etdi:
– Təhqiri qəbul etməkdən imtina edən adamın xətrinə dəymək olarmı?
Ustad daima öz halına acıyan və ya özünü danlayan adamları kəskin tənqid edərək deyirdi:
– Səhvə yol vermək qorxulu deyildir, ta o vaxtadək ki, inadla onu özünə xatırlatmağa başlayırsan.
Səhv iş görəcəyindən çox qorxan şagirdə Ustad dedi:
– Ən böyük səhvi o kəs edir ki, heç səhv etmir, – deməli o, yeniliyə can atmır.
Ustad hər növ konsepsiyalara mənfi yanaşır və “konsepsiyasız biliyi” müdafiə edirdi. Bir dəfə yanına bu məsələ ilə bağlı öz narazılığını bildirmək istəyən bir alim gəldi: o fikirləşirdi ki, bu cür yanaşma elmi nüfuzdan salır.
Ustadın elmə qarşı olmadığını alimə izah etmək xeyli vaxt apardı. Sonda Ustad:
– Amma yenə də, yaxşı olar ki, öz arvadımızı elmi konsepsiya nöqteyi-nəzərindən tanımayaq, – demişdi.
Daha sonra şagirdlərlə söhbət edərkən o, fikrini bir qədər də konkretləşdirdi:
– Konsepsiyalar müəyyənlik yaradır, – dedi.
– Müəyyənləşdirmək dağıtmaq deməkdir. Doktrinalar Gerçəkliyi parçalayır. Parçalamaqla isə siz onu öldürürsünüz.
– Bundan belə bir qənaətə gəlmək olar ki, nəzəriyyələr faydasızdır?
– Xeyr. Qızılgülü parçalayaraq biz dəyərli məlumatlara yiyələnə bilərik, lakin gülün özü haqda heç bir şey öyrənməyəcəyik. İnsan alim olarkən çoxlu biliklər əldə edir, lakin o, Gerçəkliyin özü barədə heç bir şey bilmir.
İnsanlar qısqanclıq, həyəcan, inciklik, günah kimi neqativ hislərdən ayrılmaq istəmirlər, çünki bu onların eqosunu2 qidalandırır, onlarda həyatın dolğunluğu təəsüratını yaradır, – deyən Ustad nümunə kimi bu əhvalatı danışdı:
“Kənd poçtalyonu çəmənliyi velosipedlə keçirdi. Yolun yarısında bir öküz onu görüb dalınca düşür. Yazıq güc-bəla ilə özünü hasara çatdıra bilir.
– Bir az da geciksəydin, səni yaxalayacaqdı, – səhnəni seyr edən Ustad ona dedi.
– Hə, – poçtalyon təngnəfəs halda cavab verdi, – hər dəfə də belə olur”.
Günahlarını etiraf etmək üçün kilsəyə getdiyini söyləyən dindar qadına Ustad:
– İnana bilmirəm ki, sən ağır bir günaha batasan, – dedi. – Sən nəyi etiraf etdin ki?
– Bir dəfə bazar günü ibadətinə getməyə tənbəllik etmişdim, bir dəfə isə bağbanla dalaşmışdım. Hələ bir dəfə də qayınanamı evdən qovmuşdum.
– Amma bu, beş il əvvəl baş verib, elə deyilmi? O vaxtdan bəri sən, yəqin ki, günahlarını etiraf etmisən.
– Hə, etmişəm. Ancaq mən bunu hər dəfə təkrarən edirəm. Bunu xatırlamaq, sadəcə, mənim xoşuma gəlir.
Ustad iddia edirdi ki, insanların əksəriyyəti Real həyatda deyil, öz ağlı ilə yaratdıqları həyatda yaşayır.
Bir alim bu məsələ ilə bağlı mübahisə etməyə gələndə Ustad iki çubuğu yerdə “T” hərfi şəklində qoyaraq soruşdu:
– Burada nə görürsən?
– “T” hərfini – alim cavab verdi.
– Elə də bilirdim, – Ustad söylədi. – Təbiətdə heç bir “T” hərfi yoxdur; olan ancaq sənin beynindəki işarədir. Burada isə sadəcə olaraq iki dənə qırıq budaq qoyulmuşdur.
– Siz Gerçəklik barədə danışarkən, – Ustad dedi, – sözlərlə izah edilə bilinməyəni təsvir etməyə çalışırsınız. Buna görə də təəccüblü deyil ki, sizin dedikləriniz səhv başa düşülə bilər. Bax buna görə də həyata İncil gözü ilə baxan insanlar vaxt keçdikcə axmaq və qəddar olurlar: onlar sağlam düşüncəyə deyil, özlərinin Müqəddəs yazıları nə cür başa düşdüklərinə əməl edirlər.
Və sonra dediklərinə maraqlı bir pritça ilə bu cür illüstrasiya verdi:
“Kənd dəmirçisi özünə ağır işi minimal qiymətə yerinə yetirməyə razı olan bir köməkçi tapdı. Dəmirçi ilk gündən cavan oğlanı öyrətməyə başladı:
– Mən metal parçasını oddan çıxarıb zindana qoyduqdan sonra sənə başımla işarə verəcəyəm. Sən də həmin vaxt çəkiclə onu vur.
Şagird başa düşdüyü kimi etdi.
Növbəti gün o, kənd dəmirçisi oldu”.
Ateist:
– De görüm, doğrudan da, Tanrı mövcuddurmu?
Ustad:
– Əgər səninlə tam səmimi olmağımı istəyirsənsə, onda cavab verməyəcəyəm.
Bir müddət sonra şagirdləri ondan cavab verməməyinin səbəbini soruşdular.
– Bu sualın cavabı yoxdur, – Ustad dedi.
– Deməli, sən ateistsən?
– Əlbəttə, yox. Ateist sözlərlə ifadəsi mümkün olmayanı inkar etməklə səhvə yol verir.
Dediklərini dərk etsinlər deyə qısa fasilə gözlə-dikdən sonra əlavə etdi:
– Teist, əksinə, sözlərlə ifadəsi mümkün olmayanı təsdiq etməklə səhvə yol verir.
– Sənin sakitliyinin sirri nədədir?
– Qaçılmaz olanla tam barışmağımda, – Ustad cavab verdi.
– Xoşbəxt olmaq üçün nə etmək lazımdır?
– Malik olduğunla qənaətlənməyi öyrənmək lazımdır.
– Bəs, ümumiyyətlə, nəyi isə arzulamaq olar?
– Olar, – Ustad cavab verdi, – əgər özünü bir dəfə doğum evində rast gəldiyim bir ata kimi aparsan. Tibb bacısı ona demişdi:
– Bilirəm ki, oğlan arzusunda idiniz, lakin sizin qızınız oldu.
– Əşi, heç nə olmaz, hər şey normaldır. Axı mən onsuz da düşünürdüm ki, əgər oğlan olmasa, yəqin, qız olacaq.
Xeyli yaşı olan bir şagird evinin yandığını eşidib oraya qaçdı. Qayıtdıqdan sonra hər kəs ona təskinlik verməyə başladı.
Ustad isə yalnız bunu dedi:
– Əvəzində indi ölmək daha asan olacaq.