canavar ilk ovunu edənə qədər heç bir canavarın ona toxunmağa haqqı yoxdur.
Rakşanın balaları artıq ayaq tutub yeriyirdilər. Onları şuraya göstərmək vaxtı çatmışdı. Odur ki Ata Canavar və Rakşa balalarını və Mauqlini götürüb şuranın yığışdığı qayalığa gətirdi. Burada yüzdən çox canavar toplaşmışdı. Bu sürüyə yaşadığı dağın adı ilə Sion sürüsü deyirdilər.
Sion sürüsünə Akela adlı nəhəng qurd başçılıq edirdi. O, cəldliyinə, gücünə və sürü qayda-qanunlarını yaxşı bildiyinə görə başçı seçilmişdi. Akela qayanın başında uzanıb bala canavarları nəzərdən keçirirdi. Əlbəttə, insan balası haqqında sürüdə xəbər yayılmışdı, ancaq bir çoxları, o cümlədən Akela Mauqlini birinci dəfə görürdü. İki ayağı üstə yeriyən, hərdən yerə uzanıb məzəli hərəkətlər edən insan balasını canavar balaları ilə səhv salmaq olmazdı.
Akela qayanın başından uladı:
– Qanun sizə məlumdur, ey canavarlar! Yaxşı-yaxşı baxın!
Bu zaman qayanın dalından Şirxanın boğuq nəriltisi eşidildi:
– Bu körpə mənimdir! Verin onu mənə! İnsan balası canavar sürüsünün nəyinə lazımdır?!
Lakin Akela Şirxanın sözünə əhəmiyyət vermədi:
– Baxın, ey canavarlar! Yadların sözü bizim üçün qanun deyil. Yaxşı-yaxşı baxın.
Cəngəllik qanununa görə, canavar balasını sürüyə qəbul edərkən mübahisə yaranarsa, onun xeyrinə sürünün ən azı iki üzvü danışmalı idi. Lakin bu zaman nə atanın, nə ananın rəyi nəzərə alınırdı.
– Kim bu körpənin sürüyə qəbul olunmasına tərəfdardır? – deyə Akela soruşdu.
Elə bu an Balu adlı tənbəl qonur ayı dal ayaqları üstə qalxaraq donquldandı. Balu başqa cinsdən olan yeganə heyvan idi ki, sürü şurasında iştirak etməyə icazə verirdilər, çünki qoca Balu canavar balalarına cəngəllik qanunlarını öyrədirdi.
– Qoy insan balası da sürü ilə birlikdə gəzsin. Ondan heç kimə ziyan gəlməz. Mən özüm ona tərbiyə verərəm.
Akela yenidən dilləndi:
– Balu öz sözünü dedi. Başqa kim danışmaq istəyir?
Bu zaman yumşaq, şirin bir səs eşidildi:
– Ey Akela! Ey canavarlar!
Bu, Bahirə adlı qara bəbir idi. Cəngəllikdə hamı ondan ehtiyat edirdi, çünki Bahirə zərif olduğu qədər də hünərli, cəsur və hiyləgər idi. O, bihuşedici səslə sözünə davam etdi:
– Əlbəttə, sizin şurada mənim səs hüququm yoxdur. Lakin cəngəllik qanununa görə, körpə üstündə mübahisə olarsa, hər kəs haqq ödəməklə onu ala bilər. Mən bu hüqüqdan istifadə etmək istəyirəm. Yarım mil burdan aralı, çay vadisində yenicə kök bir kəl öldürmüşəm. Əgər sürü insan balasını qəbul etsə, bu kəli sizə bağışlamağa hazıram.
Bu sözdən sonra sürüdə hay-küy qopdu. Ac canavarlar mırıldandılar:
– İnsan balasından kimə nə ziyan ola bilər? Qoy sürüyə qoşulub gəzsin. Onsuz da yağışlar başlayanda tələf olub gedəcək.
Beləliklə, Mauqli də Rakşanın balaları kimi Sion sürüsünə qəbul olundu.
