şahlara görə dəyişirdi. Məsələn, Şah I İsmayıl zamanında ən yüksək məqamları şamlı, ustaclı, təkəli, rumlu və dulqədir oymaqları tuturdular. Əfşarlar isə yalnız Şah I Təhmasib zamanında aparıcı mövqelərə sahib ola bilmişdilər. Sonra isə təkəli və türkmən boyları dövlət strukturlarında və orduda həlledici rol oynamağa başladılar.
Ustaclı və şamlı oymaqları Şah I Abbas hakimiyyətinin ilk dövrlərində saray və orduda əhəmiyyətli yerə sahib idilər. Ancaq bu, gənc hökmdarın apardığı islahatlara qədər belə davam etdi. I Abbas Heratda, şamlılar arasında böyümüşdü. Bu səbəbdən də şamlı tayfaları toxunulmazlıq statusu qazanmışdılar. Hətta dövlətin öz gücünü və qüdrətini göstərməsi əksər hallarda məhz uctaclılarla şamlılar sayəsində mümkün olurdu. Çünki bu oymaqların həm əhalisi çox idi, həm də başçıları təcrübəli idi. Söylədiklərimizin daha aydın başa düşülməsi üçün bir faktı xatırladaq: Heratda Abbas Mirzənin adından valilik edən lələsi Əliqulu xan şamlı oymağından; Abbas Mirzəni Qəzvində taxta çıxaran Mürşidqulu xan isə ustaclı oymağından idi.
Yaxşı, bəs Şah I Abbas tərəfindən zərərsizləşdirilən yeddi qızılbaş əmiri hansı boylardan idi? Bu suala cavab tapmamışdan öncə vacib bir məqamın üzərində dayanmaq yerinə düşərdi. I Abbasın hakimiyyətə gəldiyi ilk dövrlərdə yüksək vəzifələr tamamilə qızılbaş rəislərinin əlində idi. Onlar dövlətin qurulmasında xüsusi əməyi olan türk oymaqlarının başbilənləri idi. Nəzarətlərində özlərinə aid ayrıca döyüşçü dəstələri var idi. Odur ki şahın qərarlarına təsir edə bilirdilər. Bununla yanaşı, qızılbaş oymaqları arasında, əsasən də təkəli, türkmən, ustaclı və şamlılar arasında qızğın rəqabət gedirdi. Qanlı savaşlara və qardaş qırğınına səbəb olan bu rəqabət, eyni zamanda Səfəvi dövlətinin nüfuzuna da xələl gətirirdi. Şərqdə özbəklər, qərbdə osmanlılar kimi güclü rəqiblərlə mübarizə aparan Şah I Abbas üçün isə həm mərkəzi hakimiyyəti gücləndirmək, həm də daxildə asayişi bərpa etmək son dərəcə vacib idi. Ona görə də həm özünün, həm də dövlətin nüfuzuna zərbə vura biləcək qədər güclənən qızılbaş əmirlərinin ən xırda nöqsanını belə bağışlamır, həmin əmirləri aradan götürürdü.
I Abbas istər Heratda vali olarkən, istərsə də atasının və əmisinin hakimiyyəti illərində qızılbaş əmirlərinin Səfəvi dövləti üçün təhlükəyə çevrildiyini anlamışdı. Dövlət onlar üçün nüfuz dairələrini genişləndirmək və qazanc əldə edə bilmək üçün fürsət idi. Məhz bunun nəticəsi idi ki, Səfəvi xanədanı həm ölkə daxilində, həm ölkə xaricində gücünü, nüfuzunu itirmiş, əvvəl də vurğuladığımız kimi, dağılmaq həddinə çatmışdı. Bu səbəbdən də I Şah Abbasın hakimiyyətə gəldikdən dərhal sonra asayişi gücləndirmək istəməsi tamamilə başadüşüləndir. Xüsusilə 1590-cı ildə Osmanlı dövləti ilə bağlanan sülh müqaviləsi gənc hökmdara həmin niyyətini həyata keçirmək üçün yaxşı fürsət yaratdı. Bütün diqqətini ölkə daxilinə yönəltmək imkanı qazanan şah ağıllı və müdrik qərarları sayəsində Səfəvi dövlətini həm fitnə-fəsaddan xilas etdi, həm də əmin-amanlığın, firavanlığın əsasını qoydu. Yeddi qızılbaş sərdarının aradan götürülməsini də həmin addımlardan biri kimi qiymətləndirmək mümkündür. Bir çox qızılbaş əmiri isə vəzifələrindən uzaqlaşdırıldı. Nəticədə dövlətin idarə olunmasında türkmənlərin rolu azaldıldı. Eyni zamanda türkmən əşirətlərinin öz aralarında baş verən çəkişmələri sona çatdı. Təsadüfi deyil ki, həmin dövrün Osmanlı salnaməçilərindən biri yazmışdı: «Məhəmməd Xudabəndənin fərsizliyindən istifadə edən qızılbaş əmirləri dövlət idarəçiliyini tamamilə ələ keçirib hakimiyyəti öz aralarında bölüşmək məqsədi güdürdü. Lakin Abbas şah olduqdan sonra həmin əmirlərin çoxunu qırıb ölkənin təkbaşına hakimi oldu. İşi belə görən digər əmirlər dövlət işlərinə müdaxilə etmək niyyətindən əl çəkdilər».
