verdi:
– Arvadımı qarşılamağa gəlmişik.
Parovoz fit verdi.
– Siçovullar… – müstəntiq sözə başladı.
– Hə, bilirəm; ciddi bir şey deyil.
Elə həmin an vağzal xidmətçisinin bir qutu siçovul ölüsü apardığı nə həkimin nə də müstəntiqin nəzərindən qaçmadı.
3
Həmin gün günortadan sonra həkimin otağına cavan bir oğlan gəldi. Onun jurnalist olduğunu xəbər vermişdilər. Oğlanın adı Reymon Ramber idi. Qısaboy, enlikürək bir adamdı; ciddi sifəti, işıqlı, ağıllı gözləri vardı. O, dərhal mətləbə keçdi. Bildirdi ki, Parisin məşhur qəzetlərindən birinin sifarişi ilə ərəblərin həyat şəraiti və şəhərin sanitariya vəziyyəti barədə məqalə üçün araşdırma aparır. Həkim sanitariya vəziyyətinin yaxşı olmadığını bildirdi. Amma söhbətə başlamazdan əvvəl bilmək istəyirdi ki, jurnalist həqiqəti yaza biləcəkmi?
– Əlbəttə, – jurnalist cavab verdi.
– Soruşuram ki, əsaslı, geniş tənqidlə çıxış edə biləcəksiniz?
– İnanmıram. Güman edirəm ki, geniş tənqid üçün əsas yoxdur.
Ryö sakitcə bildirdi ki, doğrudan da, geniş tənqid üçün əsas yoxdur, ancaq Ramber bildiklərini çəkinmədən yaza bilər, ya yox?
– Mən deyilənləri bəzəmədən qələmə alıram.
Sonra jurnalist gülümsəyərək ayağa durdu. Həkim onu qapıya qədər ötürdü.
– Məsələyə belə münasibətinizə görə sağ olun, – həkim dedi. – Ancaq şəhərdə siçovulların qırılması barədə bir məqalə yazılsa, yaxşı olar: hər yer siçovul ölüsü ilə doludur.
– Aha! – Ramber səsləndi. – Doğrudan da, maraqlı fikirdir.
Həkim saat beşdə yenə xəstələrə baş çəkmək üçün evdən çıxanda pilləkəndə orta yaşlı, ağır gövdəli, yastısifət, pırpızqaşlı bir kişi ilə rastlaşdı. Həkim həmin kişini əvvəllər, evin axırıncı mərtəbəsində yaşayan ispan rəqqasların mənzilində görmüşdü. Jan Taru pilləkəndə ayağı altında çapalayıb can verən siçovula baxırdı.
– Bu get-gedə adamı bezdirir, – həkim dedi.
– Elədir, həkim, adamı bezdirir. Çünki indiyə qədər belə şey görməmişik. Amma maraqlı faktdır… çox maraqlıdır. – Taru siçovula bir də baxıb gülümsədi: –Bir yana qalanda, bu artıq dalandarın işidir.
Həkim dalandarla evin girişində rastlaşdı. O, divara söykənmişdi. Sifətindən yorğunluq tökülürdü.
– İndi siçovul ölülərini iki-iki, üç-üç tapıram, – qoca Mişel dedi. – Başqa binalarda da vəziyyət eyni cürdür.
Qoca yorğun və qayğılı idi. Dedi ki, son günlər bir az halsızlaşıb; siçovul ölüləri onun əhvalını lap korlayıb, yəqin, onlar yoxa çıxandan sonra işlər qaydasına düşəcək.
Amma ertəsi gün, aprelin 18-də səhər anasını vağzaldan gətirmək üçün aşağı düşəndə gördü ki, dalandar Mişelin əhvalı bir az da korlanıb: zirzəmidən dama qalxan pilləkənin üstündə bir yığın siçovul ölüsü vardı. Qonşu evlərin zibil qabları da siçovul cəsədləri ilə dolu idi. Həkimin anası siçovullar haqqında söhbəti eşidəndə heç təəccüblənmədi:
– Belə işlər olan şeydir, – dedi.
Həkimin anası ağsaç, qaragöz, mülayim bir qadındı.
– Səni görməyimə şadam, Bernar, – o dedi. –Siçovul-zad sevincimə xələl gətirə bilməz.
