>
PROLOQ
Şahzadə Qazi bәy darıxırdı. Neçә gün idi ki, onun müəllimi, Şirvanşahlar sarayının qazısı olan Mәhәmmәdyar vәfat etmişdi. Musiqi vә kef mәclislәrinә ara verilmişdi. Odur ki şahzadә özünә yer tapmırdı. Yuxudan durandan sonra nә edәcәyini bilmirdi.
Bu gün dә elә oldu. Bir qәdәr yerindә o üz-bu üzünə çevrildi. Sonra nәdimi1 olan Salehi çağırıb gәzintiyə çıxmaq üçün hazırlıq görmәsini әmr etdi. Özü isә yemәyә әylәşdi. İştahası da yox idi. Bir az cücә çığırtması yedi, bir piyalә süd içib sarayın eyvanına çıxdı. Nәdim onu qarşıladı:
– Atlar hazırdır, şahzadә.
– Çox gözәl.
Şahzadә ov paltarında hәyәtә endi. Xәyal onu götürmüşdü: «Bu ov libası nәyimә gәrәkdir? Şirvanın ceyranlı düzәnlәrindә, kәklikli dağlarında olsaydım, yerinә düşәrdi. Bu qumluqlar diyarında әlimә ov keçmәyәcək. Nә isә… Uğur olsun!» – deyә öz-özünә iş avandlığı dilәyib atlandı. Nәdimin dә onunla yollanmasını әmr etdi. Nәdim Saleh atını mindi. Cavan hacibә2:
– Soruşsalar, gәzintiyә çıxdıq, deyәrsәn, – söyləyib saraydan çıxdı.
Onlar hara getdiklәrinin fәrqinә varmadan qumlar arasında düşmüş cığırla irәlilәyirdilәr. Bir tәrәf sıldırım qayalıqlı tәpәlik, bir tәrәf dәniz… Xәzәr bu gün çox sakit idi. Bahar idi. Tәkәmseyrәk kol-kos görünәn sahildә, qayaların altında arabir qara lәkәlәr nәzәrә çarpırdı. Xәfif gilavar kәsif neft iyini dağıda bilmir, xırdaca-xırdaca lәpәlәri qovub uzaqlara aparırdı. Buradan daşlı-kәsәkli tәpәlәrin döşü ilә uzanan qayalıq yollarda nә ağac, nә bir iri kol var idi. Amma yamaclar qumların rәnginә çalan sarı güllər, çobanyastığı, dәvәtikanı, qiyaq vә yepәlәk ilә örtülmәyә başlamışdı.
Cavan şahzadә özünәməxsus gözəlliyi olan bu alәmi duya bilmirdi. O, firuzәyi Xәzәrin әnginliklәrinә baxdıqca hәsrәtlә Şamaxının yaşıl çәmәnlәrini, güllü-çiçәkli bağlarını, Fit dağı vә Gülüstanın qalın meşәlәrini, ceyranlı-cüyürlü, kәklikli-turaclı ovlaqlarını xatırlayırdı, havaların qızmasını gözlәyirdi ki, Şirvanşah Fərrux Yasar köç әmrini versin vә saray yay aylarında Şamaxıya – yaylağa yollansın. Şahzadә Qazi bәy mәhz bu aylarda canlanır, bütün günlәrini nədimi ilə birlikdә ovda keçirir, çadırlarda yatır, çox vaxt yastığı yәhәr, yorğanı әngin sәma olurdu. Uzun, düz yonduqları şişlərə ceyran-cüyür әti, ya da ov quşları çәkib yeyirdilәr.
