Эрнест Сетон-Томпсон

Hekayələr


Скачать книгу

o qədər böyük küçük idi ki, özünü yetkin it sayırdı, amma yetkin itə hələ heç bənzəmirdi. Nə qəzəbli idi, nə də əzəmətli görkəmi vardı, nə gücü, nə də sürəti baxımından fərqlənirdi. O, sadəcə, sahibinin çəkməsini nə vaxtsa çeynəmiş səsli-küylü, mehriban və sarsaq küçüklərdən biriydi. Onun sahibi Bill Obri idi – o zamanlar Yellouston parkında, Qarnet dağının ətəklərində yaşayan qoca dağlı idi. Bu, səyyahların sevdiyi yollardan uzaqda, çox sakit bir guşə idi. Billin öz çadırını qurduğu məkanı ən sakit insan məskəni saymaq olardı, əgər onun tüklü, daim qaynayan küçüyü Çink olmasaydı.

      Çinkin, heç olmasa, beş dəqiqə sakit qaldığını kimsə görməmişdi. O, bütün tapşırıqları həvəslə yerinə yetirirdi. Ona çox sadə, adi bir şey tapşıranda ən ağlasığmaz, ən qeyri-mümkün oyunlar çıxarır, bütün işi mütləq zay edirdi; məsələn, bir dəfə bütün səhərini budaqlarında dələ gördüyü hündür, dümdüz şamağacına dırmanmaq üçün zay etmişdi.

      Bir neçə həftə ərzində Çinkin ən böyük arzusu kisəli siçovul tutmaq olmuşdu.

      Kisəli siçovullar Billin çadırının ətrafında yaman çox idi. Bu balaca heyvanlar qamətlərini dümdüz saxlayaraq arxa pəncələri üstə tərpənmədən oturub əllərini sinələrində cütləyir və buna görə onları uzaqdan torpaqdan çıxan ağaca bənzətmək mümkündür. Gecə vaxtı atlarını bağlamaq üçün yer axtaran səyyahlar çox vaxt siçovulu ağac bilirlər. Səhv yalnız siçovul qəribə bir ciyilti ilə qaçıb torpağın altına girəndə aşkarlanır.

      Vadiyə gəlişinin elə ilk günü Çink belə siçovullardan birini mütləq tutmaq qərarına gəldi. Həmişəki kimi də min dənə sarsaqlığı birdən etdi. Siçovula çatmasına hələ dörddəbir mil qalmış o, yerində donaraq, azı, yüz addımlıq məsafəni qarnı üstə sürünə-sürünə keçdi. Lakin tezliklə onun həyəcanı elə bir həddə çatdı ki, dözə bilmədi və ayağa qalxıb birbaş yuvasının üstündə həmişəki vəziyyətdə oturmuş siçovula tərəf getdi. Bir dəqiqədən sonra Çink artıq yüyürürdü; nəhayət, özünün əzəmətli duruşlarından birini alıb hər cür ehtiyatı tam unudaraq hürə-hürə düşməninin üzərinə cumdu. Siçovul lap son məqamadək tərpənmədən durmuşdu, sonra isə qəflətən ciyildəyərək arxa pəncələri ilə bir xeyli torpağı düz Çinkin açıq ağzına atıb yuvasına soxuldu.

      Günlər belə mənasız cəhdlərdə ötürdü. Lakin Çink ruhdan düşmürdü, əmin idi ki, inad göstərsə, məqsədinə çatacaq.

      Günlərin birində lap qeyri-adi bir siçanın qarşısında özünün duruşlarından birini alaraq bütün sarsaq fəndlərini işə salan, sonra da bunların hamısını qəzəbli bir hücumla bitirən Çink, həqiqətən də, qurbanını tutdu. Amma bu dəfə elə alındı ki, itin ağzına adi ağac parçası keçdi.

      Sarsaq vəziyyətdə qalmağın nə olduğunu it də gözəl anlayır. Buna şübhə ilə yanaşan hər kəs kaş quzu kimi ürkək addımlarla çəkilib sahibindən çadırın arxasında gizlənməyə çalışan Çinkə baxaydı.

      Lakin bu uğursuzluq anadangəlmə ehtiras sahibi olmaqla yanaşı, həm də kifayət qədər inadkar təbiəti ilə seçilən Çinkin köpünü uzun müddətə ala bilmədi. Ruh yüksəkliyini onun əlindən almaq qeyri-mümkün idi. O, daim hərəkətdə olmağı, nəsə etməyi xoşlayırdı. Oralardan ötən hər furqon, hər atlı, hər otlayan inək, heyvan onun təqibinə məruz qalırdı, əgər yaxınlıqdakı gözətçi daxmasında yaşayan pişiyə tuş gəlsə, mütləq onu evlərinə qovurdu. O, Billin, adətən, arı yuvasına ataraq ona “Gətir!” əmri verdiyi köhnə şlyapasının dalınca gündə lap iyirmi dəfə yüyürməyə hazır idi.

