Ömər Seyfəddin

Hekayələr


Скачать книгу

e>

      İLK CİNAYƏT

      Mən əzəldən dərd içində yaşayan bir adamam! Bu sıxıntı, deyə bilərəm ki, ağlım kəsən andan başladı. Təxminən dörd yaşım olardı. O yaşımda törətdiyim cinayətdən sonra nəinki etdiyim, hətta düşündüyüm pisliklərin belə vicdanımda alovlandırdığı sonsuz cəhənnəm sıxıntıları içində hələ də qıvrılıram. Məni üzən hadisələrin heç birini unutmadım. Xatirələrim isə sanki yalnız qəm-qüssə üçün yaradılıb.

      Dörd yaşıma qədər heç bir şey xatırlamıram. Bəzən xatirələr başımızda bir ildırım kimi çaxır. Tolstoy hələ doqquzaylıq bir uşaqkən özünün hamama soxulduğunu və bundan xoşlandığını xatırlayır. Amma mənim xatirəm dəhşətli bir sıxıntıyla başladı. İlk dəfə özümü şirkət vapurunda1 xatırlayıram. Hələ də gözümün önündədir: sanki dünyaya o anda gəlmişdim. Anamın qucağı… Anamla yanındakı sarısaçlı, gənc bir xanım gülüşərək danışır, siqaret çəkirdilər. Anam siqaretini incə, gümüş bir müştüyə taxmışdı. Ondan müştüyü istədim. Anam:

      – Götür, amma ağzına alma! – dedi. Siqareti müştükdən çıxarıb dənizə atdı. Deyəsən, yay fəsli idi. Çox aydın, günəşli bir hava vardı. Anam danışa-danışa mavi tüklü yelpiyini yavaş-yavaş yelləyirdi. Mən qucağından dartınıb düşdüm. Məni qollarımdan tutaraq yanında oturtdu. Barmağımı gümüş müştüyün halqasına taxır, anam görmədən ucunu ağzıma alır, dişlərimlə sıxırdım. Söhbət etdiyi sarısaçlı xanım mavi çarşab örtmüşdü. Mən ağappaq geyinmişdim. Başım açıq, saçlarım çoxdu, həm də dağınıqdı. Anam saçlarımı sığallayıb hamarlarkən başımı yuxarı qaldırdım. Günəşin şüasından parlayan vapurun kətan örtüyünün kənarında bir kölgə qımıldanırdı.

      – Ana, bax, bax! – qışqırdım.

      Anam da başını qaldırıb:

      – Quş qonub, – dedi. Quşu istəyəndə isə anam: – Tuta bilmərik, – dedi.

      Mən israr etdim. Anam çətiri ilə quşun qonduğu yerə yüngülcə vurdu. Amma quş heç qımıldanmadı da. Anam yanımızdakı xanıma sarı döndü:

      – A, qaçmadı.

      – Görəsən, niyə?

      – Uça bilməyən bala quş olacaq mütləq.

      – …

      – Ana, mən quşu istəyirəm! – deyə əl çəkmədim.

      Anam yelpiyini qoyub ayağa qalxdı, məni qoltuqlarımın altından tutub kiçik bir top kimi yuxarıya qaldırdı:

      – Birdən-birə tutha!

      Başım kətan örtüyə yaxınlaşdıqca gözlərim qamaşırdı. Əllərimi uzadıb tutdum. Bu, bəyaz bir quşdu… Anam əlimdən alıb öpdü, sarısaçlı xanım da, mən də öpdüm.

      – Ah, zavallı hələ bambalacadır.

      – Qağayı balasıdır.

      – Yəqin, hələ uça bilmir.

      – Dənizə düşərsə, boğular.

      – …

      Yaxınlıqdakı digər qadınlar da sözə qarışıb "yaşamaz!" dedilər. Anam bəyaz quşu "ah, zavallı, zavallı!" deyə uzun-uzadı oxşadıqdan sonra mənim ovcuma qoydu.

      – Evə aparaq, bəlkə, yaşar, – dedi, – amma ehtiyatlı ol, sıxma, oğlum.

      – Sıxmaram.

      – Bax, belə tut, – deyib yenidən gümüş müştüyünə bir incə siqaret taxdı. Yanındakı xanımla yenə söhbətə daldı. Quşcuğazın tükləri o qədər bəyazdı ki… Toxundum… Qanadlarının sümükləri bərkdi. Ayaqları qırmızı, gözləri yupyumru idi. Qırmızı dimdiyinin kənarında sanki sarı bir şey yemiş və bulaşığı qalmış kimi sarı bir iz vardı. Qaçmaq üçün heç çırpınmırdı, çaşıb-qalmışdı. Boynunu uzadaraq çevrəsinə baxmağa çalışırdı. Gözlərimi qaldırıb anama baxdım. Yanındakı xanımla gülüşərək danışırdılar. Mənimlə maraqlanan olmadığını görüb körpə quşun uzanan incə boynunu yavaşca əlimlə tutdum. Bütün gücümlə sıxmağa başladım. Qanadlarını açmaq istədi. O biri əlimlə onları da tutdum. Mərcan ayaqları dizlərimə batırdı. Mənsə quşun boğazını getdikcə daha möhkəm sıxırdım. Sarısı getməmiş dimdiyi titrəyərək açılıb-qapandı. Çəhrayı sivri dili bayıra çıxdı. Yuvarlaq gözləri öncə böyüdü, sonra kiçilib söndü. Birdən-birə, sıxılmış əllərimi açdım. Bəyaz quşcuğazın ölüsü tirtap yerə düşdü.

