Erik Deşodt

Attila


Скачать книгу

ki, e.ə. 51-ci ildə hun tayfa başçılarından Xuxan-ye öz rəqibi Çeçeyə qarşı Çindən kömək istədi. Lakin cəhdləri nəticəsiz qaldı. Məğlub vəziyyətə düşən Çeçe çarəsizlikdən e.ə. 44-cü ildə qərbə doğru üz tutdu. Burada Hun imperiyası yaratmaq üçün səylərini davam etdirən Çeçeni 8 il sonra Çin sərkərdəsi Çen Tonq yaxaladı, əsir alıb başını kəsdi. Bu, bütövlükdə qərbdəki hunların – qərbi hunların düz üç yüz il boyunca tarix səhnəsindən silinmələrinə gətirib çıxardı.

      E.ə. 33-cü ildə Çeçenin uğurlu rəqibi Xuxan-ye şərqdəki köçərilər (şimali hunlar) üçün çox önəmli bir addım atdı: Çin şahzadəsi ilə evləndi. Şimal hunları Çinlə müttəfiq olandan sonra toxtadılar, on illərdir davam edən əzab-əziyyətdən qurtuldular.

      Beləliklə, bizim eranın I yüzilliyində şimali hunlar Çindən asılı vəziyyətə düşmüşdülər. Çeçenin tərəfdarları isə indiki Qazaxıstan ərazisində dinməzcə oturmuşdular. Əllərindən heç bir iş gəlmirdi…

      Sükut pozulur

      Hunların səssizliyi üç yüz il davam etdi. Həm şimali, həm də qərbi hunların oyanışı eyni vaxta təsadüf etdi. Şimali hunlar hiylə işlətdilər: özlərini tamamilə ram olmuş kimi göstərərək Çinə doğru endilər. Qərbdəkilər isə Avropaya tərəf yönəldilər. Hər kəs onları yox olmuş, tarixdən silinmiş hesab edirdi, kimsə hunların tezliklə əvvəlkindən də güclü, qüdrətli şəkildə meydana çıxacağını ağlının ucundan belə keçirə bilməzdi.

      311-ci ildə şimali hunlar Çinin keçmiş paytaxtı Loyan şəhərini və Sarı çaya qədər ölkənin bütün şimal bölgələrini tutdular. Qərbi hunlar isə həmin vaxt günbatana doğru uzanan yolda irəliləyirdilər. Onlar Balamirin başçılığı altında Volqa, Don, Dnepr, Dnestr çaylarını keçib Dunaya çatdılar. Yolüstü Xəzər dənizindən şimaldakı Alan ölkəsini, eləcə də Dnepr sahillərindəki german qəbiləsi olan ostqotları və vestqotları məğlub etdilər. Bundan sonra həmin tayfalar daha da qərbə üz tutdular və Avropada öz krallıqlarını yaratdılar. Ostqotlarla vestqotların bu köçü Xalqların böyük köçünün də başlanğıcı sayılır.

      Hunlar hər iki tayfanın ardınca düşüb onları təqib etmək əvəzinə macar çöllərində qalmağı üstün tutdular. Həmin çöllər onların keçib gəldiyi bozqırları xatırladırdı. Bu səbəbdən yeni məskənlərində özlərini qərib hiss etmirdilər. İndiki Macarıstan ərazisindəki düzənlik – Puşta, bir növ, rus bozqırlarının, o da, öz növbəsində, Orta Asiya və Monqol çöllərinin davamı idi. Yəni macar çölləri nəhəng bozqır silsiləsinin qərbdəki sonuncu halqası idi. Hunlar, görünür, bunu başa düşürdülər…

      Puşta düzənliyinin bir üstünlüyü də vardı: bu çöllük, demək olar, boş qalmırdı. Burada german tayfalarından olan gepidlər məskunlaşmışdılar. Görünür, onlar da gözəl mənzərəli doğma yurdlarından macar çöllüyünə öz xoşları ilə gəlməmişdilər. Yəqin, onları da bura hansısa arzuolunmaz səbəb və ya səbəblər gətirib çıxarmışdı. Məsələ bunda deyil. Məsələ ondadır ki, hunlar çox keçmədən gepidləri asanlıqla özlərinə tabe etdilər və ev işlərinə baxmağı onlara tapşırdılar.

      Qərbi hunlar bir neçə onillik boyu burada həyat sürdülər. Asiyanın ucsuz-bucaqsız çöllərinə o qədər alışmışdılar ki, bir müddət sonra Puştada darıxmağa başladılar. Axı bu macar düzənliyi elə də böyük deyildi.

      Hun at belində böyükdür

      Bəli, hunlar darıxmağa başlamışdılar. Odur ki Avropada Volqadan sonra ikinci böyük çay olan Dunayın digər sahilinə adlayır, burada yaşayan tayfalarla tanış olur, onlarla mehriban münasibətlər qurmağa çalışırdılar.