      Saysız-hesabsız xoşagəlməz hadisələrdən özünü ələ almağı öyrənənədək xeyli vaxt keçdi. Furqonlarla yanaşı, yer üzündə uzun qırmancların və yekə, qəzəbli itlərin varlığını, atların ayağında dişə bənzəyən nələrinsə olduğunu, inəklərin başında möhkəm dəyənəklərin bitdiyini, pişiklərin göründüyü qədər zəif olmadığını, arılarla kəpənəklərin tamam fərqli məxluqlar olduğunu Çinkin öyrənməsi xeyli vaxt apardı. Bəli, bunun üçün zaman gərək oldu, amma axırda o hər bir itin bilməli olduğu şeylərin hamısını öyrəndi. Tədricən onun içində bir tumurcuq – lap kiçik olsa da, sağlam it məntiqinin ilk tumurcuğu cücərməyə başladı.

2

      Çinkin törətdiyi bütün sarsaqlıqların ən qəribəsi onun başına çaqqallarla olan macərasında gəlmişdi. O çaqqal bizim düşərgənin yaxınlığında yaşayırdı və görünür, Yellouston parkının bütün vəhşi sakinləri kimi gözəl başa düşürdü ki, qanunun himayəsi altındadır. Qanun isə bu yerlərdə atəş açmağı, ov etməyi yasaqlamışdı. O, parkın elə yerində yaşayırdı ki, orada gözətçi daxması vardı və əsgərlər qanunun keşiyində ayıq-sayıq durmuşdular.

      Cəza almayacağına əmin olan çaqqal hər gecə düşərgənin ətrafını yemək qalıqları tapmaq ümidi ilə gəzib-dolaşırdı. Onun izlərini görəndə düşərgənin başına bir neçə dəfə dolandığını, amma lap yaxınlaşmağa ürək etmədiyini anladım. Sonralar gün batanda, bir də dan yeri söküləndə tez-tez onun necə vaqqıldadığını eşidirdik. Gecələr bura hansı heyvanların gəldiyini bilmək üçün hər səhər çölə çıxanda zibil vedrəsinin yanında onun izləri aydın görünürdü. Bir müddətdən sonra o, bir qədər də ürəklənərək düşərgəyə hərdən lap günorta da gəlməyə başladı, əvvəlcə çəkinə-çəkinə, sonra isə lap açıq-aşkar; nəhayət, o, bura yalnız gecələr gəlmirdi, həm də bütün günü yaxınlıqda dolaşır, dişinə dəyəsi bir şey axtarırdı. Hərdən də hamının gözü qabağında bir qədər aralıdakı kötüklərdən birinin yanında oturub gözləyirdi.

      Bir səhər o, yenə düşərgəmizin əlli qədəmliyində əyləşmişdi və aramızdan biri zarafatla Çinkə dedi: “Çink, o çaqqalı görürsən? Get onu qov!”

      Çink həmişə ona deyiləni edirdi. Fərqlənmək istəyən it o dəqiqə aradan çıxmağa çalışan çaqqalın dalınca düşdü.

      Bu, dörddəbir mil məsafəyə əla qaçış yarışı idi; amma qəflətən çaqqal ayaq saxlayıb onu təqib edən iti gözləməyə başladı. Çink o dəqiqə başa düşdü ki, işlər fırıqdır və üzü düşərgəyə qaçdı. Lakin çaqqal daha sürətli qaçırdı və tezliklə küçüyə yetişdi. Əvvəlcə bir, sonra isə o biri böyründən dişləyən çaqqalın görkəmindən məmnunluq yağırdı.

      Çink zingildəyə-zingildəyə, ulaya-ulaya var gücüylə qaçırdı, onun qənimi isə nəfəsini belə dərmədən küçüyü düz düşərgəyə kimi təqib etdi. Utanıram deməyə, amma biz çaqqala qoşulub küçüyə gülürdük və Çink bizdən heç bir mərhəmət görmədi. Bu təcrübədən daha kiçik bir nümunə Çinkə bəs elədi ki, bir də çaqqala tərəf baxmasın.

      Amma əvəzində çaqqal özünə gözəl əyləncə tapdı. Artıq hər gün düşərgənin lap yanında aşkar dolaşırdı, çünki kimsənin ona güllə atmayacağını yaxşı bilirdi. Həqiqətən də, bizim tüfənglərin qoruyucusunu dövlət məmuru möhürləmişdi, hər tərəfdə isə mühafizəçilər vardı.

      Bu çaqqal elə Çinki gözləyirdi ki, küçüyə əziyyət versin. Küçük isə gözəl bilirdi ki, əgər düşərgədən tək yüzcə