Cəfər Cabbarlı

Hekayələr


Скачать книгу

da bu gecə təzə paltar geymişdi.

      Gecə keçdi. Sabah oldu. Aslan üç gün bayıra çıxmadı. İndi o özünü bəxtiyarlığın son pilləsində görürdü və sevincindən üzünü Allah-taalaya tutub deyirdi:

      – Pərvərdigara, şükür olsun sənin dərgahi-mərhəmətinə ki, illərcə iki qardaş çəkdiyimiz əzabdan, məşəqqətdən sonra axırda bizə xoşbəxtlik qapılarını açdın.

      Aslanın daha bir qəmi yox idi. Bir fikri vardısa, o da qardaşını evləndirməkdi. Lakin Fərhad həmişə eyş-işrətdə olduğu üçün, hər yerdə özünə bir həmdəm tapdığından özünü hələ zəncirləmək istəməyib, Aslanın sözlərini rədd etdi.

      İndi Fərhad üç yüz manat alırdısa da, Aslana əvvəlkindən artıq verməyib, iki yüz manatını həvavü-həvəsə xərcləyirdi. Hələ o yüz manatın da dalınca ürəyi qalırdı, amma keçmişləri yadına salıb dinmirdi. Hərdən ürəyinə gəlirdi ki: “Nə vaxta qədər mən öz pulumdan Aslana xüms verəcəyəm?”

      Bəli, siz də gərək rəyimə şərik olaraq etiraf edəsiniz ki, hər ürək Aslanın mərhəmət, qeyrət və səxavətlə dolu olan ürəyi kimi alicənab ola bilməz və hər qardaş da mütləq Aslan ola bilməz ki, qardaşın həyatını təmin etmək üçün öz axırıncı paltarını da satsın. Amma yenə nə qədər daşürəkli qardaş olsa Fərhad ola bilməz ki, Aslan kimi qardaşına mühəqqər bir məbləği verəndə ürəyinə belə çirkin xəyallar gətirsin. Bilirəm, indi sizin ürəyinizə gəlir ki, bu sayaq qardaşımız olsaydı, canımızı ondan əsirgəməyib, qul kimi qabağında işləyib, qiblə yerinə ona səcdə edərdik. Amma yenə, məncə, bu da səhvdir, Fərhad ümumi qanundan bir o qədər də uzaq deyil. Məgər bizim hamımızın da olmasa, çoxumuzun evində qeyri adlar altında eynilə bir Aslan yoxmudur?! Bəli, təbiət həmişə Aslan kimi yüksək ruhlu, pak və safürəkli mücahidlər yetirir. Amma biz onun elədikləri fədakarlığı ancaq ölən vaxt düşünər və bir azdan sonra onu unudarıq. Zənnimizcə, Fərhad gələcəkdə alçaq təbiətini zühura verməsəydi, ümumi qanundan çox da uzaqlaşmazdı və tamam gücümlə öz qəhrəmanımı müdafiə edib, məzəmmət olunmasına yol verməzdim. Amma əfsus ki, Fərhad alçaqlığında bir qədər ümumiyyətdən irəlilədi.

      Bəli, Aslangilin evi Gülzarın cəmali-dilarası ilə bəzədilmişdi. Gülzar azadə bir quş kimi gün-gündən gözəlləşirdi. İndi Aslan da işləyirdi, Fərhad da. Onlar heç bir şeydən çətinlik çəkmirdi. Ona görə Gülzar da qeydsiz, fikirsiz yaşayır, həmişə yeni, gözəl paltarlar geyirdi. Gülzarın sərv kimi uca boyu, şux yerişi, ahu kimi süzgün baxışı hər baxanı məftun edirdi.

      Təbiidir ki, Aslan arvadını Fərhaddan gizlətməzdi, zira, onu özü bilirdi. Fərhad da Gülzara heç fikir verməzdi. Hərdən nəzəri Gülzarın naz ilə süzülən iri, qara gözlərinə sataşanda, ürəyi yerindən oynayıb tez nəzərini başqa yana döndərirdi. Fərhad gözəl və cavan bir oğlan olsa da, Gülzar ona ayrı bir nəzərlə baxmırdı. Nə səbəbə də baxsın ki, müsəlmanlarda alçaq təblik ola bilməz ki, öz qardaşının arvadına bacı nəzərindən başqa qeyri bir gözlə baxsın.

      Yavaş-yavaş yay gəldi. Məxluq bağlara köçdü. Fərhadgil də bağa köçdülər. Gülzar öz qulluqçusu ilə bağda, Aslan ilə Fərhad şəhərdə öz işlərində olurdular. Arabir hərəsi bir neçə günlüyə bağa gedib, yenə də qayıdırdı.

