Əkbər N. Nəcəf

Ögedey


Скачать книгу

href="#img811f55202d52461ebb086b5e55779d13.jpg"/>

      "Məndən sonra yerimə Ögedeyin keçməsini istəyirəm. Onu ağıllı, uzaqgörən və təcrübəli olduğu üçün buna layiq bilmişəm".

Çingiz xan

      I FƏSİL

      ÇİNGİZİN XƏLƏFİ

      Çingiz xan (1155–1227) öləndə oğlu, eyni zamanda xələfi olan Ögedeyə viran qalmış bir dünya miras qoymuşdu: Asiyanın bir ucundan o biri ucuna qədər yüz lərlə şəhər, onlarla ölkə monqol atlarının dırnaqları altında xaraba qalmışdı. Milyonlarla insan özünü «Tanrının qəzəbi» hesab edən monqol xanının qurbanına çevrilmişdi. Çingiz xan hakimiyyəti boyunca yalnız istilalarla və cəzalandırmaqla məşğul oldu. Onun yaratdığı və adını Monqol qoyduğu dövlətin əsl yüksəlişi oğlu Ögedeylə bağlıdır.

      Oktay adı Azərbaycan və Anadoluda çox sevilən, populyar adlardan biridir. Bu ad Böyük Monqol hökmdarı Ögedeyin adının türkcə tələffüzüdür. Atasından sonra monqolların xanı seçilən Ögedey Çingizin övladları arasında ən ağıllısı hesab edilirdi. Ancaq bütün monqol kişiləri kimi, içkiyə olan düşkünlüyü onun da ölümünü tezləşdirəcəkdi…

      Elxanlı dövrü (1258–1357) tarixçilərindən Ata Məlik Cüveyninin yazdığına görə, Çingiz xan hakimiyyətinin son illərində çox narahat idi. Belə ki, onu dövlətinin özündən sonrakı aqibəti hədsiz düşündürürdü. Çingiz xan uzun götür-qoydan sonra varis olaraq ortancıl oğlu Ögedeyi müəyyənləşdirmişdi. Odur ki digər oğullarına və əmirlərinə gələcəkdə Ögedeyin hakimiyyəti altında birləşmək barədə ardıcıl məsləhətlər, nəsihətlər verirdi.

      Qardaşlarından öz ağlı və fərasəti ilə fərqlənən Ögedey mərhəmətliliyi ilə də onlardan müəyyən qədər seçilirdi.

      Atasının vəfatından bir il sonra, yəni 1228-ci ildə keçirilən qurultayda xan seçilən Ögedey 1241-ci ilə qədər Monqol taxtında oturdu. Hakimiyyəti uzun sürməsə, cəmi 13 il davam etsə də, o, Monqol dövlətinin qüdrətini artırdı və onu gücləndirdi. Buna görə də Ögedey «monqol əsrinin» qurucusu sayılır. Atasının ona buraxdığı əraziləri iki dəfə genişləndirən Ögedey nəticədə Avrasiya qitəsinin, az qala, dörddən üçünə hökm eləmişdir. İnsanlıq tarixində nə ondan əvvəl, nə də sonra heç bir hökmdar yer üzündə bu qədər böyük əraziyə sahib ola bilməyib.

      Çingiz xan monqol hökmdarı kimi öldü. Oğlu Ögedey isə türk-monqol xanı kimi həyata gözlərini yumdu. İmperiyanın idarəsini müsəlman-türk bürokratlara tapşıran Ögedey, uyğur əlifbasını qəbul etməkdən çəkinməmiş, nəticədə dövlətin bütün hesab-kitab işləri türk məmurlarının əlində cəmləşmişdi. Beləliklə, Monqol imperiyasının idarəçiliyində monqolların təsirini kəskin azaldan Ögedey, eyni zamanda atasının vəsiyyətini çeynəyən ilk monqol kimi tarixə düşdü. Belə ki, Çingiz xanın öz adını daşıyan qanunlar toplusu («Çingiz xan yasası») və hakimiyyətin ötürülməsi haqqında vəsiyyəti var idi. Həmin vəsiyyətində Çingiz xan «monqolların bir-birinə düşmən olmamasını, idarəçiliyi daim öz əllərində saxlamasını» məsləhət görür, monqol irqinin aliliyini ifadə edirdi. Ancaq Ögedey monqollardan daha yüksək bacarığa malik türk və çinli dövlət adamlarını idarəetmə sisteminə yerləşdirməklə atasının həmin vəsiyyətindən kənara çıxmışdı.

      Çingizin oğulları

      İlk xatunu Börtədən olan oğullarına qarşı Çingiz xanın münasibəti birmənalı deyildi. Bunun da səbəbləri var idi. Məsələn, atasından bir qədər əvvəl dünyasını dəyişən böyük oğlu Cuçinin merkit1 qanı daşıdığına dair iddialar dolaşırdı. Tarixşünaslıqda geniş yayılan bu iddianın ortaya çıxması heç də təsadüfi deyil. Məsələ burasındadır ki, Cuçi anası Börtə merkitlərin əlində əsir olarkən dünyaya gəlib. Börtənin merkitlərin əlində doqquz ay əsir qaldığı və bu müddət ərzində Çilgər-bökö adlı merkitin çadırında yaşadığı məlumdur. Əsirliyinin doqquzuncu ayında Çingiz xan arvadını xilas edərkən Cuçi yenicə doğulmuşdu. Nəzərə alsaq ki, Börtə ilk oğlunu normal doğum vaxtında dünyaya gətirib, onda Cuçinin, əslində, Çingiz xanın qanını daşıdığına şübhə eləməmək lazımdır. Düzdür, sonralar Çingiz xan oğullarını heç vaxt bir-birindən ayırmayıb, lakin ilk övladı olan Cuçiyə də hər hansı xüsusi rəğbət bəsləməyib. Börtənin özü belə, sözsüz ki, Cuçinin məhz Çingiz xandan olduğunu qəti şəkildə söyləyirdi. Buna baxmayaraq, Cuçinin kimliyi haqqında hələ Çingiz xan zamanında monqollar arasında şayiələr dolaşırdı. Ögedey xanın hakimiyyəti dövründə yazılan «Monqolların gizli tarixi» (bundan sonra «Gizli tarix») əsərində merkitlərlə müharibə və Börtənin xilas edilməsi geniş şərh edildiyi halda, Cuçinin doğulmasından bəhs olunmaması çox maraqlıdır…