Bütün bu arzularla birlikdә indi yetkin gənclik dövrünә qәdәm qoymuş şahzadәnin qәlbində bir şeir bulağı qaynamağa başlamışdı. Yox, o, şeir qoşmurdu. Başqalarının yazdığı şeirlәri oxuyur, qәlbindә dönәm-dönәm tәkrar edirdi. Mavigözlü Xәzәr, sonu görünmәyәn dumduru sular onu çәkib harasa uzaqlara aparırdı. Sarayda onun bәxtindәn gözәl bir müәllimi var idi. Düzdür, qazı Mәhәmmәdyar ona şәriәti öyrәtmәli idi. Amma çox vaxt dərslәri qәdim tarixә malik Azәrbaycan, әrәb, fars ədəbiyyatını öyrәnmәklә keçirdi. Qazı rütbәsinә baxmayaraq gözәl bir alim vә şair ruhlu insan olan Məhəmmədyar hətta gәnc tәlәbәsinә xəlvət şəkildə Nәsiminin şeirlәrini oxuyurdu, deyirdi:
– Düzdür, hәyatının sonunda Seyid İmadәddin dinsizliyә üz qoydu, Allaha şәrik qәrar qoşdu. Tohidi3 dandı. Dini-mübinimizә xeyli zәrәr vurdu vә bunun cәzasını da çәkdi. Amma, bununla belә, o, insanı göylәrә ucaldan, pak, bәşәri mәhәbbәti tәrәnnüm etmişdi. Onun qәzәliyyatının misli yoxdur. Müqәddәs, ülvi sәdaqәt və mәhәbbət tәrәnnümündә bənzərsizdir.
Bunu dedikdən sonra Məhəmmədyar «bənzərsiz» adlandırdığı Nəsiminin şeirlərini hәvәs vә bәlağәtlә oxuyardı.
Müəllimini xatırlayanda Qazi təəssüfləndi: «Heyif, çox heyif ki, elә bir müəllim köçdü bu dünyadan. Allah bilir, şah babam yerinә kimi tәyin edәcәk? Yerindә, görәsәn, hansı bir molla olacaq? Onun yanında Nәsiminin nәinki әşarını oxumaq, hәtta, bәlkә, heç adını da çәkmәk olmayacaq. «Bunlar hamısı küfrdür» – deyәcәk. Amma mәnim könlüm bu küfrü bir hәyat, bir Allah bәxşeyişi hesab elәyir».
Qazi bәyin könlü naməlum bir eşq ilә çırpınırdı. O bu eşqin harada, kimə qovuşacağını bilmirdi. Bu, bir saray gözәlimi, atasının hәrrac bazarında aldıracağı yaraşıqlı cariyəmi olacaqdı? Hər halda, gәnc ürәk idi, şairlәr demişkәn «eşq ilә nümuv» – dopdolu idi. Qәlbinin qapıları açıq idi. Bu qapıdan kim girәcәkdi, bilmirdi.
…Yol onları Bibiheybət pirinə gәtirib çıxardı. Şıxlar pir әtrafında görünmürdülәr. Görünür, bu gün ya zәvvar çox idi, evlәrinә yığışmışdılar; ya da, әksinә, zәvvar az idi, pirin həyətindәki böyük tut ağacının altına toplaşıb kölgәlikdә laqqırtı vururdular.
Onlar məqbәrәyə yaxınlaşmadan qara qayaların üstündә dayandılar. Qazi bәy el arasında «Qırx qızlar» adlanan bu qayaları çox sevirdi. Arabir Bibiheybәtә yolu düşәndә mütlәq buraya gәlәr, Xәzәrin mavi sularına sallanmış qara qayaların üstündә saatlarla oturardı. Həm dәnizi seyr edər, hәm dә arasından dumduru, göz yaşı kimi su gillәnәn bu qayaların hәzin ninnisinә qulaq asardı. Danışmışdılar ona, demişdilәr ki, «Qırx qızlar»ın faciәli macәrası var. Bir zaman şiәlәrin sәkkizinci imamı imam Rza xәlifə Mәmun tәrəfindәn zəhәrləndirilib öldürülәndәn sonra onun bacısı Hökumә xatın tәqib olunur, düşmәndәn qaçır. Xәzәrә pәnah aparır. Hökumә xatının qırx kәnizi varmış. Xanım Heybәt adlı birisinin gәmisinә minib qaçanda kәnizlәrini dә özü ilә götürübmüş. Qaçqın qızlar hәmin bu sahilә yan alırlar. Az sonra Hökumә xatın vәfat edir. Onu buradaca dәfn edirlәr. Kәnizlәr – doğma vәtәnindәn ayrılıb sərgərdan düşmüş qızlar isə hәmin bu yerdə daşa dönürlәr. Qayalardan sızan su da onların göz yaşlarıdır. Hәzin ninnilәr onların sızıltısıdır. Doğmalarınımı sәslәyirlәr, vәtәn üçünmü ağlayırlar, kim bilir?
