Чингиз Айтматов

Cəmilə


Скачать книгу

oğlanı deyirəm. Üçlükdə stansiyaya taxıl daşıyarsınız. O zaman kim cəsarət eləyib sizin gəlininizə toxuna bilər? Elə deyil, Seyit? Sən necə bilirsən, istəyirik ki, Cəmiləni sürücü qoyaq, ancaq anan razı olmur. Sən onu yola gətir.

      Briqadirin tərifi və mənimlə yaşlı bir adam kimi məsləhətləşməsi sinəmə yatdı. Eyni zamanda Cəmilə ilə birlikdə stansiyaya getməyin necə yaxşı olacağını təsəvvürümə gətirdim. Ciddi bir ifadə alaraq anama dedim:

      – Ona heç nə olmaz. Canavar yeməyəcək ki?!

      Mən çoxdanın sürücüsü kimi dişlərim arasından işgüzarcasına yerə tüpürdüm, çiyinlərimi ata-ata qamçını arxamca sürütləyib uzaqlaşdım.

      – Bir buna bax! – deyə anam təəccübləndi və elə bil sevindi də. Ancaq dərhal acıqla çığırdı: – Mən sənə göstərərəm, canavar nədir! Sən haranın biləni oldun? Ağıllı tapıldın da!

      – O da bilməsə, bəs kim biləcək? O sizdə iki ailənin cigitidir. Onunla fəxr edə bilərsiniz, – Orozmat qorxa-qorxa anama baxaraq mənim tərəfimi saxladı. Qorxurdu ki, təzədən onun tərsliyi tuta.

      Lakin anam etiraz eləmədi. Yalnız birdən-birə əyildi, dərindən nəfəs alıb dedi:

      – O haranın cigiti oldu, hələ uşaqdır. Gecəni-gündüzü də işdə olur… Bizim cigitlər isə indi, Allah bilir, haradadırlar. Həyətlərimiz özbaşına buraxılmış köçəbələr kimi bomboşdur…

      Mən onlardan çox uzaqlaşdığım üçün anamın daha nələr dediyini eşitmədim. Gedə-gedə qamçını evin küncünə elə vurdum ki, toz qalxdı, hətta əllərini şappıldadaraq həyətdə təzək yapan bacımın gülümsəməsinə də əhəmiyyət vermədən əda ilə talvarın altına keçdim. Orada çöməlib oturdum və güvəcdən su töküb əllərimi yumağa başladım. Sonra otağa keçib bir piyalə qatıq içdim, ikinci piyaləni isə pəncərənin qabağına aparıb içinə çörək doğramağa başladım.

      Anam və Orozmat hələ də həyətdə idilər. Ancaq daha mübahisə etmirdilər, yavaşcadan sakitcə söhbət edirdilər. Görünür ki, qardaşlarım barədə danışırdılar. Anam şişmiş gözlərini hərdənbir paltarının ətəyi ilə silir və görünür ki, ona təskinlik verən Orozmatın sözlərinə başı ilə dalğınlıqla cavab verərək dumanlı nəzərlərini ağacların kəlləsindən lap uzaqlara zilləmişdi. O elə bil öz oğullarını burada görmək ümidində idi.

      Qüssəyə qapılmış anam sanki briqadirin təklifi ilə razılaşmışdı. Öz məqsədinə çatmasından çox razı qalmış briqadir isə qamçı ilə atın belini şappıldadaraq sürətli yorğa yerişlə həyətdən çıxdı.

      O zaman, əlbəttə, nə anam, nə də mən bu işin nə cür qurtaracağını düşünmürdük.

      Cəmilənin ikiatlı arabanın öhdəsindən gələ biləcəyinə mənim heç şübhəm yoxdu. Atlara o, yaxşı bələddi. O, dağ ayılı Bəkayirdə ilxıçı qızı idi. Bizim Sadıq da ilxıçı idi. Guya bir dəfə baharda cıdır zamanı o, Cəmiləyə çata bilməmişdir. Kim bilir, bu nə qədər doğrudur, ancaq danışırdılar ki, bu əhvalatdan sonra pərt olmuş Sadıq Cəmiləni götürüb qaçmışdır. Bununla belə, başqaları isə deyirdilər ki, onlar bir-birini sevərək evlənmişlər. Nə isə, onlar cəmi dörd ay birgə yaşamışdılar. Sonra müharibə başlamış və Sadığı orduya çağırmışdılar.

      Cəmilənin uşaqlıqdan ilxı qovmasındanmı, ya da nədənsə (o, atasının yeganə qızı idi, həm qız və həm də oğul əvəzi idi) onun xasiyyətində kişilərə xas bir tündlük və hətta bəzən kobudluq da hiss olunurdu. O, kişi kimi də möhkəm işləyirdi. Qonşu qadınlarla yola getməyi bacarırdı, ancaq onu nahaq yerə bir balaca incidən kimi söyüşdə heç kəsdən geri qalmazdı. Arvadları saçlamışdı da.