      Cuçi adı monqolca «ev sahibi» (coçi) mənasına gəlirdi. Elə Çingiz xanın qardaşı da eyni adı daşıyırdı. Cuçi adı monqollar arasında çox sevilirdi2. Bu adın Qərbi Hunların (b.e.ə. 48–36) yeganə hökmdarı Çi-çi yabqunun adı ilə eynilik təşkil etdiyini düşünürük.

      «Gizli tarix» əsərində Cuçinin ölümü barədə də danışılmır.

***

      Çingiz xan ilə böyük oğlu sonuncu dəfə 1223-cü ilin yayında Otrar şəhəri3 ilə Talas çayı arasındakı Kulanbaşı adlanan yerdə görüşdülər. Bu tarixdən sonra bir daha atasının yanına getməyən Cuçi ona verilən Sibir, Mərkəzi Asiya ilə Xəzər dənizinə qədər olan Böyük Dəşti-Qıpçaq torpaqlarını idarə etməyə başladı. Əxlaqı və davranışları ilə qardaşlarından hədsiz dərəcədə seçilən Cuçi monqollar tərəfindən dağıdılan bir çox müsəlman şəhərini (məsələn, Xarəzmi) bərpa etməyə çalışmışdı…

      Atasının hüzuruna gəlməməsi Cuçi haqqında çoxlu şayiələrin ortaya çıxmasına səbəb oldu. Söz-söhbət gəzirdi ki, Cuçi ona aid torpaqlarda müstəqil dövlət yaratmaq iddiasına düşüb. Həmin şayiə axırda Çingiz xanın da qulağına çatmış və onun narahatlığına səbəb olmuşdu. Ona görə də deyilənləri aydınlaşdırmaq üçün böyük oğlunu hüzuruna çağırmışdı. Lakin Cuçi xəstə olduğunu bildirərək atasının dəvətini geri çevirdi. Çox keçmədən isə qərb əyalətlərindən gələn bir monqol Cuçini ovda gördüyünü söylədi. Bunu eşidən Çingiz xan yayılan şayiələrin doğruluğuna inanmağa başladı. İntəhası qısa müddətdən sonra – 1227-ci ilin fevral ayında Cuçinin ölüm xəbəri yayıldı. Bununla da onun, həqiqətən, xəstə olduğu aydınlaşdı. Üstəlik, təsdiqləndi ki, Cuçinin müstəqil dövlət yaratmaq istədiyi barədə şayiələr də tamamilə əsassız imiş…

      Ancaq onu da qeyd eləmək lazımdır ki, Cuçinin atasına qarşı soyuq münasibət bəslədiyi barədə fikirlər heç də boş söz-söhbət deyil. Məsələ burasındadır ki, böyük övlad olduğu halda, atası onu vəliəhd kimi görmürdü. Bu da Cuçinin Çingiz xana soyuq yanaşmasına gətirib çıxarmışdı. Sonralar hətta Cuçinin övladları da atalarına qarşı bu münasibəti əsla unutmayacaqdılar4

      Fransız şərqşünası J.P.Runun yazdığına görə, Cuçi 1182-ci ildən əvvəl anadan olub. Rus şərqşünası V.V.Bartold5 isə Cuçinin yaşının 1225-ci ildə 40-dan aşağı olmadığı qənaətindədir. Bu hesabla, Bartold onun 1185-ci ildən əvvəl dünyaya gəldiyi fikrindədir. Məlumdur ki, Çingiz xanın təvəllüdü ilə bağlı bir neçə tarix göstərilir. İlk monqol xanının doğum tarixini 1155-ci ildən hesablasaq, onda belə çıxır ki, Çingiz xan birinci dəfə ata olarkən 28-30 yaşlarında imiş. Çingiz xanın 1162-ci ildə dünyaya gəldiyini əsas götürsək, onun 21–23, 1167-ci ildə doğulduğunu qəbul etsək, 16–18 yaşlarında ata olduğu aydınlaşır. Atası ölərkən 9–10 yaşında olan Çingiz, arvadı Börtəni merkitlərdən xilas edəndə 18-20 yaşında idi. Beləliklə, ilk monqol xanının 1173–1175-ci illər arasında evləndiyini və ilk oğlu Cuçinin də bu tarixlərdə dünyaya gəldiyini düşünə bilərik. Nəticə etibarilə dünyasını dəyişərkən Cuçinin 52–54 yaşında olduğunu söyləmək mümkündür.

***

      Atasından 6 ay əvvəl vəfat edən Cuçinin ölümü Çingiz xandan sonra Böyük Monqol taxtına çıxacaq namizədlərin sayını üçə endirdi.

      Çingizin