      Anam dönüb əyildi. Yerdən bu hələ isti məsum ölünü götürüb "Aaa… Ölmüş!.." dedikdən sonra gözünü mənə zilləyib baxdı:

      – Neylədin?

      – …

      – Sıxdınmı?

      – …

      – De görüm?

      – …

      Cavab verə bilmirdim, səsim çıxdığı qədər ağlamağa başladım. Anamın əlindən quşun ölüsünü sarısaçlı xanım aldı:

      – Ah, nə böyük günah!

      – …

      – Zavallı.

      Başqa qadınlar da sözə qarışdılar. Qarşımızda oturan kök, yaşlı bir qadın cinayətimin üstünü açdı:

      – Boğdu. Gözümlə gördüm, vallah, nə xain uşaqdır…

      – …

      Anam sapsarı saralmışdı, səsi titrəyirdi:

      – Ah, insafsız! – deyə mənə acı-acı baxdı. Daha betər ağladım. O qədər ağladım ki… Məni artıq kiridə bilmirdilər. Nə vaxt, harada, necə kiridiyimi bu gün də xatırlaya bilmirəm. Sanki sonsuza qədər ağlamışdım.

      Ağlım kəsəndən törətdiyim bu cinayətin üzərindən artıq otuz ildən çox bir vaxt keçib. İndi şirkət vapurlarının göyərtələrində oturarkən nə zaman bir qağayı görsəm, birdən-birə əhvalım pozulur. Bir uşaq hikkəsiylə ağlamaq istəyirəm. Ürəyimin içində dərin bir sızıltı böyüyür, böyüyür… Köksümü ağrıdır… "Ah, insafsız!" deyə məni məzəmmət edən anamın heç bitməyən qarğışını eşidirmiş kimi oluram.

      AND

      Mən Gönendə doğulmuşam. İyirmi ildir görmədiyim bu qəsəbə röyalarımda qəfil işıqlanan ani bir ilğım kimidir. Yarıdan çoxu unudulmuş, əski, uzaq bir röyadır sanki… O zaman gənc bir yüzbaşı2 olan atamla hər zaman önündən keçdiyimiz Çarşı camesini, qarşısındakı kiçik, xarab halda olan fəvvarəsi, axarında minlərcə taxtalıq ağac gövdələri üzən çayı, bəzən yuyunmağa getdiyimiz suyu isti hamamın dərin hovuzunu indi xatırlamağa çalışıram. Amma bəyaz bir unutqanlıq dumanı önümü tutur. Rəngləri silir, şəkilləri qeybə çəkir… Uzunçəkən qürbətdən sonra vətəninə dönən bir adam doğulduğu yerin üfüqlərini qatı duman içində görüb sevdiyi məkanları uzaqdan sezə bilmədiyi üçün necə kədərlənirsə, mən də eynilə bu cür narahatlığa, səbirsizliyə bənzər ağrı-acı duyuram. Hər axşam naxır-naxır camışların, inəklərin keçdiyi tozlu, daşsız yollar, yosunlu, qara kirəmitli evlər, yıxılmağa hazır böyük divarlar, kiçik, taxta körpülər, ucsuz-bucaqsız tarlalar, alçaq çəpərlər də bu dumanlar içində əriyir…

      Bu xəyallar içində yalnız evimizlə məktəbimizi gözümün önünə gətirə bilirəm.

      Böyük bir bağça… Ortasında inşa edilmiş ağappaq bir ev… Sağ küncündə hər zaman oturduğumuz bəyaz pərdəli otaq… Səhərlər anam məni bir körpə kimi pəncərənin kənarına oturdur, dərsimi təkrarladır, südümü içirdirdi. Bu pəncərədən görünən iç həyətin o biri yanındakı böyük torpaq rəngli binanın şüşəsiz, qapaqsız tək bir pəncərəsi vardı. Bu qara dəlik məni çox qorxudurdu. Yeməklərimizi bişirən, camaşırlarımızı yuyan, döşəmələrimizi silən, atamın atına yem verən, ov itlərinə baxan xidmətçimiz Abil ananın hər gecə danışdığı qorxunc, bitməz hekayələrdəki ayını bu qaranlıq pəncərədə görürmüş kimi olurdum. Bu vəsvəsə ilə yuxu yozmaq marağında olan zavallı anama hər sabah ayılı röyalar uydurur; iri, yırtıcı bir ayının məni qapıb dağa götürdüyünü, meşədəki zağasına qapadığını, qollarımı