kül və toz qatı ilə örtməyə başladı.
– Viva aminçi! Yaşasın azadlıq! – Anjelika cingiltili səslə qışqırdı. Sonra gülümsünüb səsini yavaşıtdı və sirr açırmış kimi pıçıldadı: – Yoldaş Mixaylo, heç bilirsiniz, yerli əhali sizi necə adlandırır? Onlar adınızı «Spartak» qoymuşlar.
Birdən yaxındakı qayaların dalından boz rəngli palto geymiş bir adam çıxdı. O, bir sıçrayışla bu üç dostun yanına çatıb onları qayanın dalına itələdi.
Bayaq onların durduğu yerdən indi addımlarını yerə döyə-döyə alman keşikçiləri keçirdilər.
Patrullar uzaqlaşdıqdan sonra gələn adam rahatlıqla nəfəs aldı və Mixayloya tərəf dönərək rus dilində dedi:
– Cavan oğlan, binanı partladanda bir az ehtiyatlı olmaq lazımdır.
Mixaylo qəddini düzəltdi.
– Başa düşmürəm, – deyə yad adamın gözlərinin içinə dik baxaraq təmiz alman dilində təkəbbürlə cavab verdi.
Yad adam gülümsündü:
– Yaxşı, bizim mübahisə etmək üçün vaxtımız yoxdur. Sizinlə mühüm bir məsələ haqqında danışmalıyam.
Mixaylo cavab vermir və nüfuzedici nəzərlərlə təzə gələn adamı süzürdü.
Yad adam dönüb tərəddüdlə Vasyaya və Anjelikaya nəzər yetirdi. Mixaylo da onlara baxdı. Onlar dinməzcə kənara çəkilib söhbətin nə ilə nəticələnəcəyini gözlədilər.
– Briqadanın qərargahına xəbər verin ki, – yad adam sözə başladı, – bu gün bizim təyyarə yeddinci təpənin üstündən uçmayacaq. Həm də mənimlə təzədən görüşmək üçün vaxt təyin etsinlər.
Mixaylo susur, yad adamın bir hərəkətini belə gözdən qaçırmamaq üçün diqqətlə ona fikir verirdi. Naməlum adam ciblərini axtarıb siqaret çıxartdı, birini yandırıb çəkməyə başladı. Mixaylo qutunun üstündə italyan nişanı olduğunu gördü. Lakin bunun məsələyə heç bir dəxli yox idi. Əsas məsələ bu deyildi. Bu adam onu tanıyırdı. Özü də bu gün yeddinci təpəyə təyyarədən yük atılacağını bilirdi.
Naməlum adam köksünü ötürdü:
– Mənə inanmırsınız?.. Çox təəssüf! Müttəfiqlər belə hərəkət etməməlidirlər.
Mixaylo yenə də susurdu, hər şeyi lazımınca fikirləşmək üçün vaxtı uzadırdı. O da siqaret çıxarıb yandırdı.
– Sağlıqla qalın! – naməlum adam dostcasına gülümsündü. – Mən sizi təqsirləndirmirəm. Bəlkə, bu cür də hərəkət etməliydiniz. Sizə yaxşı yol!
– Dayanın! – Mixaylo onu astadan çağırdı.
Naməlum adam dayandı. Mixaylo qəti bir səslə dedi:
– Siz heç yana getməyəcəksiniz. Sizi özümlə aparıram. Yol uzundur. İkilikdə xoş keçər.
Naməlum adam bir qədər fikirləşdikdən sonra yaxınlaşıb əlini onun çiyninə vurdu:
– Nə deyirəm, düzgün qərardır… Demək, ehtiyat edirsiniz… Gedək…
Onlar söhbət edə-edə qayaların dalından çıxdıqda Vasya ilə Anjelika təəccüblə bir-birinə baxdılar.
«Döyçe soldatenhaym» binası ucalan yerdə indi daş daş üstündə qalmamışdı. Alman və italyan əsgərləri daşları eşələyərək binanın dağıntıları altından meyitləri çıxarırdılar. Əsgərlər daş-torpağın arasından bir əlin uzandığını gördülər. Onlar təsadüfən diri qalan zabiti tirlərin altından güclə çıxara bildilər. Bu, Otto fon Şults idi. Bir qədər sonra Şults dəlicəsinə bağırmağa başladı. Bu səsi eşidən esesçilər hövlnak özlərini onun yanına atdılar. Əsgərlər Şultsun toz-torpağa bulaşmış kostyumunu təmizlədikcə o, əsgərləri söyüb kənara itələməyə çalışırdı. Sanki baş vermiş hadisəyə onlar bais olmuşdular.
