naxışlı qədim çilçıraq qaranlığa qarışıb əriyirdi. Arabir maşınların işığı pəncərədə parıldayır, gah divarın bir hissəsində, gah tavanda, gah da kitab rəflərində sürünüb ötürdü. Bu işıq zolaqları bəzən qocanın sifətində sarımtıl iz buraxırdı. Onun oturuşundan, alnındakı qırışların sıxlaşmasından, gözlərinin uzaq məsafə və zaman arxasında nə isə axtarırmış kimi sakit və dalğın dayanmasından hiss olunurdu ki, yorulmuşdur, səksən ildən artıq ömür sürən bu ixtiyar alim qəlbən, ruhən sakitlik və dinclik arayır.
Qoca azacıq tərpəndi. Əlini uzadıb yanındakı yemək stolunun üstündən qatıq qabını götürdü. İndi yadına düşdü ki, nahar eləməyib. Əslinə baxsan son zamanlar