Hamı Bahirənin ovladığı kəli didişdirmək üçün vadiyə endi. Qayalıqda yalnız canavar ailəsi, Balu, Akela və Bahirə qaldı. Akela razı halda dilləndi:
– Biz yaxşı iş gördük. İnsanlar ağıllı olurlar. Vaxt gələr, onun sürüyə xeyri dəyər.
Sonra sürü başçısı üzünü Ata Canavara tutdu:
– Körpəni götür apar. Onu azad canavar qəbiləsinə layiq tərbiyə et.
Mauqli cəngəlliyin sirlərini öyrənir
İllər keçdi. Hindistan cəngəlliyində ilin fəsilləri, demək olar ki, hiss edilmədən dəyişilir. Sanki cəmi iki fəsil vardır: biri quraqlıq, digəri isə yağmurludur. Buna görə də cəngəllik sakinləri çox vaxt illəri yağmurlu fəsillərin sayı ilə hesablayırlar.
Heyvanlar tez böyüyüb yetkinləşir. Mauqlinin canavar qardaşları da artıq böyük canavar olmuşdular. Lakin Mauqli bir qədər böyüsə də, hələ uşaq idi.
Ata Canavar başqa balaları kimi ona da öz peşəsini öyrədir, qoca ayı Balu isə cəngəlliyin sirlərini başa salırdı. Balu canavarlara və Mauqliyə dostu düşməndən ayırmağı, hər qəbilənin – quşun, timsahın, ilanın öz dilində danışmağı öyrədirdi. Cəngəllikdə hər qəbilənin öz ərazisi var idi. Onlar yadları sevmirdilər və adətən, onlara öz ərazilərində ov etməyə icazə vermirdilər. Balu yad əraziyə düşdükdə yerli qəbiləyə necə müraciət etməyi də öyrədirdi. Bu müraciətin mənası belə idi: "İzin verin, bu yerlərdə ov ovlayım, çünki mən acam". Onda belə bir cavab gəlirdi: "Ovla, ancaq əylənmək üçün yox, qarnını doydurmaq üçün ovla".
Balu çox sərt müəllim idi. Balacalar onun sözünə qulaq asmayanda onları şapalaqlayırdı. Ayının pəncəsi isə çox ağır olur. Qaradərili Bahirə bəzən balaca dostunu sərt müəllimdən müdafiə etmək istəyirdi:
– Ay insafsız, sənin şapalaqlarından onun bütün bədəni gömgöydür. İnsafa gəl, axı o balacadır, özü də zəif məxluqdur, insan balasıdır.
– Elə buna görə də çox şapalaq yeməlidir. Cəngəllikdə tək qalanda heç kim onun balacalığını nəzərə almayacaq. Sonralar başqasına yem olmaqdansa, indi kötək yesə yaxşıdır. Ey, balaca qardaş, sən haradasan? – deyə Balu Mauqlini səslədi.
Mauqli ağacların bir budağından digərinə tullana-tullana Balu ilə Bahirənin qarşısında peyda oldu:
– Nədir, gonbul Balu? Elə bilirsən sənin çağırışına gəldim? Mən dostum Bahirəni görməyə gəlmişəm.
Balu donquldandı:
– Görürsən, budur balacaların müəllimə təşəkkürü. Yaxşı, cəngəlliyin Müqəddəs Sözünü de görüm.
– Hansı tayfanın dilində deyim? Cəngəllikdə çox dil var. Mən onların hamısını bilirəm.
– Yaxşı, lovğalanma. Mənim dilimdə de.
Mauqli ayı kimi nərildədi:
– Səninlə mən qan qardaşıyıq – sən və mən!
– İndi ilan dilində.
Mauqli ilan kimi fışıldayaraq eyni sözləri təkrar etdi. Sonra qartal kimi qıy çəkərək həmin şeyi söylədi. Balu məmnun halda dilləndi:
– Hə, buna görə bir neçə şapalaq yeməyin zərəri yoxdur. Vaxt gələr, bu sözlərin qiymətini bilərsən. İndi cəngəllikdə Mauqlini heç bir təhlükə gözləmir – nə quşlardan, nə ilanlardan, nə də dördayaqlılardan.
– Öz tayfasından başqa, – deyə Bahirə yavaşca öz-özünə pıçıldadı.
– Mənim öz tayfam olacaq,