      Qonşular dəfələrlə şikayətə gəlmişdilər:

      – Bu gəlininiz necə adamdır? Kandara qədəm basdığı heç bir həftə olmaz, ancaq elə bil dilotu yeyib: nə hörmət başa düşür, nə həya.

      – Elə yaxşı ki, belə adamdır! – anam onların cavabını verirdi. – Mənim gəlinim sözün düzünü adamın gözünün içinə deməyi sevir. Pıç-pıçı danışıb altdan sancmağındansa, bu yaxşıdır. Sizinkilər özlərini məlakə kimi göstərirlər. Ancaq, əslində, iyimiş yumurta kimidirlər: bayırdan təmiz və hamar, içərisinin iyi adamın ürəyini bulandırır.

      Atam və kiçik anam Cəmilə ilə rəftarda heç zaman başqa qayınata və qayınanalar kimi sərt və öcəşkən deyildilər. Ona mehriban idilər, onu sevirdilər və yalnız bir şey arzulayırdılar ki, o, Allaha və ərinə sadiq olsun.

      Mən onları başa düşürdüm. Dörd oğullarını müharibəyə göndərdikdən sonra onlar hər iki həyətin yeganə gəlini Cəmilə ilə təskinlik tapırdılar. Buna görə də onun üstündə əsim-əsim əsirdilər. Lakin mən öz anamı başa düşmürdüm. O, adamı elə-belə sevən adamlardan deyildi. Ağır və tünd xasiyyəti vardı. Öz köhnə adət-ənənəsi ilə yaşayardı və həmişə də buna riayət edərdi. Hər il baharın girməsi ilə o, atamın hələ vaxtilə cavanlıqda düzəltdiyi köçəri alaçığını həyətdə qurar, içərisində ardıc budaqlarından ocaq qalayıb tüstülədərdi. O bizi də ciddi zəhmət sevən və böyüklərə hörmət ruhunda tərbiyə edərdi. Bütün ailə üzvlərindən tələb edərdi ki, qeyd-şərtsiz ona tabe olsunlar.

      Cəmilə isə bizə gəldiyi ilk günlərdən özünü başqa gəlinlər kimi aparmadı. Doğrudur, o, böyüklərə hörmət eləyir, onların sözünə qulaq asırdı. Ancaq heç zaman onların qabağında baş əymirdi. Bununla belə, başqa cavan gəlinlər kimi üzünü yana çevirəntək burnunun altında mızıldanıb söymürdü. Ürəyindəkini həmişə açıq deyərdi və öz fikrini deməkdən də çəkinməzdi. Anam tez-tez Cəmilənin tərəfini saxlayıb onunla razılaşardı, ancaq axırıncı söz həmişə özününkü olurdu. Mənə elə gəlirdi ki, anam Cəmilənin simasında, onun ürəyinin açıq və özünün ədalətli olmasında özünə tay bir adam görürdü və gizlində fikirləşirdi ki, gələcəkdə onu öz yerinə qoysun, onu özü kimi tamhüquqlu ev sahibəsi, özü kimi baybiçə və ailənin sirdaşı etsin. “Qızım, Allaha dua et ki, – deyə anam Cəmiləyə nəsihət verirdi, – sən varlı və xoşbəxt bir evə düşmüsən. Bu sənin xoşbəxtliyindir. Qadının xoşbəxtliyi ondadır ki, uşaq doğsun və bir də evində bolluq olsun. Allaha şükür, biz qocaların topladığı bu şeylərin hamısı sənə qalacaqdır. Özümüzlə qəbrə aparmayacağıq ki! Xoşbəxtliyi yalnız o adam əlində saxlaya bilər ki, o öz namus və vicdanını qoruya bilsin. Bunları yadında saxla və özündən göz-qulaq ol!”

      Lakin Cəmilənin bəzi xasiyyətləri qayınananı açmırdı: o, uşaq kimi həddindən artıq gülüb-danışandır. Bəzən adama elə gəlirdi ki, Cəmilə heç bir səbəb olmadan gülməyə başlayır, özü də lap hündürdən, ürəklə. İşdən evə döndükdə o, təmkinlə həyətə girməkdənsə, arxın üstündən hoppanıb qaça-qaça gəlirdi. Boş-boşuna gah bir qayınanasını, gah da o birini öpməyə başlayırdı.

      Cəmilə mahnı oxumağı da sevirdi. O, həmişə böyüklərdən çəkinmədən bir şey zümzümə edirdi. Əlbəttə, bütün bunlar gəlinin ailə içərisindəki rəftarı haqqında ayılda yaranıb hifz olunan təsəvvürlərlə bir araya sığmırdı. Lakin hər iki qayınana onunla təsəlli tapırdı ki, vaxt ötdükcə Cəmilə