      Di gəl, hunların xeyli nəzakətlə davranmasına baxmayaraq qarşı tərəf özünü fərqli aparırdı. Uzaq şimaldan gələn bu insanların yöndəmsiz sir-sifəti, əyri qılçaları onları çiyrəndirirdi. Bəzi müəlliflərin iddiasına görə, hunların əyin-başı üfunət iyi verərmiş və bu, məqsədli imiş: onlar qəsdən belə eləyirdilər ki, özlərinə qarşı nifrət aşılasınlar. Axı nifrətlə vəhşətin arası cəmi bir addımdır!

      Hunların qeyri-adi ənənələri başqalarını dəhşətə gətirirdi; məsələn, oğlan uşağı anadan olan kimi onun yanaqlarını iti xəncərlə dərindən çapırdılar. Gələcəkdə həmin çapıq yerində tük bitmir, beləliklə, uşaq böyüdükcə sifəti xacə sifəti kimi əcaib görkəm alırdı.

      Hunların bədəni möhkəm və əzələli idi. Boyunları inanılmaz dərəcədə yoğun olardı. Yabanı otların kökü və yarıçiy heyvan əti ilə qidalanırdılar…

      Aclığa, susuzluğa, soyuğa qarşı hədsiz dərəcədə dözümlü olan hunların bütün həyatı çöl-bayırda keçərdi. Onlar evə sığmır, alaçıqlarında və ya daxmalarında, demək olar, tapılmırdılar. Əyinlərinə kətandan və ya çöl heyvanlarının dərisindən tikilmiş paltar geyirdilər. Başlarına içi tüklü börk qoyar, ayaqlarında isə keçi dərisindən çəkmə olardı. Bu cür çəkmələr heç vaxt qəlibə salınmazdı, çünki belədə sərbəst hərəkət edə bilməyəcəklərini düşünürdülər.

      Günün böyük hissəsini at belində keçirirdilər. Hətta bəzən elə atın belindəcə yeyib-içir, sonra da onun boynunu qucaqlayıb yatırdılar. Bundan başqa, hər hansı ciddi bir məsələ barədə məsləhət-məşvərət edərkən belə at belində bir araya gəlirdilər.

      Tayfa ağsaqqallarının hər bir sözünü yerinə yetirməyə çalışırdılar. Bununla belə, əsla qeydsiz-şərtsiz itaət etməyi sevmirdilər. Xeyli dərəcədə azad ruhlu idilər.

      Hun döyüşçüləri savaş zamanı paz şəklində düzülür, irəli atılanda dəli nərə çəkirdilər. Bəzən bilə-bilə döyüş nizamını pozub ətrafa səpələnir, gah sağdan, gah da soldan rəqiblərinə gözlənilməz ağır zərbələr endirirdilər. O qədər cəld, çevik davranırdılar ki, rəqibləri onların nə vaxt və haradan peyda olacağını təxmin belə etmirdilər. Bundan başqa, uzaqdan düşmənə ox yağdırırdılar. Həmin oxların sümükdən ustalıqla hazırlanmış iti ucluqları vardı. Əlbəyaxa döyüşü də əla bacarırdılar, qılıncla vuruşmağı da… Həmçinin kəmənddən məharətlə istifadə edirdilər: beləcə, aradan çıxmağa çalışan düşmən atlısını, yaxud piyadasını asanca ələ keçirirdilər.

      Hunlar əkin-səpin işlərindən uzaq idilər. Köçəri həyat onlara ən yaxşı halda maldarlıqla məşğul olmaq imkanı verirdi. Həyatları, demək olar ki, üstü keçə ilə örtülü arabalarda keçirdi. Dinlərdən uzaq dururdular. Kəmhövsələ idilər, özlərindən tez çıxır, tez incidikləri kimi tez də barışırdılar.

      Hunlar haqqında bu bilgilərə suriyalı yunan olan və Roma imperatoru Dönük Yulianın5 ordusunda xidmət edən Ammian Marsellinin qələmə aldığı mətndə rast gəlinir. Onun bu yeganə əsəri «Roma tarixi» (və ya, sadəcə, «Tarix») adlanır.

      Təxminən 400-cü ildə Romada vəfat edən Marsellinin adıçəkilən əsərində kifayət qədər dəqiq və doğru tarixi məlumatlar yer alıb. Bununla belə, onun şişirtmələri də az deyil; məsələn, o yazır ki, guya hunlar heyvan ətini kətana və s. büküb yəhərin altına qoyurmuşlar. Yol getdikcə atın bədənindən yüksələn hərarət, canından qalxan buğ əti ala-çiy