Az keçmiş hadisə yerinə bir minik maşını yaxınlaşdı. Maşından düşən iki cavan esesçi və bir həkim qorxudan özlərini itirmiş halda Şultsa yaxınlaşıb farağat durdular.
– Tanrım! – Şultsu müayinə edən həkim təəccüblə səsləndi. – Sizin bədəninizdə heç cızıq yeri də yoxdur! Bununla belə, sizə indi ancaq rahatlıq lazımdır. İcazə verin, sizi maşınla aparım…
Lakin Şults həkimi itələyib piyada yola düzəldi. Gözləri qanla dolmuşdu, sifətindən qəzəb yağırdı. O, gərgin halda fikirləşirdi: «Bu gün mənimlə bir yerdə yemək yeyənlərdən kimsə partizanmış! Bəlkə də, Mixaylo idi? Ola bilər! Gör ha, Şults təcrübəli bir gestapoçu olsa da, onu görə bilməyib! Mixaylo onun burnunun dibində, gözlərinin qabağında təxribat törədib, heç bir cəza çəkmədən də gedib. İndi də, yəqin, heç nə olmamış kimi şəhərdə gəzir».
Birdən Şultsun gözləri Mixaylo haqqında yazılmış elana sataşdı. «Bu partizan kəşfiyyatçının başına təyin edilmiş məbləği artırmaq lazımdır, – deyə o düşündü. – Ancaq onda vəziyyət düzələcəkmi? Yox, daha ciddi tədbirlər lazımdır».
Baş vermiş hadisədən bir saat keçməmişdi ki, Triyestdə hər şey sakitləşib öz yoluna düşdü. Çünki adamlar partlayışlara alışmışdılar. Axı yalnız hitlerçilərin yaşadığı binalar partlayırdı. Dinc əhalinin təşvişə düşməsi üçün heç bir əsas yox idi. Əksinə, onlar hər dəfə partlayış səsi eşitdikdə sevinirdilər.
Şults isə hələ də Triyestin küçələrini gəzirdi. Partlayışdan sonra qulaqlarındakı gurultu hələ çəkilməmişdi, ürəyi də bulanırdı. Öz gəzintisinin mənasızlığını başa düşən Şults, nəhayət, dincəlmək üçün gestapoya tərəf döndü.
Hava qaralanda Mixaylo öz dostları və qonağı ilə şəhərdən çıxdı. İki saat yol gedib gecəni Prosek qəsəbəsində keçirdilər.
Səhər tezdən yola düşdülər. Hər tərəf dumana bürünmüşdü. Dağa dırmaşmaq isə get-gedə çətinləşirdi. Qabaqda gedən Anjelika qarlı cığırda tez-tez sürüşüb büdrəyirdi. Vasya ona kömək edirdi. Hamıdan axırda Mixaylo gəlirdi. Mixaylo yoldaşlarına təklif etdi ki, dayanıb dincəlsinlər.
Yarımsaatlıq istirahətdən sonra yenə də yollarına davam etdilər. Kəndlərdən keçib dağları aşdılar. Dağlarda yaşayan əhali Mixaylo və onun yoldaşlarını səmimiyyətlə qarşılayır, onları südə, qarğıdalı çörəyinə qonaq edirdi. Triyestdə yaşayanlar italyanca danışırdılar, burada isə hamı sloven dilində danışırdı.
Yolçulara xəbər verdilər ki, partizanları axtarmağa gələn hitlerçilər Komen kəndinə soxulub bir neçə evi yandırmışlar. Lakin hitlerçilər partizanları lazım olduğu yerdə axtarmırdılar. Həmin vaxt partizan briqadasının bölmələri tamam başqa yerdə əməliyyat aparırdılar.
Mixaylo Vasya ilə Anjelikaya Plava kəndində qalmağı tapşırdı. Özü yanındakı qonağı ilə qərargaha yetişəndə artıq hava qaralmış, göydə tək-tək ulduz parlamağa başlamışdı.
Partizan briqadasının qərargahı bir neçə gün idi ki, şəhərin kənarında yiyəsiz qalmış malikanədə yerləşirdi. Triyestin fabrik sahibkarlarından birinə məxsus olan bu malikanə şəhərdən 70 kilometr