Həkim başını tərpətdi; anası yanında olanda, doğrudan da, hər iş ona asan görünürdü.
Amma hər ehtimala qarşı sanitariya idarəsinə zəng etdi. İdarənin müdiri ilə tanış idi. Soruşdu ki, siçovulların yuvalarından çıxıb öldüklərindən xəbəri varmı? Müdir Mersye cavab verdi ki, elə onun idarəsinin yanından əlliyə yaxın siçovul ölüsü tapıblar. Bu məsələnin nə dərəcədə ciddi olduğunu heç o özü də bilmir. Ryö dedi ki, sanitariya idarəsi nəsə bir iş görməlidir.
– Hə, elədir, – Mersye dedi. – Ancaq gərək göstəriş olsun. Əgər məsləhət görürsənsə, çalışıb rəhbərlikdən rəsmi göstəriş alaram.
– Mən məsləhət görürəm, – deyə Ryö dəstəyi asdı.
Bu vaxt onların qulluqçusu xəbər verdi ki, ərinin işlədiyi zavoddan yüzlərlə siçovul ölüsü yığıblar.
Təxminən elə həmin vaxtdan şəhər camaatının narahatçılığı başladı. Çünki təxminən aprelin 18-dən başlayaraq zavodlardan, böyük anbarlardan yüzlərlə siçovul ölüsü tapılırdı. Həkim ətraf məhəllələrdən tutmuş şəhərin mərkəzinə qədər, hər yerdə siçovul cəsədləri görürdü. Həmin gündən axşam qəzetləri də işə qarışdı. Yazırdılar ki, prefektura1 təcili ölçü götürmək fikrindədir, ya yox? Prefektura isə heç bir tədbir görmədi, yalnız yaranmış vəziyyəti müzakirə etmək üçün yığıncaq keçirməklə kifayətləndi. Sanitariya idarəsinə göstəriş verildi ki, ölü siçovulları səhər ertədən toplayıb zibilyandırma zavoduna aparsınlar.
4
Sonrakı günlərdə vəziyyət daha da ağırlaşdı. Ölü gəmiricilərin sayı artırdı. Əhali onları şəhərin ən mərkəzi yerlərində görüb qorxuya düşürdü.
Radioda məlumat verildi ki, təkcə aprel ayının 25-də altı min iki yüz otuz bir siçovul ölüsü toplanaraq yandırılıb. Bu rəqəm əhalinin həyəcanını bir az da artırdı. Astması olan qoca ispan isə əllərini ovuşdura-ovuşdura, sevincək səslə elə hey deyirdi: “Hə, gəbərirlər, gəbərirlər!”
Aprelin 28-də radioda xəbər verildi ki, təxminən səkkiz min siçovul ölüsü yığılıb. Çaşqınlıq şəhəri bürüdü. Camaat ciddi tədbir görülməsini tələb edir, şəhər rəhbərliyini günahlandırırdı. Amma ertəsi günkü məlumata görə, vəziyyət qəfildən dəyişmişdi: sanitariya idarəsi gün ərzində xeyli az cəsəd toplamışdı. Şəhər rahat nəfəs aldı.
Di gəl, elə həmin gün günorta çağı Ryö maşınını evin qarşısında saxlayanda dalandarın ağır addımlarla gəldiyini gördü. Kişinin taqəti yox idi, başı sinəsinə düşmüşdü. Keşiş Panelu onun qoluna girmişdi. Panelu elmli, mübariz bir din xadimi kimi hörmət qazanmışdı. Dinə biganə olanlar da ona rəğbət bəsləyirdilər. Həkim dayanıb onları gözlədi. Qoca Mişelin nəfəsi xışıldayırdı. Özünü pis hiss elədiyindən havaya çıxmış, ancaq geri qayıtmalı olmuşdu.
– Limfa vəzilərim şişib, – qoca dilləndi. – Yəqin, nə vaxtsa gücə düşmüşəm.
Həkim əlini maşının qapısından uzadıb Mişelin boynunu yoxladı. Barmaqları ağac düyününə oxşayan şişə toxundu.
– Gedin yatın, hərarətinizi ölçün, günortadan sonra sizə baş çəkərəm.
Nahardan sonra Ryö arvadının sanatoriyadan göndərdiyi teleqramı oxuyurdu ki, telefon zəng çaldı. Zəng edən