Əkbər N. Nəcəf

Ögedey


Скачать книгу

faktdan çıxış eləsək, Tuluyun 1193-cü ildə anadan olduğunu söyləyə bilərik. Tarixi qaynaqlarda Börtənin Ögedey ilə Tuluy arasında 7 il oğlan uşağının olmadığı qeyd edilir. Bu isə o deməkdir ki, Ögedeyin 1186-cı ildə, Tuluyun 1193-cü ildə anadan olması barədə mülahizələr daha doğrudur. Digər tərəfdən, 1208-ci ildə övladı Məngü dünyaya gələndə Tuluy 16 yaşında idi. Bu da onun 1193-cü ildə anadan olduğunu sübut eləməklə yanaşı, 15 yaşında evləndiyini söyləməyə əsas verir.

      Çingiz xandan bir yaş böyük olan, yəni 1154-cü ildə doğulan Börtə axırıncı övladı Tuluyu dünyaya gətirərkən 40 yaşında imiş.

      Ümumiyyətlə isə, Börtə 1173/75–1193-cü illər arasında Çingiz xandan 6 övlad (daha da çox ola bilər) dünyaya gətirib. Çingiz xanla Börtənin bütün uşaqları evliliklərinin ilk 20 ilində dünyaya gəlib. Bu məlumatdan çıxış etdikdə Börtənin ilk dəfə 19–21 yaşlarında ana olduğu aydınlaşır.

      Yeri gəlmişkən, onu da vurğulamaq lazımdır ki, yuxarıdakı bütün hesablamalar Çingiz xanın donuz ilində, yəni 1155-ci ildə anadan olduğu tarixə görə aparılıb. Yox, əgər bəzi mənbələrin qeyd etdiyi kimi Çingiz xan 1167-ci ildə (yəni növbəti donuz ilində) dünyaya gəlibsə, onda belə çıxır ki, o, axırıncı dəfə ata olarkən (yəni Tuluy doğularkən) 26 yaşında imiş. Cuçinin 1182-ci ildə anadan olduğunu əsas götürsək, bu, inandırıcı görünmür.

      Çingiz xanın 1162-ci ildə anadan olduğu barədə üçüncü iddianı doğru saymaq üçün isə, ümumiyyətlə, heç bir əsas yoxdur. Üstəlik, həmin tarix donuz ilinə düşmür. Halbuki tarixi mənbələr ilk monqol xanının məhz donuz ilində dünyaya gəldiyi fikrində həmrəydirlər.

      Beləliklə, Çingizin təvəllüdü ilə bağlı ən ağlabatan fikir onun 1155-ci ildə anadan olmasıdır. İlk dəfə ata olması ilə bağlı tarixə gəlincə isə, bu ən tez 1173, ən gec isə 1175-ci ildə baş verə bilərdi…

      Ata Məlik Cüveyniyə görə, Çingiz xanın Yesi Bəkidən7 dörd oğlu vardı. Xan hələ öz sağlığında onlara müxtəlif vəzifələr vermişdi. «Böyük oğlu Tuşi (Cuçi) monqollar arasında bəyənilən və etibarlı vəzifələrdən olan ov işlərini idarə edirdi. Ondan kiçik olan Cağataya qanunları qorumaq tapşırılmışdı, Ögedeyə məsləhətçi, Tuliyə (Tuluy) isə ordu komandanlığı vəzifələri həvalə olunmuşdu».

      Beləliklə, buradan belə aydın olur ki, Çingiz xanın bütün oğulları dövlət idarəçiliyində yaxından iştirak edirdilər.

      Ögedeyin vəliəhd elan edilməsi

      Monqolca adı Oqodai olan Ögedey (bəzi mənbələrdə Ugidey), əvvəl də qeyd elədiyimiz kimi, Çingiz xanın dörd oğlundan üçüncüsü idi. Xan hələ sağlığında onu öz vəliəhdi elan etmişdi. Buna görə də Çingizin vəfatından sonra taxta kimin çıxacağı haqqında heç bir mübahisə yaşanmadı.

      Çingiz xan ölərkən 72 yaşında idi. O hələ Mavəraünnəhr8 səfəri ərəfəsində öz varisini müəyyənləşdirmişdi.