      Yayın orta ayı idi. Fərhad istidən dayana bilməyib bağa getdi. Aslan şəhərdə qaldı. Gözəl yay gecəsi idi. Hava sakitdi. Ay çıxıb bütün aləmi müzəyyən bir ziya ilə münəvvər etmişdi. Bağda olan meynələr öz yarpaqları ilə yumşaq qumun üstünü örtmüşdü. Təbiət olduqca gözəl bir mənzərə almışdı. Gülzar ipək bir köynək geymiş, döşünü açmış və gecənin lətafətindən məftun olaraq, bağın içində zərif yarpaqlar arasında bir quş misalı həzin bir halda gəzişirdi. Uzun, şəvə saçları gəlinlərə məxsus şux çiyinlərini qara bulud kimi bürümüş və əsən xəfif küləkdən arabir ləpələnirdi. Hava gözəl olduğundan Gülzarın yanaqları daha da xoşrəng olub duru-al bir rəng almışdı. Zərif ləbləri bir lalə kimi yanırdı. Fərhad da gecənin gözəlliyindən həzz alaraq bir meynənin altında, yumşaq qumun üstündə uzanmışdı. Gülzar bağın içində gəzişib Fərhadın yanına çatdı. Buradan daha keçməyib Fərhadın yanında oturdu və qulluqçuya dedi ki, bağın içinə onlar üçün çay gətirsin. O saat qulluqçu çay gətirdi.

      Aydınlıq, sakit yay gecəsi, yumşaq qumun üstü zərif, yaşıl yarpaqlara bürünmüş, hər yandan üzüm salxımları sallanmış, bir tərəfdə də çay – belə fövqəladə lətif bir mənzərə! Gülzar ilə Fərhad söhbət edirdilər.

      Gülzarın təbii olaraq naz ilə kəsmə-kəsmə danışması və danışdıqca gözəllərə məxsus olan bir tövrlə gözlərini süzüb özünü əzməsi, Fərhadı, səyinə baxmayaraq, az qalırdı bihuş etsin. Hərdən Fərhadın gözü Gülzarın lalə kimi qızarmış yanaqlarına sataşanda, onun ürəyində bir hiss oyanırdı, amma yenə Aslan yadına düşüb, gözünü qeyri bir tərəfə döndərirdi. Onun ürəyində iki hiss bir-biri ilə mübarizə edirdi: gözəllik və lətafət arasında Gülzara qarşı yaranmış məhəbbət, bir də, qardaşlıq vəzifəsi.

      Bir dəfə çay içdilər. Dübarə çay gəldi. Fərhad artıq, demək olar ki, bihuş bir halda idi. Gülzar da özünü belə hiss edirdi. Xəlvət, səssiz bağ içi. Yarpaqlar arası. Aydınlıq gecə. Şux və həvəsli bir qız, yanında gözəl bir oğlan. Gülzar hərdən iri gözlərini Fərhadın cavanlıq şəhdi ilə ləbaləb olan gözəl üzünə dikib baxırdı. Bir tərəfdən ərinin fikri, digər tərəfdən Fərhadın ürəyini bilmədiyi üçün onun qorxusu, o biri tərəfdən də şuxluq və həvəs. Onlar bir qədər bu halda söhbət elədilər.

      Ətrafda səs yoxdu. Ancaq arabir ilbizlər bir-birinə səs verib fit çalırdı. Xəfif bir külək arabir dilaviz rayihəsi ilə insanın ürəyini oxşayırdı. Budur, meh vurub Gülzarın saçlarını titrədərək Fərhadın üzünə səpdi. Fərhad yumşaq gəlin saçlarının üzünə toxunduğundan bilmərrə məst olub, saçların ətrindən mövcudiyyəti yadından çıxdı. Gülzar tez, vəhşi ahular kimi, başının hərəkəti ilə saçlarını çiyinlərinə atdı. Fərhad gözlərini qaldırıb Gülzarın qırmızı yanaqlarına dikdi. Gülzarın yanaqlarında elə bil ki, zərif dodaqlarında bir valehedici təbəssüm, iri gözlərində bir nişaneyi-eşq və həvəs görünürdü. Fərhad özünü saxlaya bilməyib ürəkdən bir ah çəkdi. Gülzar:

      – Ox, Fərhad, – dedi, – belə gözəl bir mənzərəyə tamaşa edən insan da ah çəkərmi?

      – Bəli, doğrudan da sizin isbati-vücudunuzla daha da gözəlləşən təbiət mütləq məni ah çəkməyə məcbur etdi.

      – Mənim olmağımla təbiət əsla gözəlləşmir, xəta edirsiniz. Mən zənn edirəm ki, mənsiz təbiət daha gözəl olar, – deyə Gülzar naz ilə gülümsədi.

      – Yox, təbiət nə qədər gözəlsə də, siz ondan daha gözəlsiniz.

      Gülzar gözlərini süzüb dedi:

      – Siz allah, Fərhad, mənə gülməyin. Mən nə qədər gözəl olsam da, sizdən gözəl ola bilmərəm ki, bir baxışla gözləriniz insanı məftun edir.

      Fərhad Gülzarın fikrini anlayıb dedi:

      – Ox, mən çox şad olub, özümü xoşbəxt hesab edirəm. Əgər