Şahzadә Qazi bәy indi dә hәmin yerdә dayandı.
– Saleh, o şıxların üzünü görməmişdən әvvәl gәl burda bir az dincәlәk.
Nәdim Saleh qәlbindəki sevinci gizlәdə bilmәdi. Bütün yolboyu şahzadә xəyallara dalmışdı, görünür, müәlliminin vәfatından yaman qüssә çәkirdi. Odur ki Salehlә bir kәlmә dә kәsmәmişdi. Halbuki Salehin bir nәdim kimi vәzifәsi öz şahzadəsini əylәndirmәk idi. Xoş sözlәr, gözәl şeirlər, musiqi vә әylәncәlərlә onu mәşğul etmәli, könlünü açmalı idi. Saleh qorxurdu ki, Qazi bәy ondan inciyə, şaha xәbәr verә ki, «bu nədim öz ağasını əylәndirə bilmir, o mәnә lazım deyil» vә, beləcə, Saleh dә bir parça rahat çörәyini itirə… Ona görə də indi cavan şahzadənin onunla gülümsәr və mehriban danışmağı nәdimi ovundurdu.
– Doğru buyurursan, şahzadə, mәnim də onlardan zәhlәm gedir.
Şahzadә nәdәnsә birdәn-birә tutuldu. Öz rәiyyәti haqqında başqasına yaman söz demiş, başqasından da yaman söz eşitmişdi. Halbuki mәrhum müәllimi Mәhәmmәdyar ona deyәrdi: «Rәiyyәtə övladın kimi yanaş. Ona qarşı rәhmli vә әdalәtli olmağa sәy göstәr. Öldürsәn dә, yada vermә».
Qazi bəy Salehin dә könlünә dәymәk istәmirdi. Tәxminәn yaşıdı olan bu cavanı sevirdi. Axı elә indi onun hamını, hәr şeyi sevәn vaxtı idi.
– Bilirsәn, Saleh, o yazıq şıxlarda da taxsır yoxdur, – deyә şahzadә dillәndi. – Bir әtrafına bax! Hətta baharın bu gözәl çağında belә qupquru olan qayalar üstündә püstәni, zeytunu min zәhmәtlә onlar yetişdirib. Əkinә yararlı torpaqları azdır. Karvan yollarından qıraqdadırlar. Neylәsinlәr?! Nә ziyarәt, nә ticarәt, nә dә heyvandarlıq – heç birindәn Allah onlara bol pay vermәyib. Zığdakı, Badamdardakı azacıq әkin yerlәri isə ruzularına yetmir. Onlar nә ilәsә dolanmalıdırlar. Odur ki gözlәrini dikiblər zәvvarlara… Qayıqla daşıyırlar, başqa xidmәtlәrini yerinә yetirirlәr… Bununla da dolanırlar…
Saleh heybәlәrdәn qumqumaları çıxardı, irәlicәdәn şərabla doldurulmuş xırda sәnәklәrin birini şahzadәyә uzatdı vә düşündü ki, «hә, bunlar rәhmәtlik müәllimin sözlәridir. Görәsәn, şahzadә hakimiyyәti әlә alandan sonra da belә fikirlәşәcәk,