      «Gizli tarix»də vəliəhd seçilməsi ilə bağlı maraqlı bir məlumat yer alır. Həmin məlumat vəliəhdlik məsələsinin ilk dəfə 1219-cu ildə Mavəraünnəhr səfəri zamanı gündəmə gəldiyini təsdiqləyir. Belə ki, səfər ərəfəsində Çingiz xan oğulları, qardaşları, sərkərdələri və xanımları ilə öz çadırında mühüm məsələlərlə bağlı məsləhətləşirdi. Bu zaman Yesui xatun ərindən «bu səfərdə öləcəyi təqdirdə, ulusuna kimin rəhbərlik etmək istədiyini» soruşdu. Çingiz xan bu suala görə Yesuiyə haqq qazandırdı, üstəlik, varislik məsələsini indiyədək bircə dəfə də olsun gündəmə gətirməyən oğullarına, qardaşlarına və sərkərdələrinə irad tutdu. Sonra isə böyük oğlu Cuçiyə çevrilərək onun fikrini öyrənmək istədi. Lakin Cuçi ağzını açmağa macal tapmadı, belə ki, Cağatay sözə qarışıb atasının üzünə dedi: «Cuçiyə söz verməklə onu xələfin elan etmək istəyirsən? O, merkitlərin əsarətində dünyaya gəlib. Necə ola bilər ki, dövlətin idarəçiliyini özündən sonra ona tapşırasan?» Qardaşının bu sözlərindən qəzəblənən Cuçi onun yaxasından yapışaraq təhdid eləməyə başladı. Araya sərkərdələr girdilər: Borçu qalxıb Cuçini, Muhali də Cağatayı sakitləşdirməyə çalışarkən, başqa bir sərkərdə Kokoços söz alıb uzun məsləhətlər verdi. Bütün bunlar baş verərkən Çingiz xan susur, oğullarının davasını səssizcə izləyirdi.

      Kokoçosun ibrətamiz çıxışından sonra Cağatay atasına Ögedeyi vəliəhd elan etməsini məsləhət gördü. Buna əsas kimi isə «Ögedeyin sakit təbiətli olmasını» göstərdi. Cağatayın təklifinə öz münasibətini bildirməsi üçün Çingiz xan üzünü yenidən Cuçiyə çevirdi. Cuçi də öz növbəsində Ögedeyin namizədliyi ilə razılaşdığını söylədi. Məclisdə Ögedey ilə Tuluyun da varisliklə bağlı fikirləri soruşuldu.

      Beləcə, Çingiz xan üçüncü oğlu Ögedeyi öz vəliəhdi seçdi. Bunda heç də Cağatayın təklifi həlledici rol oynamamışdı. Belə ki, Çingiz xan Ögedeyin sakit təbiətli və ağıllı olması ilə yanaşı, qardaşları arasında balansı qoruyub-saxlamaq bacarığını da nəzərə almışdı. Nəticədə məhz onu öz vəliəhdi elan etməyə qərar vermişdi. Buna baxmayaraq, Çingiz xan gələcəkdə «Ögedeyin törəmələrindən hər hansı biri fərsiz hökmdar olacağı təqdirdə, digər qardaşların törəmələrindən birinin taxta çıxarılmasını» da tövsiyə eləmişdi.

      Monqol xanı hakimiyyətinin son çağlarında oğullarına və sərkərdələrinə özündən sonra Ögedeyin hakimiyyəti altında birləşməyi tapşırdı. Bu qərarını axırıncı dəfə ölüm yatağında ikən təkrarladı. Cüveyniyə görə, həmin vaxt Çingiz xan «Cağatay, Ögedey, Ulu Noyon9, Kölgen, Gürşetay və Orxanı yanına çağırıb onlara belə dedi: «Artıq xəstəliyimin sağalmasına ümid yoxdur. İndi aranızdan birinin ölkənin idarəçiliyini əlinə alması və özülü sağlam olan yasaları (qanunları) həyata keçirməsi lazımdır. Əgər hamınız birdən xan olmaq istəsə, çoxbaşlı ilana çevriləcəksiniz. Rahat və sakit həyat keçirmək istəyirsinizsə, söylədiyim şəkildə hərəkət edin. Mənim qərarım dəyişməyib: yerimə Ögedeyin keçməsini istəyirəm. Onu ağıllı, uzaqgörən və təcrübəli olduğu üçün buna layiq bilmişəm. Xalqın rifahı və rahatlığı, ordunun uğuru onun dəyanətli idarəçiliyi sayəsində mümkündür. Buna görə də onu öz vəliəhdim kimi təsdiqləyib, ölkənin idarəçiliyini Ögedeyin uğurlu əllərinə təslim edirəm. Lakin digər oğullarımın bu məsələyə münasibətini bir daha bilmək istəyirəm». Bundan sonra şahzadələr atalarının seçimi ilə razılaşdıqlarını göstərmək üçün diz çöküb vəliəhdə itaətlərini bildirdilər. Sonra isə dedilər ki, «bizim və ordumuzun səlaməti Çingiz xanın verdiyi qərardan asılıdır. Onun verdiyi hər əmr, göstərdiyi hər yol doğrudur».

      Bundan sonra Çingiz xan yenidən söz aldı: «Əgər hamınız eyni fikirdəsinizsə, qəlbinizdən keçənlər dilinizdəki sözlərlə eynidirsə, onda məndən sonra Ögedeyi xan olaraq qəbul etdiyinizə, onun əmrlərinə qeyd-şərtsiz tabe olacağına dair bir sənəd imzalayın. Beləcə, sonra bu gün verdiyiniz vədlərdən dönməz və mənim sözlərimdən kənara çıxmazsınız».

      Elə həmin gün Ögedeyin qardaşları ona itaət edəcəklərinə dair