Şübhəsiz ki, qızılbaş əmirləri içində ən böyük nüfuza sahib Şah I Abbası Səfəvi taxtına çıxaran, bu məqsədlə Xudabəndə və ətrafı ilə mübarizədə ona kömək edən Mürşidqulu xan idi. Bir sözlə, I Abbas hökmdarlığını xaraktercə hədsiz dərəcədə acgöz, lakin bir o qədər də ağıllı olan Mürşidqulu xana borclu idi. Xan, həqiqətən də, böyük zəhmət və fədakarlıq hesabına Abbas Mirzənin hakimiyyətə gəlməsini təmin eləmişdi. Lakin bununla onun özü dövlət idarəçiliyində müstəsna səlahiyyət sahibinə çevrilmişdi. Həmzə Mirzənin qətlində əli olan qızılbaş əmirlərinin edam olunmasından sonra Mürşidqulu xanın səlahiyyətləri daha da genişləndi. O, şahdan icazə almadan fərmanlar imzalayır, əmrlər verirdi. Bu fərmanları, əmrləri boynundan asdığı dövlət möhürü ilə təsdiqləyən Mürşidqulu xan hətta xəzinənin açarlarını da özü ilə gəzdirirdi. Baş vəzir bununla kifayətlənməyib əsas vəzifələrə öz qohum-əqrəbalarını və yaxın adamlarını gətirirdi. İş o yerə çatmışdı ki, hətta İsfahandakı şahlıq mülklərini də öz əlinə keçirmişdi.
Mürşidqulu xan Şah I Abbasın tay-tuşları ilə ova çıxmasına, oturub-durmasına belə imkan vermirdi. Çünki hökmdarın başqalarının təsiri altına düşəcəyindən qorxurdu.
Bütün bunlar, təbii ki, 18 yaşlı hökmdarı ciddi narahat edirdi. I Abbas anlayırdı ki, baş vəziri aradan götürmədən dövləti müstəqil şəkildə, öz iradəsinə uyğun idarə eləyə bilməyəcək. Odur ki Mürşidqulu xandan xilas olmaq üçün əlverişli zamanın yetişməsini gözləməyə başladı. Mürşidqulu xan isə bundan xəbərsiz halda səltənət sahibi kimi davranmağa davam edirdi. Nəticədə ilk olaraq ordudakı qızılbaş əmirləri arasında baş vəzirdən narazılıqlar meydana çıxdı. Həmin əmirlər şahın da Mürşidqulu xana yaxşı münasibət bəsləmədiyindən xəbərdar idilər. Onların narazılığı o həddə çatdı ki, Abbasın taxta çıxdığı birinci ildə Qəzvində aralığı qarışdırdılar. Şah sarayını mühasirəyə aldılar. İşi belə görən I Abbas şahsevənlərə29 səslənərək onlardan kömək istədi. Şahsevənlər bu çağırışa cavab olaraq saraya axın etdilər və gənc hökmdarın ətrafında cəmləşdilər. Şahın yanından ayrılmayaraq sarayda keşik çəkməyə başladılar. Beləliklə, qiyam uğursuzluqla nəticələndi. I Abbas ordudakı üsyançı qızılbaş rəislərini edam etdirdi. Qaçıb qurtula bilənlər isə ya Gilan hökmdarı Xan Əhmədin, ya da Osmanlı dövlətinin himayəsinə sığındılar. Qətlə yetirilənlər arasında 10-12 nəfər olduqca bacarıqlı, təcrübəli qızılbaş əmiri də var idi.
Şah I Abbas bununla da kifayətlənməyib qızılbaş əmirlərini qiyama təhrik edən saray əyanlarından tacik əsilli Mirzə Abdulla ilə Mirzə Nizamülmülkə ağır pul cəzası kəsdi.
Təcrübəli qızılbaş əmirlərinin qətlindən sonra onların yerinə çoxu şahın uşaqlıq dostu olan, gənc və etibarlı qızılbaş bəyləri sərdar30 təyin edildi. Bu, qızılbaş əşirətləri üzərində şahın nüfuzunun və təsir gücünün artmasına səbəb oldu. Baş verənlər eyni zamanda hökmdarın Mürşidqulu xandan üzülüşməsini təxirə saldı.
Hadisələrin sonrakı gedişi isə şahla baş vəzir arasında münasibətləri kəskinləşdirdi. Belə ki, Mürşidqulu xan bir tərəfdən 18 yaşlı hökmdarla uşaq kimi rəftar eləməyə davam edir, onu tam